| | az | en

TƏQVİM

Be Ça Ç Ca C Ş B
123
45678910
11121314151617
18192021222324
25262728293031
Qanunlar
Çap versiyası
30.07.2013

Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu

       Bu Qanun Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 24-cü bəndinə uyğun olaraq, Azərbaycan Respublikasında ölçmələrin vəhdətinin təmin edilməsinin hüquqi və təşkilati əsaslarını müəyyən edir.

1-Cİ FƏSİL

ÜMUMİ MÜDDƏALAR

Maddə 1. Əsas anlayışlar

1.0. Bu Qanunda istifadə olunan anlayışlar aşağıdakı mənaları ifadə edir:
1.0.1. ölçmə – kəmiyyətin ədədi qiymətinin müəyyən edilməsi üçün yerinə yetirilən əməliyyatların məcmusu;
1.0.2. ölçü vahidi – kəmiyyət vahidi kimi qəbul edilən və onunla həmcins olan kəmiyyətlərin miqdarca ifadəsi üçün istifadə olunan, təsbit edilmiş qiymət;
1.0.3. ölçmələrin vəhdəti – nəticələri tətbiqinə rəsmi icazə verilmiş kəmiyyət vahidi ilə ifadə edilən və dəqiqlik göstəriciləri hüdudlardan kənara çıxmayan ölçmələrin vəziyyəti;
1.0.4. metroloji tələblər - ölçmə vasitələrinin, standart nümunələrin və kəmiyyət vahidi etalonlarının ölçmələrin nəticələrinə təsir göstərən dəqiqlik göstəricilərinə, ölçmələrin yerinə yetirilməsi şəraitinə dair tələblər; 
1.0.5. metroloji ekspertiza – metroloji tələblərin müəyyənləşdirilməsinin və onlara riayət olunmasının təhlili və qiymətləndirilməsi; 
1.0.6. metroloji nəzarət – metroloji qayda və normalara riayət olunmasının yoxlanması üzrə fəaliyyət;
1.0.7. kəmiyyət vahidi etalonu – kəmiyyət vahidinin reallaşdırılması (təkrarlanması), saxlanılması və ölçmə vasitələrinə ötürülməsi üçün istifadə olunan texniki vasitə;
1.0.8. dövlət kəmiyyət vahidi etalonu – dövlət mülkiyyətində olan kəmiyyət vahidi etalonu;
1.0.9. dövlət ilkin kəmiyyət vahidi etalonu - kəmiyyət vahidinin reallaşdırılmasını (təkrarlanmasını), saxlanılmasını və ötürülməsini ən yüksək dəqiqliklə təmin edən, bu göstəricidə təsdiq olunan və Azərbaycan Respublikasının ərazisində ilkin etalon kimi qəbul edilən dövlət kəmiyyət vahidi etalonu;
1.0.10. kəmiyyət vahidinin ötürülməsi – ölçmə vasitəsinin saxladığı kəmiyyət vahidinin kəmiyyət vahidi etalonunun və ya standart nümunənin reallaşdırdığı (təkrarladığı) kəmiyyət vahidinə uyğunlaşdırılması; 
1.0.11. izlənilmə – tutuşdurulma, yoxlanılma, kalibrlənmə vasitəsi ilə kəmiyyət vahidi etalonlarının və ölçmə vasitələrinin dövlət ilkin kəmiyyət vahidi etalonu ilə sənədlə təsdiq edilmiş əlaqəsini müəyyənləşdirən xassə;
1.0.12. kəmiyyət vahidi etalonlarının tutuşdurulması – eyni dəqiqlik səviyyəli kəmiyyət vahidi etalonları tərəfindən və eyni şəraitdə reallaşdırılan (təkrarlanan) kəmiyyət vahidləri arasında nisbəti müəyyənləşdirən əməliyyatların məcmusu;
1.0.13. ölçmə vasitəsi – ölçmənin yerinə yetirilməsi üçün istifadə olunan texniki vasitə; 
1.0.14. ölçmə metodikası (metodu) – yerinə yetirilməsi ölçmələrin nəticələrinin dəqiqlik göstəriciləri ilə alınmasını təmin edən, konkret təsvir edilmiş əməliyyatların məcmusu;
1.0.15. ölçmə metodikalarının (metodlarının) attestasiyası – ölçmə metodikalarının (metodlarının) ölçmələrə dair metroloji tələblərə uyğunluğunun qiymətləndirilməsi və təsdiq edilməsi;
1.0.16. birbaşa ölçmə – kəmiyyətin axtarılan qiymətinin bilavasitə ölçmə vasitəsindən alındığı ölçmə;
1.0.17. metroloji xidmət – ölçmələrin vəhdətinin təmin edilməsi üzrə işləri təşkil edən və yerinə yetirən hüquqi və ya fiziki şəxs;
1.0.18. ölçmə vasitələrinə texniki tələblər – ölçmə vasitələrinin istismarı prosesində onların metroloji xarakteristikalarının saxlanılması, ölçmələrin nəticələrinin etibarlılığına nail olunması, icazəsiz sazlama və müdaxilənin qarşısının alınması məqsədi ilə ölçmə vasitələrinin konstruksiyasının xüsusiyyətlərini (onların texniki təkmilləşdirilməsini məhdudlaşdırmadan) müəyyən edən, həmçinin ölçmə vasitəsinin təhlükəsizliyini və elektromaqnit uyğunluğunu təmin edən tələblər;
1.0.19. ölçmə vasitələrinin yoxlanılması – ölçmə vasitələrinin metroloji tələblərə uyğunluğunun təyin və təsdiq edilməsi məqsədi ilə yerinə yetirilən əməliyyatların məcmusu;
1.0.20. ölçmə vasitələrinin tipi – eyni kəmiyyətləri ölçmək üçün nəzərdə tutulmuş, eyni kəmiyyət vahidi ilə ifadə olunmuş, eyni iş prinsipinə əsaslanan, eyni konstruksiyaya malik olan və eyni texniki sənədlər üzrə hazırlanmış ölçmə vasitələrinin məcmusu;
1.0.21. standart nümunə – sınağın nəticələrinə görə təyin edilmiş bir və daha çox kəmiyyətin qiymətləri ilə maddənin (materialın) tərkib və xassələrini xarakterizə edən maddə (material) nümunəsi;
1.0.22. standart nümunələrin tipi – eyni təyinatlı, eyni texniki sənədlər əsasında və eyni maddədən (materialdan) hazırlanmış standart nümunələrin məcmusu;
1.0.23. tipin təsdiqi məqsədi ilə ölçmə vasitələrinin və ya standart nümunələrin sınaqları – eyni tipli ölçmə vasitələrinin və ya standart nümunələrin metroloji və texniki xarakteristikalarının müəyyən edilməsi üzrə yerinə yetirilən işlər;
1.0.24. standart nümunələrin və ya ölçmə vasitələrinin tipinin təsdiq edilməsi – tipin təsdiqi məqsədi ilə keçirilən sınaqların nəticələri əsasında, standart nümunənin və ya ölçmə vasitəsinin tipinin metroloji və texniki tələblərə uyğunluğu barədə qərarın qəbulu; 
1.0.25. ölçmə vasitələrinin kalibrlənməsi – ölçmə vasitələrinin metroloji xarakteristikalarının həqiqi qiymətlərinin təyin edilməsi məqsədi ilə yerinə yetirilən əməliyyatların məcmusu;
1.0.26. ölçmə funksiyalı texniki sistemlər və qurğular – əsas funksiyaları ilə yanaşı, ölçmə funksiyalarını da yerinə yetirən texniki sistemlər və qurğular;
1.0.27. ölçülüb qablaşdırılmış mallar – alıcının iştirakı olmadan qablaşdırılan, açılması və deformasiyası baş vermədikdə içindəkilər dəyişməz qalan, qablaşmadakı malın miqdarını xarakterizə edən kütlə, həcm, uzunluq, sahə və digər kəmiyyətləri qablaşmanın üzərində qeyd edilən mallar. 

Maddə 2. Qanunun məqsədi və tətbiq dairəsi

2.1. Bu Qanun insan həyatının və sağlamlığının qorunması, ətraf mühitin, bitki və heyvanlar aləminin mühafizəsi, dövlətin müdafiəsi və təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə yerinə yetirilən ölçmələrin obyektiv, etibarlı və müqayisə edilən nəticələrinin alınmasında cəmiyyətin və dövlətin tələbatını təmin etmək və ölçmələrin qeyri-dəqiq nəticələrinin mənfi təsirinin qarşısını almaq məqsədi daşıyır.
2.2. Ölçmələrin vəhdətinin təmin edilməsinin dövlət tənzimlənməsi aşağıdakı sahələrdə yerinə yetirilən ölçmələrə şamil edilir:
2.2.1. səhiyyə;
2.2.2. bitki mühafizəsi və karantini, aqrokimyəvi tədbirlərin həyata keçirilməsi;
2.2.3. baytarlıq;
2.2.4. ətraf mühitin mühafizəsi;
2.2.5. əməyin mühafizəsi; 
2.2.6. təhlükə potensiallı obyektlərin istismarına dair texniki təhlükəsizlik tələblərinə riayət olunmasına nəzarət;
2.2.7. ödənişli xidmətlərin göstərilməsi, ticarət əməliyyatları, malların ölçülüb qablaşdırılması;
2.2.8. dövlət uçot və qeydiyyat əməliyyatları;
2.2.9. su, qaz, elektrik və istilik enerjisinin sərfinin uçotu;
2.2.10. dövlətin müdafiəsi və təhlükəsizliyinin təmin edilməsi;
2.2.11. bank, vergi və gömrük əməliyyatları;
2.2.12. fövqəladə hallarda təhlükəsizliyin təmin edilməsi;
2.2.13. geodeziya və kartoqrafiya;
2.2.14. hidrometeorologiya;
2.2.15. məhsulların (işlərin, xidmətlərin) normativ hüquqi aktlarla müəyyən edilmiş məcburi tələblərə uyğunluğunun qiymətləndirilməsi;
2.2.16. rəsmi idman yarışlarının keçirilməsi, idmançıların hazırlanması;
2.2.17. dövlət orqanlarının ölçmələrin məcburi aparılması barədə qərarlarının icrası;
2.2.18. dövlət nəzarəti üzrə tədbirlərin həyata keçirilməsi. 
2.3. Ölçmələrin vəhdətinin təmin edilməsinin dövlət tənzimlənməsi həmçinin məcburi tələblər müəyyən edilmiş kəmiyyət vahidlərinə, kəmiyyət vahidi etalonlarına, standart nümunələrə və ölçmə vasitələrinə şamil edilir.
2.4. Dövlətin müdafiəsi və təhlükəsizliyi sahəsində fəaliyyətin həyata keçirilməsi məqsədi ilə ölçmələrin vəhdətinin təmin edilməsinin xüsusiyyətlərini müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 
2.5. Bu maddədə göstərilən sahələrdə tətbiq edilən ölçmə vasitələrinə dair tələblər məcburidir. 

Maddə 3. Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında Azərbaycan Respublikasının qanunvericiliyi

Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında Azərbaycan Respublikasının qanunvericiliyi Azərbaycan Respublikasının Konstitusiyasından, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən və bu Qanundan ibarətdir.

Maddə 4. Ölçmələrin vəhdətinin təmin edilməsi sahəsində dövlətin vəzifələri

4.0. Ölçmələrin vəhdətinin təmin edilməsi sahəsində dövlətin vəzifələri aşağıdakılardır:
4.0.1. dövlət siyasətini müəyyən etmək və həyata keçirmək; 
4.0.2. normativ hüquqi tənzimləməni təmin etmək;
4.0.3. ölçmələrin vəhdətinin təmin edilməsi üzrə prioritet sahələri müəyyənləşdirmək; 
4.0.4. dövlət nəzarətini həyata keçirmək;
4.0.5. ölçmə vasitələrinin sertifikatlaşdırılmasını təmin etmək; 
4.0.6. fundamental və tətbiqi elmi tədqiqatlar aparmaq, elmi-texniki fəaliyyəti həyata keçirmək;
4.0.7. beynəlxalq əməkdaşlığı həyata keçirmək;
4.0.8. kadr hazırlığını təmin etmək.

2-Cİ FƏSİL

ÖLÇMƏLƏRƏ, KƏMİYYƏT VAHİDLƏRİNƏ, KƏMİYYƏT VAHİDİ ETALONLARINA, STANDART NÜMUNƏLƏRƏ VƏ ÖLÇMƏ VASİTƏLƏRİNƏ DAİR ÜMUMİ TƏLƏBLƏR

Maddə 5. Ölçmələrə dair tələblər
5.1. Ölçmələrin vəhdətinin təmin edilməsinin dövlət tənzimlənməsinə aid olan ölçmələr tipi təsdiq edilmiş və yoxlamadan keçmiş ölçmə vasitələrindən istifadə edilməklə, attestasiya edilmiş ölçmə metodikaları (metodları) ilə (birbaşa ölçmələrin yerinə yetirilməsi üçün nəzərdə tutulmuş ölçmə metodikaları (metodları) istisna olmaqla) yerinə yetirilməlidir. Ölçmələrin nəticələri Azərbaycan Respublikasında tətbiqinə icazə verilmiş kəmiyyət vahidləri ilə ifadə olunmalıdır.
5.2. Ölçmələrin vəhdətinin təmin edilməsinin dövlət tənzimlənməsinə aid olan ölçmə metodikalarının (metodlarının) attestasiyası həmin ölçmə vasitələrinin tipinin təsdiqi prosesində, onların məcburi metroloji tələblərə uyğunluğunun müəyyən edilməsi yolu ilə həyata keçirilir. Digər hallarda ölçmə metodikalarının (metodlarının) metroloji tələblərə uyğunluğu onların attestasiyası yolu ilə təsdiq edilir.
5.3. Ölçmələrin vəhdətinin təmin edilməsinin dövlət tənzimlənməsinə aid olan ölçmə metodikalarının (metodlarının) attestasiyasını ölçmələrin vəhdətinin təmin edilməsi sahəsində akkreditasiya edilmiş hüquqi və ya fiziki şəxslər keçirirlər. Attestasiya edilmiş ölçmə metodikaları (metodları) haqqında məlumatlar attestasiyanı keçirən şəxslər tərəfindən ölçmələrin vəhdətinin təmin edilməsi üzrə dövlət məlumat fonduna verilir.
5.4. Ölçmələrin vəhdətinin təmin edilməsinin dövlət tənzimlənməsinə aid olan ölçmə metodikalarının (metodlarının) attestasiyası və tətbiqi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
5.5. Ölçmələrin vəhdətinin təmin edilməsinin dövlət tənzimlənməsinə aid olan ölçmələrin siyahısı, həmin ölçmələrə dair məcburi metroloji tələblər, o cümlədən dəqiqlik göstəriciləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
Maddə 6. Kəmiyyət vahidlərinə dair tələblər

6.1. Azərbaycan Respublikasında Ölçülər və Çəkilər üzrə Baş Konfrans tərəfindən qəbul edilmiş Beynəlxalq vahidlər sisteminin kəmiyyət vahidləri tətbiq edilir. Beynəlxalq vahidlər sisteminin kəmiyyət vahidləri ilə bərabər sistemdənkənar kəmiyyət vahidlərinin tətbiqinə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada yol verilir. 
6.2. Kəmiyyət vahidlərinin adları, işarələri və yazılış qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 
6.3. İxrac olunan məhsulların kəmiyyəti, o cümlədən ölçmə vasitələrinin xarakteristikaları sifarişçi ilə bağlanılmış müqavilədə nəzərdə tutulmuş kəmiyyət vahidləri ilə ifadə oluna bilər.

Maddə 7. Dövlət kəmiyyət vahidləri etalonlarına dair tələblər

7.1. Dövlət kəmiyyət vahidləri etalonları Azərbaycan Respublikasının etalon bazasını təşkil edir.
7.2. Dövlət ilkin kəmiyyət vahidləri etalonları müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir.
7.3. Dövlət ilkin kəmiyyət vahidləri etalonlarının qorunub saxlanılması və dövlət ilkin kəmiyyət vahidləri etalonlarından kəmiyyət vahidlərinin ötürülməsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən təmin edilir.
7.4. Dövlət ilkin kəmiyyət vahidləri etalonlarının mülki dövriyyədə olmasına yol verilmir.
7.5. Dövlət kəmiyyət vahidləri etalonları haqqında məlumatlar müvafiq icra hakimiyyəti orqanı tərəfindən ölçmələrin vəhdətinin təmin edilməsi üzrə dövlət məlumat fonduna daxil edilir.
7.6. Dövlət ilkin kəmiyyət vahidləri etalonları Beynəlxalq Ölçülər və Çəkilər Bürosunun kəmiyyət vahidləri etalonları və ya xarici dövlətlərin kəmiyyət vahidləri etalonları ilə tutuşdurulmalıdır. 
7.7. Azərbaycan Respublikasında dövlət ilkin kəmiyyət vahidləri etalonlarına izlənilən kəmiyyət vahidləri etalonları tətbiq edilməlidir. Müvafiq dövlət ilkin kəmiyyət vahidləri etalonları olmadıqda, ölçmələrin vəhdətinin təmin edilməsinin dövlət tənzimlənməsi sahəsində tətbiq edilən ölçmə vasitələrinin xarici dövlətlərin kəmiyyət vahidləri etalonları ilə izlənilməsi təmin edilir. 
7.8. Dövlət ilkin kəmiyyət vahidləri etalonlarının təsdiqi, saxlanılması, tutuşdurulması və tətbiqi, kəmiyyət vahidinin dövlət etalonundan ötürülməsi, kəmiyyət vahidləri etalonlarından istifadə qaydaları, kəmiyyət vahidi etalonlarına dair məcburi tələblər və bu tələblərə uyğunluğun qiymətləndirilməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

Maddə 8. Standart nümunələrə dair tələblər

8.1. Standart nümunələr maddələrin (materialların) tərkibinin və ya xassələrinin Azərbaycan Respublikasında tətbiqinə icazə verilmiş kəmiyyət vahidlərinin qiymətlərində ifadə olunan xarakteristikalarının reallaşdırılması (təkrarlanması), saxlanılması və ötürülməsi üçün nəzərdə tutulur. 
8.2. Ölçmələrin vəhdətinin təmin edilməsinin dövlət tənzimlənməsi sahəsində yalnız tipləri təsdiq edilmiş standart nümunələr tətbiq olunur.

Maddə 9. Ölçmə vasitələrinə dair tələblər

9.1. Ölçmələrin vəhdətinin təmin edilməsinin dövlət tənzimlənməsinə aid olan sahədə bu Qanuna uyğun olaraq tipi təsdiq edilmiş və yoxlamadan keçmiş, ölçmə vasitələrinə məcburi metroloji və texniki tələblər daxil olmaqla, ölçmələrin vəhdətinin təmin edilməsinə dair məcburi tələblərə riayət edilməsini təmin edən ölçmə vasitələrindən istifadə edilir. Ölçmə vasitələrinə dair məcburi tələblərə ölçmə vasitələrinin tərkib hissələri, proqram təminatı və istismar şəraiti barədə tələblər də daxil edilir.
9.2. Ölçmələrin nəticələrinin təhrif olunmasına səbəb ola bilən icazəsiz sazlama və müdaxilənin qarşısının alınması məqsədi ilə ölçmə vasitələrinin konstruksiyası, proqram təminatı da daxil olmaqla, onun müvafiq hissələrinə müdaxilə edilmənin məhdudluğunu təmin etməlidir. 
9.3. Texniki vasitələrin ölçmə vasitələrinə aid edilməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

3-CÜ FƏSİL

ÖLÇMƏLƏRİN VƏHDƏTİNİN TƏMİN EDİLMƏSİ SAHƏSİNDƏ
DÖVLƏT TƏNZİMLƏNMƏSİ



Maddə 10. Ölçmələrin vəhdətinin təmin edilməsi sahəsində dövlət 
tənzimlənməsinin həyata keçirilməsi formaları

10.1. Ölçmələrin vəhdətinin təmin edilməsi sahəsində dövlət tənzimlənməsi aşağıdakı formalarda həyata keçirilir:
10.1.1. standart nümunələrin və ya ölçmə vasitələrinin tipinin təsdiqi;
10.1.2. ölçmə vasitələrinin yoxlanılması; 
10.1.3. metroloji ekspertiza;
10.1.4. dövlət metroloji nəzarəti;
10.1.5. ölçmə metodikalarının (metodlarının) attestasiyası;
10.1.6. dövlət metroloji nəzarəti istisna olmaqla, ölçmələrin vəhdətinin təmin edilməsi sahəsində işlərin yerinə yetirilməsi və (və ya) xidmətlərin göstərilməsi üzrə akkreditasiya.
10.2. Ölçmələrin vəhdətinin təmin edilməsi sahəsində dövlət tənzimlənməsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən təmin edilir.

Maddə 11. Standart nümunələrin və ya ölçmə vasitələrinin tipinin 
təsdiq edilməsi

11.1. Ölçmələrin vəhdətinin təmin edilməsinin dövlət tənzimlənməsinə aid sahədə tətbiq edilən standart nümunələrin və ya ölçmə vasitələrinin tipi təsdiq edilməlidir. Tip təsdiq edilərkən, onların dəqiqlik göstəriciləri, yoxlamalararası intervalı və yoxlama metodikası müəyyən edilir.
11.2. Standart nümunələrin və ya ölçmə vasitələrinin tipinin təsdiq edilməsi haqqında qərar bu məqsədlə keçirilən sınaqların müsbət nəticələri əsasında müvafiq icra hakimiyyəti orqanı tərəfindən qəbul edilir.
11.3. Standart nümunələrin və ya ölçmə vasitələrinin tipi müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilən sertifikatla təsdiqlənir. Standart nümunənin və ya ölçmə vasitəsinin tipinin təsdiqi barədə sertifikatın forması və qüvvədə olma müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
11.4. Standart nümunələrin və ölçmə vasitələrinin təsdiq edilmiş tipi standart nümunələrin və ya ölçmə vasitələrinin dövlət reyestrinə daxil edilir. Tipi təsdiq edilmiş standart nümunələrin və ya ölçmə vasitələrinin dövlət reyestrinin aparılması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur. 
11.5. Ölçmə vasitələrinin tipinin təsdiqi barədə sertifikatın qüvvədə olduğu müddətdə ölçmə vasitələrinin yoxlamalararası intervalı yalnız müvafiq icra hakimiyyəti orqanı tərəfindən dəyişdirilir.
11.6. Tipi təsdiq edilmiş standart nümunələrin və ya ölçmə vasitələrinin hər bir nümunəsinə, onların qoşma sənədlərinə tipin təsdiqi nişanı vurulur. Ölçmə vasitəsinin konstruksiyası ölçmə vasitəsinin tipini təsdiq edən nişanın baxış üçün əlverişli olan yerdə vurulması imkanını təmin etməlidir. Ölçmə vasitəsinin konstruksiyasının xüsusiyyətləri həmin nişanın bilavasitə onun üzərinə vurulmasına imkan vermirsə, nişan qoşma sənədlərə vurulur.
11.7. Standart nümunələrin və ya ölçmə vasitələrinin tipinin təsdiqi məqsədi ilə sınaqlar ölçmələrin vəhdətinin təmin edilməsi sahəsində akkreditasiya edilmiş hüquqi və fiziki şəxslər tərəfindən keçirilir.
11.8. Standart nümunələrin və ya ölçmə vasitələrinin təsdiq edilmiş tipləri haqqında məlumatlar ölçmələrin vəhdətinin təmin olunması üzrə dövlət məlumat fonduna daxil edilir.
11.9. Standart nümunələrin və ya ölçmə vasitələrinin tipinin təsdiqi məqsədi ilə sınaqların keçirilməsi, standart nümunələrin və ya ölçmə vasitələrinin tipinin təsdiqi, bu barədə sertifikatın verilməsi, ölçmə vasitələrinin yoxlamalararası intervalının müəyyən edilməsi və dəyişdirilməsi qaydası, standart nümunələrin və ölçmə vasitələrinin tipini təsdiq edən nişanlara dair tələblər və həmin nişanların vurulma qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Standart nümunələrin və ya ölçmə vasitələrinin tipinin təsdiqi məqsədi ilə sınaqların keçirilməsi və standart nümunələrin və ya ölçmə vasitələrinin tipinin təsdiqi qaydaları onların istehsal xüsusiyyətləri (kütləvi və ya tək-tək istehsal) nəzərə alınmaqla müəyyənləşdirilir. 
11.10. Ölçmələrin vəhdətinin təmin edilməsinin dövlət tənzimlənməsinə aid olan sahədə istifadə üçün nəzərdə tutulmayan standart nümunələri və ölçmə vasitələrini işləyib hazırlayan, istehsal edən, Azərbaycan Respublikasının ərazisinə idxal edən, satan və istismar edən şəxslər həmin standart nümunələri və ölçmə vasitələrini könüllü şəkildə standart nümunələrin və ölçmə vasitələrinin tipinin təsdiqinə təqdim edə bilərlər. 

Maddə 12. Ölçmə vasitələrinin yoxlanılması

12.1. Ölçmələrin vəhdətinin təmin edilməsinin dövlət tənzimlənməsinə aid olan sahədə istifadə üçün nəzərdə tutulmuş ölçmə vasitələri istismara verilənədək və təmirdən sonra ilkin yoxlamadan, istismar prosesində isə dövri yoxlamadan keçirilir. Ölçmələrin vəhdətinin təmin edilməsinin dövlət tənzimlənməsinə aid olan sahədə ölçmə vasitələrindən istifadə edən şəxslər onları yoxlama dövriliyinə uyğun olaraq yoxlamaya təqdim edirlər.
12.2. Ölçmə vasitələrinin yoxlanılması səlahiyyəti hüquqi şəxslərə, hüquqi şəxslərin metroloji xidmətlərinə və fiziki şəxslərə müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilir.
12.3. Ölçmə vasitələrinin yoxlanılması üzrə fəaliyyətə müvafiq icra hakimiyyəti orqanı nəzarət edir.
12.4. Ölçmələrin vəhdətinin təmin edilməsi sahəsində akkreditasiya olunmuş orqanlar tərəfindən yoxlanılan ölçmə vasitələrinin siyahısını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir.
12.5. Ölçmə vasitələrinin yoxlanılmasının nəticələri yoxlama nişanı və (və ya) yoxlama haqqında şəhadətnamə ilə təsdiq edilir. Ölçmə vasitəsinin konstruksiyası yoxlama nişanının baxış üçün əlverişli olan yerdə vurulmasını təmin etməlidir. Ölçmə vasitəsinin konstruksiyasının xüsusiyyətləri və ya istismar şəraiti yoxlama nişanını bilavasitə ölçmə vasitəsinin üzərinə vurmağa imkan vermirsə, bu nişan yoxlama haqqında şəhadətnaməyə vurulur.
12.6. Ölçmə vasitələrinin yoxlanılması qaydası, yoxlama nişanına dair tələblər və yoxlama haqqında şəhadətnamənin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 
12.7. Ölçmələrin vəhdətinin təmin edilməsinin dövlət tənzimlənməsinə aid olan sahədə istifadə edilmək üçün nəzərdə tutulmuş ölçmə vasitələrinin yoxlanılmasının nəticələri haqqında məlumatlar ölçmə vasitələrini yoxlayan şəxs tərəfindən ölçmələrin vəhdətinin təmin edilməsi üzrə dövlət məlumat fonduna verilir.
12.8. Ölçmələrin vəhdətinin təmin edilməsinin dövlət tənzimlənməsinə aid olan sahədə istifadə üçün nəzərdə tutulmayan ölçmə vasitələri könüllü qaydada yoxlamadan keçirilə bilər.

Maddə 13. Metroloji ekspertiza

13.1. Normativ hüquqi aktların layihələrində ölçmələrə, standart nümunələrə və ölçmə vasitələrinə dair tələblərin metroloji ekspertizası “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununa uyğun olaraq keçirilir.
13.2. Layihə-konstruktor və texnoloji sənədlərin məcburi metroloji ekspertizası Azərbaycan Respublikasının Mülki Məcəlləsinə, Azərbaycan Respublikasının Torpaq Məcəlləsinə, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinə, Azərbaycan Respublikasının Əmək Məcəlləsinə, Azərbaycan Respublikasının Su Məcəlləsinə, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında”, “Yeyinti məhsulları haqqında”, “Əhalinin sağlamlığının qorunması haqqında”, “Əhalinin radiasiya təhlükəsizliyi haqqında”, “Bədən tərbiyəsi və idman haqqında”, “Dərman vasitələri haqqında”, “Fitosanitar nəzarəti haqqında”, “Baytarlıq haqqında”, “Ətraf mühitin mühafizəsi haqqında”, “Yanğın təhlükəsizliyi haqqında”, “Hidrometeorologiya fəaliyyəti haqqında”, “Geodeziya və kartoqrafiya haqqında”, “Hidrotexniki qurğuların təhlükəsizliyi haqqında”, “Avtomobil yolları haqqında”, “Avtomobil nəqliyyatı haqqında”, “Texniki təhlükəsizlik haqqında”, “İstehsalat və məişət tullantıları haqqında”, “Enerji resurslarından istifadə haqqında”, “Elektroenergetika haqqında”, “Energetika haqqında”, “Elektrik və istilik stansiyaları haqqında”, “Qaz təchizatı haqqında”, “Telekommunikasiya haqqında”, “Poçt haqqında”, “Xidməti və mülki silah haqqında”, “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada keçirilir. 
13.3. Məcburi metroloji ekspertizası nəzərdə tutulmayan standartların, layihə-konstruktor və texnoloji sənədlərin metroloji ekspertizası könüllüdür.

Maddə 14. Dövlət metroloji nəzarəti 

14.1. Dövlət metroloji nəzarəti aşağıdakıların təmin edilməsi məqsədi ilə həyata keçirilir:
14.1.1. ölçmələrə, kəmiyyət vahidlərinə, kəmiyyət vahidi etalonlarına, standart nümunələrə, istehsal olunan, Azərbaycan Respublikasının ərazisinə gətirilən, satılan və tətbiq edilən zaman ölçmə vasitələrinə dair məcburi tələblərə riayət olunması;
14.1.2. attestasiya edilmiş ölçmə metodikalarının (metodlarının) mövcudluğu və onlara riayət olunması;
14.1.3. ölçülüb qablaşdırılmış malların miqdarının bağlamanın üzərində göstərilmiş miqdardan yol verilən kənarlaşmasına dair məcburi tələblərə riayət edilməsi.
14.2. Dövlət metroloji nəzarəti aşağıdakı fəaliyyət sahələrinə şamil edilir:
14.2.1. ölçmələrin vəhdətinin təmin edilməsinin dövlət tənzimlənməsi sahəsinə aid olunan ölçmələrin tətbiqi;
14.2.2. ölçmələrin vəhdətinin təmin edilməsinin dövlət tənzimlənməsinə aid olan sahədə tətbiq edilmək üçün nəzərdə tutulan kəmiyyət vahidi etalonlarının, standart nümunələrin və ölçmə vasitələrinin istehsalı, həmçinin onların Azərbaycan Respublikasının ərazisinə gətirilməsi, satışı və istifadəsi;
14.2.3. malların ölçülüb qablaşdırılması.
14.3. Ölçülüb qablaşdırılmış malların miqdarının qabın üzərində göstərilən miqdardan yol verilən kənarlaşmasına dair məcburi tələblər texniki reqlamentlərlə müəyyənləşdirilir. Texniki reqlamentlərdə həmçinin ölçülüb qablaşdırma və buna nəzarət üçün istifadə olunan avadanlıqlara, bağlamaya, ölçülüb qablaşdırılmış malların markalanmasına yaxud etiketlərinə və onların vurulma qaydalarına dair məcburi tələblər, ölçülüb qablaşdırılmış malların miqdarının bağlamanın üzərində göstərilən miqdardan yol verilən kənarlaşmasına uyğunluğunun qiymətləndirilməsi qaydaları müəyyən edilir.

Maddə 15. Dövlət metroloji nəzarətinin təmin edilməsi üsulları

15.1. Dövlət metroloji nəzarəti aşağıdakı üsullarla təmin edilir:
15.1.1. tabeliyindən və mülkiyyət formasından asılı olmayaraq, ölçmə vasitələrinin istismar, istehsal və təmir edildiyi, satıldığı və ya saxlanıldığı yerlərə daxil olmaq, yoxlamanın keçirilməsi üçün zəruri olan sənədləri və məlumatları almaq; 
15.1.2. ölçmə vasitələrinin dövlət sınaqlarının keçirilməsində iştirak etmək;
15.1.3. ölçmə vasitələrinin vəziyyətini, istismar və saxlanılma şəraitini yoxlamaq;
15.1.4. istifadə olunan kəmiyyət vahidinin Azərbaycan Respublikasında tətbiqinə icazə verilmiş kəmiyyət vahidinə uyğunluğunu yoxlamaq; 
15.1.5. attestasiya edilmiş yoxlama metodikalarının (metodlarının) mövcudluğunu və onlara riayət edilməsini yoxlamaq; 
15.1.6. ölçmələrə dair məcburi tələblərə riayət edilməsini yoxlamaq;
15.1.7. ölçülüb qablaşdırılmış malların miqdarının bağlamanın üzərində göstərilən miqdardan yol verilən kənarlaşmasına dair məcburi tələblərə riayət edilməsini yoxlamaq;
15.1.8. metroloji qayda və normalara uyğun olmayan ölçmə vasitələrinin istismarını, istehsalını, satışını qadağan etmək; 
15.1.9. ölçmə vasitəsi ölçmənin tələb olunan dəqiqliyini təmin etmədikdə, yoxlama haqqında şəhadətnamənin və ya yoxlama nişanının ləğvi barədə həmin şəhadətnaməni vermiş və ya yoxlama nişanı vurmuş şəxslər qarşısında vəsatət qaldırmaq; 
15.1.10. insanların həyatına, sağlamlığına, əmlakına, istehlakçıların hüquqlarına, ətraf mühitin təhlükəsizliyinə mənfi təsir göstərən hallarda, həmçinin ölçmə vasitələri metroloji qayda və normalara uyğun olmadığı halda ölçmə vasitələrinin istismarını qadağan etmək; 
15.1.11. metroloji qayda və normaların pozulmasının aradan qaldırılması müddətlərini göstərməklə, iradnamə vermək; 
15.1.12. metroloji qayda və normaların pozulması haqqında yoxlama aktı və ya inzibati protokol tərtib etmək; 
15.1.13. ölçmələr üzrə müəyyən edilmiş məcburi tələblərin pozulması ilə aparılan işlərə qadağalar qoyulması haqqında tələbnamələr vermək. Tələbnamə və iradnamənin verilməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir;
15.1.14. metroloji qayda və normaları pozmuş şəxslər barədə məsuliyyət tədbirləri tətbiq etmək;
15.1.15. ölçmə vasitəsi məcburi tələblərə uyğun olmadığı halda üzərinə yararsızlıq nişanı vurmaq.
15.2. Ölçmə vasitələrinin yararsızlıq nişanının forması və onun ölçmə vasitələrinə vurulma qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 
15.3. Dövlət metroloji nəzarəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir.
15.4. Dövlət metroloji nəzarətini həyata keçirən vəzifəli şəxslər müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada attestasiya olunurlar.

Maddə 16. Ölçmələrin vəhdətinin təmin edilməsi üzrə dövlət məlumat fondu

16.1. Ölçmələrin vəhdətinin təmin edilməsi sahəsində Azərbaycan Respublikasının hüquqi aktları, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr barədə məlumatlar, verilənlərin informasiya bazaları, attestasiya edilmiş ölçmə metodikaları (metodları), dövlət kəmiyyət vahidi etalonları, standart nümunələrin və ölçmə vasitələrinin təsdiq edilmiş tipləri, ölçmə vasitələrinin yoxlanılmasının nəticələri haqqında məlumatlar toplusu, dövlət tənzimlənməsi sahəsinə aid olan ölçmələrin vahid siyahısı ölçmələrin vəhdətinin təmin edilməsi üzrə dövlət məlumat fondunu təşkil edir. Ölçmələrin vəhdətinin təmin edilməsi üzrə dövlət məlumat fonduna məlumatların daxil edilməsini və həmin məlumatların verilməsini müvafiq icra hakimiyyəti orqanı təşkil edir.
16.2. “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının Qanunu ilə açıqlanması məhdudlaşdırılan məlumatlar istisna olmaqla, müraciət edən şəxslərə ölçmələrin vəhdətinin təmin edilməsi üzrə dövlət məlumat fondundan sənədlər və məlumatlar bu Qanunun 16.3-cü maddəsində nəzərdə tutulmuş qaydada təqdim edilir.
16.3. Ölçmələrin vəhdətinin təmin edilməsi üzrə dövlət məlumat fondunun təşkili və aparılması, məlumatların fonda verilməsi, fonddan sənədlərin və məlumatların təqdim edilməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur.

4-CÜ FƏSİL

ÖLÇMƏ VASİTƏLƏRİNİN KALİBRLƏNMƏSİ VƏ ÖLÇMƏLƏRİN VƏHDƏTİNİN TƏMİN EDİLMƏSİ SAHƏSİNDƏ AKKREDİTASİYA

Maddə 17. Ölçmə vasitələrinin kalibrlənməsi

17.1. Ölçmələrin vəhdətinin təmin edilməsinin dövlət tənzimlənməsinə aid olan sahədə tətbiq edilmək üçün nəzərdə tutulmayan ölçmə vasitələrinin kalibrlənməsi könüllüdür. Ölçmə vasitələri dövlət ilkin kəmiyyət vahidi etalonları ilə izlənilən, bunlar olmadıqda isə xarici dövlətlərin kəmiyyət vahidi etalonları ilə izlənilən kəmiyyət vahidi etalonlarından istifadə edilməklə kalibrlənir.
17.2. Yoxlamaya aid edilməyən ölçmə vasitələri idxal, istehsal, istismar edildiyi, icarəyə verildiyi, satıldığı zaman və təmirdən sonra kalibrlənə bilər. Ölçmə vasitələrinin kalibrlənməsinin nəticələri ölçmə vasitələrinin üzərinə kalibrlənmə nişanının vurulması və ya kalibrlənmə haqqında sertifikatla, həmçinin istismar sənədlərində aparılan qeydlə təsdiq edilir. 
17.3. Ölçmə vasitələrinin kalibrlənməsi işlərini aparmaq, kalibrlənmə haqqında sertifikat vermək və ya kalibrlənmə nişanı vurmaq hüququ müvafiq icra hakimiyyəti orqanı ilə bağlanılmış müqavilələr əsasında verilir.
17.4. Ölçmə vasitələrinin kalibrlənməsi dövlət kəmiyyət vahidləri etalonları ilə izlənilən etalonlardan istifadə edilməklə aparılır. 
17.5. Ölçmə vasitələrinin kalibrlənməsi fəaliyyətinə nəzarət müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir.
17.6. Ölçmə vasitələrinin kalibrlənməsi işlərini yerinə yetirmək, kalibrlənmə haqqında sertifikat vermək və ya kalibrlənmə nişanını vurmaq hüququnun verilməsi qaydası və kalibrlənmə işlərinin yerinə yetirilməsinə dair tələblər müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

Maddə 18. Ölçmələrin vəhdətinin təmin edilməsi sahəsində 
akkreditasiya

18.1. Ölçmələrin vəhdətinin təmin edilməsi sahəsində akkreditasiya, ölçmələrin vəhdətinin təmin edilməsi üzrə işləri yerinə yetirmək və (və ya) xidmətlər göstərmək səlahiyyətlərinin rəsmi tanınması məqsədi ilə həyata keçirilir. Bu işlərə və (və ya) xidmətlərə aşağıdakılar aiddir:
18.1.1. ölçmələrin vəhdətinin təmin edilməsinin dövlət tənzimlənməsi sahəsinə aid olan ölçmə metodikalarının (metodlarının) attestasiyası;
18.1.2. tipin təsdiqi məqsədi ilə standart nümunələrin və ölçmə vasitələrinin sınaqları;
18.1.3. ölçmə vasitələrinin yoxlanılması;
18.1.4. layihə-konstruktor və texnoloji sənədlərin məcburi metroloji ekspertizası.
18.2. Ölçmələrin vəhdətinin təmin edilməsi sahəsində akkreditasiya aşağıdakı prinsiplər əsasında aparılır:
18.2.1. könüllülük;
18.2.2. fəaliyyətdə müstəqillik;
18.2.3. akkreditasiya üzrə səlahiyyətlərin bu Qanunun 18.1-ci maddəsində nəzərdə tutulmuş işlərin yerinə yetirilməsi və (və ya) xidmətlərin göstərilməsi ilə birləşdirilməsinin yolverilməzliyi;
18.2.4. vahid akkreditasiya qaydalarının tətbiqi, onların açıqlığı;
18.2.5. akkreditasiyadan keçmək iddiasında olan şəxslərə bərabər şəraitin təmin edilməsi;
18.2.6. ölçmələrin vəhdətinin təmin edilməsi sahəsində işlərin yerinə yetirilməsi və xidmətlərin göstərilməsi səlahiyyətlərinin sifarişçilərə və əraziyə münasibətdə məhdudlaşdırılmasının yolverilməzliyi.
18.3. Ölçmələrin vəhdətinin təmin edilməsi sahəsində akkreditasiya müvafiq icra hakimiyyəti orqanı tərəfindən aparılır.

Maddə 19. Ölçmələrin vəhdətinin təmin edilməsi sahəsində beynəlxalq əməkdaşlıq

19.1. Ölçmələrin vəhdətinin təmin edilməsi sahəsində beynəlxalq əməkdaşlıq Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr və beynəlxalq hüquq normalarında nəzərdə tutulmuş prinsiplər əsasında həyata keçirilir.
19.2. Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrlə bu Qanunun arasında ziddiyyət yaranarsa, həmin beynəlxalq müqavilələr tətbiq edilir.

Maddə 20. Bu Qanunun pozulmasına görə məsuliyyət

Bu Qanunun tələblərinin pozulmasında təqsirkar olan şəxslər Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə və Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun məsuliyyət daşıyırlar.

Maddə 21. Mübahisələrin həlli

Ölçmələrin vəhdətinin təmin edilməsi sahəsində mübahisələr inzibati qaydada və ya məhkəmə qaydasında həll edilir.

Maddə 22. Yekun müddəalar

Bu Qanunun qüvvəyə mindiyi gündən “Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikasının 2000-ci il 13 iyun tarixli 893-IQ nömrəli Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, №8, I kitab, maddə 582; 2007, №5, maddə 442; 2009, №12, maddə 948) ləğv edilir.

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 13 iyun 2013-cü il.

 

21.04.2016

...Bakı şəhəri, Nizami rayonu, 8-ci km ərazisində yerləşən bazarda və bazara məxsus ərazidə yerləşən ərzaq mağazasında... 

daha ətraflı
17.09.2015

...Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, A.Mirzəyev küçəsi, ev 60 ünvanında Atılxanov Azər Rəşxan oğluna məxsus...

daha ətraflı
04.09.2015

...Sumqayıt şəhəri, H.Əliyev prospekti 40-cı məhəllədə yerləşən “Pompey” və Nizami Gəncəvi küçəsində yerləşən...

daha ətraflı

FƏRMAN

06.11.2017

“Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2017-ci il 31 oktyabr tarixli 845-VQD nömrəli Qanununun tətbiqi və “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında”...

daha ətraflı
VİDEO XƏBƏR
23.11.2017
Azərbaycan Akkreditasiya Mərkəzi Avropa Akkreditasiya Təşkilatının assosiativ üzvlüyünə qəbul edilib
QAYNAR XƏTT
TABE QURUMLAR
Copyright © 2010 Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi! Bütün hüquqlar qorunur.
Sayt  Lider veb studiyası  tərəfindən hazırlanmışdır