Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutunun (AZSTAND) nümayəndəsi İtaliya Respublikasında keçirilən Beynəlxalq Standartlaşdırma Təşkilatının (ISO) ISO/TK 136 “Furniture” (Mebel) Texniki Komitəsinin plenar iclasında və işçi qruplarının görüşlərində iştirak edib.
Tədbir çərçivəsində ISO/TK 136 Texniki Komitənin Oturacaqlar və kreslolar üçün sınaq metodları (WG-1), Çarpayılar üçün sınaq metodları (WG-4), Uşaq və körpə mebelləri (WG-6), Mebel səthləri üçün sınaq metodları (WG-8) işçi qruplarının iclasları keçirilib.
İclaslarda mebel məhsullarının sınaq metodları, təhlükəsizlik tələbləri, performans göstəriciləri, eləcə də müvafiq beynəlxalq standartların hazırlanması və yenilənməsi ilə bağlı məsələlər ətrafında müzakirələr aparılıb.
Oturacaqlar və kreslolar üçün sınaq metodları işçi qrupunun (WG-1) praktiki seminarı çərçivəsində mebel məhsullarının sınaq prosesləri əyani şəkildə nümayiş etdirilib. Həmçinin mebel məhsullarının müxtəlif yüklənmə və istismar şəraitində davranışını qiymətləndirən xüsusi sınaq avadanlıqlarının fəaliyyəti təqdim edilib. Bundan əlavə, iştirakçılara mebel məhsullarının sınaqlarının aparıldığı laboratoriyalarla tanış olmaq imkanı yaradılıb.
ISO/TK 136 Texniki Komitənin plenar iclasında işçi qruplarının fəaliyyəti üzrə hesabatlar dinlənilib, komitə tərəfindən hazırlanan standart layihələri müzakirə olunub və gələcək fəaliyyət istiqamətləri müəyyənləşdirilib.
Qeyd: ISO/TK 136 “Furniture” (Mebel) - beynəlxalq standartlaşdırma üzrə texniki komitə mebel sahəsində terminlər və təriflərin, performans, təhlükəsizlik və ölçü tələblərinin, müəyyən komponentlər üçün tələblərin, eləcə də sınaq metodlarının işlənib hazırlanması və standartlaşdırılması fəaliyyətini həyata keçirir.



