| | az | en

TƏQVİM

Be Ça Ç Ca C Ş B
2345678
9101112131415
16171819202122
23242526272829
3031
Xəbər arxivi
Çap versiyası
09.06.2017

 9 İyun Beynəlxalq Akkreditasiya gününə həsr olunmuş “Akkreditasiyanın müasir iqtisadiyyatda rolu” mövzusunda dəyirmi masa keçirilib - FOTO

Cari ilin 9 iyun tarixində Bakı şəhərində Azərbaycan Akkreditasiya Mərkəzinin təşkilatçılığı ilə Beynəlxalq Akkreditasiya gününə həsr olunmuş “Akkreditasiyanın müasir iqtisadiyyatda rolu” mövzusunda dəyirmi masa keçirilib.

Tədbirdə açılış nitqi ilə çıxış edən  Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanında Dövlət Akkreditasiya Xidmətinin rəisi Sabiq Abdullayev daxili bazarın təhlükəli məhsullardan qorunmasında, ticarətdə texniki maneələrin aradan qaldırılmasında və sahibkarlığın inkişaf etdirilməsində akkreditasiyanın rolunun mühüm olduğunu qeyd edib. S.Abdullayevin sözlərinə görə, bu sahənin dünya iqtisadiyyatında keyfiyyətin idarəolunması istiqamətindəki rolunu mühüm hesab edən beynəlxalq təşkilatlar 2008-ci ildən etibarən hər ilin 9 iyun tarixini Ümumdünya Akkreditasiya Günü kimi qeyd olunması qərarına gəlmişlər.

Sabiq Abdullayev Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli 1234 nömrəli Fərmanına əsasən akkreditasiya üzrə prinsip və qaydalara riayət edilməsini, uyğunluğun qiymətləndirilməsi (təsdiqi) qurumlarının akkreditasiyasını və bu sahədə beynəlxalq təşkilatlarda təmsilçiliyin həyata keçirilməsini təmin edən “Azərbaycan Akkreditasiya Mərkəzi” publik hüquqi şəxsi təsis edildiyini diqqətə çatdırıb. O qeyd edib ki, Mərkəz ölkədə fəaliyyət göstərən sınaq və kalibrləmə laboratoriyalarının, keyfiyyəti idarəetmə sistemlərinin tətbiqi və sertifikatlaşdırılması ilə məşğul olan orqanların, məhsulların, personalların və inspeksiya xidmətlərini göstərən uyğunluğun qiymətləndirilməsi orqanlarının akkreditasiya edilməsi ilə bağlı işləri həyata keçirir. S.Abdullayev milli akkreditasiya sisteminin əldə etdiyi uğurların bir neçə il əvvəldən başladığını bildirib. Onun sözlərinə görə 2012-ci ildə mərkəz (o zaman Dövlət Akkreditasiya Xidməti) Laboratoriyaların Akkreditasiyası üzrə Beynəlxalq Əməkdaşlıq (İnternational Laboratory Accreditation Cooperation - İLAC) təşkilatına müşahidəçi üzv kimi qəbul edilib. İLAC-a üzv olmaqla mərkəz beynəlxalq təşkilat tərəfindən akkreditasiya sahəsində yeni standart və qaydaların hazırlanmasında iştirak, qəbul edilmiş akkreditasiya üzrə normativ sənədlərin əldə edilməsi və bu istiqamətdə təcrübə mübadiləsində iştirak imkanları qazanıb. Eyni zamanda ticarətdə texniki manelərin aradan qaldırılmasına, elmi-texniki məlumatların və texnologiyaların mübadiləsinə geniş imkanlar yaranıb. İLAC-a üzvlüyün ən böyük üstünlüyü akkreditasiya qurumunun fəaliyyətinin beynəlxalq səviyyədə tanınmasının təmin edilməsi olub. S.Abdullayev həmçinin bildirib ki,  ölkə başçısının tapşırıqlarına uyğun olaraq, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin nümayəndə heyəti cari ilin 22-25 may tarixlərində Sloveniyanın Bled şəhərində Avropa Akkreditasiya Təşkilatının (EA) Baş Assambleyasında iştirak edib və uğurlar əldə edilib. Belə ki, tədbir çərçivəsində Azərbaycanın nümayəndə heyəti Latviya, Belarus, Türkiyə və Moldova nümayəndə heyətləri ilə görüşlər keçirib, akkreditasiya sahəsində əməkdaşlığın genişləndirilməsi və Azərbaycan Akkreditasiya Mərkəzinin təşkilata üzvlüyünün dəstəklənməsi ilə bağlı razılıq əldə olunub. Almaniya Akkreditasiya Qurumunun (DAkkS) rəhbəri Stefan Finke ilə görüş zamanı Avropa Birliyinin maliyyəsi ilə DAkkS tərəfindən icrasına başlanacaq “Azərbaycanda akkreditasiya sisteminin gücləndirilməsi” adlı “Tvinninq” layihəsi çərçivəsində görüləcək işlər müzakirə edilib. Bildirilib ki, Almaniya, İtaliya və Latviyanın akkreditasiya qurumlarının birgə konsorsiumu tərəfindən icra olunacaq layihənin məqsədi Avropa tələblərinə cavab verən akkreditasiya sistemi vasitəsilə Azərbaycanın iqtisadi inkişafına və dünya bazarına çıxışına töhfə verməkdir. Layihənin sonunda Azərbaycan akkreditasiya orqanının bu sahədə beynəlxalq təşkilat olan EA-ya tam hüquqlu üzvlük təmin olunacaq ki, bu da öz növbəsində ölkəmizin akkreditasiya prosedurlarının tanınması və ixrac proseslərində texniki maneələrin aradan qaldırılması deməkdir. Səfər zamanı həmçinin EA-nın vitse-prezidenti İqnasio Pina və aparatının rəhbəri Martine Blum ilə təşkilata üzvlüklə ilə bağlı cari ilin əvvəlində Azərbaycan Akkreditasiya Mərkəzi tərəfindən təqdim olunmuş müraciət müzakirə edilib. Müraciət EA katibliyi tərəfindən yüksək qiymətləndirilib və noyabr ayında Berlin şəhərində keçiriləcək Baş Assambleyanın növbəti iclası zamanı Azərbaycanın müvafiq qurumunun həmin təşkilata assosiativ üzv olaraq qəbulunun rəsmiləşdirilməsi barədə razılıq əldə olunub.

Tədbirdə iştirak edən Azərbaycan Standartlaşdırma İnstitutu Baş direktoru v.i.e. Namiq Tağıyevson illər ölkəmizdə keyfiyyət infrastrukturunun inkişafı istiqamətində akkreditasiyanın rolu haqqında danışıb. N.Tağıyev bildirib ki, bazarın liberallaşması, azad rəqabətin formalaşdırılması, sahibkarlıq subyektlərinin dünya bazarına çıxışının təmin olunması istiqamətində uyğunluğun qiymətləndirilməsi sahəsi üzrə akkreditasiyanın rolu danılmazdır.

Çexiya Respublikasının Metrologiya İnstitunun Strateji İnkişaf bölməsinin rəhbəri və eyni zamanda “Azərbaycanda metrologiya sisteminin gücləndirilməsi” Tvinninq Layihəsinin eksperti olan Mr. Jaroslav MuchaAzərbaycanla ölkəsi arasında həm ikitərfəli, həm də beynəlxalq təşkilatlar çərçivəsində qurulmuş əməkdaşlıq əlaqələrindən danışıb. O, keyfiyyət infrastrukturu sahəsində, xüsusən standartlaşdırma, sertifikatlaşdırma, uyğunluğun qiymətləndirilməsi sahələri və texniki maneələrin aradan qaldırılması istiqamətində zəruri olan fəaliyyətin bundan sonra da davam edəcəyinə əminliyini bildirib.

Tədbir çərçivəsində Akkreditasiya qurumunun təşkilati hüquqi formasının və fəaliyyətinin beynəlxalq tələblərə uyğunlaşdırılması, həmçinin akkreditasiya sisteminin gücləndirilməsi ilə bağlı fəaliyyətə başlayacaq “Tvinninq” layihəsinin müzakirələri aparılıb.

Məlumat üçün bildirək ki,  Azərbaycanda akkreditasiya olunmuş 287 uyğunluğu qiymətləndirən qurum fəaliyyət göstərir ki, bunlardan 45-i sertifikatlaşdırma orqanı, 197-si sınaq laboratoriyası, 45-i isə kalibrləmə laboratoriyasıdır.

 

 

 

 

 

 

 

21.04.2016

...Bakı şəhəri, Nizami rayonu, 8-ci km ərazisində yerləşən bazarda və bazara məxsus ərazidə yerləşən ərzaq mağazasında... 

daha ətraflı
17.09.2015

...Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, A.Mirzəyev küçəsi, ev 60 ünvanında Atılxanov Azər Rəşxan oğluna məxsus...

daha ətraflı
04.09.2015

...Sumqayıt şəhəri, H.Əliyev prospekti 40-cı məhəllədə yerləşən “Pompey” və Nizami Gəncəvi küçəsində yerləşən...

daha ətraflı

SƏRƏNCAM

20.06.2017

Azərbaycan Respublikası Hökuməti ilə İsrail Dövləti Hökuməti arasında Birgə Komissiyanın Azərbaycan Respublikası tərəfindən tərkibinin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

daha ətraflı
VİDEO XƏBƏR
16.05.2017
Azərbaycan və Çin arasında qeyri-neft ixrac potensialının genişləndirilməsinə xidmət edəcək Anlaşma Memorandumu imzalanıb
QAYNAR XƏTT
TABE QURUMLAR
Copyright © 2010 Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi! Bütün hüquqlar qorunur.
Sayt  Lider veb studiyası  tərəfindən hazırlanmışdır