Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutunun (AZSTAND) təşkilatçılığı ilə ISO 50001:2018 “Enerji menecment sistemləri - Tələblər və istifadə üzrə rəhbəredici göstərişlər” beynəlxalq standartı əsasında daxili auditor təlimi keçiriləcək.
Təlimin əsas məqsədi iştirakçıları beynəlxalq standartın tələbləri ilə tanış etmək, təşkilatlarda enerji menecment sisteminin qurulması, tətbiqi, monitorinqi və davamlı təkmilləşdirilməsi üzrə bilik və bacarıqların formalaşdırılmasını təmin etməkdir.
ISO 50001:2018 standartı üzrə təlim 29-30 iyun və 1 iyul 2026-cı il tarixlərində enerji menecment sistemləri sahəsində beynəlxalq təcrübəyə malik təlimçi Halil Çelik tərəfindən online formatda keçiriləcək.
Təlim çərçivəsində iştirakçılara enerji siyasəti, enerji planlaşdırılması, enerji performansının qiymətləndirilməsi, risk və imkanların idarə olunması istiqamətində həyata keçirilən tədbirlər, həmçinin standartın təşkilatlarda tətbiqi prosesində qarşıya çıxan əsas məsələlər və onların həlli mexanizmləri barədə ətraflı məlumat veriləcək.
Bununla yanaşı, beynəlxalq standartın əsas prinsipləri, struktur tələbləri və praktiki tətbiq mexanizmləri üzrə real təcrübələrə əsaslanan müzakirələr aparılacaq, iştirakçılarla fikir mübadiləsi həyata keçiriləcək.
Təlimin sonunda mövzu üzrə imtahan təşkil ediləcək, imtahandan müvəffəqiyyətlə keçən iştirakçılara beynəlxalq IRCA (International Register of Certificated Auditors) təsdiqli daxili auditor sertifikatı təqdim ediləcək.
Qeydiyyat üçün əlaqəli şəxs:
İdarəetmə sistemləri və personalın sertifikatlaşdırılması şöbəsinin Təlim-tədris sektorunun müdiri – Züriyyə Haqverdiyeva
Tel: (+994 12) 514 96 03 (dax: 115)
Mob: (+994 55) 201 18 60
E-mail: z.hagverdiyeva@azstand.gov.az
