| | az | en

TƏQVİM

Be Ça Ç Ca C Ş B
123
45678910
11121314151617
18192021222324
25262728293031
Qanunlar
Çap versiyası
07.07.2010
Standartlaşdırma haqqında
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Bu Qanun Azərbaycan Respublikasında bütün icra hakimiyyəti orqanları, yerli özünüidarəetmə orqanları, müəssisələr, təşkilatlar, sahibkarlar (bundan sonra - təsərrüfat subyektləri), habelə ictimai birliklər üçün məcburi hesab olunan standartlaşdırmanın hüquqi və iqtisadi əsaslarını müəyyənləşdirir. İstehlakçıların, dövlətin və təsərrüfat subyektlərinin maraqlarının dövlət müdafiəsi bu Qanunla və ona müvafiq hazırlanmış və tətbiq edilən standartlaşma üzrə normativ sənədlərlə tənzimlənir.

I fəsil
ÜMUMİ MÜDDƏALAR
Maddə 1. Əsas anlayışlar
Standartlaşdırma - məhsullar (işlər, xidmətlər) üçün norma, qayda və xarakteristikaları müəyyənləşdirən fəaliyyət olub, aşağıdakıları təmin etmək məqsədi daşıyır:
məhsulların (işlərin, xidmətlərin) insanın həyatı, sağlamlığı, əmlakı və ətraf mühit üçün təhlükəsizliyini;
məhsulların (işlərin, xidmətlərin) texniki, texnoloji və informasiya uyğunluğunu, eləcə də qarşılıqlı əvəz olunmasını;
məhsulların (işlərin, xidmətlərin) elm, texnika və texnologiyanın inkişafına uyğunluğunu və onların rəqabət qabiliyyətinin yüksəldilməsini;
ölçmələrin dəqiqliyini və vəhdətini;
bütün növ resursların qənaətini;
təbii və texnogen qəzaların və habelə digər fövqəladə vəziyyətlərin yaranması ehtimalları nəzərə alınmaqla təsərrüfat obyektlərinin təhlükəsizliyini;
ölkənin müdafiə qabiliyyətini və səfərbərliyə hazırlığını;
istehlakçıların məhsulların (işlərin, xidmətlərin) nomenklaturası və keyfiyyəti haqqında tam və səhih informasiyaya malik olmalarını.
Standart - maraqlı tərəflərin əksəriyyətinin razılığı əsasında hazırlanmış və müvafiq səlahiyyətli təşkilat və ya orqanlar tərəfindən təsdiq edilən kütləvi istifadə üçün nəzərdə tutulmuş məhsulların (işlərin, xidmətlərin) keyfiyyətinə və təhlükəsizliyinə dair tələbləri müəyyənləşdirən normativ sənəddir.
Standartlaşdırma üzrə normativ sənəd - müəyyən növ fəaliyyətin, yaxud onun nəticələrinin ümumi olan icra və istifadə norma, qayda və xarakteristikalarını əks etdirən normativ hüquqi aktdır.
Beynəlxalq standartlar - dünya dövlətlərinin əksəriyyətinin qəbul və istifadə etdiyi standartlar, norma, qayda və tövsiyələrdir.
Regional (hövzə) standartlar - texniki-iqtisadi əməkdaşlıq edən bir qrup regional (hövzə) dövlətlərinin qəbul və istifadə etdikləri standartlar, norma, qayda və tövsiyələrdir.
Dövlətlərarası standartlar - iki dövlətin qarşılıqlı razılıq əsasında qəbul və bir-biri ilə müvafiq münasibətlərdə istifadə etdiyi standartlar, norma, qayda və tövsiyələrdir.
Milli standartlar - ayrı-ayrı müstəqil dövlətin ərazisində müvafiq qaydada hazırlanıb istifadə edilən standartlar, norma, qayda və tövsiyələrdir.
Maddə 2. Standartlaşdırma haqqında Azərbaycan Respublikasının qanunvericiliyi
Standartlaşdırma haqqında qanunvericilik bu Qanundan və bu Qanuna müvafiq qəbul edilmiş Azərbaycan Respublikasının digər qanunvericilik aktlarından ibarətdir.
Tikintiyə, ərzaq məhsullarına, əhali üçün nəzərdə tutulan digər mallara və başqa zəruri məhsullara (işlərə, xidmətlərə) standart tələblərin əsasları Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilir.
Maddə 3. Beynəlxalq müqavilələr
Azərbaycan Respublikasının beynəlxalq müqavilələrində müəyyən edilmiş qaydalar bu qanunda nəzərdə tutulmuş qaydalardan fərqli olduqda beynəlxalq müqavilələrin qaydaları tətbiq olunur.
Maddə 4. Standartlaşdırma üzrə işlərin təşkili və idarə edilməsi
1. Standartlaşdırma üzrə işlərin təşkili və idarə edilməsi standartlaşdırma üzrə normativ sənədlərin hazırlanması və tətbiqini, istehlakçıların bu haqda tam və səhih informasiya təminatını, standartlaşdırma sisteminin işlənməsini, Azərbaycan Respublikasında beynəlxalq standartların tətbiq edilməsi qaydalarının və standartların sahə xüsusiyyətlərinin müəyyənləşdirilməsini, onlara əməl edilməsi ilə bağlı müvafiq nəzarət tədbirlərinin həyata keçirilməsini, standartlaşdırma sahəsində kadrların hazırlanması və ixtisas səviyyəsinin yüksəldilməsini, göstərilən işlərin maliyyələşdirilməsini və digər məsələləri əhatə edir.
2. Dövlət tərəfindən standartlaşdırma üzrə işlərin təşkilini və idarə edilməsini bu qanuna uyğun olaraq müvafiq icra hakimiyyəti orqanları öz səlahiyyətləri çərçivəsində həyata keçirirlər.
3. Azərbaycan Respublikasında icra hakimiyyəti orqanlarının, habelə təsərrüfat subyektlərinin və ictimai birliklərin standartlaşdırmanın təşkili və idarə edilməsi sahəsindəki fəaliyyətlərinin əlaqələndirilməsini standartlaşdırma üzrə müvafiq icra hakimiyyəti orqanı təmin edir.
Bu əlaqələndirməni həyata keçirmək məqsədi ilə bu qanuna və standartlaşdırmaya aid digər normativ hüquqi aktlara uyğun olaraq dövlət standartlaşdırma sistemi tətbiq edilir. Bu sistemin dövlət standartlarında standartlaşdırma üzrə aparılan işlərin ümumi təşkilati-texniki qaydaları, təsərrüfat subyektlərinin bir-biri, həmçinin icra hakimiyyəti orqanları ilə standartlaşdırma sahəsində qarşılıqlı əlaqələrinin forma və metodları müəyyənləşdirilir.
4. Azərbaycan Respublikasının iştirakçısı olduğu beynəlxalq müqavilələrdə digər qaydalar müəyyən edilməyibsə, standartlaşdırma üzrə beynəlxalq (regional) və dövlətlərarası standartların, normaların, qaydaların və tövsiyələrin Azərbaycan Respublikası ərazisində tanınması və tətbiq edilməsi bu qanunun 1-ci maddəsində nəzərdə tutulan tələblər əsas götürülməklə müvafiq icra hakimiyyəti orqanı müəyyənləşdirdiyi qaydada həyata keçirilir.
Standartlaşdırma üzrə beynəlxalq təşkilatlarda və danışıqlarda Azərbaycan Respublikasını qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq səlahiyyətlərə malik icra hakimiyyəti orqanları təmsil edir.
II fəsil
STANDARTLAŞDIRMA ÜZRƏ NORMATİV SƏNƏDLƏR VƏ ONLARIN TƏTBİQİ
Maddə 5. Standartlaşdırma üzrə normativ sənədlər və onlara qoyulan tələblər
1. Azərbaycan Respublikasında standartlaşdırma üzrə aşağıdakı normativ sənədlər bu qanunla müəyyən edilmiş hallarda, qaydada və şərtlərlə hazırlanır və tətbiq edilir:
Azərbaycan Respublikasının dövlət standartları;
texniki-iqtisadi və sosial informasiya təsnifatları;
sahə standartları;
müəyyən edilmiş qaydada tətbiq olunan beynəlxalq (regional) və dövlətlərarası standartlar, normalar, qaydalar və tövsiyələr;
texniki şərtlər;
müəssisə standartları;
elmi-texniki və mühəndis cəmiyyətlərinin və digər ictimai birliklərin standartları.
2. Azərbaycan Respublikasında standartlaşdırma sahəsində fəaliyyət göstərən müvafiq icra hakimiyyəti orqanı tərəfindən standartlaşdırma sisteminə daxil olan normativ sənədlərin vahid dövlət qeydiyyatı və uçotu təmin edilir, onların ümumrespublika və sahə fondları yaradılır.
3. Standartlaşdırma üzrə normativ sənədlərdə qoyulan tələblər beynəlxalq standartlara, norma, qayda və tövsiyələrə və digər dövlətlərin müvafiq mütərəqqi milli standartlarına, elm, texnika və texnologiyanın müasir nailiyyətlərinə əsaslanmalı, məhsulların istifadəsinin, işlərin görülməsinin və xidmətlərin göstərilməsinin şərtlərini, əmək rejimi və şəraitini nəzərə almalı, habelə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyənləşdirilmiş müddəaları pozmamalıdır.
Maddə 6. Dövlət standartları texniki iqtisadi və sosial informasiya təsnifatları
1. Dövlət standartları kütləvi təkrar istehsal və istifadə perspektivinə malik olan məhsullar (işlər, xidmətlər) üçün işlənib hazırlanır.
2. Azərbaycan Respublikasının dövlət standartları məcburi və tövsiyə olunan tələbləri nəzərdə tuturlar.
Məcburi tələblərə aşağıdakılar aiddir:
məhsulların (işlərin, xidmətlərin) insanın həyatı, sağlamlığı, əmlakı və ətraf mühit üçün təhlükəsizliyi;
məhsulların (işlərin, xidmətlərin) texniki, texnoloji və informasiya uyğunluğu və onların qarşılıqlı əvəz olunması;
məhsulların (işlərin, xidmətlərin) əsas istehlak xüsusiyyətləri, onlara nəzarət metodları, məhsulların qablaşdırılması, nişanlanması, daşınması, saxlanması, utilləşdirilməsi qaydaları;
məhsulların (işlərin, xidmətlərin) elm, texnika və texnologiyanın inkişafına uyğunluğunu;
məhsulların (işlərin, xidmətlərin) təhlükəsizlik texnikası və istehsalat sanitariyası tələbləri;
məhsulların istehsalı, istifadəsi, işlərin görülməsi və xidmətlərin göstərilməsi zamanı bütün resurslardan səmərəli istifadə, məhsulların (işlərin, xidmətlərin) texniki sənədləşməsi qaydaları;
standartlaşma sisteminin dövlət standartları ilə müəyyənləşdirilən digər tələblər.
Dövlət standartlarının məcburi tələblərinə müvafiq standartların təsiri şamil edilən bütün icra hakimiyyəti orqanları və təsərrüfat subyektləri tərəfindən əməl edilməlidir.
Azərbaycan Respublikasının mənafelərini qorumaq və yerli məhsulların (işlərin, xidmətlərin) rəqabət qabiliyyətini yüksəltmək məqsədi ilə zəruri hallarda standartlardan ənənəvi texnologiyanın imkanlarını qabaqlamaqla gələcək üçün ilkin tələblər də nəzərdə tutula bilər.
3. Dövlət standartlarında nəzərdə tutulan tələblər Azərbaycan Respublikasının qanunvericiliyinə zidd olmamalıdır.
4. Dövlət standartlarının tövsiyə olunan tələbləri aşağıdakı hallarda şərtsiz yerinə yetirilməlidir:
a) qanunvericilik aktlarında nəzərdə tutularsa;
b) məhsulu hazırlayan (tədarükçü) tərəfindən məhsulun həmin tələblərə uyğunluğu bəyan edilmişsə.
5. Məhsulların (işlərin, xidmətlərin) dövlət standartlarının tələblərinə uyğunluğu Azərbaycan Respublikasının məhsul, iş və xidmətlərin sertifikatlaşdırılması haqqında müvafiq qanunvericiliyi ilə müəyyənləşdirilmiş qaydada təmin edilir. Müvafiq məhsulların, işlərin və xidmətlərin dövlət standartlarına uyğunluğu onların nişanlanması yolu ilə təsdiqlənə bilər.
Məhsulların (işlərin, xidmətlərin) dövlət standartlarına uyğunluğunun təmin edilməsinin, nişanlanma qaydalarının, öz məhsullarını nişanlamaq üçün təsərrüfat subyektlərinə müvafiq icazə verilməsinin qanunvericiliklə müəyyən edilmiş qaydada standartlaşdırma üzrə müvafiq icra hakimiyyəti orqanında qeydiyyatı həyata keçirilir və bu işlərin vahid dövlət reyestri aparılır. [1]
6. Azərbaycan Respublikasının dövlət standartlarının tələblərinə və ya Azərbaycan Respublikasının ərazisində rəsmi tanınan beynəlxalq, regional (hövzə), dövlətlərarası və digər dövlətin standartlarına uyğun olmayan, insanın həyatı, sağlamlığı və əmlakına, habelə ətraf mühitə zərər vura bilən məhsulların (işlərin, xidmətlərin) istehsalına, idxalına, satışına, istifadəsinə və icrasına yol verilmir.
7. Dövlət standartları qanunvericiliklə müəyyən edilmiş qaydada standartlaşdırma üzrə müvafiq icra hakimiyyəti orqanında dövlət qeydiyyatından keçdikdən sonra qüvvəyə minir.
8. Məhsulların (işlərin, xidmətlərin) standartların tələblərinə uyğunluğunun texniki-iqtisadi və sosial xarakteristikalarının operativ idarə edilməsi və yayılması məqsədi ilə müvafiq texniki-iqtisadi və sosial informasiya təsnifatı tərtib edilir.
9. Dövlət standartlarının işlənib hazırlanması və qəbul edilməsi, texniki-iqtisadi və sosial informasiya təsnifatlarının tərtib edilməsi və aparılması (həmçinin qüvvəyə minməsi) standartlaşdırma sistemi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının standartlaşdırma üzrə müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir.
Maddə 7. Sahə standartları, texniki şərtlər, müəssisə standartları, elmi-texniki və mühəndis cəmiyyətlərinin və digər ictimai birliklərin standartları
1. Müvafiq icra hakimiyyəti orqanları tərəfindən standartlaşdırma üzrə tələbləri təmin etmək məqsədi ilə öz səlahiyyətləri daxilində təşkilati-hüquqi forma və mülkiyyət formasından asılı olmayaraq eyni istehlak və funksional təyinatlı müəyyən növ məhsul istehsal edən (iş görən, xidmət göstərən) təsərrüfat subyektləri üçün sahə standartları və texniki şərtlər hazırlana və qəbul edilə bilər.
Belə normativ sənədlər müvafiq dövlət standartları müəyyən edilməmiş məhsullar (işlər, xidmətlər) üçün, habelə mövcud dövlət standartlarının tələblərini sərtləşdirmə, yaxud artırmaq zərurəti yarandıqda hazırlanır.
Mövcud dövlət standartlarının tələblərini sərtləşdirmək məqsədi ilə hazırlanan sahə standartları və texniki şərtlər dövlət standartlarının məcburi tələblərinə uyğun olmalı, bu normativ sənədlər bütün hallarda vətəndaşların və dövlətin mənafelərinə zidd olmamalıdır.
Bu sənədlərin hazırlanması, qəbulu, qeydiyyatı, tətbiqi, dəyişdirilməsi və ləğvi qaydaları qanunvericiliyə uyğun olaraq Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanlarının normativ hüquqi aktları ilə müəyyən edilir.
Göstərilən normativ sənədləri qəbul edən müvafiq dövlət icra hakimiyyəti orqanları həmin sənədlərin dövlət standartlarının tələblərinə uyğunluğuna görə məsuliyyət daşıyırlar.
2. Dövlət standartlarının tələblərinin təmin edilməsi, eləcə də istehsalın təşkili və idarə edilməsinin təkmilləşdirilməsi məqsədi ilə, hər bir müəssisə müstəqil olaraq müvafiq standartlar hazırlaya və təsdiq edə bilər.
3. Müxtəlif bilik və ictimai-kütləvi fəaliyyət sahəsində aparılan tədqiqatların, təcrübələrin, sınaq və işləmələrin nəticələrindən istifadə etmək və onları yaymaq üçün müvafiq elmi-texniki və mühəndis cəmiyyətləri, digər ictimai birliklər öz standartlarını qəbul edə bilərlər.
4. Təsərrüfat subyektlərinin standartlarının hazırlanması, təsdiqi, qeydiyyatı, tədqiqi, dəyişdirilməsi və ləğvi qaydaları müvafiq təsərrüfat subyekti tərəfindən bu qanuna uyğun olaraq müstəqil müəyyənləşdirilir.
Təsərrüfat subyektlərinin və ictimai birliklərin standartları insanın həyatı, sağlamlığı və əmlakına, habelə ətraf mühitə zərər vurmamalıdır.
Təsərrüfat subyektlərinin standartlarında qoyulan tələblərin dövlət standartlarının tələblərinə uyğunluğuna görə məsuliyyəti standartları təsdiq edən müvafiq təsərrüfat subyektləri və ya ictimai birliklər daşıyır.
5. Sahə standartları, texniki şərtlər müəssisə standartları, elmi-texniki və mühəndis cəmiyyətlərinin və digər ictimai birliklərin standartları təsdiq edildikdən sonra ən azı bir ay müddətində standartlaşdırma sisteminin operativ idarə edilməsi və onun informasiya təminatı məqsədi ilə qanunvericiliyə uyğun olaraq standartlaşdırma üzrə müvafiq icra hakimiyyəti orqanı tərəfindən yaradılmış müvafiq dövlət informasiya bankına göndərilməlidir.
Maddə 8. Standartlaşdırma üzrə normativ sənədlərin tətbiqi
1. Standartlaşdırma üzrə normativ sənədlər müvafiq icra hakimiyyəti orqanları və təsərrüfat subyektləri tərəfindən məhsulların istehsal layihəsinin işlənməsi, istehsala hazırlanması, istehsalın satışı (tədarükü), ilkin və təkrar istifadəsi (istismarı), saxlanılması, daşınması və tullantılarının istifadə edilməsi (utilləşdirilməsi), işlərin yerinə yetirilməsi və xidmətlər göstərilməsi, onların qəbulu, tədarük olunan (göndərilən) məhsullara (göstərilən xidmətlərə) texniki sənədlərin (konstruktor, texnoloji layihə), texniki şərtlərin və kataloq vərəqələrinin işlənib hazırlanması mərhələlərində tətbiq olunur.
2. Bütün sifarişçi və icraçılar bağladıqları müqaviləyə məhsulların (işlərin, xidmətlərin) dövlət standartlarının məcburi tələblərinə uyğunluğu barədə müvafiq şərtlər daxil etməlidirlər.
3. İxrac məqsədi ilə Azərbaycan Respublikasında istehsal olunan məhsullara, yerinə yetirilən işlərə və göstərilən xidmətlərə standartlaşdırma üzrə normativ sənədlərdə qoyulan tələblərin şamil edilməsi zərurəti qanunvericilikdə digər qaydalar müəyyən edilməmişsə, bağlanmış müvafiq müqavilələrlə (kontraktlarla) müəyyənləşdirilir.
4. Azərbaycan Respublikasına gətirilən məhsulların, işlərin və xidmətlərin, o cümlədən ərzaq mallarının, dərman preparatlarının və əhali üçün nəzərdə tutulan digər məhsulların, işlərin və xidmətlərin müvafiq dövlət standartlarının məcburi tələblərinə uyğunluğunun təsdiq edilməsi və ya tanınması Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada həyata keçirilir.
Maddə 9. Standartlaşdırma üzrə normativ sənədlər haqqında informasiya, onların nəşri və yayılması
1. Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər, habelə hüquqi şəxslər üçün hazırlanan və qəbul edilən dövlət standartları, texniki-iqtisadi və sosial informasiya təsnifatları haqqında (bunlar dövlət və kommersiya sirri təşkil etmədikdə) rəsmi məlumatlardan və eləcə də həmin sənədlərin özlərindən istifadə etmək imkanı təmin edilir.
2. Azərbaycan Respublikasında dövlət standartları, texniki şərtlər, sahə standartları, texniki-iqtisadi və sosial informasiya təsnifatları, beynəlxalq (regional) və dövlətlərarası standartlar və standartlaşdırma üzrə normalar, qaydalar və tövsiyələr, xarici ölkələrin milli standartları, standartlaşdırma üzrə beynəlxalq (regional) və dövlətlərarası müqavilələr, habelə onların tətbiqi qaydaları haqqında standartlaşdırma üzrə müvafiq icra hakimiyyəti orqanı tərəfindən rəsmi məlumatların dərci təşkil edilir. Belə məlumatların və standartlaşdırma üzrə göstərilən normativ sənədlərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan qaydada dövlət fondu yaradılır.
3. Öz səlahiyyətləri daxilində standartlaşdırma üzrə normativ sənədləri təsdiq və qəbul edən müvafiq icra hakimiyyəti orqanları və təsərrüfat subyektləri bu sənədlərin müvafiq informasiya fondlarını yaradır, onları idarə edir və müqavilə əsasında istifadəçiləri onlar barəsində məlumatla və sənədlərin özləri ilə təmin edirlər.
4. Dövlət standartlarının, texniki-iqtisadi və sosial informasiya təsnifatlarının, habelə respublika kataloqunda olan dövlət reyestrinə daxil edilmiş v dövlət standartlarına uyğun nişanlanmış məhsulların (işlərin, xidmətlərin) siyahısı ancaq standartlaşdırma üzrə müvafiq icra hakimiyyəti orqanı tərəfindən dərc edilir.

III fəsil
STANDARTLARIN TƏLƏBLƏRİNƏ RİAYƏT EDİLMƏSİNƏ DÖVLƏT NƏZARƏTİ
Maddə 10. Dövlət nəzarətinin təşkili
1. Dövlət standartlarının və standartlaşdırma üzrə digər normativ sənədlərin tələblərinə riayət edilməsinə dövlət nəzarətinin məqsədi məhsulların (işlərin, xidmətlərin) keyfiyyətinin standartlaşdırma üzrə normativ sənədlərdə nəzərdə tutulan tələblərə uyğunluğunun təmin edilməsinə nail olmaq yolu ilə istehlakçıların, dövlətin və təsərrüfat subyektlərinin qanunvericiliklə müəyyən edilmiş hüquq və mənafelərinin qorunmasından ibarətdir.
2. Standartlaşdırmanın tələblərini təmin etmək üçün dövlət nəzarəti istehlakçıların müraciət və şikayətlərinin təmin edilməsi, habelə müvafiq qanunvericilikdə və standartlarda nəzərdə tutulan hallar istisna olmaqla, ildə iki dəfədən çox olmamaq şərti ilə, standartlaşdırma üzrə müvafiq icra hakimiyyəti orqanının təsdiq etdiyi plan üzrə, yalnız insanın həyatı, sağlamlığı və əmlakına, habelə ətraf mühitə zərər vura bilən məhsullara (işlərə, xidmətlərə) standartlaşdırma üzrə normativ sənədlərin tətbiqi mərhələlərində həyata keçirilir.
3. Təsərrüfat subyektləri və onların vəzifəli şəxsləri dövlət nəzarəti üçün zəruri şərait yaratmalıdırlar.
4. Standartların tələblərinə, habelə onların işlənməsi, qəbulu, təsdiqi və tətbiqi qaydalarına əməl edilməsinə dövlət nəzarəti müvafiq səlahiyyətli vəzifəli şəxslər tərəfindən müasir texniki vasitələrdən maksimum istifadə etməklə həyata keçirilir. Standartlaşdırma üzrə dövlət nəzarətinin konkret qaydaları qanunla təsdiq edilən müvafiq Əsasnamə ilə müəyyən olunur.
Maddə 11. Standartlaşdırma üzrə dövlət nəzarəti orqanlarının hüquqları
Qanunvericiliklə müəyyən edilmiş qaydada və öz səlahiyyəti daxilində standartlaşdırma üzrə dövlət nəzarəti orqanlarının aşağıdakı hüquqları vardır:
təsərrüfat subyektlərinin xidmət və istehsal sahələrinə sərbəst daxil olmaq;
dövlət nəzarətini həyata keçirmək üçün təsərrüfat subyektlərindən zəruri məlumat və sənədləri almaq;
dövlət nəzarəti həyata keçirilən zaman təsərrüfat subyektlərinin mütəxəssislərindən və maddi-texniki vasitələrindən əvəzsiz istifadə etmək;
standartlaşdırma üzrə qüvvədə olan normativ sənədlərə müvafiq olaraq məhsulların (işlərin və xidmətlərin) standartların tələblərinə uyğunluğunu təyin etmək üçün sınaq nümunələri seçib götürmək;
aşkar olunmuş pozuntuların aradan qaldırılması üçün müvafiq təsərrüfat subyektlərinə rəsmi iradnamə vermək;
insanın həyatı, sağlamlığı və əmlakına, habelə ətraf mühitə zərər vura bilən məhsulların (işlərin, xidmətlərin) standartların tələblərinə tam uyğun olmadığı hallarda onların istehsalının, yerinə yetirilməsinin və ya istifadəsinin dayandırılması və ya qadağan edilməsi, dövriyyədən (satışdan) çıxarılması və ya istehlakçılardan geri qaytarılmasının təmin edilməsi haqqında yazılı tələbnamələr vermək;
irad və tələbnamələri yerinə yetirməyən, habelə məhsullarını (işlərini, xidmətlərini) dövlət nəzarətindən yayındıran təsərrüfat subyektlərinin məhsullarının (işlərinin, xidmətlərinin) satışının qadağan edilməsi haqqında qərar qəbul etmək;
Azərbaycan Respublikasının qanunvericiliyi və müvafiq dövlət standartları ilə nəzərdə tutulmuş qaydada dövlət qeydiyyatından keçməyən və ya dövlət standartlarının tələblərinə cavab verməyən insanın həyatı, sağlamlığı və əmlakına, habelə ətraf mühitə zərər vura bilən xarici məhsul və xidmətlərin realizə edilməsini qadağan etmək;
dövlət standartlarının tələblərini yerinə yetirməyən şəxslərə inzibati tənbeh tədbirləri tətbiq etmək; [2]
verilmiş iradnamə, tələbnamə və qərarlar göstərilən müddətdə icra edilmədikdə və təsərrüfat subyektlərinin dövlət standartlarının tələblərinin pozulması təkrarlandığı hallarda materialları Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş tədbirlər görmək üçün məhkəməyə və ya hüquq-mühafizə orqanlarına göndərmək. [3]
Məhsulların realizə edilməsinin (tədarükünün, göndərilməsinin), işlərin yerinə yetirilməsinin və xidmətlərin göstərilməsinin dayandırılması və ya qadağan edilməsi haqqında yazılı tələbnamələri və qərarları yerinə yetirməyən şəxslər qanunla nəzərdə tutulmuş qaydada cərimə edilirlər. [4]
Maddə 12. Standartlaşdırma üzrə qanunvericiliyin pozulmasına görə məsuliyyət
1. Müvafiq icra hakimiyyəti orqanları, yerli özünüidarəetmə orqanları və təsərrüfat subyektləri, habelə ictimai birliklər standartlaşdırma haqqında qanunvericiliyin tələblərinin pozulmasına görə bu Qanuna və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarına müvafiq surətdə məsuliyyət daşıyırlar.
2. Dövlət standartlarının tələblərinə riayət edilməsinin dövlət nəzarətini həyata keçirən orqanlar və onların vəzifəli şəxsləri müvafiq qaydada onlara həvalə edilmiş vəzifələrin yerinə yetirilməməsinə və ya lazımınca yerinə yetirilməməsinə, səlahiyyətlərini aşmalarına, dövlət və ya kommersiya sirrlərinin açılmasına, əsassız yoxlama və müdaxilələrə yol verildikdə və bu hərəkətlərin nəticəsində vurulan ziyana, habelə standartlaşdırma haqqında qanunvericiliyin pozulmasına görə, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun inzibati, mülki-hüquqi və cinayət məsuliyyəti daşıyırlar.
3. Standartlaşdırma haqqında qanunvericiliyin icrası zamanı yaranan mübahisələrə məhkəmə qaydasında baxılır.


IV fəsil
DÖVLƏT STANDARTLAŞDIRILMASI VƏ DÖVLƏT NƏZARƏTİ ÜZRƏ İŞLƏRİN MALİYYƏLƏŞDİRİLMƏSİ
Maddə 13. Dövlət standartlaşdırılması üzrə büdcədən maliyyələşdirilən işlər
Azərbaycan Respublikasında dövlət standartlaşdırılması üzrə aşağıdakı işlər büdcədən maliyyələşdirilir:
məhsulların (işlərin, xidmətlərin) insanın sağlamlığı, həyatı və əmlakı, habelə ətraf mühit üçün təhlükəsizliyini təmin etmək məqsədi daşıyan tələbləri maliyyələşdirən dövlət standartlarının və digər normativ sənədlərin hazırlanması, nəşri, yayılması və aidiyyəti olan istifadəçilərə çatdırılması;
beynəlxalq (regional) və dövlətlərarası standartların, norma, qayda və tövsiyələrin hazırlanması və (və ya) hazırlanmasında iştirak;
standartlaşdırma üzrə beynəlxalq (regional) və dövlətlərarası təşkilatların işində iştirak;
standartlaşdırmanın konkret obyektlərinə dair müvafiq normativ hüquqi aktların layihələrinin hazırlanması, habelə standartların təşkilati-metodik və ümumtexniki sistemlərinin və komplekslərinin hazırlanması və idarə edilməsi;
standartlaşdırma sahəsində elmi-tədqiqat işlərinin aparılması;
dövlət standartlarının tələblərinin yerinə yetirilməsinə dövlət nəzarətinin təşkili;
Azərbaycan Respublikasının qüvvədə olan dövlət standartlarının, standartlaşdırmaya dair digər normativ sənədlərin, habelə beynəlxalq (regional), dövlətlərarası standartların norma, qayda və tövsiyələrin və xarici ölkələrin milli standartlarının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada yaradılan fondlarının xüsusi dövlət reyestrinin və kataloqunun yaradılması, saxlanması və aparılması;
standartlaşdırma üzrə müvafiq səlahiyyəti olan icra hakimiyyəti orqanları tərəfindən standartlaşdırma üzrə dövlət əhəmiyyətli tədbirlərin həyata keçirilməsi ilə əlaqədar görülən digər işlər.
Maddə 14. Dövlət standartlaşdırma sistemi üzrə işlərin maliyyələşdirilmə mənbələri
Azərbaycan Respublikasında dövlət standartlaşdırma sistemi üzrə işlər aşağıdakı mənbələr hesabına maliyyələşdirilir:
büdcə vəsaiti;
müvafiq standartlaşdırma xidməti (nəşrlərin, məlumat və tövsiyələrin realizəsi) göstərilməsindən əldə edilən vəsait;
ayrı-ayrı dövlət proqram və layihələrinin normativ təminatı üçün nəzərdə tutulan vəsait;
məhsulların (işlərin, xidmətlərin) keyfiyyətinin, habelə digər standartlaşdırma tələblərinin təmin edilməsi üçün normativ xərclərə yönəldilən vəsait;
könüllü ianə və ayırmalar. [5]

Azərbaycan Respublikasının Prezidenti
Heydər ƏLİYEV
Bakı şəhəri, 16 aprel 1996-cı il
№ 60-IQ
21.04.2016

...Bakı şəhəri, Nizami rayonu, 8-ci km ərazisində yerləşən bazarda və bazara məxsus ərazidə yerləşən ərzaq mağazasında... 

daha ətraflı
17.09.2015

...Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, A.Mirzəyev küçəsi, ev 60 ünvanında Atılxanov Azər Rəşxan oğluna məxsus...

daha ətraflı
04.09.2015

...Sumqayıt şəhəri, H.Əliyev prospekti 40-cı məhəllədə yerləşən “Pompey” və Nizami Gəncəvi küçəsində yerləşən...

daha ətraflı

FƏRMAN

06.11.2017

“Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2017-ci il 31 oktyabr tarixli 845-VQD nömrəli Qanununun tətbiqi və “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında”...

daha ətraflı
VİDEO XƏBƏR
23.11.2017
Azərbaycan Akkreditasiya Mərkəzi Avropa Akkreditasiya Təşkilatının assosiativ üzvlüyünə qəbul edilib
QAYNAR XƏTT
TABE QURUMLAR
Copyright © 2010 Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi! Bütün hüquqlar qorunur.
Sayt  Lider veb studiyası  tərəfindən hazırlanmışdır