Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTAND) tərəfindən təsis edilən “Maşınqayırma, mexaniki və hidravlik sistemlər” standartlaşdırma üzrə Texniki Komitənin (AZSTAND/TK 56) növbəti iclası keçirilib.
İclasda AZSTAND nümayəndələri ilə yanaşı, Kənd Təsərrüfatı Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Azərbaycan Texniki Universiteti, “BakuBus” MMC, “Bakı Gəmiqayırma Zavodu” MMC, “Azərbaycan Hava Yolları” QSC, “Bakı Metropoliteni” QSC, “Suraxanı Maşınqayırma Zavodu” ASC və “Azneftkimyamaş-Balaxanı Maşınqayırma Zavodu” ASC-nin təmsilçiləri iştirak ediblər.
İclas zamanı “Maşın və avadanlıqların təhlükəsizliyi haqqında” texniki reqlamentin əsas tələblərinin təmin edilməsi məqsədilə istinad standartları kimi istifadəsi nəzərdə tutulan 70 yeni dövlət standartı layihəsinin müzakirəsi aparılıb. Müzakirələr zamanı standart layihələri üzrə rəy və təkliflər dinlənilib, sənədlərin təkmilləşdirilməsi məsələləri nəzərdən keçirilib.
Yekunda sözügedən standart layihələrinin qəbulu məqsədilə AZSTAND-a təqdim edilməsi ilə bağlı müvafiq qərar verilib.
Qeyd edək ki, “Maşınqayırma, mexaniki və hidravlik sistemlər” standartlaşdırma üzrə Texniki Komitə AZSTAND-ın nəzdində yaradılıb. AZSTAND/TK 56-nın yaradılmasında əsas məqsəd maşınqayırma, mexaniki və hidravlik sistemlər sahəsində məhsulların və proseslərin keyfiyyətinin, təhlükəsizliyinin və etibarlılığının artırılması, eləcə də müvafiq istiqamətdə dövlət, ilkin, beynəlxalq, regional və dövlətlərarası standartların hazırlanmasında maraqlı tərəflərin fəal iştirakının təmin edilməsidir.
