| | az | en

TƏQVİM

Be Ça Ç Ca C Ş B
2345678
9101112131415
16171819202122
23242526272829
3031
Fərman və sərəncamlar
Çap versiyası
13.07.2010
"Xidməti və mülki silah haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 21 fevral tarixli, 679 nömrəli Fərmanının icrasının təmin edilməsi haqqında
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI

"Xidməti və mülki silah haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 21 fevral tarixli, 679 nömrəli Fərmanının icrasını təmin etmək məqsədi ilə qərara alıram:
1. Azərbaycan Respublikasının ərazisində xidməti və mülki silahın dövriyyəsi və xidməti və mülki silahdan istifadə ilə əlaqədar aşağıdakı sənədlər (əlavə edilirlər) təsdiq edilsin:
1) "Xidməti və mülki silahın Dövlət Kadastrının aparılması Qaydası";
2) "Xarici dövlətlərin hüquqi şəxslərinin, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasının ərazisində müvafiq olaraq xidməti və mülki silah əldə etməsi, saxlaması və təyinatı üzrə istifadə etmə Qaydaları";
3) "Xidməti silahın saxlanılması, gəzdirilməsi və ondan təyinatı üzrə istifadə qaydaları üzrə hazırlıq proqramı, odlu silahın istifadəçisinin həmin silahın tətbiqi şəraitində yararlığı baxımından dövri olaraq yoxlamadan keçirilməsi qaydaları, habelə xidməti silahın əldə edilməsi və onun fiziki şəxslərə verilməsi Qaydası";
4) "Xidməti və mülki silahın Azərbaycan Respublikasına gətirilməsi və Azərbaycan Respublikasından aparılması Qaydaları";
5) "Azərbaycan Respublikasının ərazisində xidməti və mülki silahın satış Qaydaları";
6) "Xidməti və mülki silahın uçotu, saxlanılması, gəzdirilməsi, daşınması, göndərilməsi və təyinatı üzrə istifadə olunması Qaydaları";
7) "Silahın mühafizəsi ilə bağlı Tələblər";
8) "Xidməti silahın xidməti vəzifələrin yerinə yetirilməsi ilə əlaqədar tətbiq edilməsi Qaydaları";
9) "Odlu silahın tətbiqi ilə bağlı ov etmə, eləcə də idmanla məşğul olma Qaydaları";
10) "Mülki silahın kolleksiya edilməsi və ya onun sərgisinin keçirilməsi Qaydaları";
11) "Təmir edilməsi mümkün olmayan, texniki şərtlərə uyğun gəlməyən odlu silah və onun döyüş sursatının əvəzsiz olaraq geri alınma və məhv edilmə Qaydaları";
12) "Silahın geri alınması Qaydaları".
2. Müəyyən edilsin ki, bu Fərman Azərbaycan Respublikasının müdafiə, milli təhlükəsizlik, daxili işlər, dövlət sərhəd xidməti, xüsusi dövlət mühafizə xidməti, feldyeger rabitəsi orqanlarına, habelə cəzaları icra edən orqanlara şamil edilmir. [1]
3. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, bir ay müddətində öz səlahiyyətləri daxilində bu Fərmandan irəli gələn məsələləri həll etsin.

Heydər ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 24 avqust 2002-ci il
№ 769


Azərbaycan Respublikası Prezidentinin
2002-ci il 24 avqust tarixli, 769 nömrəli Fərmanı ilə
TƏSDİQ EDİLMİŞDİR

Xidməti və mülki silahın Dövlət Kadastrının aparılması
QAYDASI
I. ÜMUMİ MÜDDƏALAR [2]
1.1. Bu Qayda "Xidməti və mülki silah haqqında" Azərbaycan Respublikası Qanununun 5-ci və 6-cı maddələrinə uyğun olaraq hazırlanmışdır və Azərbaycan Respublikasında xidməti və mülki silahın və onun döyüş sursatının Dövlət Kadastrının aparılması qaydasını müəyyən edir.
1.2. Xidməti və mülki silahın Dövlət Kadastrı (bundan sonra - "Kadastr") Azərbaycan Respublikasında dövriyyəsinə icazə verilən xidməti və mülki silah modelləri, habelə onun döyüş sursatının növləri barədə məlumatlar sistemidir.
1.3. Kadastr Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi (bundan sonra -- Komitə) tərəfindən yaradılır, aparılır və dərc olunur.
1.4. Silahın modelinin və onun döyüş sursatının növünün Kadastra daxil edilməsi üçün əsas həmin silah və sursatın müəyyən edilmiş qaydada Azərbaycan Respublikasında verilmiş və ya tanınmış "Uyğunluq sertifikatı"nın olmasıdır.
II. KADASTRIN STRUKTURU
2.1. Kadastr bu Qaydanın 2.2-ci və 2.3-cü bəndlərində göstərilən məlumatları əks etdirən aşağıdakı bölmələrdən ibarətdir:
2.1.1. Azərbaycan Respublikasında istehsal olunmuş xidməti silahlar və onların döyüş sursatları;
2.1.2. xarici ölkələrdə istehsal olunmuş xidməti silahlar və onların döyüş sursatları;
2.1.3. Azərbaycan Respublikasında istehsal olunmuş mülki silahlar və onların döyüş sursatları;
2.1.4. xarici ölkələrdə istehsal olunmuş mülki silahlar və onların döyüş sursatları.
2.2 Azərbaycan Respublikasında istehsal olunmuş silahlar və onların döyüş sursatları haqqında məlumatlar aşağıdakılardır:
2.2.1. adı, modeli (markası), növü, nömrəsi;
2.2.2. rəngli şəkili və onun yığma cizgisi;
2.2.3. əsas texniki göstəriciləri;
2.2.4. layihəçi və istehsalçının adı;
2.2. müəyyən edilmiş qaydada Azərbaycan Respublikasında aparılmış sertifikatlaşdırmanın nəticələri;
2.2.7. sertifikatlaşdırma sınaqlarını aparan sınaq laboratoriyasının adı.
2.3. Xarici ölkələrdə istehsal olunmuş silahlar və onların döyüş sursatları haqqında məlumatlar aşağıdakılardır:
2.3.1. silahların və onların döyüş sursatlarının sertifikatlaşdırılması nəticələrinin qarşılıqlı tanınması haqqında Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqaviləyə uyğun olaraq sertifikatlaşdırılan silah və onun döyüş sursatı üzrə:
adı, modeli (markası), növü və nömrəsi;
rəngli şəkili və onun yığma cizgisi;
əsas texniki göstəriciləri;
istehsal edən ölkənin və istehsalçı müəssisənin adı;
sertifikatlaşdırma sınaqlarını aparan sınaq laboratoriyasının adı;
silahların və onların döyüş sursatlarının sertifikatlaşdırma nəticələrinin qarşılıqlı tanınması haqqında razılıqda müəyyən edilmiş sənədlərin siyahısı;
müəyyən edilmiş qaydada Azərbaycan Respublikasında silahların və onların döyüş sursatlarının sertifikatlaşdırma nəticələrinin tanınması.
2.3.2. silahların və onların döyüş sursatlarının sertifikatlaşdırılması nəticələrinin qarşılıqlı tanınması haqqında Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilənin olmadığı halda, müəyyən edilmiş qaydada Azərbaycan Respublikasında sertifikatlaşdırılmış silah və onun döyüş sursatı üzrə:
adı, modeli (markası), növü və nömrəsi;
rəngli şəkili və onun yığma cizgisi;
əsas texniki göstəriciləri;
istehsal edən ölkənin və istehsalçı müəssisənin adı;
müəyyən edilmiş qaydada Azərbaycan Respublikasında silahların və onların döyüş sursatlarının sertifikatlaşdırılmasının nəticələri;
sertifikatlaşdırma sınaqlarını aparan sınaq laboratoriyasının adı.
Xarici ölkələrdə istehsal edilmiş xidməti və mülki silahların və onların döyüş sursatlarının Azərbaycan Respublikasına idxal edilməsinə müvafiq silahın modelinin və döyüş sursatının növünün sertifikatlaşdırılmasından və ona dair bu bənddə göstərilən məlumatlar Kadastra daxil edildikdən sonra yol verilir.

III. SİLAH VƏ ONUN DÖYÜŞ SURSATI HAQQINDA MƏLUMATLARIN KADASTRA DAXİL EDİLMƏSİ
3.1. Xidməti və mülki silah, onun döyüş sursatı haqqında məlumatların Kadastra daxil edilməsi bu Qaydanın 2.2-ci və 2.3.2-ci bəndlərində nəzərdə tutulmuş hallarda konkret silahın modelinin və döyüş sursatının növünün müəyyən edilmiş qaydada Azərbaycan Respublikasında aparılmış silahlar və onların döyüş sursatlarının sertifikatlaşdırma sınaqlarının müsbət nəticələri, bu Qaydanın 2.3.1-ci bəndində nəzərdə tutulmuş halda isə konkret silahın modelinin və onun döyüş sursatının növünün sertifikatlaşdırma nəticələrinin müəyyən edilmiş qaydada Azərbaycan Respublikasında tanınması əsasında həyata keçirilir.
3.2. Komitə silahlın modelinin və döyüş sursatının növünün aşağıdakı tələblərə cavab verməsinə dair sertifikasiya sınaqlarının həyata keçirilməsi üçün sınaq laboratoriyalarını akkreditasiya edir:
3.2.1. silahın və döyüş sursatının davamlılığı, təhlükəsizliyi və kriminalistik tələblərə uyğunluğu - Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin (bundan sonra - DİN) razılığı və iştirakı ilə;
3.2.2. silahın və döyüş sursatının tibbi-bioloji tələblərə, döyüş sursatının toksikoloji maddələrə və resepturalara aid kimyəvi-təhlil tələblərinə uyğunluğu - DİN-in razılığı ilə, habelə Azәrbaycan Respublikası Səhiyyə Nazirliyinin razılığı və iştirakı ilə.
3.3. Təqdim edilən silah modelinin və döyüş sursatı növünün Kadastra daxil edilməsi qanunvericiliklə müəyyən edilmiş qaydada silah və döyüş sursatı istehsal edən müəssisənin, Azərbaycan Respublikasına silahı və döyüş sursatını xarici ölkədən idxal edən istehsalçının, Azərbaycan Respublikası vətəndaşlarının və hüquqi şəxslərinin (bundan sonra - sifarişçi) ərizəsi əsasında həyata keçirilir.
3.4. Silahın modelinin və döyüş sursatının növünün Kadastra daxil edilməsi üçün sifarişçi ərizə ilə yanaşı, bu Qaydanın 2.2-ci və 2.3-cü bəndlərində göstərilən müvafiq məlumatları, eləcə də silahın modelinin və döyüş sursatının növünün nümunəsini təqdim etməlidir.
3.5. Komitə bu Qaydanın 3.1-ci bəndinin tələblərini rəhbər tutmaqla, sifarişçinin ərizəsinin təqdim edildiyi gündən 15 gün müddətində silahın modelinin və döyüş sursatının növünün Kadastra daxil edilməsi və ya Kadastra daxil edilməsindən imtina olunması barədə qərar qəbul etməlidir.
3.6. Silahın modelinin Kadastra daxil edilməsi barədə qərar qəbul edilərsə, Komitə Kadastra daxil edilən silahı xidməti və mülki silah növünə aid edir, onun modelinə qeydiyyat nömrəsi verir.
3.7. Silahın modelinin və döyüş sursatının növünün Kadastra daxil edilməsindən imtina olunması barədə qərar qəbul edilərsə, Komitə bu barədə sifarişçiyə 10 gün müddətində yazılı surətdə (səbəbləri göstərilməklə) məlumat verir.
3.8. Silahın hər bir modelinin və döyüş sursatının hər bir növünün Kadastra daxil edilmiş nümunəsi saxlanmaq üçün DİN-ə təqdim edilir.
3.9. Silahın modellərinin və döyüş sursatının növlərinin Kadastra daxil edilməsi üzrə işlərin haqqı sifarişçi tərəfindən ödənilir.

IV. YEKUN MÜDDƏALARI
4.1. Kadastr Komitə tərəfindən dərc olunur və yayılır.
4.2. Kadastr hər üç ildə bir dəfə yenidən dərc olunur. Silahın və döyüş sursatının sertifikatlaşdırılmasından sonra 15 gün ərzində bütün dəyişikliklər və əlavələr Kadastra daxil edilir və müəyyən edilmiş qaydalara əsasən bu məlumatlar hər rüb dərc edilir.
4.3. Kadastrın əsli və nəzarət nüsxəsi, ona edilmiş dəyişikliklər və əlavələr, eləcə də silah modelləri və döyüş sursatı növləri nümunələrinin Kadastra daxil edilməsinə aid bütün sənədlər Komitədə saxlanılır.

Azərbaycan Respublikası Prezidentinin
2002-ci il 24 avqust tarixli, 769 nömrəli Fərmanı ilə
TƏSDİQ EDİLMİŞDİR

Xarici dövlətlərin hüquqi şəxslərinin, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasının ərazisində xidməti və mülki silahı əldə etməsi, saxlaması və təyinatı üzrə istifadə etməsi
QAYDALARI

1. Bu Qaydalar "Xidməti və mülki silah haqqında" Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinin altıncı hissəsinə və 9-cu maddəsinin on ikinci hissəsinə uyğun olaraq hazırlanmışdır və xarici dövlətlərin hüquqi şəxslərinin, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasının ərazisində xidməti və mülki silahı əldə etməsi, saxlaması və təyinatı üzrə istifadə etməsi qaydalarını müəyyən edir.
2. Xarici dövlətlərin hüquqi şəxslərinin, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilədə nəzərdə tutulduğu hallarda, Azərbaycan Respublikası ərazisində qanunvericiliklə müəyyən edilmiş qaydada xidməti silah əldə etməsinə yol verilir.
3. Xarici dövlətlərin hüquqi şəxslərinin onlara məxsus olan xidməti silahı Azərbaycan Respublikasının ərazisində saxlamalarına və ondan təyinatı üzrə istifadə etmələrinə yalnız müstəsna hallarda Azərbaycan Respublikasının Daxili İşlər nazirinin xüsusi icazəsi ilə yol verilir. Xüsusi icazənin verilməsindən imtina edilərsə, həmin xidməti silahın Azərbaycan Respublikasının ərazisinə gətirilməsinə və Azərbaycan Respublikasının ərazisində saxlanılmasına və təyinatı üzrə istifadə edilməsinə yol verilmir. Xüsusi icazə, silah Azərbaycan Respublikasına gətirilənədək alınmalıdır. [3]
4. Xüsusi nizamnamə vəzifələrini yerinə yetirən xarici dövlət orqanlarının nümayəndələri, habelə diplomatik nümayəndəliyin üzvləri onlara məxsus olan xidməti silahı Azərbaycan Respublikasının ərazisində bu Qaydaların 3-cü bəndinə uyğun olaraq saxlaya və ondan təyinatı üzrə istifadə edə bilərlər.
5. Xarici dövlətlərin hüquqi şəxsləri Azərbaycan Respublikasının ərazisində Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada mülki silah əldə edə və saxlaya bilərlər.
6. Əcnəbilər Azərbaycan Respublikasında mülki silah əldə etmək üçün vətəndaşı olduğu dövlətlərin diplomatik nümayəndəliyinin vəsatətinə əsasən Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyindən xüsusi icazə almalıdırlar.
7. Mülki silah əldə edilməsinə xüsusi icazə verilərsə, əcnəbilər mülki silahı aldığı andan ən geci 5 gün müddətində onu Azərbaycan Respublikasının ərazisində saxlaya bilərlər. Həmin müddət bitənədək silahı əldə etmiş əcnəbi onu müəyyən edilmiş qaydada Azərbaycan Respublikasından aparmalıdır. [4]
8. Bu Qaydaların 7-ci bəndində nəzərdə tutulan müddətin ötürülməsi Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada məsuliyyətə səbəb olur.
9. Əcnəbilər pnevmatik silahı və aerozol qurğularını Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin xüsusi icazəsi olmadan əldə edə bilərlər. Bu halda qanunvericiliklə müəyyən edilmiş qaydada xidməti və mülki silahın satışı ilə məşğul olan müəssisə belə silahları əcnəbilərə onların şəxsiyyətini təsdiq edən sənədləri əsasında satır və satılan silahların qeydiyyat kitabında müvafiq qeydlər aparır. [5]
10. Əcnəbilər Azərbaycan Respublikasının ərazisində əldə etdikləri və ya qanunvericiliklə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasına gətirdikləri silahı Azərbaycan Respublikasının ərazisində ov edilməsi yerlərində, müvafiq idman yarışlarının və məşq atəşlərinin açılması zamanı istifadə edə bilərlər.
11. Vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikası ərazisində mülki silah əldə etməsinə və saxlamasına yalnız bu hüquq Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilə ilə nəzərdə tutulduqda yol verilir.
12. Hər bir halda, Azərbaycan Respublikasının ərazisində silah əldə edən, saxlayan və təyinatı üzrə istifadə edən əcnəbilər və xarici hüquqi şəxslər Azərbaycan Respublikasının silah haqqında qanunvericiliyinin tələblərinə riayət etməlidirlər.

Azərbaycan Respublikası Prezidentinin
2002-ci il 24 avqust tarixli, 769 nömrəli Fərmanı ilə
TƏSDİQ EDİLMİŞDİR

Xidməti silahın saxlanılması, gəzdirilməsi və ondan təyinatı üzrə istifadə edilməsi qaydaları üzrə hazırlıq proqramı, odlu silahın istifadəçisinin həmin silahın tətbiqi şəraitində yararlılığı baxımından dövri olaraq yoxlamadan keçirilməsi qaydaları, habelə xidməti silahın əldə edilməsi və onun fiziki şəxslərə verilməsi
QAYDASI
I. ÜMUMİ MÜDDƏALAR
1.1. Bu Qayda "Xidməti və mülki silah haqqında" Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə uyğun olaraq hazırlanmışdır və Azərbaycan Respublikasının ərazisində xidməti silahın saxlanılması, gəzdirilməsi və ondan təyinatı üzrə istifadə edilməsi qaydaları üzrə hazırlıq proqramının, odlu silahın istifadəçisinin həmin silahın tətbiqi şəraitində yararlılığı baxımından dövri olaraq yoxlamadan keçirilməsi qaydalarını, habelə xidməti silahın əldə edilməsi və onun fiziki şəxslərə verilməsi qaydasını müəyyən edir.
II. XİDMƏTİ SİLAHIN SAXLANILMASI, GƏZDİRİLMƏSİ VƏ ONDAN TƏYİNATI ÜZRƏ İSTİFADƏ EDİLMƏSİ QAYDALARI ÜZRƏ HAZIRLIQ PROQRAMI
2.1. Xidməti silahı saxlamaq və təyinatı üzrə istifadə etmək hüququna yalnız xidməti silahın saxlanılması, gəzdirilməsi və ondan təyinatı üzrə istifadə edilməsi qaydaları üzrə hazırlıq proqramı (bundan sonra - proqram) üzrə qənaətbəxş bilik və bacarıq nümayiş etdirmiş şəxslər malik ola bilər.
2.2. Proqram Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi (bundan sonra - DİN) ilə razılaşdırılmaqla müəyyən edilmiş qaydada xidməti silah əldə etmiş dövlət orqanları və hüquqi şəxslər tərəfindən tərtib edilir.
2.3. Proqramda silahın maddi-texniki hissəsi və taktiki-texniki məlumatları, saxlanılması, gəzdirilməsi və təyinatı üzrə istifadə edilməsi, habelə praktiki atəşin aparılması üzrə bilik və bacarığın yoxlanılması nəzərdə tutulmalıdır.
2.4. Xidməti silah istifadəçilərinin ildə bir dəfədən az olmayaraq, ilk dəfə xidməti silah verilən şəxslərin isə bu Qaydanın 4.8-ci bəndində nəzərdə tutulmuş vəsatət verilməmişdən qabaq proqram üzrə müvafiq bilik və bacarığı yoxlanılmalıdır.
2.5. Bu Qaydanın 2.4-cü bəndində göstərilən şəxslərin proqram üzrə bilik və bacarığı DİN əməkdaşının iştirakı ilə xidməti silahın verildiyi dövlət orqanı və ya hüquqi şəxs tərəfindən təşkil edilən komissiya tərəfindən yoxlanılır və qiymətləndirilir.
2.6. Komissiyanın qərarına əsasən proqram üzrə qeyri-qənaətbəxş bilik və bacarıq nümayiş etdirən şəxslərə xidməti silah saxlamaq və təyinatı üzrə istifadə etmək hüququnu təsdiq edən şəhadətnamə verilmir və ya əvvəllər verilmiş şəhadətnamə geri alınır. Lakin bu, həmin şəxsə proqram üzrə bilik və bacarığın növbəti dəfə yoxlanması prosesində iştirak etməsinə mane olmur.

III. ODLU SİLAHIN İSTİFADƏÇİSİNİN HƏMİN SİLAHIN TƏTBİQİ ŞƏRAİTİNDƏ YARARLILIĞI BAXIMINDAN DÖVRİ OLARAQ YOXLAMADAN KEÇİRİLMƏSİ QAYDALARI
3.1. Xidməti odlu silahın daimi atəşə yararlı vəziyyətdə saxlanılması üçün onun istifadəçisi tərəfindən lazımi tədbirlər görülməlidir. Bu məqsədlə silahın vaxtında təmizlənməsi və saxlanması qaydalarına riayət edilməsi təmin olunmalıdır.
3.2. Odlu silahın istifadəçisinin həmin silahın tətbiqi şəraitində yararlılığı baxımından dövri olaraq yoxlamadan keçirilməsinin konkret qaydaları barədə müvafiq dövlət orqanları və hüquqi şəxslər tərəfindən DİN ilə razılaşdırmaqla təlimatlar tərtib olunur.
3.3. Xidməti vəzifəni icra etmək üçün hər dəfə xidmətə çıxmazdan əvvəl istifadəçi tərəfindən xidməti silahın və onun döyüş sursatının xarici müayinəsi aparılır, mexanizmlərin düzgün işləməsi yoxlanılır.
3.4. Xidməti odlu silahın atəşə yararlılığı təlim atəşi zamanı yoxlanılır.
3.5. Uzun müddət istifadə olunmayan xidməti odlu silahın saz vəziyyətdə olub-olmaması yoxlanılarkən onun tərkib hissələrinin və bütün mexanizmlərin düzgün işləməsinə xüsusi diqqət yetirilməlidir.
3.6. Müəyyən edilmiş qaydada xidməti silahın saxlanma şəraiti DİN tərəfindən yoxlanılarkən xidməti silahların xarici müayinəsi keçirilir, həmin silahların tərkib hissələrinin vəziyyəti və mexanizmlərinin düzgün işləyib-işləməməsi müəyyən edilir.

IV. XİDMƏTİ SİLAHIN ƏLDƏ EDİLMƏSİ VƏ ONUN FİZİKİ ŞƏXSLƏRƏ VERİLMƏSİ QAYDASI
4.1. Xidməti silah DİN-in xüsusi icazəsi ilə xüsusi nizamnamə məqsədləri (insanların həyat və sağlamlığının qorunması, təbii ehtiyatların, mülkiyyətin, qiymətli və təhlükəli yüklərin, xüsusi göndərişlərin mühafizəsi məqsədləri) olan, habelə ov və balıq ehtiyatlarının mühafizəsi funksiyasını həyata keçirən dövlət orqanlarına və hüquqi şəxslərə verilir.
4.2. Xüsusi icazə dövlət orqanı və ya hüquqi şəxsin ərizəsi əsasında verilir. Ərizədə xidməti silah və onun döyüş sursatının alınma məqsədi, adı, markası, növü, miqdarı, habelə silah və sursatın alınma yeri dəqiq göstərilməlidir.
4.3. Ərizə verildikdən sonra ən geci bir ay müddətində DİN xidməti silahın əldə edilməsinə xüsusi icazə verilməsi və ya belə icazənin verilməsindən imtina edilməsi (səbəbləri göstərilməklə) barədə qərar qəbul etməlidir.
4.4. Xidməti silahın əldə edilməsinə xüsusi icazə verilməsi barədə qərarda xidməti silahın və onun döyüş sursatının adı, markası, növü, miqdarı, habelə icazənin verilmə tarixi və etibarlılıq müddəti göstərilir.
4.5. Dövlət orqanı və hüquqi şəxs xüsusi icazə əsasında aldığı xidməti silahı silah əldə edildikdən sonra iki həftə ərzində DİN-də qeydiyyata aldırmalıdır. [6]
4.6. DİN tərəfindən dövlət orqanlarına və hüquqi şəxslərə qeydiyyata alınmış xidməti silahın saxlanılması və ondan təyinatı üzrə istifadə edilməsi hüququnu təsdiq edən şəhadətnamə verilir. Bu şəhadətnamənin etibarlılıq müddəti üç ildir.
4.7. Xidməti silah və onun döyüş sursatı yalnız xidməti silahın saxlanılması və ondan təyinatı üzrə istifadə edilməsi hüququnu təsdiq edən şəhadətnaməyə malik olan dövlət orqanının və hüquqi şəxsin işçisinə verilə bilər.
4.8. Xidməti silahı hər hansı işçiyə vermək məqsədi ilə dövlət orqanının və ya hüquqi şəxsin rəhbəri vəsatət ilə DİN-ə müraciət edir.
4.9. Vəsatətdə aşağıdakı məlumatlar göstərilir:
4.9.1. işçinin adı, atasının adı, soyadı;
4.9.2. işçi ilə dövlət orqanı və ya hüquqi şəxs arasında əmək münasibətlərinin mövcud olması;
4.9.3. işçinin "Xidməti və mülki silah haqqında" Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinin dördüncü hissəsi ilə müəyyən edilmiş xidməti silah əldə etməsinə mane olan halların mövcud olmaması;
4.9.4. işçinin xidməti silahın saxlanılması, gəzdirilməsi və ondan təyinatı üzrə istifadə edilməsi qaydaları üzrə hazırlıq proqramı üzrə qənaətbəxş bilik və bacarıq nümayiş etdirməsi.
İşçinin sağlamlığı haqqında tibbi arayış vəsatətə əlavə olunur.
4.10. DİN vəsatətə əsasən dövlət orqanının və hüquqi şəxsin işçisinə xidməti silahın saxlanılması və ondan təyinatı üzrə istifadə edilməsi hüququnu təsdiq edən şəhadətnamə verir.
4.11. İşçinin xidməti silahın saxlanılması və ondan təyinatı üzrə istifadə edilməsi hüququnu təsdiq edən şəhadətnamənin etibarlılıq müddəti (həmin şəxsin işçisi olduğu dövlət orqanının və ya hüquqi şəxsin xidməti silahın saxlanılması və ondan təyinatı üzrə istifadə hüququnu təsdiq edən şəhadətnamənin etibarlılıq müddətindən çox olmamaq şərti ilə) üç ildir. Həmin müddət qurtardıqda o, yeni üç il müddətinə uzadıla bilər.
Sənəd itdikdə onun sahibinə şəhadətnamənin dublikatı verilə bilər.
4.12. Dövlət orqanı və ya hüquqi şəxsin bu Qaydanın 4.10-cu bəndində göstərilən şəhadətnaməyə malik olan işçisinə xidməti silah, onun işlədiyi dövlət orqanının və ya hüquqi şəxsin rəhbərinin qərarı ilə verilir.
4.13. Dövlət orqanlarının və hüquqi şəxslərin hərbiləşdirilmiş mühafizə dəstələrinə avtomat silahının ayrılmasına yalnız müstəsna hallarda Azərbaycan Respublikası Daxili İşlər nazirinin xüsusi icazəsi ilə yol verilir. [7]

Azərbaycan Respublikası Prezidentinin
2002-ci il 24 avqust tarixli, 769 nömrəli Fərmanı ilə
TƏSDİQ EDİLMİŞDİR

Xidməti və mülki silahın Azərbaycan Respublikasına gətirilməsi və Azərbaycan Respublikasından aparılması
QAYDALARI

1. Bu Qaydalar "Xidməti və mülki silah haqqında" Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə uyğun olaraq hazırlanmışdır və xidməti və mülki silahın, onun döyüş sursatının Azərbaycan Respublikasına gətirilməsi və Azərbaycan Respublikasından aparılması qaydalarını müəyyən edir.
2. Xidməti və mülki silah Azərbaycan Respublikasına Azərbaycan Respublikasının vətəndaşları və hüquqi şəxsləri tərəfindən gətirilə bilər. Əcnəbilər tərəfindən mülki silah Azərbaycan Respublikasına yalnız müəyyən edilmiş qaydada silah sərgisində və ya idman yarışlarında istifadə edilməsi (müvafiq olaraq sərginin və yarışların təşkilatçılarının dəvəti əsasında) və ov edilməsi (müəyyən edilmiş qaydada ovçuluqla məşğul olan Azərbaycan Respublikasının hüquqi şəxsləri ilə müqavilə əsasında) məqsədi ilə gətirilə bilər.
3. Xidməti və mülki silahın, onun döyüş sursatının Azərbaycan Respublikasına gətirilməsi və Azərbaycan Respublikasından aparılması Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin (bundan sonra - DİN) xüsusi icazəsi ilə həyata keçirilir.
4. Mülki silahın nadir nüsxələrinin Azərbaycan Respublikasından aparılması Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin razılığı ilə DİN-in xüsusi icazəsi əsasında qanunvericiliklə müəyyən edilmiş qaydada həyata keçirilir. Azərbaycan Respublikasının muzey fonduna daxil olan silahlar və onların döyüş sursatı Azərbaycan Respublikasından müvafiq sərgilərin təşkili və keçirilməsi məqsədi ilə DİN-in razılığı ilə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin xüsusi icazəsi əsasında qanunvericiliklə müəyyən edilmiş qaydada müvəqqəti olaraq aparıla bilər. [8]
5. Xidməti və mülki silahın və onun döyüş sursatının Azərbaycan Respublikasına gətirilməsinə və Azərbaycan Respublikasından aparılmasına xüsusi icazə müvafiq fiziki və hüquqi şəxsin ərizəsi əsasında verilir. Ərizədə Azərbaycan Respublikasına gətirilən və ya Azərbaycan Respublikasından aparılan silahın və onun döyüş sursatının adı, markası, növü, miqdarı, gətirilmənin və ya aparılmanın məqsədi və müddəti, Azərbaycan Respublikasına gətirilən silahların sertifikatlaşdırılması barədə məlumatlar göstərilməlidir.
6. Ərizə verildikdən sonra ən geci on beş gün müddətində silahın Azərbaycan Respublikasına gətirilməsi və ya Azərbaycan Respublikasından aparılmasına xüsusi icazə verilməsi və ya belə icazə verilməsindən imtina edilməsi (səbəbləri göstərilməklə) barədə qərar qəbul edilməlidir. [9]
7. Bu Qaydaların 8-ci bəndində göstərilən hallar istisna olmaqla, Azərbaycan Respublikasına gətirilən bütün xidməti və mülki silahların modellərinin, döyüş sursatlarının növlərinin sertifikatlaşdırılması tələb olunur.
8. Xidməti və mülki silahların və onların döyüş sursatlarının aşağıdakı hallarda sertifikatlaşdırılmadan Azərbaycan Respublikasına gətirilməsinə yol verilir:
8.1. silahlar və onların döyüş sursatları sertifikata malik olduqda (xarici ölkədə istehsal olunan silahın və döyüş sursatının sertifikatlaşdırma nəticələrinin tanınması barədə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilənin olması şərti ilə);
8.2. silah, silah sərgisinin hazırlanması və keçirilməsi üçün gətirildikdə;
8.3. silah Azərbaycan Respublikası ərazisində müəyyən edilmiş qaydada idman yarışlarında iştirak edilməsi və ya ov edilməsi üçün zəruri olduqda.
9. Azərbaycan Respublikasına gətirilən və Azərbaycan Respublikasından aparılan silahlara və sursatlara mütləq baxış keçirilməlidir. Baxış, silahlar və sursatlar qanunvericiliklə müəyyən edilmiş qaydada gömrük sərhədindən keçirilərkən həyata keçirilir.
Baxışın keçirilməsində DİN-in, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin, Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin, habelə zəruri olduqda digər orqanların əməkdaşları iştirak edir. [10]
10. Xidməti və mülki silahın və onun döyüş sursatının Azərbaycan Respublikası ərazisindən tranzit daşınması DİN-in verdiyi xüsusi icazə əsasında bu Qaydaların tələblərinə uyğun olaraq həyata keçirilir. [11]
11. Xidməti və mülki silahı və onun döyüş sursatını Azərbaycan Respublikasına gətirən və Azərbaycan Respublikasından aparan şəxslər Azərbaycan Respublikasının silah haqqında qanunvericiliyinin və xarici dövlətlərin müvafiq qanunvericiliyinin tələblərinə əməl etməlidirlər.

Azərbaycan Respublikası Prezidentinin
2002-ci il 24 avqust tarixli, 769 nömrəli Fərmanı ilə
TƏSDİQ EDİLMİŞDİR

Azərbaycan Respublikasının ərazisində xidməti və mülki silahın satış
QAYDALARI

1. Bu Qaydalar "Xidməti və mülki silah haqqında" Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq hazırlanmışdır və Azərbaycan Respublikasının ərazisində xidməti və mülki silahın, onun döyüş sursatının satış qaydalarını müəyyən edir.
2. Azərbaycan Respublikasının ərazisində xidməti və mülki silahın, onun döyüş sursatının satışını qanunvericiliklə müəyyən edilmiş qaydada xidməti və mülki silahın istehsalı ilə məşğul olan müəssisələr, xidməti və mülki silahın satışı ilə məşğul olan müəssisələr, Azərbaycan Respublikasının dövlət orqanları, hüquqi şəxsləri, idman və ovçuluq cəmiyyətləri və təhsil müəssisələri həyata keçirirlər.
3. Xidməti və mülki silahın istehsalı ilə məşğul olan müəssisələr istehsal etdiyi silahı və onun döyüş sursatını sifarişçiyə (silah və sursatın satışı ilə məşğul olan müəssisələrə və silahı və onun döyüş sursatını əldə etmək hüququna malik olan dövlət orqanlarına və hüquqi şəxslərə) "Xidməti və mülki silah haqqında" Azərbaycan Respublikası Qanununun 22-ci maddəsinin tələblərinə riayət etməklə sata bilərlər. Belə müəssisələr tərəfindən sifarişçiyə satılan silahın və döyüş sursatının adı, markası, növü və miqdarı sifarişin məzmununa uyğun olmalıdır.
4. Xidməti və mülki silahın, onun döyüş sursatının satışını həyata keçirən müəssisələr Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyindən (bundan sonra - DİN) bunun üçün müvafiq xüsusi icazə almalıdırlar.
5. Silah və onun döyüş sursatının satışına xüsusi icazə müvafiq müəssisənin ərizəsi əsasında verilir. Ərizədə müəssisənin adı və olduğu yer, məsul işçilərinin anket göstəriciləri, satışla bilavasitə məşğul olacaq şəxslərin siyahısı, silahın və onun döyüş sursatının saxlanması və mühafizəsi, eləcə də satışın bilavasitə həyata keçirilməsi yeri və silah və onun döyüş sursatının saxlanması üçün xüsusi ayrılmış anbar və ya otaq haqqında məlumatlar göstərilir. Həmin məlumatları əks etdirən sənədlər, habelə müəssisənin dövlət qeydiyyatı haqqında şəhadətnamənin surəti ərizəyə əlavə olunur. [12]
6. DİN tərəfindən yaradılan komissiya ərizə əsasında silah və onun döyüş sursatının satışı yerlərinin yoxlanılmasını həyata keçirir. Komissiyanın tərkibinə polis, yanğından mühafizə orqanlarının, sanitar xidməti, habelə zəruri olduqda digər təşkilatların əməkdaşları daxil edilir. [13]
7. Yoxlamanın nəticəsi olaraq komissiya tərəfindən akt tərtib edilir. Aktda satışın həyata keçirilməsi üçün ayrılmış yerlərin müvafiq tələblərə cavab verib-verməməsi, habelə silah və onun döyüş sursatının saxlanması üçün xüsusi ayrılmış anbar və ya otağın olub-olmaması və onun lazımi tələblərə cavab verib-verməməsi göstərilir.
8. DİN xüsusi icazə alınması üçün ərizənin verildiyi andan ən geci bir ay ərzində, komissiyanın tərtib etdiyi akta uyğun olaraq, silah və onun döyüş sursatının satışına xüsusi icazə verilməsi və ya belə icazənin verilməsindən imtina edilməsi (səbəbləri göstərilməklə) barədə qərar qəbul edir.
9. Xüsusi icazə iki il müddətinə verilir. Xüsusi icazənin qüvvədə olma müddəti bitdikdən sonra həmin müddət bu Qaydaların 4-8-ci bəndlərinə uyğun olaraq uzadıla bilər. [14]
10. Xidməti və mülki silah, habelə onun döyüş sursatının satışı ilə məşğul olan müəssisələr satışı həyata keçirərkən "Xidməti və mülki silah haqqında" Azərbaycan Respublikası Qanununun 23-cü maddəsinin tələblərinə riayət etməlidirlər.
11. Bu Qaydaların 13-cü bəndində nəzərdə tutulan silahların satıldığı yerlər istisna olmaqla, silah və döyüş sursatları satılan yerlərdə digər malların satışına yol verilmir.
12. Xüsusi nizamnamə vəzifələrini yerinə yetirən dövlət orqanları və hüquqi şəxslər, idman və ovçuluq cəmiyyətləri və təhsil müəssisələri qanuni əsaslarla öz istifadəsində və ya mülkiyyətində olan silahı və onun döyüş sursatını DİN-i əvvəlcədən xəbərdar etməklə xidməti və mülki silahın satışı ilə məşğul olan müəssisələr vasitəsi ilə və ya DİN-də yenidən qeydiyyatdan keçirməklə özləri sata bilərlər.
13. Mülki silahların nadir nüsxələrinin satışı Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi ilə razılaşdırılmaqla DİN-in xüsusi icazəsi əsasında qanunvericiliklə müəyyən edilmiş qaydada həyata keçirilir. [15]
14. Xidməti və mülki silahın və onun döyüş sursatının satışı ilə əlaqədar aşağıdakılar qadağandır:
14.1. odlu silahın xidməti və mülki silah əldə etmək hüququna malik olmayan subyektlərə satılması;
14.2. odlu silah üçün döyüş sursatının xidməti silah əldə edilməsinə xüsusi icazəsi olmayan subyektlərə satılması; [16]
14.3. odlu silah üçün döyüş sursatının odlu ov və ya idman silahı saxlamaq və təyinatı üzrə istifadə etmək hüququnu təsdiq edən şəhadətnaməsi olmayan Azərbaycan Respublikasının vətəndaşına satılması.
15. Aşağıdakı silahların satılması qadağandır:
15.1. damğasız, nömrəsiz, qanunvericiliklə müəyyən edilmiş qaydada sertifikatlaşdırılmamış silahlar;
15.2. Azərbaycan Respublikasının muzey fonduna daxil olan silahlar;
15.3. DİN tərəfindən müəyyən edilmiş qaydalar əsasında nəzarət-yoxlama atəşi keçirilməmiş yivli silahlar;
15.4. dövriyyəsi "Xidməti və mülki silah haqqında" Azərbaycan Respublikası Qanununun 3-cü maddəsi ilə qadağan edilmiş silahlar.
16. Fövqəladə vəziyyətin qüvvədə olduğu müddət ərzində onun tətbiq edildiyi ərazidə silah və döyüş sursatının satışı Azərbaycan Respublikası Prezidentinin qərarına əsasən məhdudlaşdırıla və ya qadağan oluna bilər. [17]


Azərbaycan Respublikası Prezidentinin
2002-ci il 24 avqust tarixli, 769 nömrəli Fərmanı ilə
TƏSDİQ EDİLMİŞDİR

Xidməti və mülki silahın uçotu, saxlanılması, gəzdirilməsi, daşınması, göndərilməsi və təyinatı üzrə istifadə olunması
QAYDALARI
I. ÜMUMİ MÜDDƏALAR
1.1. Bu Qaydalar "Xidməti və mülki silah haqqında" Azərbaycan Respublikasının 15-ci maddəsinin birinci hissəsinin, habelə 8-ci, 9-cu, 22-ci və 23-cü maddələrinin tələblərinə uyğun olaraq hazırlanmışdır və xidməti və mülki silahın, onun döyüş sursatının uçotu, saxlanılması, gəzdirilməsi, daşınması, göndərilməsi və təyinatı üzrə istifadə olunması qaydalarını müəyyən edir.
II. XİDMƏTİ VƏ MÜLKİ SİLAHIN UÇOTU QAYDALARI
2.1. Xidməti və mülki silahın, onun döyüş sursatının uçotu onların dövriyyəsi zamanı itməsi, oğurlanması, təyinatına uyğun olmadan istifadə edilməsi hallarının qarşısının alınması məqsədi ilə aparılır.
2.2. Markasından, növündən, daxil olma və əldə edilmə mənbəyindən asılı olmayaraq bütün silah və döyüş sursatları (fiziki şəxslərin istifadəsində olan yivsiz ov tüfənglərinin patronlarından başqa) uçota götürülür.
2.3. Bütün xidməti və mülki silahın uçotu mərkəzləşdirilmiş qaydada Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi (bundan sonra - DİN) tərəfindən ona təqdim edilmiş məlumatlar və silah və onun döyüş sursatının qeydiyyata alınması əsasında aparılır.
2.4. Qanunvericiliklə müəyyən edilmiş qaydada xidməti və mülki silahın və onun döyüş sursatının istehsalı ilə məşğul olan müəssisələr marka nişanı və qeydiyyat nömrəsi daxil edilən müvafiq jurnalda, istehsal olunan silah və döyüş sursatının qeydiyyatını aparmalı və bu barədə məlumatları hər rübdə bir dəfədən az olmayaraq DİN-ə təqdim etməlidirlər.
2.5. Qanunvericiliklə müəyyən edilmiş qaydada xidməti və mülki silahın satışı ilə məşğul olan müəssisələr satılmış xidməti və mülki silah, onun döyüş sursatı, habelə onların alıcısı barədə 3 gün ərzində daxili işlər orqanına müvafiq forma üzrə məlumat təqdim etməli və silahın (pnevmatik silahlar və aerozol qurğuları istisna olmaqla) əldə edilməsi barədə həmin formanın alıcıda qalan hissəsində müvafiq qeyd aparmalıdırlar.
2.6. Dövlət orqanları və hüquqi şəxslər qanunvericiliklə müəyyən edilmiş qaydada əldə etdikləri xidməti və mülki silahı, silah əldə edilən andan iki həftə ərzində onun qanuniliyini sübut edən sənədlər əsasında DİN-də qeydiyyatdan keçirməlidirlər.
2.7. Azərbaycan Respublikasının vətəndaşları (bundan sonra - vətəndaşlar) qanunvericiliklə müəyyən edilmiş qaydada əldə etdikləri odlu ov və ya idman silahını, silah əldə edilən andan iki həftə ərzində DİN-də qeydiyyatdan keçirməlidirlər. Mülkiyyətində və ya istifadəsində silah olan hər bir vətəndaşın onun yaşayış yeri üzrə daxili işlər orqanında şəxsi işi aparılır.
III. XİDMƏTİ VƏ MÜLKİ SİLAHIN SAXLANILMASI QAYDALARI
3.1. Xidməti və mülki silahın və onun döyüş sursatının saxlanılması qanunvericiliklə müəyyən edilmiş qaydada verilən aşağıdakılar əsasında həyata keçirilir:
3.1.1. silah və onun döyüş sursatını istehsal edən müəssisələr - xidməti və mülki silahın istehsalı üçün verilən xüsusi icazə əsasında;
3.1.2. silah və onun döyüş sursatının satışı ilə məşğul olan müəssisələr - xidməti və mülki silahın satışı üçün verilən xüsusi icazə əsasında; [18]
3.1.3. dövlət orqanları və hüquqi şəxslər - xidməti silahın saxlanılması və ondan təyinatı üzrə istifadə edilməsi hüququnu təsdiq edən şəhadətnamə əsasında;
3.1.4. vətəndaşlar - mülki silahın əldə edilməsi üçün verilən xüsusi icazə və odlu ov və ya idman silahının saxlanılması və təyinatı üzrə istifadə edilməsi hüququnu təsdiq edən şəhadətnamə əsasında;
3.1.5. əcnəbilər - Azərbaycan Respublikasının ərazisində mülki silahın əldə edilməsinə verilən xüsusi icazə (silah əldə edildiyi gündən ən çoxu 5 gün müddətində onu Azәrbaycan Respublikasından aparmaq şərti ilə), Azərbaycan Respublikasında ov etmək barədə Azərbaycan Respublikasının müvafiq hüquqi şəxsi ilə müqavilə, idman yarışlarında və ya silah sərgisində iştirak etmək haqqında müvafiq olaraq yarışların və sərginin təşkilatçılarının dəvəti (əcnəbilərin Azərbaycan Respublikasına gətirdikləri silaha münasibətdə) əsasında. [19]
Azərbaycan Respublikası Milli Məclisinin deputatları və qanunvericilikdə nəzərdə tutulan digər vəzifəli şəxslər xidməti silahı, belə silahın onlara verilməsini nəzərdə tutan qanunvericilik aktları və silahın konkret olaraq onlara təhkim edilməsi barədə sənəd əsasında saxlayırlar.
3.2. Bu Qaydaların 3.1-ci bəndində göstərilən bütün subyektlər silahları və onların döyüş sursatlarını onların mühafizəsini, təhlükəsizliyini təmin edən və kənar şəxslər tərəfindən onların ələ keçirilməsini istisna edən şəraitdə saxlamalıdır. Odlu silahın və onun döyüş sursatının DİN-in xüsusi icazəsi olmadan başqa şəxslərə verilməsi qadağandır. [20]
3.3. Saxlanılan silahların və ya onun döyüş sursatlarının itirildiyi, oğurlandığı və ya başqa səbəblərdən qanuni istifadədən və ya mülkiyyətdən çıxdığı hallarda həmin silah və onun döyüş sursatlarının sahibləri bu barədə dərhal daxili işlər orqanlarına məlumat verməlidirlər.
3.4. Bu Qaydaların 3.1-ci bəndində göstərilmiş xüsusi icazələri əldə etmək məqsədi ilə subyektlər müəyyən edilmiş qaydada DİN-ə müraciət edərkən, ərizədə silahın və onun döyüş sursatının saxlanma şəraiti (binanın, anbarın, otağın möhkəmliyi, texniki mühafizəsi, keşikçinin olması və s.), silahların və onların döyüş sursatlarının saxlanılmasına görə bilavasitə məsuliyyət daşıyan şəxs barəsində müfəssəl məlumat verməlidirlər.
Silahların və onların döyüş sursatlarının saxlanılmasına görə bilavasitə məsuliyyət daşıyan şəxs barədə anket (anket göstəriciləri), silahın və onun döyüş sursatının saxlanılması ilə əlaqədar olan şəxslər haqqında məlumatları (onların adı, soyadı və atasının adı, doğum tarixi və yeri, keçmiş əmək fəaliyyəti və davranışı haqqında göstəricilər və bu şəxsin işə yararlılığı barəsində tibbi arayış) əks etdirən sənədlər ərizəyə əlavə edilməlidir.
3.5. Bu Qaydaların 3.1.1-3.1.3-cü bəndlərində sadalanan subyektlərin ərizələrində göstərilən məlumatların araşdırılması üçün DİN tərəfindən polis, yanğından mühafizə orqanlarının, sanitar xidməti, habelə zərurət olduqda digər təşkilatların əməkdaşlarının iştirakı ilə komissiya təşkil edilir. Komissiya silah və onun döyüş sursatının saxlanılması üçün onlar tərəfindən ayrılmış binalar, anbarlar və ya otaqların müvafiq tələblərə cavab verib-verməməsini yerində yoxlayır və yoxlamanın nəticələrinə əsasən müvafiq akt tərtib edir. Müvafiq xüsusi icazələrin verilməsi və ya verilməsindən imtina edilməsi barədə DİN-in qərarı həmin akta əsaslanır. [21]
3.6. Bu Qaydaların 3.1.1 - 3.1.3-cü bəndlərində göstərilən subyektlərin silah və onun döyüş sursatının saxlanması üçün ayırdıqları ayrıca yerlər (binalar, anbarlar, otaqlar) aşağıdakı əsas tələblərə cavab verməlidir:
3.6.1. belə yerlər məxsusi olaraq silah və döyüş sursatının saxlanılması üçün nəzərdə tutulmalıdır;
3.6.2. belə yerlər yüksək səviyyədə texniki və ya digər mühafizə vasitələri, habelə yanğından mühafizə vasitələri ilə təchiz edilməlidir və mövcud sanitar normalara cavab verməlidir;
3.6.3. silahlar və döyüş sursatları etibarlı şəkildə kilidlənən seyflərdə və ya dəmir şkaflarda saxlanılmalıdır;
3.6.4. belə yerlərdə olan bütün inventarlar (şkafların, seyflərin, dəmir yeşiklərin sayı və nömrələri, hansı möhürlə möhürlənməsi müfəssəl göstərilməklə) siyahıya alınmalıdır;
3.6.5. belə yerlərdə silah və sursatların digər əşyalarla birgə saxlanması qəti qadağandır, habelə silah və döyüş sursatları bir-birindən ayrıca saxlanmalıdır.
3.7. Tədris müəssisələrində və idman cəmiyyətlərində kiçik çaplı silahlardan başqa bütün digər silahlar döyüşə yararsız vəziyyətə gətirildikdən sonra saxlanılır.
3.8. Azərbaycan Respublikasının muzey fonduna daxil olan silahların növündən asılı olmayaraq onların saxlanılması üçün Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi DİN ilə razılaşdırmaqla əlavə tədbirlər də müəyyən edə bilər. [22]
3.9. Daxili işlər orqanları bu Qaydaların 3.1.1 - 3.1.3-cü bəndlərində göstərilən subyektlərin silah və onun döyüş sursatının saxlama şəraitinin qoyulan tələblərə uyğunluğunun lazımi səviyyədə olmasına əmin olmaq və mövcud qüsurları aşkar edib aradan qaldırmaq məqsədi ilə silah və sursatların saxlanma yerlərinə rübdə bir dəfə, 20-dən artıq odlu silah saxlanılan yerlərə isə ayda bir dəfə baxış keçirə bilərlər.
3.10. Baxışın keçirilməsi nəticəsində kiçik qüsurlar aşkar edildikdə vəziyyətə uyğun olaraq onların dərhal və ya növbəti baxışın keçirilməsinədək aradan qaldırılması barədə baxışı keçirən əməkdaşlar tərəfindən silahın və onun döyüş sursatının saxlanılması üçün məsul olan şəxslərə zəruri tapşırıqlar verilir. Həmin qüsurların vaxtında aradan qaldırılmaması, sistematik şəkildə belə qüsurlara yol verilməsi və ya baxış nəticəsində kobud pozuntuların aşkar edilməsi təqsirkar şəxslərin qanunvericiliklə müəyyən edilmiş məsuliyyətə cəlb edilməsinə səbəb olur.
3.11. Baxışın keçirilməsinin nəticəsi olaraq akt tərtib edilir. Silah və onun döyüş sursatının saxlanma şəraitinin qoyulan tələblərə cavab verib-verməməsi, aşkar olunmuş qüsurlar, habelə görülmüş tədbirlər barədə məlumatlar həmin aktda əks etdirilir.
3.12. İdman silahının əldə edilməsi üçün qanunvericiliklə müəyyən edilmiş qaydada xüsusi icazə aldıqdan sonra hüquqi şəxslər yivli və kalibri 4,5 mm-dən çox olan pnevmatik idman silahlarının idman cəmiyyətlərində saxlanılmasını təmin edirlər. [23]
3.13. Vətəndaşlar əldə etdikləri mülki silahı və onun döyüş sursatını özlərinin yaşayış yerlərində həmin silah və sursatın mühafizəsini, təhlükəsizliyini təmin edən və kənar şəxslər tərəfindən onların ələ keçməsini istisna edən, etibarlı şəkildə bağlı olan yerlərdə saxlamalıdırlar. Həmin silahların qeydiyyatda olduğu daxili işlər orqanları vətəndaşlara məxsus olan silah və döyüş sursatının saxlanma şəraitini yoxlamaq hüququna malikdir. Yoxlama bu Qaydaların 3.10-cu və 3.11-ci bəndlərinin tələblərinə uyğun olaraq həyata keçirilir.
3.14. İstifadəsində və ya mülkiyyətində silah olan vətəndaşlar əvvəlki yaşayış yerindən qeydiyyatdan çıxarkən və yeni yaşayış yerində qeydiyyata düşərkən, silaha malik olmaları barədə müvafiq olaraq əvvəlki və yeni yaşayış yeri üzrə daxili işlər orqanlarına məlumat verməlidirlər.
3.15. Vətəndaşlar yaşayış yerlərini müvəqqəti olaraq dəyişdikdə, onların silah və döyüş sursatları etibarlı saxlanılmalı, kənar şəxslər tərəfindən onların ələ keçirilməsi istisna olunmalıdır.
3.16. Vətəndaşların kolleksiya etdikləri silahlar və onların döyüş sursatları onların yaşadıqları mənzillərdə silah və sursatların mühafizəsini, təhlükəsizliyini təmin edən və kənar şəxslər tərəfindən onların ələ keçirilməsini istisna edən, etibarlı şəkildə bağlı olan yerlərdə saxlanılmalıdır.
3.17. İdman cəmiyyətlərinin üzvü olan vətəndaşlar onlara məxsus olan idman silahlarını və onların döyüş sursatlarını təlim-məşq atəşlərinin və yarışlarının keçirildiyi yer üzrə idman atıcı-stend obyektlərində saxlamaq hüququna malikdirlər.
3.18. Azərbaycan Respublikası Milli Məclisinin deputatları və qanunvericilikdə nəzərdə tutulan digər vəzifəli şəxslər, habelə silahla təltif olunmuş şəxslər onlara daimi gəzdirilməsinə və istifadə edilməsinə verilmiş silahı və onun döyüş sursatını bu Qaydaların tələblərinə riayət etməklə yaşadıqları mənzildə saxlayırlar.
3.19. Ov etmək, idman yarışlarında və ya silah sərgisində iştirak etmək üçün əcnəbilərin qanunvericiliklə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasına gətirdikləri silahların və onların döyüş silahlarının müvəqqəti saxlanılmasını bu Qaydaların tələblərinə riayət etməklə müvafiq olaraq həmin əcnəbiləri dəvət edən və ya onlarla müqavilə bağlayan şəxslər həyata keçirirlər.

IV. XİDMƏTİ VƏ MÜLKİ SİLAHIN GƏZDİRİLMƏSİ QAYDALARI
4.1. Xidməti və mülki silaha malik olan şəxslər onlara məxsus olan silahı qanunvericiliklə müəyyən edilmiş qaydada verilən aşağıdakı sənədlər əsasında gəzdirirlər:
4.1.1. dövlət orqanları və hüquqi şəxslərin işçiləri - xidməti silahın saxlanılması və ondan təyinatı üzrə istifadə edilməsi hüququnu təsdiq edən şəhadətnamə və dövlət orqanı və ya hüquqi şəxsin rəhbərinin müvafiq xidməti silahın həmin işçiyə verilməsi barədə qərarı əsasında;
4.1.2. vətəndaşlar - mülki silahın əldə edilməsi üçün verilən xüsusi icazə və odlu ov və ya idman silahının saxlanılması və təyinatı üzrə istifadə edilməsi hüququnu təsdiq edən şəhadətnamə əsasında;
4.1.3. əcnəbilər - Azərbaycan Respublikasının ərazisində mülki silahın əldə edilməsinə verilən xüsusi icazə (silah əldə edildiyi gündən ən çoxu 5 gün müddətində onu Azərbaycan Respublikasından aparmaq şərti ilə), Azərbaycan Respublikasında ov etmək barədə Azərbaycan Respublikasının müvafiq hüquqi şəxsi ilə müqavilə, idman yarışlarında və ya silah sərgisində iştirak etmək haqqında müvafiq olaraq yarışların və sərginin təşkilatçılarının dəvəti (əcnəbilərin Azərbaycan Respublikasına gətirdikləri silaha münasibətdə) əsasında. [24]
Azərbaycan Respublikası Milli Məclisinin deputatları və qanunvericilikdə nəzərdə tutulan digər vəzifəli şəxslər xidməti silahı belə silahın onlara verilməsini nəzərdə tutan qanunvericilik aktları və silahın konkret olaraq onlara təhkim edilməsi barədə sənəd əsasında gəzdirirlər.
4.2. Dövlət orqanlarının və hüquqi şəxslərin işçiləri onlara məxsus olan xidməti silahı yalnız öz xidməti vəzifələrinin icrası ilə əlaqədar gəzdirə bilərlər.
4.3. Xidməti vəzifələrin icrası ilə əlaqədar silah və sursatın dövlət orqanları və hüquqi şəxslərin işçiləri tərəfindən qəbulu və təhvili hər bir halda, onların işlədiyi dövlət orqanı və ya hüquqi şəxs tərəfindən tərtib edilmiş və daxili işlər orqanında möhürlənmiş jurnalda qeyd olunmalıdır.
4.4. Vətəndaşlar özləri ilə onlara məxsus olan özünümüdafiə silahını hər zaman, odlu ov və idman silahını isə müvafiq olaraq ovla məşğul olduqları zaman və ya idman yarışlarının, yaxud təlim-atəş məşqlərinin keçirilməsi zamanı gəzdirə bilərlər.
4.5. Əcnəbilər onlara məxsus olan silahı Azərbaycan Respublikasının ərazisində müvafiq olaraq həmin silahı Azərbaycan Respublikasından aparmaq, ov etmək, idman yarışlarında və ya silah sərgisində iştirak etmək ilə əlaqədar gəzdirə bilərlər.
4.6. Silahların, onların gəzdirilməsi zamanı döyüş vəziyyətində olmasına, bir qayda olaraq, yol verilmir. Silahlar gəzdirilərkən onların döyüş vəziyyətinə gətirilməsinə yalnız zəruri müdafiə və son zərurət şəraitində qanunvericiliklə müəyyən edilmiş hallarda yol verilir.
4.7. Yivli və yivsiz odlu uzun lüləli ov silahları çexolda, qısa lüləli və idman silahı isə qoburda gəzdirilməlidir.
4.8. Silahı gəzdirən şəxslər özləri ilə şəxsiyyəti təsdiq edən sənədləri və bu Qaydaların 4.1-ci bəndində göstərilmiş sənədləri götürməlidirlər.
4.9. Tarixi və mədəni baxımdan əhəmiyyətə malik olan silahların gəzdirilməsinə yalnız kütləvi bayram keçirilən zaman Azərbaycan xalqının milli geyiminin atributu qismində yol verilir.

V. XİDMƏTİ VƏ MÜLKİ SİLAHIN DAŞINMASI VƏ GÖNDƏRİLMƏSİ QAYDALARI
5.1. Dövlət orqanları və hüquqi şəxslər onlara məxsus olan silah və onun döyüş sursatını DİN-in xüsusi icazəsi ilə bir yerdən başqa yerə daşıya bilərlər.
5.2. Silah və sursatın daşınması haqqında xüsusi icazə müvafiq dövlət orqanı və hüquqi şəxsin ərizəsi əsasında verilir. Ərizədə aşağıdakılar göstərilir:
5.2.1. daşınması nəzərdə tutulan silahın və döyüş sursatının adı, markası, növü, miqdarı;
5.2.2. daşımanın marşrutu və təyinat məntəqəsi, habelə daşımanı həyata keçirən nəqliyyat növü;
5.2.3. daşınan silah və sursatın mühafizəçiləri haqqında məlumatlar (belə mühafizəçilərdən istifadə olunduğu hallarda);
5.2.4. daşınan silah və sursatın qablaşdırılması barədə məlumatlar.
Silahın və döyüş sursatının dövlət orqanlarına və ya hüquqi şəxslərə qanuni əsaslarla məxsus olduğunu təsdiq edən sənədlərin surətləri ərizəyə əlavə edilməlidir.
5.3. DİN ərizə verildiyi andan ən geci 15 gün ərzində daşınmaya xüsusi icazənin verilməsi və ya belə icazənin verilməsindən imtina edilməsi (səbəbləri göstərilməklə) barədə qərar qəbul edir. [25]
5.4. Dövlət orqanları və hüquqi şəxslər tərəfindən silah və döyüş sursatının daşınması zamanı aşağıdakı qaydalara riayət edilməlidir:
5.4.1. daşımanın marşrutu və daşımanı həyata keçirən nəqliyyat növü silahın qeydiyyatda olduğu daxili işlər orqanı ilə razılaşdırmalıdır;
5.4.2. daşınan silah və döyüş sursatı texniki baxımdan saz vəziyyətdə olmalıdır və yükün uzaqdan əyani şəkildə müşahidə edilməsi, habelə kənar şəxslər tərəfindən ələ keçirilmək imkanı istisna edilməlidir;
5.4.3. daşınan silah boş (patron doldurulmamış vəziyyətdə) olmalıdır;
5.4.4. daşınan silah və sursat möhürlənmiş və ya plomblanmış zavod bağlaması və ya xüsusi tara ilə qablaşdırılmalıdır;
5.4.5. 5 ədəddən artıq odlu silah və ya 400 ədəddən artıq patron daşınması odlu silah ilə silahlandırılmış ən azı 2 mühafizəçi ilə bütün marşrut boyu müşayiət edilməlidir;
5.4.6. silah və onun döyüş sursatının daşınması üçün 2 ədəddən artıq avtonəqliyyat vasitəsindən istifadə edildiyi halda onların, odlu silahla silahlandırılmış və xüsusi avtonəqliyyat vasitəsi ilə təchiz edilmiş ən azı 3 nəfərdən ibarət mühafizəsi təmin edilməlidir.
5.4.7. dəmir yolu və su nəqliyyatı ilə daşınan döyüş sursatının miqdarı normadan (10 kq patron və 10 kq barıt) artıq olmamalıdır.
5.5. Silah və sursat daşıyan nəqliyyat vasitələrinin açılması, bağlamanın (taranın) və ya möhürün (plombun) zədələnməsi əlamətlərini aşkar etdikdə mühafizəçilər dərhal bu barədə daxili işlər orqanlarına məlumat verməli və akt tərtib etməlidirlər.
5.6. Silah və sursatın daşınması müvafiq dövlət orqanı və hüquqi şəxs ilə qanunvericiliklə müəyyən edilmiş qaydada yük daşınması fəaliyyəti ilə məşğul olan hüquqi şəxslər arasında daxili işlər orqanları ilə razılaşdırılmaqla bağlanmış daşıma müqaviləsi əsasında həyata keçirilir.
5.7. Müqavilə bağlandıqdan sonra daşıyıcı təşkilat aşağıdakı tədbirləri görməlidir:
5.7.1. mədaxil-məxaric və müşayiət sənədlərini tərtib etmək;
5.7.2. zərurət olduqda daşıma yerlərini xüsusi texniki vasitələrlə təchiz etmək;
5.7.3. təhlükəsiz daşımaya mane olan hallar yaranarsa, silah və sursatın təhlükəsiz şəraitdə saxlanılması üçün onları müvəqqəti saxlanca vermək və bu barədə dərhal ən yaxın daxili işlər orqanlarına məlumat vermək;
5.7.4. silah və sursatın daşınmasını bu Qaydaların tələblərinə uyğun olaraq həyata keçirmək.
5.8. Vətəndaşlar bu Qaydaların 3.1.4-cü bəndində göstərilən sənədlər əsasında onlara məxsus olan silah və sursatı (7 ədəd odlu silahdan və ya 400 ədəd patrondan artıq olmamaq şərti ilə) daşıyırlar. [26]
5.9. Azərbaycan Respublikası Milli Məclisinin deputatları və qanunvericilikdə nəzərdə tutulan digər vəzifəli şəxslər xidməti silahı, belə silahın onlara verilməsini nəzərdə tutan qanunvericilik aktları və həmin silahın bilavasitə onlara təhkim edilməsi barədə müvafiq sənəd əsasında daşıyırlar.
5.10. Əcnəbilər bu Qaydaların 3.1.5-ci bəndində göstərilən sənədlər əsasında onlara məxsus olan silah və sursatı Azərbaycan Respublikasının ərazisində daşıyırlar.
5.11. Pnevmatik silahın və aerozol qurğularının daşınması onların başqa şəxslər tərəfindən əldə edilməsi imkanının istisna edilməsi şərti ilə, adi yüklərlə eyni qaydada həyata keçirilir.
5.12. Silahın nadir nüsxəsinin və onun döyüş sursatının daşınmasının xüsusiyyətləri DİN ilə razılaşdırılmaqla Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi tərəfindən müəyyən edilir. [27]
5.13. Odlu silah və onun döyüş sursatının poçt vasitəsi ilə göndərilməsi qadağandır.
5.14. Silah və onun döyüş sursatının fiziki şəxslər tərəfindən göndərilməsinə yol verilmir.
VI. XİDMƏTİ VƏ MÜLKİ SİLAHIN TƏYİNATI ÜZRƏ İSTİFADƏ OLUNMASI QAYDALARI
6.1. Xidməti və mülki silahın təyinatı üzrə istifadə edilməsinə aşağıdakı hallarda yol verilir:
6.1.1. Xidməti və mülki silahın və onun döyüş sursatının istehsalı ilə məşğul olan müəssisələr - istehsal və təmir ilə əlaqədar silahın sınaqdan keçirilməsi zamanı;
6.1.2. Azərbaycan Respublikası Milli Məclisinin deputatları və qanunvericilikdə nəzərdə tutulan digər vəzifəli şəxslər - özünümüdafiə zamanı;
6.1.3. dövlət orqanlarının və hüquqi şəxslərin işçiləri - özlərinin xidməti vəzifələrinin icrası zamanı;
6.1.4. təhsil müəssisələrinin müəllimləri və şagirdləri (tələbələri) - tədris proqramlarında nəzərdə tutulmuş məşq atəşlərinin keçirilməsi zamanı;
6.1.5. vətəndaşlar - özünümüdafiə zamanı, idman yarışlarının və ya təlim-məşq atəşlərinin keçirilməsi və ov edilməsi zamanı;
6.1.6. müəyyən edilmiş qaydada Azərbaycan Respublikasına silah gətirən əcnəbilər - müvafiq olaraq ov edilməsi, idman yarışlarının və ya təlim-məşq atəşlərinin keçirilməsi zamanı;
6.2. Bədii və sənədli filmlərin çəkilişi zamanı istifadə olunan silahlar, onlar yalnız boş patronla (gülləsiz) atmaq vəziyyətinə gətirildikdən sonra istifadə edilə bilər.
6.3. Texniki cəhətdən yararsız olan silahların istifadə edilməsi qadağandır.
6.4. Azərbaycan Respublikasının muzey fonduna daxil olan silahların istifadəsi qaydaları DİN ilə razılaşdırılmaqla Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi tərəfindən müəyyən edilir. [28]


Azərbaycan Respublikası Prezidentinin
2002-ci il 24 avqust tarixli, 769 nömrəli Fərmanı ilə
TƏSDİQ EDİLMİŞDİR

Silahın mühafizəsi ilə bağlı
TƏLƏBLƏR

1. Bu Tələblər "Xidməti və mülki silah haqqında" Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin üçüncü hissəsinə əsasən hazırlanmışdır və silahın və döyüş sursatının mühafizəsi ilə bağlı qoyulan tələbləri müəyyən edir.
2. Xidməti və mülki silah və onun döyüş sursatı saxlanılan otaq digər yardımçı və xidməti otaqlardan təcrid olunmalı, əsaslı divarlara, möhkəm, etibarlı tavana və döşəmə örtüklərinə malik olmalıdır.
3. Otaqların 2 etibarlı qapısı (xarici qapı dəmirdən, daxili qapı şəbəkə formasında metal çubuqlardan hazırlanmalıdır) olmalı, xarici qapı 2 daxili qıfılla, daxili qapı isə daxili və ya asma qıfılla kilidlənməli və möhürlənməlidir (plomblanmalıdır).
4. Pəncərələrin daxili hissəsi dəmir barmaqlıqlarla təchiz edilməli, hər barmaqlığın kənarları divarlara ən azı 8 sm məsafədə yerləşdirilməlidir. Barmaqlıqların diametri 15 mm-dən az, onların kəsişdiyi məsafə isə 150 x 150 mm-dən çox olmamalıdır.
5. Otaqların hər biri daxili işlər orqanının və ya mühafizə təşkilatının mərkəzləşdirilmiş siqnalizasiya pultuna qoşulmalıdır.
6. Mərkəzləşdirilmiş siqnalizasiya pultuna qoşulması mümkün olmayan obyekt müvafiq yüksək səsverici qurğu ilə təmin edilməlidir.
7. Silah və onun döyüş sursatı saxlanılan otaqların və metal şkafların (seyflərin) iki komplekt açarları olmalıdır. Bir komplekt açarlar silah və sursatın saxlanılmasına bilavasitə cavabdeh olan şəxsdə, digər komplekt açarlar isə onların başqa şəxslərin ələ keçirmə imkanının istisna edildiyi şəraitdə saxlanılmalıdır.
8. Silah və onun döyüş sursatı, divarlarının qalınlığı 3 mm-dən az olmayan, hər birinin ən azı iki daxili qıfılı olan dəmir şkaflarda (seyflərdə) saxlanılmalıdır. Qapıların içəri hissəsinə saxlanılan silahların nömrələri və patronların miqdarı göstərilən siyahı yapışdırılır.

Azərbaycan Respublikası Prezidentinin
2002-ci il 24 avqust tarixli, 769 nömrəli Fərmanı ilə
TƏSDİQ EDİLMİŞDİR

Xidməti silahın xidməti vəzifələrin yerinə yetirilməsi ilə əlaqədar tətbiq edilməsi
QAYDALARI
1. Bu Qaydalar "Xidməti və mülki silah haqqında" Azərbaycan Respublikası Qanununun 16-cı maddəsinin ikinci hissəsinə müvafiq olaraq hazırlanmışdır və xidməti silahın xidməti vəzifələrin yerinə yetirilməsi ilə əlaqədar tətbiq edilməsi qaydalarını müəyyən edir.
2. Xidməti silahın tətbiq edilməsi onun sahibinin konkret xidməti vəzifələrinin icrası ilə əlaqədar olmalıdır. Xidməti vəzifələr xidməti silah sahibinin işçisi olduğu dövlət orqanının və hüquqi şəxsin əsasnaməsi (nizamnaməsi), əmək müqaviləsi və ona verilən konkret tapşırıqlar (əmr, göstəriş və s.) ilə müəyyən edilir.
3. Dövlət orqanlarının və hüquqi şəxslərin işçiləri qanuni əsaslarla onlara məxsus olan xidməti silahı "Xidməti və mülki silah haqqında" Azərbaycan Respublikası Qanununun 16-cı maddəsinin dördüncü hissəsində nəzərdə tutulan hallarda tətbiq edilə bilərlər.
4. Ovçuluq cəmiyyətinin üzvü ona məxsus ov silahını yalnız qanunvericiliklə müəyyən edilmiş qaydada ov edilməsi üçün istifadə edə bilər.
5. Azərbaycan Respublikası Milli Məclisinin deputatları və qanunvericilikdə nəzərdə tutulan digər vəzifəli şəxslər qanuni əsaslarla onlara məxsus olan xidməti silahı yalnız özlərinin və yaxınlarının müdafiəsi məqsədi ilə bu Qaydalara uyğun olaraq tətbiq edə bilərlər.
6. Xidməti odlu silah yalnız real təhlükənin qarşısının alınması üçün tətbiq edilməlidir. Silah sahibi onu tətbiq etməmişdən əvvəl təhlükənin başqa yolla (inandırma vasitəsi ilə, başqa şəxsin köməyi ilə, soyuq silah və ya digər predmetlə və s. üsulla) aradan qaldırılmasının qeyri-mümkün olduğuna əmin olmalıdır.
7. Silahın tətbiqi üçüncü şəxslərə ziyan yetirməməlidir. Bunun üçün silah sahibi silahı tətbiq etməmişdən əvvəl imkan daxilində kənar şəxslərin silah tətbiq edilən ərazidən kənarlaşması üçün zəruri tədbirlər görməlidir (havaya atəş açılması, şifahi xəbərdarlıq edilməsi və s.).
8. Xidməti odlu silah tətbiq edilməmişdən qabaq silah sahibi təhlükə yaradan subyekti şifahi xəbərdarlıq etməli (malik olduğu silahı nümayiş etdirməklə və ya etdirməməklə) və ya havaya xəbərdarlıq atəşi açmalıdır. Silahın xəbərdarlıq edilmədən tətbiq edilməsinə yalnız "Xidməti və mülki silah haqqında" Azərbaycan Respublikası Qanununun 16-cı maddəsinin altıncı hissəsində nəzərdə tutulmuş hallarda yol verilir.
9. Əgər real təhlükəni yaradan şəxs üçüncü şəxsdən hər hansı yolla canlı sipər vasitəsi kimi istifadə edərsə, belə vəziyyət aradan qaldırılanadək və ya atəş açmaq üçün əlverişli şərait yarananadək silahın tətbiq edilməsi qadağandır.
10. Silah tətbiq edilərkən təhlükə yaradan subyektə imkan daxilində az xətər yetirilməlidir. Əgər təhlükəni yüngül xəsarət yetirməklə dayandırmaq mümkündürsə, atəş təhlükə yaradan subyektin ilk növbədə əllərinə, ayaqlarına, çiyinlərinə, sonra qarın nahiyəsinə, yalnız son anda sinə və baş nahiyələrinə açılmalıdır.
11. Təhlükə yaradan subyekt ilə xidməti silah sahibi arasında atışma (qarşılıqlı şəkildə atəş açılması) vəziyyəti yaranarsa, xidməti silah sahibinin silahdan kortəbii atəş açmasına yol verilmir. Bu məqsədlə xidməti silah sahibi yalnız qarşı tərəfdən atəşin hansı istiqamətdən (nöqtədən) açıldığını müəyyənləşdirdikdən sonra və həmin istiqamətdə (nöqtəyə) atəş aça bilər.
12. Aşağıdakı hallarda xidməti silahın tətbiq edilməsi qadağandır:
12.1. insanların toplaşdığı və ya kənar şəxslərin ziyan çəkə biləcəyi yerlərdə (insanların toplaşdığı ərazinin kənar şəxslərə xətər yetirmədən atəş açmağa imkan verən genişlikdə olduğu və ya kənar şəxslərə xətər yetirmədən atəş açmağa kifayət qədər əlverişli şəraitin yarandığı hallar istisna olmaqla);
12.2. qadınlara, yanında azyaşlı uşağı olan şəxslərə, açıq-aşkar əlillik və ya sağlamlıq imkanlarının məhdudluğunun əlamətləri olan şəxslərə, azyaşlı olduğu aşkar görünən və ya məlum olan şəxslərə qarşı (onlar tərəfindən silahlı və ya qrup şəklində basqın hallarından başqa). [29]
13. Silah sahibi xidməti silahı tətbiq etdikdən sonra aşağıdakı hərəkətləri etməyə borcludur:
13.1. hadisə yerinin dəyişilməmiş saxlanılmasına çalışmaq;
13.2. zərərçəkənlər olduqda onlara tibbi yardım göstərmək;
13.3. xidməti silahın tətbiq edilməsi barədə prokurorluq orqanlarına məlumat vermək.
14. Xidməti silahı tətbiq etmiş şəxs hadisə yerinin (əgər hadisə yerinin sahəsi kifayət qədər geniş olarsa, bilavasitə münaqişə sahəsinin) dəyişilməmiş saxlanılması üçün atəş açılması (atışma) nəticəsində xəsarət yetirilmiş şəxsləri, güllə dəymiş yerləri, ziyan vurulmuş əmlakı, habelə imkan daxilində atılmış güllə gilizlərini aşkar etməli və hüquq mühafizə orqanlarının əməkdaşları gələnədək bu yerin mühafizəsini şəxsən (zərurət olduqda, yaxınlıqda olan kənar şəxslərin köməyi ilə) təşkil etməli, kənar şəxslərin bilavasitə münaqişə sahəsinə daxil olmalarına və izləri itirmələrinə mane olmalıdır.
15. Atəş açılması və ya atışma nəticəsində sağlamlığına zərər yetirilmiş şəxs (şəxslər) olarsa, xidməti silah sahibi bu barədə dərhal tibb müəssisəsinə məlumat verilməsini təmin etməli və şəxsən və ya kənar şəxslərin köməyi ilə zərərçəkənə imkan daxilində ilkin tibbi yardım göstərilməsini təmin etməlidir.
16. Silah sahibi xidməti silahın tətbiq edilməsi barədə ən qısa müddətdə prokurorluq orqanına yazılı məlumat verməlidir. Məlumatda xidməti silahın tətbiq edilmə vaxtı və yeri, şəraiti, zərərçəkənlər (əgər varsa), tətbiq edilən silahın adı və markası, istifadə edilən döyüş sursatının növü və miqdarı barədə dəqiq məlumatlar göstərilməlidir.
17. Silahların tətbiqi qaydası fövqəladə vəziyyət şəraitində dəyişdirilə bilməz. [30]

Azərbaycan Respublikası Prezidentinin
2002-ci il 24 avqust tarixli, 769 nömrəli Fərmanı ilə
TƏSDİQ EDİLMİŞDİR

Odlu silahın tətbiqi ilə bağlı ov etmə, eləcə də idmanla məşğul olma
QAYDALARI
I. ÜMUMİ MÜDDƏALAR
1.1. Bu Qaydalar "Xidməti və mülki silah haqqında" Azərbaycan Respublikası Qanununun 16-cı maddəsinin üçüncü hissəsinə uyğun olaraq hazırlanmışdır və odlu silahın tətbiqi ilə bağlı ov etmə, eləcə də idmanla məşğul olma qaydalarını müəyyən edir.
II. ODLU SİLAHIN TƏTBİQİ İLƏ BAĞLI OV ETMƏ QAYDALARI
2.1. Ov etmək məqsədi ilə vəhşi heyvanların və quşların ovlanması üçün nəzərdə tutulmuş yivli və yivsiz odlu ov silahı, o cümlədən atıcı və pnevmatik silah tətbiq edilə bilər.
2.2. Ov silahları ov məqsədi ilə yalnız qadağan edilməyən yerlərdə və vaxtda, habelə ovlanması qadağan edilməyən vəhşi heyvanlara və quşlara qarşı tətbiq edilə bilər.
2.3. Ov vaxtı aşağıdakılar qadağandır:
2.3.1. aydın görünməyən hədəfə və səsə (xışıltıya) atəş açmaq;
2.3.2. 35 metrdən uzaq məsafədə heyvan və quşlara qırma və karteç ilə atəş açmaq;
2.3.3. ov patronlarında tez alışan materiallardan istifadə etmək;
2.3.4. sərxoş vəziyyətdə atəş açmaq;
2.3.5. ov silahını onun tətbiq edilməsi üçün başqasına vermək və ya başqasının silahı ilə ov etmək;
2.3.6. vəhşi heyvan və quşları avtomaşın, vertolyot və ya mühərrikli qayıqla qovaraq ovlamaq;
2.3.7. vəhşi heyvan və quşları mühasirəyə alaraq ovlamaq;
2.3.8. səssiz atəş açma və ya gecə nişangahı qurğusu ilə təchiz edilmiş odlu ov silahını tətbiq etməklə ov etmək.
2.4. Ov tüfəngləri doldurulmamış halda gəzdirilməlidir. Tüfəng yalnız bilavasitə atəş açılmamışdan qabaq doldurula bilər. Atəş açılması başa çatdıqdan sonra tüfəng, silah sahibi atəş yerindən uzaqlaşmamış boşaldılmalıdır.
2.5. Silah sahibi bilavasitə atəş açılmadığı müddətdə, habelə başqa ovçuya və ya digər şəxsə yaxınlaşarkən, avtomaşından çıxarkən, qayıqdan düşərkən tüfəngin çaxmaqlarını endirməli və ya qoruyucuya keçirməli, lülələri havaya yönəltməlidir.
2.6. Avtomaşınla gedərkən, qayıqla üzərkən və ya dincəlmək üçün oturarkən silah sahibi ov tüfəngini boşaltmalı, sökməli və çexola qoymalıdır.

III. ODLU SİLAHIN TƏTBİQİ İLƏ BAĞLI İDMANLA MƏŞĞUL OLMA QAYDALARI
3.1. Odlu idman silahının tətbiqi ilə əlaqədar idmanla məşğul olma yalnız belə məqsədlər üçün nəzərdə tutulmuş yerlərdə həyata keçirilə bilər.
3.2. Odlu idman silahının və onun döyüş sursatının məşq üçün verilməsi və geri alınması idman təşkilatının rəhbərinin təyin etdiyi vaxtda məşqçi rəhbərin göstərişi ilə anbar müdiri tərəfindən yerinə yetirilir.
3.3. Silahın verilməsi və alınması mütləq sənədləşdirilməli, döyüş sursatlarının istifadə edilməsi isə sərf etmə cədvəlinə qeyd olunmalıdır.
3.4. On səkkiz yaşına çatmamış atıcı ona verilən silahdan yalnız məşqçi rəhbərin iştirakı ilə istifadə edə bilər. On yaşından kiçik yeniyetmələrin odlu idman silahının tətbiq edilməsi ilə əlaqədar məşqlərə buraxılması qadağandır.
3.5. Atəş zamanı atıcıların riayət etməli olduqları təhlükəsizlik qaydaları barədə qrup rəhbəri atəşlərə ilk dəfə buraxılan şəxslərə ətraflı məlumat verməlidir və həmin şəxslər onların belə məlumatlarla rəsmən tanış olmaları barədə müvafiq sənədi imzalamalıdırlar.
3.6. Məşğələlər və yarışlar keçirilərkən atəş zamanı riayət edilməli təhlükəsizlik qaydaları aşağıdakılardır:
3.6.1. silahlar boşaldılmış vəziyyətdə saxlanmalı (kiçik çaplı tüfəngi açıq çaxmaqla, tapançanı lüləsi endirilmiş halda, tüfəngi açıq vəziyyətdə saxlamaq) və daşınmalıdır;
3.6.2. qrup rəhbərinin icazəsi ilə atəş xəttində döyüş sursatı ibtidai hazırlıq qrupunun üzvlərinə paylanmalıdır;
3.6.3. atəş xəttində silahların doldurulması yalnız "Doldurulma!" əmrindən sonra həyata keçirilməlidir;
3.6.4. silahın təmizlənməsi yalnız bunun üçün ayrılmış xüsusi yerlərdə (ibtidai hazırlıq kurslarında isə həmçinin məşqçi və ya komandanın kapitanının iştirakı ilə) həyata keçirilməlidir;
3.6.5. qrup rəhbərinin bütün əmrlərinə ciddi riayət edilməlidir.
3.6.6. aşağıdakılar qəti qadağandır:
ibtidai hazırlıq qruplarında məşqçinin iştirakı olmadan atəş açmaq;
icazəsiz olaraq silahlara əl vurmaq və ya götürmək;
silahın doldurulmuş və ya sökülmüş vəziyyətdə olub-olmamasından asılı olmayaraq onu arxaya, kənara və ya insanlara qarşı yönəltmək;
silahı başqa şəxsə vermək;
atəş zonasında insan və ya heyvan vardırsa, hətta doldurulmamış silahı hədəfə tuşlamaq;
atıcıların arxasında gülləsiz məşq etmək;
atəş xəttində boşa çıxmış patron (güllə) gilizlərini saxlamaq (onlar məşq başa çatdıqdan sonra mütləq təhvil verilməlidir);
atəş xəttinə kənar şəxsləri buraxmaq.
3.7. Bu Qaydaların 3.6-cı bəndində göstərilən tələblərə düzgün riayət edilməsi üçün tirlərdə, atəş meydanlarında və stendlərdə aşağıdakıların olması zəruridir:
3.7.1. istirahət və gözləmə zalı;
3.7.2. nəzəriyyə və gülləsiz məşğələlərin keçirilməsi üçün otaq;
3.7.3. silahları təmizləmək üçün otaq;
3.7.4. müvafiq tələblərə cavab verən işıqlandırma və ventilyasiya sistemi.
3.8. Silah və sursatın anbara təhvil verilməsi qrup rəhbərinin və ya digər məsul şəxsin iştirakı və rəhbərliyi altında həyata keçirilməlidir.

Azərbaycan Respublikası Prezidentinin
2002-ci il 24 avqust tarixli, 769 nömrəli Fərmanı ilə
TƏSDİQ EDİLMİŞDİR

Mülki silahın kolleksiya edilməsi və ya onun sərgisinin keçirilməsi
QAYDALARI
I.ÜMUMİ MÜDDƏALAR
1.1. Bu Qaydalar "Xidməti və mülki silah haqqında" Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinin birinci hissəsinə əsasən hazırlanmışdır və silahın və onun döyüş sursatının kolleksiya edilməsi və ya onun sərgisinin keçirilməsi qaydalarını müəyyən edir.

II. MÜLKİ SİLAHIN KOLLEKSİYA EDİLMƏSİ QAYDALARI
2.1. Mülki silahın və onun döyüş sursatının fiziki şəxslər tərəfindən tarixi - mədəniyyət və elmi tədqiqat məqsədi ilə, hüquqi şəxslər tərəfindən isə həmçinin öz nizamnamə vəzifələrini yerinə yetirmək məqsədi ilə kolleksiya edilməsi Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin (bundan sonra - DİN) verdiyi xüsusi icazə əsasında həyata keçirilir.
2.2. Əldə edilməsinə xüsusi icazəsiz yol verilən mülki silahın kolleksiya edilməsi üçün xüsusi icazə tələb olunmur. [31]
2.3. Mülki silahın nadir nüsxələrinin kolleksiya edilməsi üçün həmçinin Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin razılığı tələb olunur. [32]
2.4. Mülki silahın kolleksiya edilməsi üçün xüsusi icazə maraqlı şəxsin ərizəsi əsasında verilir. Ərizədə silahların kolleksiya edilməsinin məqsədləri, kolleksiya ediləcək silahların və onların döyüş sursatlarının növləri, silahların saxlanma şəraiti, habelə onların kənar şəxslər tərəfindən əldə olunma və tətbiq edilmə imkanını aradan qaldırmaq üçün görülmüş tədbirlər barədə məlumat verilməlidir.
2.5. Ərizə verildikdən sonra ən geci 15 gün ərzində DİN mülki silahın və onun döyüş sursatının kolleksiya edilməsinə xüsusi icazə verilməsi və ya belə icazənin verilməsindən imtina olunması (səbəbləri göstərilməklə) barədə qərar qəbul etməlidir. [33]
İcazə verilməsi haqqında qərarda kolleksiya edilməsinə yol verilən mülki silahların və onların döyüş sursatlarının növləri göstərilməlidir.
2.6. Aşağıdakıların kolleksiya edilməsinə yol verilir:
2.6.1. Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilməmiş mülki silahlar;
2.6.2. mülki silahın nadir nüsxələri;
2.6.3. müvafiq qaydada bədii tərtibata malik hesab edilmiş mülki silahlar;
2.6.4. ictimai-siyasi xadimlərin həyat və fəaliyyəti ilə bağlı olan silahlar;
2.6.5. bu bənddə sadalanan silahların döyüş sursatları.
2.7. Aşağıdakıların kolleksiya predmeti kimi istifadə edilməsinə yol verilir:
2.7.1. yalnız təlim-tədris məqsədi ilə istifadə edilən və üzərində xüsusi təmir işləri aparılmadan atəş açması mümkün olmayan silahlar;
2.7.2. boş patronla atəş açmaq üçün nəzərdə tutulmuş və üzərində xüsusi təmin işləri aparılmadan dolu patronla atəş açması mümkün olmayan silahlar;
2.7.3. çertyoj və ya nümunə üzrə surəti çıxarılmaqla və həqiqi detallardan istifadə edilməməklə orijinal ilə eyni cür və eyni bədii tərtibat üzrə düzəldilmiş silahlar;
2.7.4. hüquqi şəxslər tərəfindən onun yenidən düzəldilməsi, hazırlanmasının başa çatdırılması və bədii tərtibatı üçün alınmış silahlar;
2.7.5. bu bənddə göstərilən silahların döyüş sursatları.
2.8. Aşağıdakılar kolleksiya predmeti sayılmır:
2.8.1. tökmə üsulu ilə hazırlanmış silah və patronlar;
2.8.2. xarici görünüşü ilə odlu silaha bənzər, lakin konstruksiyası silah kimi istifadə edilməsinə yol verilməyən silah və patronlar;
2.8.3. konstruksiya baxımından silaha və patrona oxşar məmulatlar.
2.9. Əgər kolleksiya edən şəxsin qanunvericiliklə müəyyən edilmiş qaydada alınmış müvafiq xüsusi icazələri yoxdursa, onun kolleksiya edilən mülki silah və onun döyüş sursatını başqa məqsədlə istifadə etməsinə (gəzdirmə, daşıma, tətbiq etmə və s.) yol verilmir. [34]

III. MÜLKİ SİLAHIN SƏRGİSİNİN KEÇİRİLMƏSİ QAYDALARI
3.1. Müəyyən edilmiş qaydada mülki silah və onun döyüş sursatını kolleksiya edən şəxslər və mülki silaha malik olan şəxslər DİN-nin razılığı ilə həmin mülki silahın və onun döyüş sursatının sərgisini keçirə bilərlər.
3.2. Əcnəbilər öz silahları ilə hüquqi şəxslərin təşkil etdikləri sərgidə həmin hüquqi şəxslərin dəvəti ilə bu Qaydaların tələblərinə riayət etməklə iştirak edə bilərlər.
3.3. Mülki silahın və onun döyüş sursatının istehsal və satış yerlərində nümayişi sərgi keçirilməsi hesab olunmur.
3.4. Mülki silah və onun döyüş sursatının sərgisinin keçirilməsi üçün icazə sərgi keçirən şəxslərin ərizələri əsasında verilir. Ərizədə sərginin keçirilmə vaxtı və yeri, sərginin təşkilatçıları, iştirak etmək üçün dəvət edilmələri nəzərdə tutulan əcnəbilər (əgər varsa), sərgi keçirilən yerdə ekspozisiyaların düzülüş planı (sxemi), nümayiş etdirilən mülki silah və döyüş sursatının növləri və miqdarı, nümayiş etdirilən silah və sursatın sərginin keçirilmə zamanı satışının nəzərdə tutulub-tutulmaması, habelə sərginin keçirilmə müddəti ərzində silahların və onun döyüş sursatının təhlükəsiz və onların kənar şəxslər tərəfindən ələ keçirilməsini istisna edən şəraitdə saxlanması üçün görülən mühafizə tədbirləri haqqında məlumatlar göstərilməlidir.
3.5. DİN ərizə verildiyi gündən ən geci 15 gün ərzində mülki silah və onun döyüş sursatının sərgisinin keçirilməsinə icazə verilməsi və ya belə icazənin verilməsindən imtina edilməsi (səbəbləri göstərilməklə) barədə qərar qəbul etməlidir.
3.6. Sərgi keçirən şəxslər sərgi keçirildiyi müddətdə kənar şəxslərin silah və sursatın saxlandığı və nümayiş etdirildiyi yerə buraxılmaması üçün zəruri mühafizə tədbirləri görməyə borcludurlar.
3.7. Açıq vitrinlərdə və stendlərdə nümayiş etdirilən mülki silah və onun döyüş sursatı hər gün sərgi qurtardıqdan sonra qanunvericiliyin tələblərinə uyğun olaraq silah və döyüş sursatlarının saxlanması üçün nəzərdə tutulan yerlərə təhvil verilməlidir.
3.8. Sərginin təşkilatçıları nümayiş etdirilən silah və sursatı onu əldə etmək hüququ olan şəxslərə bilavasitə sərgi zamanı sata bilərlər (əgər həmin təşkilatçılar DİN-i bu Qaydaların 3.4-cü bəndində nəzərdə tutulmuş qaydada xəbərdar etmişlərsə).
3.9. Sərgi keçirən fiziki və hüquqi şəxslərə aşağıdakılar qadağan edilir:
3.9.1. qanunvericiliklə müəyyən edilmiş qaydada qeydiyyatdan keçməyən silahların nümayiş etdirilməsi;
3.9.2. silah və sursatın digər predmetlərlə birlikdə (silahın və sursatın istehsal və təmir avadanlığı, habelə silahların ehtiyat hissələri istisna edilməklə) nümayiş etdirilməsi;
3.9.3. nümayiş etdirilən silah və sursatın müvafiq tələblərə cavab verməyən yerlərdə saxlanılması;
3.9.4. nümayiş etdirilən silah və sursatın sərgi zamanı topdansatış qaydada satılması;
3.9.5. nümayiş etdirilən silah və sursatın sərginin keçirilmə zamanı başqa məqsədlərlə (gəzdirmək, daşımaq, tətbiq etmək və s.) istifadə edilməsinə yol verilməsi.
3.10. Mülki silahın nadir nüsxələrinin sərgisi zamanı onların nümayiş etdirilməsinin və ya bilavasitə belə silahların sərgisinin keçirilməsinin xüsusiyyətləri DİN ilə razılaşdırılmaqla Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi tərəfindən müəyyən edilir. [35]

Azərbaycan Respublikası Prezidentinin
2002-ci il 24 avqust tarixli, 769 nömrəli Fərmanı ilə
TƏSDİQ EDİLMİŞDİR

Təmir edilməsi mümkün olmayan, texniki şərtlərə uyğun gəlməyən odlu silah və onun döyüş sursatının əvəzsiz olaraq geri alınması və məhv edilməsi
QAYDALARI

1. Bu Qaydalar "Xidməti və mülki silah haqqında" Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinin üçüncü hissəsinə uyğun olaraq hazırlanmışdır və təmir edilməsi mümkün olmayan, texniki şərtlərə uyğun gəlməyən odlu silah və onun döyüş sursatının (bundan sonra - yararsız silah və sursat) əvəzsiz olaraq geri alınması və məhv edilməsi qaydalarını müəyyən edir.
2. Yararsız silah və sursatın hər hansı məqsədlə istifadə edilməsi (saxlanılması, gəzdirilməsi, tətbiq edilməsi və s.) qadağandır.
3. Aşağıdakı silah və sursat yararsız hesab edilir və əvəzsiz olaraq geri alınmalı və məhv edilməlidir:
3.1. deformasiyaya uğramış, hissələrinin yeyilməsi və digər nasazlığı olan, texniki cəhətdən bunların aradan qaldırılması mümkün yaxud maddi baxımdan sərfəli olmayan silah və sursat;
3.2 istehsalı zamanı texniki nəzarətdən keçirilməmiş, bərpası, təmiri, yenidən düzəldilməsi mümkün olmayan silah və sursat;
3.3. Azərbaycan Respublikasında istehsal olunmuş, lakin müəyyən olunmuş qaydada sertifikatlaşdırılmamış silah və sursat;
3.4. Azərbaycan Respublikasına gətirilən, lakin sertifikatlaşdırılmayan silah və sursat (əgər Azərbaycan Respublikasına gətirilməsindən iki ay keçməsinə baxmayaraq, həmin silah və sursat Azərbaycan Respublikasından aparılmamışdırsa).
4. Dövlət orqanları, hüquqi şəxslər və vətəndaşlar qanuni əsaslarla onlara məxsus olan yararsız silah və sursatı əvəzsiz olaraq həmin silah və sursatın qeydiyyatda olduğu daxili işlər orqanına təhvil verməlidirlər. Əks halda belə şəxslər qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar (silah və sursatın yararsız olduğunun həmin şəxslər tərəfindən aşkar edilməsinin mümkün olmadığı hallar istisna edilməklə).
5. Yararsız silah və sursatın təhvil verilməsi və onun qəbul olunması barədə protokol tərtib olunur. Protokolda onun tərtib edilməsi, onu tərtib edən şəxs və silah və sursatı təhvil verən şəxs, təhvil verilən silah və sursatın adı, markası, növü və miqdarı, hansı vəziyyətdə olması və silah və sursatın qanuni əsaslarla əldə edilməsi barədə məlumatlar göstərilməlidir. Protokol onu tərtib edən və silah və sursatı təhvil verən şəxslər tərəfindən imzalanır.
6. Təhvil verilmiş silah və sursatın qəbul edilməsi barədə onları təhvil verən şəxsə qəbz verilir. Qəbzdə silah və sursatı təhvil verən dövlət orqanı və ya hüquqi şəxsin adı, vətəndaşın adı, atasının adı, soyadı təhvil verilən silahın adı, markası, növü, miqdarı göstərilir. Qəbz bu Qaydaların 5-ci bəndində göstərilən protokolu tərtib edən şəxs tərəfindən imzalanır və müvafiq daxili işlər orqanının möhürü ilə möhürlənir.
7. Təhvil verilmiş silah və sursatın yararsız olub-olmaması Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi (bundan sonra - DİN) tərəfindən təşkil olunmuş ekspert komissiyası tərəfindən silah və sursat verildiyi gündən ən geci bir ay müddətində yoxlanılır. Ekspert komissiyası yoxlama nəticəsində akt tərtib edir. Silah və sursatın yararsız olub-olmaması həmin aktda göstərilməlidir.
8. Yararsız hesab edilməmiş silah və sursat müvafiq daxili işlər orqanı tərəfindən onu təhvil vermiş şəxsə qaytarılır.
9. Yararsız hesab edilmiş silah və sursat, ekspert komissiyası aktının surəti həmin silah və sursatı təhvil vermiş şəxsə təqdim olunmaq şərti ilə məhv edilir.
10. DİN ekspert komissiyasının müvafiq aktı əsasında yararsız silah və sursatın məhv edilməsi barədə qərar qəbul edir. Qərarda məhv edilməli olan silah və sursatın adı, markası, növü və miqdarı, habelə hansı təşkilat tərəfindən məhv edilməli olduğu dəqiq göstərilməlidir.
11. Yararsız silah və sursatın məhv edilməsi DİN tərəfindən müəyyən edilən ixtisaslaşdırılmış təşkilatlar və ya qanunvericiliklə müəyyən edilmiş qaydada silah və sursatın istehsalı ilə məşğul olan müəssisələr tərəfindən həyata keçirilir.
12. Daxili işlər orqanları silah və sursatı məhv edən təşkilata silah və sursatla yanaşı, həmçinin bu Qaydaların 10-cu bəndində göstərilən müvafiq qərarı da təqdim etməlidirlər.
13. Silah və sursatı məhv edən təşkilatlar onlara təqdim edilmiş yararsız silah və sursatı müvafiq qərar əsasında məhv etməli və bu barədə həmin silah və sursatı təqdim etmiş daxili işlər orqanına məlumat verməlidir.
14. Qanunvericiliklə müəyyən edilmiş qaydada silah və sursatın istehsalı ilə məşğul olan müəssisələr istehsal etdikləri və hələ ki, müəyyən edilmiş qaydada satışa çıxarmadıqları və ya satmadıqları silah və sursatın yararsız (zay məhsul) olduğunu aşkar edərlərsə, onları dərhal məhv etməlidirlər.
15. Qanunvericiliklə müəyyən edilmiş qaydada xidməti və mülki silahın satışı ilə məşğul olan müəssisələr artıq satışa qoyulmuş silah və sursatın yararsız olduğunu sonradan aşkar edərsə, həmin silah və sursatı dərhal satışdan götürməli və onları satışa çıxarmış şəxslərə qaytarmalıdırlar. Satışdan çıxarılmış və qaytarılmış yararsız silah və sursat bu Qaydaların tələblərinə uyğun olaraq əvəzsiz geri alınmalı və məhv edilməlidir.

Azərbaycan Respublikası Prezidentinin
2002-ci il 24 avqust tarixli, 769 nömrəli Fərmanı ilə
TƏSDİQ EDİLMİŞDİR

Silahın geri alınması
QAYDALARI

1. Bu Qaydalar "Xidməti və mülki silah haqqında" Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinin birinci hissəsinə uyğun olaraq hazırlanmışdır və silahın geri alınması qaydalarını müəyyən edir.
2. Silah "Xidməti və mülki silah haqqında" Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinin birinci hissəsində nəzərdə tutulmuş hallarda daxili işlər orqanları tərəfindən geri alınır.
3. Silah ən geci 10 gün müddətində "Xidməti və mülki silah haqqında" Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinin birinci hissəsinin 1-5-ci bəndlərində göstərilmiş əsasların yarandığı halda, müvafiq olaraq həmin silahı əldə etmiş dövlət orqanları, hüquqi şəxslər və vətəndaşlar, silahın istehsalı və satışı ilə məşğul olan müəssisələr tərəfindən, "Xidməti və mülki silah haqqında" Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinin birinci hissəsinin 6-cı bəndində göstərilmiş əsasın yarandığı halda isə ölmüş şəxsin yaxın qohumları tərəfindən təhvil verilir.
4. Silahın geri alınması barədə protokol tərtib olunur. Protokolda onun tərtib edilməsi, onu tərtib edən şəxs və silahı verən şəxs geri alınan silahın adı, markası, növü və miqdarı, hansı vəziyyətdə olması (qundağının çatlı olması, lüləsinin və ya başqa metal hissələrinin paslı olması və s.) barədə məlumatlar, habelə geri alınmanın səbəbi göstərilməlidir. Protokol onu tərtib edən və silahı verən şəxs tərəfindən imzalanır.
5. Geri alınmış silahın qəbul edilməsi barədə onu verən şəxsə qəbz verilir. Qəbzdə silahı verən dövlət orqanı və ya hüquqi şəxsin, müəssisənin adı, vətəndaşın adı, atasının adı, soyadı, verilən silahın adı, markası, növü, miqdarı göstərilir. Qəbz bu Qaydaların 4-cü bəndində göstərilən protokolu tərtib edən şəxs tərəfindən imzalanır və müvafiq daxili işlər orqanının möhürü ilə möhürlənir.
6. Geri alınmış silah, onun yararlı və ya təmir edilməsi mümkün olmayan, texniki şərtlərə uyğun gəlməyən (bundan sonra - yararsız) vəziyyətdə olmasının müəyyənləşdirilməsi üçün Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən təşkil olunmuş ekspert komissiyasına təqdim edilir.
7. Ekspert komissiyası geri alınmış silahın yoxlanması nəticəsində akt tərtib edir. Aktda silahın yararlı və ya yararsız vəziyyətdə olması göstərilməlidir.
8. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi ekspert komissiyasının aktına əsaslanaraq geri alınmış silahın satışa verilməsi haqqında (silahın yararlı vəziyyətdə olduğu halda) və ya geri alınmış silahın məhv edilməsi haqqında (silahın yararsız vəziyyətdə olduğu halda) qərar qəbul etməlidir.
9. Silahın satışa verilməsi haqqında qərara əsasən, geri alınmış silah 10 gün müddətində qanunvericiliklə müəyyən edilmiş qaydada silah satışı ilə məşğul olan müəssisələrə təhvil verilməli və bu barədə silahı verən şəxsə daxili işlər orqanı tərəfindən rəsmi məlumat verilməlidir. Həmin silahın satışından əldə olunmuş vəsait silahı verən şəxsə verilir.
10. Silahın məhv edilməsi haqqında qərara əsasən, geri alınmış silah müəyyən edilmiş qaydada məhv edilməlidir.
11. "Xidməti və mülki silah haqqında" Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinin 1-ci hissəsinin 5-ci bəndinə uyğun olaraq geri alınmış silah fiziki və hüquqi şəxslər tərəfindən silahın əldə edilməsi, qeydiyyatdan keçirilməsi, saxlanması, gəzdirilməsi və ondan istifadə edilməsi barədə müvafiq qaydaların pozulmasına görə qəti qərar qəbul edildikdən sonra, silah sahibinin təqsiri müəyyən edilməzsə, həmin silah geri alındığı şəxsə qaytarılmalıdır.
12. "Xidməti və mülki silah haqqında" Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinin 1-ci hissəsinin 6-cı bəndinə uyğun olaraq geri alınmış silah vərəsələr tərəfindən miras ilə bağlı məsələlər qanunvericiliklə müəyyən edilmiş qaydada həll edildikdən sonra müvafiq vərəsəyə qaytarılır. Əgər qanun üzrə və ya vəsiyyət üzrə vərəsə olmazsa və ya vərəsələrdən heç biri mirası qəbul etməzsə, yaxud bütün vərəsələr vərəsəlik hüququndan məhrum edilərsə, silah bu Qaydaların tələblərinə uyğun olaraq satılır və ya məhv edilir. Satışdan əldə olunan vəsaitə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1165-ci maddəsi ilə müəyyən edilmiş qaydada sərəncam verilir.
13. Müstəsna hallarda fövqəladə vəziyyətin qüvvədə olduğu müddət ərzində onun tətbiq edildiyi ərazidə Azərbaycan Respublikası Prezidentinin qərarına əsasən fiziki şəxslərdən odlu və soyuq silahın, döyüş sursatının geri alınmasına yol verilə bilər. [36]

21.04.2016

...Bakı şəhəri, Nizami rayonu, 8-ci km ərazisində yerləşən bazarda və bazara məxsus ərazidə yerləşən ərzaq mağazasında... 

daha ətraflı
17.09.2015

...Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, A.Mirzəyev küçəsi, ev 60 ünvanında Atılxanov Azər Rəşxan oğluna məxsus...

daha ətraflı
04.09.2015

...Sumqayıt şəhəri, H.Əliyev prospekti 40-cı məhəllədə yerləşən “Pompey” və Nizami Gəncəvi küçəsində yerləşən...

daha ətraflı

SƏRƏNCAM

20.06.2017

Azərbaycan Respublikası Hökuməti ilə İsrail Dövləti Hökuməti arasında Birgə Komissiyanın Azərbaycan Respublikası tərəfindən tərkibinin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

daha ətraflı
VİDEO XƏBƏR
16.05.2017
Azərbaycan və Çin arasında qeyri-neft ixrac potensialının genişləndirilməsinə xidmət edəcək Anlaşma Memorandumu imzalanıb
QAYNAR XƏTT
TABE QURUMLAR
Copyright © 2010 Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi! Bütün hüquqlar qorunur.
Sayt  Lider veb studiyası  tərəfindən hazırlanmışdır