| | az | en

TƏQVİM

Be Ça Ç Ca C Ş B
2345678
9101112131415
16171819202122
23242526272829
3031
Xəbər arxivi
Çap versiyası
16.01.2017

Azərbaycan Respublikasının
Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi
tərəfindən 2016-cı ildə görülən işlərə dair

HESABAT

Ölkə iqtisadiyyatının şaxələndirilməsi və qeyri-neft ixrac potensialının yüksəldilməsi ilə bağlı Komitənin qarşısında olduqca ciddi vəzifələr durur. 2016-ci il ərzində Komitə qanunvericiliklə müəyyən edilmiş hüquq və vəzifələrin həyata keçirilməsi, ölkə rəhbərliyinin tapşırıqlarının icrası, dövlət proqramlarının, Azərbaycan Respublikasının qoşulduğu dövlətlərarası və hökümətlərarası müqavilələrdən irəli gələn və komitənin səlahiyyətlərinə aid olan öhdəliklərin yerinə yetirilməsinin təmin edilməsi məqsədilə müvafiq işlər aparmışdır.

Qanunvericiliyin təkmilləşdirilməsi

Hesabat ili ərzində Komitə texniki tənzimləmə, standartlaşdırma, metrologiya, uyğunluğun qiymətləndirilməsi, akkreditasiya, keyfiyyətin idarə edilməsi və sənaye mülkiyyəti obyektlərinin mühafizəsi sahələrində (bundan sonra – müvafiq sahə) normativ tənzimləməni həyata keçirmiş, müvafiq sahəni tənzimləyən normativ hüquqi bazanın təkmilləşdirilməsi və beynəlxalq tələblərə uyğunlaşdırılması məqsədi ilə müvafiq işləri davam etdirmişdir.

“Gömrük sistemində islahatların davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin2016-cı il 4 mart tarixli 1853 nömrəli Sərəncamının 1.1-ci bəndinin və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 mart 2016-cı il tarixli 173s nömrəli Sərəncamının 1-ci bəndinin icrasını təmin etmək məqsədi ilə aidiyyəti dövlət orqanlarının rəy və təklifləri nəzərə alınmaqla “Malın (işin, xidmətin), prosesin, idarəetmə sisteminin və işçi heyətinin sertifikatlaşdırılması haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı layihəsi hazırlanaraq, aidiyyəti dövlət orqanları ilə razılaşdırılmaqla Nazirlər Kabinetinə təqdim olunmuşdur.

Patent müvəkkilərinin attestasiya qaydalarının müəyyənləşdirilməsi məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 15 fevral tarixli 21 nömrəli Qərarı ilə təsdiq edilmiş “Patent müvəkkilləri haqqında Əsasnamə”yə dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı layihəsi hazırlanaraq, Nazirlər Kabinetinə təqdim olunmuşdur.

“Mərkəzi icra hakimiyyəti orqanları tərəfindən konkret sahələr üzrə elektron xidmətlər göstərilməsi Qaydaları”nın və “Elektron xidmət növlərinin Siyahısı”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 24 noyabr tarixli 191 nömrəli qərarında dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 4 dekabr 374 nömrəli Qərarının tələblərinin icrası məqsədilə “Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən göstərilən elektron xidmətlər üzrə inzibati reqlamentlərin təsdiq edilməsi və “Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən göstərilən elektron xidmətlər üzrə inzibati reqlamentlərin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin 2013-cü il 21 fevral tarixli 004 nömrəli Qərarında dəyişikliklər edilməsi haqqında” Komitə Kollegiyasının 7 aprel 2016-cı il tarixli Qərarı təsdiq edilmiş, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə göndərilmişdir.

Beynəlxalq əməkdaşlığın davam etdirilməsi

2016-cı il ərzində komitə ilə Almaniya Fiziki-Texniki İnstitutu (PTB) arasında qurulmuş əməkdaşlıq münasibətləri çərçivəsində bir neçə layihə həyata keçirilmişdir. Mart ayında PTB-nin 2014-2017-ci illər üzrə “Cənubi Qafqaz ölkələrində Ərzaq Sınağı və Metrologiya Sahələrinin Gücləndirilməsi” layihəsi çərçivəsində Bakıda adıçəkilən təşkilatın rəsmiləri ilə keçirilən görüşdə layihənin gələcək icrası perspektivləri müzakirə edilmişdir. Layihə çərçivəsində bir neçə dəfə əcnəbi mütəxəssislərin ölkəmizə səfəri baş tutmuşdur. Mart və may aylarında PTB-nin daha bir mütəxəssisi komitənin Təcrübə-Sınaq Mərkəzinin (AzTEST) Yeyinti və kənd təsərrüfatı məhsullarının sınağı laboratoriyasının mütəxəssislərinə təlim keçmişdir.

3 mart 2016-cı il tarixində Komitənin təşkilatçılığı ilə 2016-2018-ci illəri əhatə edəcək “Azərbaycanda metrologiya sisteminin gücləndirilməsi” adlı Avropa İttifaqının yeni Tvinninq layihəsinin açılış mərasimi keçirilmişdir. Avropa İttifaqı və Komitənin birgə icrasına başladıqları Tvinninq layihəsi  Çex Metrologiya İnstitutu və Almaniya Fiziki-Texniki İnstitutunun yaratdığı konsorsiumu ilə əməkdaşlıq çərçivəsində icra olunmaqdadır. 2 il müddətinə icra olunacaq layihənin əsas məqsədi metrologiya sahəsində standartlara, normalara və proseslərə dair Avropa İttifaqı və beynəlxalq təcrübəyə uyğun olaraq, metrologiya sisteminin inkişafı vasitəsi ilə  Azərbaycanın dünya bazarına çıxışını dəstəkləməkdir.

Bununla yanaşı 10 mart 2016-cı il tarixində Komitənin təşkilatçılığı ilə 2014-2016-cı illəri əhatə etmiş “Azərbaycanda müasir standartlaşdırma və texniki tənzimləmə sisteminin gücləndirilməsinə dəstək” adlı Tvinninq layihəsinin yekun mərasimi keçirilmişdir. Tvinninq layihəsinin icrası ilə standartlaşdırma və texniki tənzimləmə sisteminin daha da təkmilləşdirilməsinə nail olunmuşdur. Tvinninq layihəsində keyfiyyət infrastrukturu sahəsində qanunvericiliyin təkmilləşdirilməsi, texniki komitələrin fəaliyyətinin genişləndirilməsi və onların beynəlxalq təşkilatların işinə daha yaxından cəlb olunması, dövlət standartlar fondu əsasında məlumat bazasının yaradılması və s. komponetlər öz əksini tapmışdır. Avropa İttifaqı və Komitənin birgə icra etdikləri Tvinninq layihəsi Böyük Britaniya, Fransa və Sloveniya ölkələrinin milli orqanlarının yaratdığı konsorsium ilə əməkdaşlıq çərçivəsində icra olunmuşdur.

2016-cı ilin mart ayında Beynəlxalq Maliyyə Kooperasiyasının əməkdaşlarının Komitəyə səfəri olmuş və fəaliyyət istiqamətləri üzrə əməkdaşlıq məsələləri müzakirə edilmişdir.

18-19 aprel tarixlərdə Amerika Birləşmiş Ştatlarının Patent və Əmtəə Nişanları İdarəsi ilə Komitə rəsmiləri arasında əmtəə nişanlarının ekspertizası üzrə təcrübə mübadiləsi ilə bağlı görüş və təlimlər keçirilmişdir. Görüşdə ABŞ-ın Azərbaycandakı səfirinin müavini Derek Hoqan iştirak etmişdir. Təlimlər ABŞ Patent və Əmtəə Nişanları İdarəsinin hüquq işləri üzrə müşavirləri Nensi Omelko və Lia Lourin tərəfindən “Fərqlilik üzrə ekspertiza”, “Anlaşılmazlıq ehtimalı üzrə ekspertiza”, “Coğrafi markaların ekspertizası”, “Qeyri-ənənəvi markaların ekspertizası” və digər mövzulara həsr olunmuşdur.

2016-cı ilin 16 aprel tarixində Atom Enerjsi üzrə Beynəlxalq Agentliyin (AEBA) Baş direktorunun müavini Dazhu Yangın ölkəmizə səfəri çərçivəsində Komitə sədri Ramiz Həsənovla görüşü olmuşdur. AEBA-nın Baş direktorunun müavini Dazhu Yang Komitə ilə əməkdaşlığın yüksək səviyyəsindən məmnunluğunu ifadə etmiş, yeni layihələrin həyata keçirilməsi sahəsində geniş potensialın olduğunu qeyd etmişdir. Dazhu Yang Komitə yanında Dövlət Metrologiya Xidmətinin Dozimetrik Dövlət Etalonları laboratoriyasının fəaliyyəti ilə də tanış olmuşdur.

2016-cı ilin 18 aprel tarixində Bakı şəhərində Standartlaşdırma, Metrologiya və Sertifikatlaşdırma üzrə Dövlətlərarası Şuranın Azad Ticarət Zonasında texniki maneələrin aradan qaldırılması üzrə İşçi Qrupunun 4-cü iclası keçirilmişdir. İclasda daha öncəki iclaslarda qəbul edilmiş qərarların icrası barədə müzakirələr, Azad Ticarət Zonası üzvləri arasında ticarət maneələrinin həll edilməsi barədə Sazişin layihəsi, Dövlətlərarası Şuranın növbəti iclasının gündəliyinə əlavələr, növbəti 5-ci iclasın keçiriləcəyi vaxt və yeri barədə müzakirələr aparılmışdır. İclasda Dövlətlərarası Şuranın rəhbər şəxsləri, Rusiya Federasiyasının Sənaye və Ticarət Nazirliyinin, Texniki Tənzimləmə və Metrologiya üzrə Federal Agentliyin, Moldova Respublikasının İqtisadiyyat Nazirliyinin, Belarus Standartlaşdırma Komitəsinin, Özbəkistanın “Uzstandart” Agentliyinin mütəxəssisləri iştirak etmişlər. Sonda Standartlaşdırma, Metrologiya və Sertifikatlaşdırma üzrə Dövlətlərarası Şuranın Azad Ticarət Zonasında texniki maneələrin aradan qaldırılması üzrə İşçi Qrupun 4-cü iclasının Protokolu imzalanmışdır.

Standartlaşdırma, Metrologiya və Sertifikatlaşdırma üzrə Dövlətlərarası Şura çərçivəsində Komitənin təşkilatçılığı ilə cari ilin 18-22 aprel tarixlərində Uyğunluğun qiymətləndirilməsi və Akkreditasiya üzrə Elmi-texniki Komissiyanın da 37-ci iclası, eyni zamanda Beynəlxalq Elektrotexniki Komissiyanın Elektrotexniki avadanlıqlar və komponentlər üzrə sertifikatlaşdırma və sınaqlar üçün uyğunluq sistemləri üzrə seminarı keçirilmişdir. Qeyd olunan tədbirlərdə MDB-ə üzv ölkələrdə ticarətdə texniki maneələrin aradan qaldırıması, milli texniki reqlamentlərin  tip strukturlarına dair, uyğunluğun qiymətləndirilməsi üzrə akkreditasiya orqanlarının qarşılıqlı tanınması üzrə Saziş, uyğunluğun qiymətləndirilməsi üzrə model qanun layihələri, eləcə də Dövlətlərarası Şuranın strukturunun  və iş mexanizminin təkmilləşdirilməsi, maliyyələşmənin prinsipləri, MDB-nin 2020-ci ilədək İnkişaf Strategiyasında Dövlətlərarası Şuranın rolu kimi məsələlər müzakirə olunmuşdur.

2016-cı ilin 21 iyun tarixində Komitənin Sənaye Mülkiyyəti Obyektlərinin Ekspertizası Mərkəzi (AzPatent) ilə Türk Patent İnstitutu arasında Anlaşma Memorandumu imzalanmışdır.

Standartlaşdırma, Metrologiya və Sertifikatlaşdırma üzrə Dövlətlərarası Şuranın 49-cu iclası 2016-cı ilin 27-28 iyun tarixlərində Bakı şəhərində keçirilmişdir. İclasda Dövlətlərarası Şuranın 2020-ci ilə qədər inkişaf strategiyası, MDB-nin iqtisadi inkişaf strategiyası üzrə görüləcək işlər Planı, ticarətdə texniki maneələr barədə qarşılıqlı anlaşma saziş layihəsi, dövlətlərarası standartların tətbiqi və yayılması, 2016-2018-ci illərdə müasir tələblərə cavab verən etalonların tətbiqi, milli etalonların məlumat bazasının formalaşdırılması, uyğunluğu qiymətləndirən qurumların akkreditasiyasının qarşılıqlı tanınması və s. məsələlər üzrə müzakirələr aparılmışdır.

Hesabat ilində Bakı şəhərində Ümumdünya Əqli Mülkiyyət Təşkilatı ilə Komitənin əməkdaşlığı çərçivəsində bir neçə regional və beynəlxalq seminarlar keçirilmişdir. Belə ki, 10-11 may tarixlərində “Azərbaycan Respublikasında innovasiya üçün texnologiyaya çıxış, texnologiya və innovasiyalara Dəstək Mərkəzi (TİDM) şəbəkəsinin yaradılması”, 24 may tarixində “Sənaye nümunələrinin Beynəlxalq Qeydiyyatı üzrə Haaqa Sisteminin səmərəli istifadəsi”, 21-22 iyun tarixlərində “Universitet və Tədqiqat İnstitutlarında Əqli Mülkiyyət Siyasətləri”, 24-25 iyun tarixlərində “Sənaye Tərtibatlarının (konstruksiyalarının) Qeydiyyatı üçün Haaqa Sisteminin Səmərəli İstifadəsi” mövzularında seminarlar olmuşdur.

2016-cı ilin 7 avqust tarixində Komitə ilə İranın Standartlar və Sənaye Tədqiqatları İnstitutu arasında “Standartlaşdırma, metrolgiya, uyğunluğun qiymətləndirilməsi və akkreditasiya sahələrində Anlaşma Memorandumu“ imzalanmışdır.

2-6 oktyabr tarixlərində Bakıda Uyğunluğun Qiymətləndiriməsi üzrə Elmi-Texniki Komissiyanın 38-ci, Akkreditasiya üzrə Elmi-Texniki Komissiyanın 38-ci və akkreditasiya üzrə Regional Təşkilatın yaradılması üzrə İşçi Qrupun 5-ci iclasları baş tutmuşdur. İclasda uyğunluğun qiymətləndirilməsi və akkreditasiya sahəsində Azərbaycanın digər MDB ölkələri ilə qurulmuş həm ikitərəfli, həm də təşkilat çərçivəsində əməkdaşlıq əlaqələrindən razılıq, bu sahədə əldə olunan uğurlardan danışılmışdır.

3-5 oktyabr tarixlərində İsveçrənin Cenevrə şəhərində Ümumdünya Əqli Mülkiyyət Təşkilatına (ÜƏMT) üzv ölkələr Assambleyasının 56-cı sessiyası keçirilmişdir. Sessiyada Komitənin sədri Ramiz Həsənovun rəhbərlik etdiyi nümayəndə heyəti iştirak etmişdir. ÜƏMT-nin bir neçə departamentində işçi görüşlər keçirilmiş, birgə gələcək fəaliyyət, maraq kəsb edən Sazişlərə qoşulmanın faydalılığı və məqsədəuyğunluğu müzakirə edilmişdir. Eyni zamanda Assambleya zamanı bir sıra ölkələrin patent qurumlarının nümayəndələri ilə ikitərəfli əməkdaşlıq perspektivləri və təşkilat çərçivəsində birgə fəaliyyət imkanları nəzərdən keçirilmişdir.

25-26 oktyabr tarixlərində Bakıda Komitə, Ümumdünya Əqli Mülkiyyət Təşkilatı (ÜƏMT) və Avrasiya Patent Təşkilatının təşkilatçılığı ilə “Patent qanununda müasir istiqamətlər” (“Current Trends in Patent Law”) adlı 2 günlük regional seminar keçirilmişdir. Seminarda ÜƏMT-nin əməkdaşları M. Svantner və M. Alhabbal, Türk Patent İnstitutunun prezidenti Habib Aslan və aidiyyatı sahə üzrə ixtisaslaşmış digər beynəlxalq qurumların əməkdaşları iştirak etmişlər. Seminarda qeyri-neft sektorunun inkişaf etdirilməsində əqli mülkiyyətin rolu və bu sahədə mövcud olan aparıcı təşkilatlarla əməkdaşlıq əlaqələri məsələləri müzakirə edilmiş və bu istiqamətdə seminar iştirakçıları ilə fikir mübadiləsi aparılmışdır.

2016-cı ilin 13 dekabr tarixində İsrail Dövlətinin Baş naziri Benyamin Netanyahunun Azərbaycana səfəri çərçivəsində “Azərbaycan Respublikasının Hökuməti ilə İsrail Dövlətinin Hökuməti arasında standartlaşdırma, uyğunluğun qiymətləndirilməsi və metrologiya sahələrində əməkdaşlıq haqqında” Sazişi imzalanmışdır.

Texniki tənzimləmə və standartlaşdırma sahəsi

Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 2 avqust tarixli 1583 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Ümumdünya Ticarət Təşkilatına üzv olması prosesi ilə əlaqədar qanunvericiliyin Ümumdünya Ticarət Təşkilatının tələblərinə uyğunlaşdırılması üzrə Tədbirlər Planı”na uyğun olaraq Ümumdünya Ticarət Təşkilatının (ÜTT) Ticarətdə Texniki Maneələr üzrə Sazişi əsasında beynəlxalq və Avropa təcrübəsi nəzərə alınaraq  hazırlanmış “Texniki tənzimləmə haqqında” Qanun layihəsi aidiyyəti dövlət orqanları ilə razılaşdırılmış, aidiyyəti üzrə Hökumətə təqdim edilmişdir. Texniki tənzimləmə sisteminə keçidlə bağlı hazırlanmış “Standartlaşdırma haqqında” Qanunun yeni versiyasının layihəsi də aidiyyəti dövlət qurumları ilə razılaşdırılaraq Nazirlər Kabinetinə təqdim olunmuşdur. 

Azərbaycan Respublikası Prezidentinin Fərman və Sərəncamlarında, Dövlət Proqramlarında, Nazirlər Kabinetinin müvafiq Qərar və Sərəncamlarında texniki tənzimləmə və standartlaşdırma sahəsinə aid olan tədbirlərin icrasının təmin olunması, ölkənin texniki normativ bazasının təkmilləşdirilməsi və müasir beynəlxalq təcrübəyə uyğunlaşdırılması ilə əlaqədar qida məhsulları, informasiya texnologiyaları, ekologiya, turizm, keyfiyyətin idarə olunması, mebel, sənaye, metrologiya və neft-qaz sahələri üzrə texniki komitələr yeni standartların hazırlanması üzrə işləri davam etdirmişdirlər. İl ərzində 12 standart işlənib, dövlət qeydiyyatına alınmışdır. 

Qida təhlükəsizliyinin təmin olunması məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin Sərəncamına uyğun olaraq ölkədə Kodeks Alimentarius Komissiyasının standartlarının milli standartlar sisteminə daxil edilməsi ilə bağlı müvafiq tədbirlərin həyata keçirilməsi davam etdirilmişdir. Bu Komissiyada Səhiyyə Nazirliyinin, Kənd Təssərüfatı Nazirliyinin, Dövlət Gömrük Komitəsinin, Standartlaşdırma və Sertifikatlaşdırma İnstitutunun və yeyinti məhsullarının istehsalı sahəsində ixtisaslaşmış özəl şirkətlərin nümayəndələri iştirak edirlər. 2016-cı il ərzində Kodeks Alimentarius Komissiyasının 2 iclası keçirilmişdir. Hesabat dövrü ərzində Kodeks Alimentarius standartları əsasında Komitə Kollegiyasının Qərarı ilə AZS 849-2016 “Bal” dövlət standartı təsdiq edilərək Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilmişdir.

Hesabat ilində “Alternativ və bərpa olunan enerji və enerji səmərəliliyi sahəsinin standartlaşdırılması” və “Yol nəqliyyatının standartlaşdırılması” üzrə yeni Texniki Komitələr yaradılmışdır.

“Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2015-ci il 29 may tarixli 1303-IVQD nömrəli Qanununun tətbiqi haqqında” Azərbaycan Respublikası Prezidentinin 23.07.2015-ci il tarixli 576 nömrəli Fərmanının 3.2-ci bəndində nəzərdə tutulmuş tapşırığın icrası ilə əlaqədar, BMT-nin Avropa İqtisadi Komissiyasının qaydaları əsasında 75 dövlət standartı təsdiq edilərək standartlaşdırma üzrə texniki normativ hüquqi aktların dövlət fonduna daxil edilmişdir.  BMT-nin Avropa İqtisadi Komissiyasının qaydaları əsasında hazırlanmış və təsdiq olunmuş 7 dövlət standartı Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilmişdir.

Hesabat dövrü ərzində Komitə texniki tənzimləmə və standartlaşdırma sahələri üzrə Beynəlxalq Standartlaşdırma Təşkilatı (İSO), Avropa Standartlaşdırma Komitəsi (CEN), MDB-nin Standartlaşdırma, Metrologiya və Sertifikatlaşdırma üzrə Dövlətlərarası Şura (МГС), Bölgələrarası Standartlaşdırma Bürosu (BASB), İqtisadi Əməkdaşlıq Təşkilatı (ECO), Beynəlxalq Elektrotexnika Komissiyası (İEC), Kodeks Alimentarius Komissiyası, İslam ölkələrinin Standartlar və Metrologiya İnstitutu (SMİİC) kimi beynəlxalq təşkilatlarla əməkdaşlığı davam etdirmişdir.

“Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi haqqında” Əsasnamənin 8.51-ci bəndini rəhbər tutaraq Komitə tərəfindən “Azərbaycan Respublikasının “Standartlaşdırma üzrə 2017-2019-cu illər üçün İşlər  Planı””nın layihəsi hazırlanmışdır. Bu Planda yeni standartlarların işlənməsi ilə yanaşı texniki normativ sənədlər fonduna daxil olan milli standartların dövri yoxlamadan keçirilməsi də nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasının ““Standartlaşdırma üzrə 2017-2019-cu illər üçün İşlər  Planı”nın həyata keçirilməsi tədbirlərində müvafiq dövlət qurumlarının, standartlaşdırma üzrə Texniki Komitələrin, qabaqcıl elmi-tədqiqat təşkilatların və müəssisələrin iştirakı nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasının “Standartlaşdırma üzrə 2017-2019-cu illər üçün İşlər  Planı”nın əsas məqsədi məhsulların (işlərin, xidmətlərin) keyfiyyətinin və rəqabətqabiliyətliliyinin yüksəldilməsi, istehlakçilarin maraqlarının təmin edilməsi, daxili bazarın saxta və keyfiyyətsiz məhsullardan qorunması və təhlükəsizliyinin təmin olunmasına yönəlmiş mövcud normativ bazanın inkişaf etdirilməsi və müasir texnologiyaların tətbiqinə nail olunmasından ibarətdir. 

Metrologiya sahəsi

Komitə 2016-cı il ərzində respublika ərazisində ölçmələrin vəhdətinin təmin edilməsi, aparılan ölçmələrin nəticələrinin izlənilməsi, tələb olunan dəqiqliyinin və etibarlılığının təmin edilməsi məqsədi ilə dövlət kəmiyyət vahidləri etalonlarının əldə olunması, qorunub saxlanılması, təkmilləşdirilməsi və inkişaf etdirilməsi, fiziki kəmiyyət vahidlərinin müvafiq dövlət kəmiyyət vahidi etalonlarından işçi etalonlara ötürülməsi üzrə işləri davam etdirmişdir.

Ölçmə vasitələrinin metroloji xarakteristikalarının həqiqi qiymətinin təyin edilməsi məqsədi ilə Komitə yanında Dövlət Metrologiya Xidmətinin laboratoriyalarında hesabat dövrü ərzində 629 ədəd işçi etalonun kalibrlənməsi həyata keçirilmişdir. Nəticədə müvafiq  olaraq 572 ədəd  kalibrləmə sertifikatı və 57 ədəd yararsızlıq haqqında bildiriş verilmişdir.

2016-cı il ərzində 135 ədəd ölçmə vasitəsinin tipi təsdiq edilərək Ölçmə Vasitələrinin Dövlət Reyestrinə daxil edilmişdir. 81 laboratoriyaya akkreditasiya və kalibirlənmə səlahiyyəti verilərkən, həmin laboratoriyaların istismar üçün yararlı ölçmə və sınaq vasitələri ilə metroloji təminatı qiymətləndirilmişdir. 2 laboratoriyada istismar edilən ölçmə vasitəsinin attestasiya olunmuş metodikalarla təminatı təşkil edilmişdir. 8 laboratoriyaya akkreditasiya və kalibirlənmə səlahiyyəti verilərkən, həmin laboratoriyalarda istifadə ediləcək yoxlama damğalarının eskizləri razılaşdırılmışdır. Lisenziyalı fəaliyyətlə məşğul olmaq üçün 327  sahibkara təsdiqedici  sənəd verilmişdir ki, bunlardan 175 ədədi tibb, 152-si ədədi əczaçılıq  fəaliyyəti üzrə olmuşdur.

Metrologiya sahəsi üzrə beynəlxalq əməkdaşlıq inkişaf etdirimişdir. Çəkilər və Ölçülər üzrə Baş Konfransla (CGPM), Atom Enerjisi üzrə Beynəlxalq Agentliklə (IAEA), Qanunverici Metrologiya üzrə Beynəlxalq Təşkilatla (OIML), həmçinin “KOOMET” Regional Metrologiya Təşkilatı (Avro-Asiya Ölkələrinin Dövlət Metrologiya Qurumlarının Əməkdaşlığı Təşkilatı) ilə əməkdaşlıq çərçivəsində bir neçə iclas, təlim, seminarlar keçirilmişdir.

Mövcud milli etalonların digər ölkələrin milli etalonları ilə ekvivalentlik dərəcəsinin müəyyən edilməsi məqsədi ilə Komitə yanında Dövlət Metrologiya Xidmətində saxlanılan milli etalonlar aşağıdakı tutuşdurmalarda iştirak etmişdir:

-       Temperatur dövlət etalonları laboratoriyasının KООМЕТ  642/MD/14 “ - 40 °C ÷ 420 °C diapazonunda platin müqavimət termometrlərinin birbaşa tutuşdurulması metodu ilə kalibrlənməsi” mövzusu üzrə;

-       Elektrik kəmiyyətləri dövlət etalonları laboratoriyası KООМЕТ  624/GE/A13 “100 Om və 100 kOm elektrik müqavimət ölçüsünün tutuşdurulması” mövzusu üzrə;

-       Sıxlıq və özlülük dövlət etalonları laboratoriyası KOOMET-in 555/AZ/12/AZ/15 (COOMET.M.D-SI) nömrəli mövzusu üzrə (Pilot laboratoriya – “ВНИИМ” (Rusiya Federasiyası));

-       Dozimetrik dövlət etalonları laboratoriyası “Radiasiya təhlükəsizliyi və radioloji diaqnostikada istifadə olunan rentgen şüalanma keyfiyyətinin havada yaratdığı kermanın milli standartlarla tutuşdurulması” (COOMET 641 nömrəli) mövzusu üzrə.

Bundan başqa 2016-cı ilin noyabr ayında Tvinninq layihəsi çərçivəsində Komitə yanında Dövlət Metrologiya Xidməti və Çex Metrologiya İnstitutu ilə kütlə sahəsi üzrə (100 mg, 2 g, 20 g, 500 g, 5 kg çəki daşları) ikitərəfli tutuşdurmaya başlanılmışdır.

Hesabat dövrü ərzində (noyabr ayında) ölçmələrin vəhdətinin təmin edilməsi və ölçmələrin nəticələrinin  izlənilməsi məqsədi ilə Komitə yanında Dövlət Metrologiya Xidmətinə məxsus 4 ədəd dövlət temperatur etalonu (Etalon platin müqavimət termometrləri) Çexiya Respublikasının Praqa şəhərində yerləşən Çex Metrologiya İnstitutunda kalibrlənmişdir. Dozimetrik dövlət etalon laboratoriyasına məxsus 7 ədəd ionlaşdırıcı kamera və 1 ədəd elektrometr dövlət etalon növbəti kalibirlənmə üçün Avstriya Respublikasına göndərilmişdir.

Avropa İttifaqının maliyyə dəstəyi ilə 2016-2017-ci illər ərzində Komitədə "Azərbaycanda metrologiya sisteminin gücləndirilməsi" adlı Tvinninq layihəsinin həyata keçirilməsinə başlanmışdır. Layihə Çex Metrologiya İnstitutu (ÇMİ) və Almaniyanın Fiziki-Texniki İnstitutunun (PTB) yaratdığı konsorsium tərəfindən yerinə yetirilir. Bu layihənin əsas məqsədi Komitə yanında Dövlət Metrologiya Xidmətinin etalon kalibrləmə laboratoriyalarının fəaliyyətinin beynəlxalq səviyyəyə uyğunlaşdırılması, metrologiya sahəsində qanunvericilik bazasının təkmilləşdirilməsi, Azərbaycan respublikasında metrologiya infrastrukturun beynəlxalq təcrübəyə uyğunlaşdırılması və bu məqsədlə müvafiq təlimlərin təşkil edilməsi və həyata keçirilməsindən ibarətdir. Tvinninq layihəsi proqramına uyğun olaraq Çex Metrologiya İnstitutunun (ÇMİ) və Almaniyanın Fiziki-Texniki İnstitutunun (PTB) 11 eksperti  2016-cı il ərzində mütəmadi  olaraq Komitə yanında Dövlət Metrologiya Xidmətinə səfər etmişlər. Ekspertlər səfər zamanı temperatur, kütlə, təzyiq, dozimetrik, elektrik, vaxt və tezlik, sıxlıq və özlülük dövlət etalonları laboratoriyalarına baxış keçirmiş, keyfiyyətin idarəolunması sistemi üzrə sənədlərə baxmış və təhlil işləri apararaq müvafiq sahələr üzrə hesabatlar və tövsiyələr vermişlər. Tvinninq layihəsi üzrə işlər 2017-ci ildə də davam etdiriləcəkdir.

Hesabat ili ərzində Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) AZB/5001 Spektrometriya laboratoriyasının yaradılması layihəsinə uyğun olaraq AEBA tərəfindən göndərilən alfa spektrometr dəsti və radioaktiv mənbə laboratoriyanın əməkdaşları tərəfindən təhvil alınmışdır. Alfa spektrometr dəsti “Canberra” şirkətinin mütəxəssisi tərəfindən quraşdırılmış, laboratoriyanın işçiləri alfa spektrometrin idarəetmə sistemi ilə bağlı iki günlük təlim keçmişlər.

Sənaye mülkiyyəti obyektlərinin mühafizəsi (patent) sahəsi

Hesabat ilində sənaye mülkiyyəti obyektlərinin mühafizəsi sahəsində normativ tənzimləməni həyata keçirmək, həmin sahəni tənzimləyən normativ hüquqi bazanın təkmilləşdirilməsi və beynəlxalq tələblərə uyğunlaşdırılması məqsədi ilə müvafiq işlər aparılmışdır. Həmçinin ixtira, faydalı model, sənaye nümunəsi, əmtəə nişanı və coğrafı göstəricilərin müvafiq dövlət reyestrləri aparılmış, qanunvericiliklə müəyyən edilmiş qaydada daxil olmuş iddia sənədlərinin ekspertizası həyata keçirilmiş, müvafiq mühafizə sənədləri verilmiş, sənaye mülkiyyətinin mühafizəsi sahəsində Apellyasiya Şurasının fəaliyyəti təmin edilmişdir.

2016-cı il ərzində Komitənin Sənaye Mülkiyyəti Obyektlərinin Ekspertizası Mərkəzinə (AzPatent) patent ekspertizası ilə bağlı 190 iddia sənədi daxil olmuşdur. İddia sənədləri üzərində Azərbaycan Respublikasının “Patent haqqında” Qanununun 27-ci və 29-cu maddələrinə uyğun olaraq ekspertiza aparılmışdır. Qəbul edən idarə kimi hesabat ili ərzində ixtiralara aid beynəlxalq iddia sənədləri, onların formal ekspertizası və Beynəlxalq Büroya, Ümümdünya Əqli Mülkiyyət Təşkilatına, Beynəlxalq Axtarış Orqanına, Beynəlxalq İlkin Ekspertiza Orqanına, eləcə də Avrasiya Patent İdarəsinə təqdim edilməsilə bağlı işlər yerinə yetirilmişdir. Patent Kooperasiyası haqqında Müqavilə (PCT) çərçivəsində 7 beynəlxalq iddia sənədi daxil olmuş, iddia sənədi toplusu yoxlanılmış və 4iddia sənədi Beynəlxalq Büroya göndərilmişdir. Avrasiya Patent Konvensiyası çərçivəsində Avrasiya patenti almaq üçün 31 iddia sənədi qəbul olunmuşdur. Ötən ildən ekspertiza mərhələsində olan iddia sənədləri də daxil olmaqla 33 iddia sənədi toplusu Avrasiya Patent İdarəsinə göndərilmişdir.

Bundan başqa il ərzində əmtəə nişanının ekspertizası məqsədilə 1593, coğrafi göstəricinin ekspertizası məqsədilə 6 iddia sənədi AzPatent-ə daxil olmuşdur.Əmtəə nişanlarına dair 1054 ilkin ekspertiza bildirişi, 1431 əmtəə nişanının qeydiyyata alınması üçün iddia sənədinin baxılmağa qəbul edilməsi haqqında arayış, 74 ekspertiza sorğusu, 1524 əmtəə nişanının qeydiyyata alınması haqqında qərar, 142 əmtəə nişanının qeydiyyata alınmasına qarşı imtina bildirişi, 73 əmtəə nişanının qeydiyyata alınmasına qarşı imtina qərarı, 6 coğrafi göstəricinin qeydiyyata alınması üçün iddia sənədinin baxılmağa qəbul edilməsi haqqında arayış, 1 coğrafi göstəricinin qeydiyyata alınması haqqında qərar tərtib edərək iddiaçılara təqdim etmişdir.

2016-cı ildə Madrid sazişi və Madrid sazişinə protokol üzrə 2511 bildiriş daxil olmuşdur. Əmtəə nişanlarının beynəlxalq qeydiyyatına dair Madrid sazişi və ona dair protokol üzrə kargüzarlıqda olan  5966  bildirişdən (2015-ci ildə daxil olmuş bildirişlərlə birgə) 4114-ü üzərində dövlət ekspertizası aparılmışdır. Onlardan  150  əmtəə nişanının qeydiyyatına dair ilkin imtina qərarları qəbul olunmuşdur. Əmtəə nişanlarının qeydiyyatına dair 48 ədəd yekun qərar, əmtəə nişanlarının beynəlxalq qeydiyyatına dair 4 ədəd yerli iddia sənədi hazırlanaraq, Ümumdünya  Əqli Mülkiyyət Təşkilatına göndərilmişdir.

Hesabat dövrü ərzində Komitə tərəfindən sənaye mülkiyyəti obyektləri üzrə ixtiralara dair 123 pa­tent ve­rilmişdir. On­­lardan 108-i milli, 15-i isə xarici fiziki və hüquqi şəxslərə məxsus olmuşdur. Faydalı modelə dair 10 patent qeydiyyata alınmışdır ki, onlardan da 8-i milli, 2-si xarici fiziki və hüquqi şəxslərə məxsus olmuşdur. Sənaye nümunələrinə dair 26 pa­tent ve­­ril­mişdir, on­­lardan 14-ü milli, 12-si xarici fiziki və hüquqi şəxslərə məxsus olmuşdur.

İl ərzində dövlət re­­­yest­rin­də 1484 ədəd əm­təə ni­şanı qey­diyyata alınmışdır ki, on­­lardan 767-si milli, 717-si xarici fiziki və hüquqi şəxslərə məxsus olmuşdur. Çoğrafi göstəricilər üzrə istifadə hüquqlarına dair 1 şəhadətnamə milli hüquqi şəxs adına qey­diyyata alınmışdır. Bundan başqa sənaye mülkiyyəti obyektləri üzrə 125 ədəd mü­­­­­qa­vi­lə qe­y­diy­yata alınmışdır. Onlardan 103 ədədi əmtəə nişanları, 1 ədədi ixtira üzrə hü­quq­­ların ve­­ril­mə­­sinə, 21 ədədi əmtəə nişanları üzrə istifadə hüququna dair lisenziya verilməsinə aiddir.

Patentlərin qüvvədə olma müddətinin uzadılması barədə 569, şəhadətnəmənin qüvvədə olma müddətinin uzadılması barədə 1114, dəyişiklər edilməsi haq­qın­da əmtəə nişanlarına dair 624, patentlərə dair 32 ədəd bildiriş qeydiyyata alınmışdır, 22 ədəd dublikat və 101 ədəd çıxarış verilmişdir.

2016-cı il ərzində sənaye mülkiyyətinin mühafizəsi sahəsində yaranan mübahisələrə baxan Apellyasiya Şurasına 126 ədəd əm­­təə nişan­ının və 2 ədəd ixtiranın hüquqi mü­­­ha­fizəsi ilə bağlı eti­­raz verilmişdir. Etirazlara ba­xıl­­ma nəticəsin­də (2015-ci ildən qalan işlər də daxil olmaqla) 118 ədəd qə­rar qəbul olunmuşdur ki, onlardan 103-ü müsbət, 12-si rədd və  3-ü qismən təmin edilmişdir.

Komitə ixtiraların, yeni texnologiyaların yaradılması və tətbiqinə alimlərin, ixtiraçıların, mühəndis-texniki işçilərin və təsərrüfat subyektlərinin cəlb edilməsinə yardım göstərilməsi, ixtiraçılıq sahəsində təbliğatın genişləndirilməsi məqsədilə 7 mart 2016-cı il tarixində perspektivli patentlərin müəyyən edilməsi, istifadəyə təklif olunması üçün ixtiraçılıq sahəsində nailiyyətlərə görə III Respublika Müsabiqəsi elan etmişdir. Müsabiqədə iştirak etmək üçün patent sahibləri tərəfindən 2014-2015-ci illərdə dövlət qeydiyyatına alınan 48 ixtira patenti təqdim edilmişdir. Qalibləri Azərbaycan Milli Elmlər Akademiyası, Bakı Dövlət Universiteti, Azərbaycan Mühəndislik Akademiyası, AMEA-nın Aşqarlar Kimyası İnstitutu, Müdafiə Sənayesi Nazirliyi, Azərbaycan Neft və Sənaye Universiteti və s. aparıcı elmi təşkilatlardan ibarət Müsabiqə Komissiyası müəyyən etmişdir. Müsabiqənin nəticələrinə əsasən, “Uçuşmüddətli kütlə spektrometri”, “Günəş suqızdırıcı qurğusu” ixtiraları həvəsləndirici mükafata, “Deemulqator-korroziya inhibitoru”, “4-Fenil-o-ftalodinitrilin alınma üsulu”, “Element kükürdün həll edilmə üsulu”, “Həmcins olmayan kollektorlara malik layın neftveriminin artırılması üsulu” ixtiraları III yerə, “Gəmi dizelləri üçün motor yağı”, “Elektriklə qızdırılan istilik mübadiləedicisi”, “Погружной электродвигатель” ixtiraları II yerə, Bakı Dövlət Universitetinin “Məsaməli maqnit sorbenti” ixtirası və Müdafiə Sənayesi Nazirliyinin “Şərq” İstehsalat Birliyinin “İqlim” Elmi-İstehsalat Müəssisəsinin “Tırtıl zənciri qovşağının qazlaşdırılan modellər üzrə tökülməsi üsulu” ixtirası I yerə layiq görülmüşdür. Müsabiqə Azərbaycan Respublikası Prezidentinin 26 dekabr 2014-cü il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında sənayenin inkişafına dair 2015 – 2020-ci illər üçün Dövlət Proqramı”nın 4.11-ci bəndinə uyğun olaraq, Komitənin tədbirlər planına daxil edilmişdir.

Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya

Hesabat dövrü ərzində Komitə yanında Dövlət Akkreditasiya Xidməti tərəfindən məhsulların (işlərin, xidmətlərin) uyğunluğunun qiymətləndirilməsi məqsədilə aparılan işlər əlaqələndirilmiş, onlara nəzarət edilmişdir. Həmçinin Milli Uyğunluğun Təsdiqi Sisteminin təkmilləşdirilməsi, tətbiqi təmin edilmiş, onun tələblərinə riayət edilməsinə nəzarət edilmişdir. Məhsulların (işlərin, xidmətlərin) və keyfiyyəti idarəetmə sistemlərinin sertifikatlaşdırılması üzrə aparılan işlər əlaqələndirilmiş, Milli Akkreditasiya Sisteminin təkmilləşdirilməsi, sınaq və kalibrlənmə laboratoriyalarının və uyğunluğun qiymətləndirilməsi (təsdiqi) orqanlarının akkreditasiyası üzrə işlər aparılmışdır.

2016-cı il ərzində Komitə yanında Dövlət Akkreditasiya Xidməti tərəfindən 101 uyğunluğun qiymətləndirilməsi orqanı akkreditasiya edilmişdir. Onlardan 72-si sınaq laboratoriyası, 4-ü oxşar məhsulların və xidmətlərin sertifikatlaşdırılması üzrə orqan, 16-sı kalibrləmə laboratoriyası, 5-i personalın sertifikatlaşdırılması üzrə orqan, 1-i keyfiyyəti idarəetmə sistemlərinin sertifikatlaşdırılması orqanı, 3-ü isə inspeksiya xidməti göstərən orqandır.

Akkreditasiya qaydalarının pozulmasından, o cümlədən akkreditasiyadan imtina barədə qərardan və ya uyğunluğu qiymətləndirən qurumun uyğunluğun qiymətləndirilməsi sahəsində faktiki xarakterli hərəkətindən (hərəkətsizliyindən) edilən şikayətlərə baxılması məqsədi ilə Komitənin 01.09.2016-cı il tarixli 160120400072 nömrəli Əmri ilə Komitə yanında Dövlət Akkreditasiya Xidmətində Apellyasiya Şurası təşkil edilmişdir.Digər bir Əmrlə Milli Akkreditasiya Sisteminin təkmilləşdirilməsi, akkreditasiya sahəsində dövlət siyasətinin formalaşdırılması və həyata keçirilməsinə dair təkliflərin hazırlanması, bu sahəni tənzimləyən normativ-hüquqi aktların hazırlanması ilə bağlı təkliflərin verilməsi, Milli Akkreditasiya Sisteminin təşkilati-funksional quruluşuna, respublikada akkreditasiya sahəsinə aid beynəlxalq və regional standartların tətbiqinə dair təklif və tövsiyələrin hazırlanması, həmçinin xarici dövlətlərin uyğunluğu qiymətləndirən qurumlarının akkreditasiya sahəsində qabaqcıl təcrübələrinin təhlil edilməsi və ölkədə tətbiq edilməsi imkanlarının araşdırılması, Milli Akkreditasiya Sisteminin inkişafına dair təkliflərin hazırlanması üçün Akkreditasiya üzrə Məsləhətçi Şura yaradılmışdır.

Sənaye müəssisələrinə davamlı informasiya dəstəyinin göstərilməsi məqsədilə il ərzində Komitə yanında Dövlət Akkreditasiya Xidməti və Britaniya Standartlar İnstitutunun (BSİ) birgə təşkilatçılığı ilə İSO 9001-2015 standartının yeni versiyası və İSO/İEC 17025 “Sınaq və kalibrləmə laboratoriyalarına olan ümumi tələblər”, İSO/İEC 27001 “İnformasiya təhlükəsizliyinin idarəetmə sistemləri”nin  tətbiqi üzrə sertifikatlaşdırılmış təlimlər keçirilmişdir.

İSO 9001-2015, İSO 14001-2015 və digər standartlarda edilmiş və gözlənilən dəyişikliklər barədə dövlət və qeyri-dövlət qurumlarının məlumatlandırılması məqsədilə 2016-cı ilin dekabrında Komitənin təşkilatçılığı ilə İSO 9001 standartının hazırlanmasına rəhbərlik edən İSO/TC 176/SC 2 Texniki Komitəsinin, OHSAS-ın layihə qrupunun, İSO 45001 standartının hazırlanmasına rəhbərlik edən İSO/PC 283 Texniki Komitəsinin layihə qrupunun, İSO 55001 standartının hazırlanmasına rəhbərlik edən İSO/TC 251 Texniki Komitəsinin katibi, Britaniya Standartlar İnstitutunun Standartların inkişafı şöbəsinin müdiri Çarlz Korri tərəfindən “İdarəetmə sistemlərinə aid olan yeni İSO standartları haqqında müəllifdən məlumatlar” mövzusunda master-klass keçirilmişdir.

Ticarətdə texniki maneələrin aradan qaldırılması məqsədi ilə uyğunluğun qiymətləndirilməsinin nəticələrinin beynəlxalq səviyyədə tanınması üçün Komitə yanında Dövlət Akkreditasiya Xidmətinin fəaliyyətinin və onun fəaliyyətini tənzimləyən qanunvericilik bazasının  beynəlxalq tələblərə uyğunlaşdırılması istiqamətində işlər davam etdirilmişdir. Bu məqsədlə 2017-ci ildə icrası nəzərdə tutulmuş “Azərbaycan Respublikasının Milli Akkreditasiya Sisteminin gücləndirilməsi” adlı Tvinninq layihəsinin həyata keçirilməsi üzrə müvafiq işlər görülmüş, bu layihə fişinin Komitə əməkdaşları tərəfindən təhlili aparılaraq təsdiq edilməsi üçün müvafiq orqana (Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə) təqdim edilmişdir.

Komitə yanında Dövlət Akkreditasiya Xidmətinin fəaliyyətinin AZS İSO/İEC 17011-2013 “Uyğunluğun qiymətləndirilməsi üzrə orqanları akkreditasiya edən akkreditasiya orqanlarına ümumi tələblər” beynəlxalq standartının tələblərinə uyğunlaşdırılması məqsədi ilə zəruri qayda, daxili prosedurlar və sənədlər hazırlanmış və təsdiq edilmişdir.

Sağlam rəqabətin təmin edilməsi və ölkədə  sahibkarlıq fəaliyyətinin stimullaşdırılması üçün 2016-cı ilin noyabr ayında Müstəqil Dövlətlər Birliyi (MDB) ölkələri arasında keyfiyyət sahəsində əldə edilən nailiyyətlərə görə mükafatların müəyyən edilməsi məqsədilə iki mərhələdən ibarət müsabiqə elan edilmişdır. Müsabiqədə iştirak üçün iki ildən az olmamaq şərti ilə istehsal olunan məhsulun (göstərilən xidmətin) yüksək keyfiyyətliliyinin təsdiq edilmiş olması və istehsal edilən məhsulun (göstərilən xidmətlərin) ikidən az olmamaq şərti ilə MDB-yə üzv dövlətlərə ixrac edilməsi (və ya xidmətlərin göstərilməsi) əsas şərt olmuşdur. Müsabiqənin birinci mərhələsi yekunlaşmış, yaradılmış xüsusi komissiya tərəfindən qaliblərin müəyyən edilməsi üçün qiymətləndirmə aparılmışdır. Birinci mərhələnin qalibləri müəyyən edilmişdir. Qaliblərin  ikinci mərhələdə iştirak etməsi üçün sənədlərinin MDB Dövlətlərarası Şuraya təqdim edilməsi üzrə işlər aparılır.

2016-cı ildəKomitə yanında Dövlət Akkreditasiya Xidməti (AzDAX) tərəfindən “Keyfiyyət üzrə siyasət” və “Dövlət Akkreditasiya Xidmətinin 2016-2017-ci illər üçün keyfiyyət üzrə məqsədləri” təsdiq edilmişdir. Keyfiyyət üzrə siyasətin əsas məqsədi beynəlxalq tələblərə cavab verən akkreditasiya sistemi vasitəsilə ölkənin iqtisadi inkişafına və dünya bazarına çıxışına yardım etməkdir. Təsdiq olunmuş sənədə əsasən AzDAX fəaliyyətini İSO/İEC 17011 “Uyğunluğun qiymətləndirilməsi üzrə orqanları akkreditasiya edən akkreditasiya orqanlarına ümumi tələblər” beynəlxalq standartının tələbləri əsasında həyata keçirməyi, sifarişçilər üçün akkreditasiya qaydalarının əlçatanlığını, mülkiyyət formasından və ya müraciət edilən akkreditasiya sahəsindən asılı olmayaraq uyğunluğun qiymətləndirilməsi orqanları üçün akkreditasiya qaydalarının eyniliyini təmin etməyi qarşısına məqsəd qoyub.

AzDAX-ın akkreditasiyasının nəticələrinin beynəlxalq səviyyədə tanınması, Beynəlxalq Akkreditasiya Forumu (İAF) və Laboratoriyaların Akkreditasiyası üzrə Beynəlxalq Əməkdaşlıq Təşkilatı ilə (İLAC) qarşılıqlı tanınma haqqında sazişlərə qoşulmaq və beynəlxalq səviyyədə tanınma, həmçinin qərəzsizliyin və tərəfsizliyin təmin edilməsi məqsədi ilə akkreditasiya prosesində iştirak edən bütün maraqlı tərəflərin iştirakını təmin etmək qurumun keyfiyyət üzrə siyasətinə daxil edilmişdir. Hazırda Dövlət Akkreditasiya Xidmətinin Avropa  Əməkdaşlıq Təşkilatına (EA-European cooperation for Accreditation) assosiativ üzv olunması istiqamatində işlər aparılır.

Texniki tənzimləmə və standartlaşdırma üzrə dövlət nəzarəti

“Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Azərbaycan Respublikasının 2015-ci il 20 oktyabr tarixli 1410-IVQ nömrəli Qanununa əsasən 01.11.2015-ci il tarixdən Komitə yanında Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidməti tərəfindən yoxlama aparılmamışdır.

İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan orqanların baxdıqları işlər barədə elektron informasiya ehtiyatının yaradılması, informasiya ehtiyatının “ASAN ödəniş” sisteminə qoşulması ilə bağlı qanunvericiliyin icrası istiqamətində Komitə yanında Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidməti tərəfindən zəruri işlər görülmüşdür. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 45-47-ci maddələrinin tələblərini nəzərə alaraq inzibati xətalar haqqında işlər barədə informasiya ehtiyatının yaradılması ilə bağlı texniki tələblər müəyyən edilmiş, satınalma və maliyyə prosedurlarına uyğun olaraq icraçı firma müəyyən olunmuşdur. İcraçı firma tərəfindən Komitə yanında Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidmətinin inzibati xətalar haqqında işlər barədə elektron informasiya sisteminin proqram təminatı hazırlanmışdır. Proqram təminatının “ASAN ödəniş” sisteminə inteqrasiyası məqsədilə Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə əməkdaşlığa başlanılmış, hazırda zəruri texniki işlər davam etdirilir.

Komitənin Apellyasiya Şurası

Sahibkarlıq fəaliyyəti göstərən fiziki və hüquqi şəxslərin şikayətlərinə baxılması sahəsində şəffaflığın və obyektivliyin təmin edilməsi, bu sahədə şəxslərin hüquqlarının və qanunla qorunan maraqlarının müdafiəsi və  “Azərbaycan Respublikasının mərkəzi və yerli icra hakimiyyəti orqanlarında Apellyasiya Şuralarının yaradılması haqqında Azərbaycan Respublikası Prezidentinin 3 fevral 2016-cı il tarixli Fərmanında göstərilmiş tapşırıqların icrası məqsədilə 09 fevral 2016-cı ildə Komitənin Apellyasiya Şurası yaradılmışdır. Komitənin Apellyasiya Şurası sahibkarlıq fəaliyyəti göstərən fiziki və hüquqi şəxslər tərəfindən özlərinin sahibkarlıq fəaliyyəti ilə bağlı Komitənin və onun struktur qurumlarının qərarlarından, hərəkət və ya hərəkətsizliyindən (korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı müraciətlər istisna olmaqla) verilmiş təkrar şikayətlərə baxan və ictimai (ödənişsiz) əsaslarla fəaliyyət göstərən kollegial orqandır.

2016-ci il ərzində Apellyasiya Şurasına 4 şikayət məktubu daxil olmuşdur. Apellyasiya Şurasının fəaliyyətinin səmərəliliyinin artırılması, şəffaflığın və operativliyin təmin olunması məqsədilə Komitənin Apellyasiya Şurası “Elektron hökümət” portalında (e-gov.az) yaradılan “Mərkəzi və yerli icra hakimiyyəti orqanlarının Apellyasiya Şuralarının müraciətlərinin elektron qəbulu sistemi”nə qoşulmuşdur. Komitənin rəsmi internet səhifəsində (www.azstand.gov.az) Apellyasiya Şurasına şikayət verilməsi üçün xüsusi bölmə yaradılmışdır.

Elektron xidmətlərin təkmilləşdirilməsi

“Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında” Azərbaycan Respublikası Qanununun qəbul edilməsindən sonra Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2011-ci il 24 noyabr tarixli, 191 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektron xidmət növlərinin Siyahı”sına yenidən baxılmış, təkliflər hazırlanaraq aidiyyəti üzrə təqdim olunmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 04 dekabr tarixli 374 nömrəli Qərarı ilə Komitənin elektron xidmətlərinin siyahısında dəyişiklik edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ilə təsdiq edilmiş komitənin elektron xidmətlərinin sayı 12-yə çatdırılmış, xidmətlər “Elektron hökumət” portalına inteqrasiya olunmuşdur.

Azərbaycan Respublikası Prezidentinin “Dövlət orqanları tərəfindən həyata keçirilən xidmətlərin Elektron Reyestrinin yaradılması ilə bağlı tədbirlər haqqında” 11 sentyabr 2014-cü il tarxili Fərmanına uyğun olaraq Komitə tərəfindən Dövlət Xidmətlərinin Elektron Reyestrinə 14 xidmət daxil edilmişdir və rüblük olaraq statistik məlumatlar Dövlət Xidmətləri Portalında yerləşdirilmişdir.

 

21.04.2016

...Bakı şəhəri, Nizami rayonu, 8-ci km ərazisində yerləşən bazarda və bazara məxsus ərazidə yerləşən ərzaq mağazasında... 

daha ətraflı
17.09.2015

...Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, A.Mirzəyev küçəsi, ev 60 ünvanında Atılxanov Azər Rəşxan oğluna məxsus...

daha ətraflı
04.09.2015

...Sumqayıt şəhəri, H.Əliyev prospekti 40-cı məhəllədə yerləşən “Pompey” və Nizami Gəncəvi küçəsində yerləşən...

daha ətraflı

SƏRƏNCAM

20.06.2017

Azərbaycan Respublikası Hökuməti ilə İsrail Dövləti Hökuməti arasında Birgə Komissiyanın Azərbaycan Respublikası tərəfindən tərkibinin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

daha ətraflı
VİDEO XƏBƏR
16.05.2017
Azərbaycan və Çin arasında qeyri-neft ixrac potensialının genişləndirilməsinə xidmət edəcək Anlaşma Memorandumu imzalanıb
QAYNAR XƏTT
TABE QURUMLAR
Copyright © 2010 Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi! Bütün hüquqlar qorunur.
Sayt  Lider veb studiyası  tərəfindən hazırlanmışdır