ŞRİFTİN ÖLÇÜSÜ
A
A
A
ŞRİFTİN NÖVÜ
Poppins
Serif
RƏNGİN TƏSVİRİ

2026-2028-ci illər üzrə milli standartlaşdırma proqramı

“Standartlaşdırma haqqında” Azərbaycan Respublikasının Qanununun 6-cı maddəsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il 27 may tarixli 285 nömrəli Qərarı ilə təsdiq edilmiş “Milli standartlaşdırma proqramının formalaşdırılması və onda dəyişiklik edilməsi Qaydası”na (bundan sonra - Qayda) əsasən dövlət standartlarının hazırlanması işləri milli standartlaşdırma qurumu tərəfindən formalaşdırılan, təsdiq edilən və nəşr edilən üçillik milli standartlaşdırma proqramı - “2026-2028-ci illər üzrə milli standartlaşdırma proqramı” (bundan sonra – Proqram) əsasında həyata keçiriləcəkdir.

Ölkənin standartlaşdırma fəaliyyətlərinin istiqamətini müəyyən edən Proqram iqtisadiyyatın bütün sferalarında müasir texnologiyaların və həllərin tətbiqinə nail olan, təhlükəsiz və keyfiyyətli (rəqabətqabiliyyətli) mal və xidmətlərin istehsalını təmin edən yeni standartların işlənib hazırlanmasını ehtiva edir.

Proqramın layihəsi qanunvericilik aktlarının tələblərinə əsasən ölkədə sosial-iqtisadi inkişafın əsas istiqamətləri, texniki reqlamentlərin əsas tələblərinin yerinə yetirilməsini təmin etmək məqsədilə qəbulu nəzərdə tutulan istinad standartları, müvafiq normativ hüquqi aktlarından irəli gələn tələblər, standartlaşdırma üzrə texniki komitələrin iş planları və ölkənin üzvü olduğu beynəlxalq və regional standartlaşdırma təşkilatları tərəfindən qəbul edilmiş standartlar əsasında dövlət standartlarının qəbulunun zərurəti, müasir elmi-texniki araşdırmaların nəticələri, həmçinin aidiyyəti dövlət orqanlarının və maraqlı təşkilatların təklifləri nəzərə alınmaqla İnstitut tərəfindən formalaşdırılmışdır.

İnstitut tərəfindən Proqrama daxil edilməsi və qəbulu üçün müvafiq təkliflərin təqdim edilməsi ilə bağlı 50-dən çox dövlət və özəl qurumlara, assosiasiyalara və mövcud standartlaşdırma üzrə Texniki Komitələrə məktublarla müraciət olunmuş, daxil olan rəy və təkliflər əsasında Proqramın yekun layihəsi hazırlanmışdır.

Qaydanın 3.4-cü bəndinə uyğun olaraq Proqram İnstitut tərəfindən 11.12.2025-ci il tarixli AZSTAND/Q-209/2025 nömrəli Qərar ilə təsdiq edilmişdir.

Qaydanın 4-cü bəndinə uyğun olaraq il ərzində bu Qaydanın 2.2-ci bəndində qeyd edilmiş əsaslar üzrə yeni standartın qəbul olunmasının aktuallığını və ya mövcud Proqramda dəyişiklik edilməsini əsaslandırmaqla daxil olmuş təkliflər nəzərə alınmaqla Proqramda müvafiq dəyişikliklər həyata keçirilmişdir.

2026-2028-ci illər üzrə nəzərdə tutulan Proqrama edilən dəyişikliklər nəzərə alınmaqla beynəlxalq standartlara harmonizə olunmaqla işlənib hazırlanacaq  ümumilikdə 3922 normativ sənəd daxildir.

Bu normativ sənədlər xidmətlər, turizm, əyləncə və idman, ətraf mühit, əməyin mühafizəsi və təhlükəsizlik, metrologiya və sınaqlar, mexaniki və hidravlik sistemlər və komponentlər, energetika və elektrotexnika, informasiya texnologiyaları və telekommunikasiya, zərgərlik məmulatları, nəqliyyat və nəqliyyat infrastrukturu, qablaşdırma, tekstil və dəri texnologiyası, qida və kənd təsərrüfatı, kimya texnologiyası, minerallar və dağ-mədən sənayesi, neft və əlaqəli texnologiyalar, metallurgiya və maşınqayırma, taxta və mebel texnologiyası, şüşə və keramika sənayesi, rezin və plastik sənayesi, kağız və karton, lak-boya və əlvan boya sənayesi, inşaat materialları tikinti və mülki mühəndislik, keyfiyyət və idarəetmə sistemləri, uşaq malları, nəşriyyat işi və digər sahələri əhatə edir. Bu standarların 42 mövcud və yeni yaradılacaq texniki komitələrdə işlənilməsi nəzərdə tutulur.

Yeni standartlar vətəndaşların həyat və sağlamlığının, əmlakının və dövlət əmlakının qorunmasını, ətraf mühitin mühafizəsini, ölkənin iqtisadi və ekoloji təhlükəsizliyinin təmin edilməsini, iqtisadiyyatın inkişafının stimullaşdırılmasını, ölkədə istehsal olunan məhsulların rəqabətqabiliyyətliliyinin və istehlakçı məmnunluğunun artırılmasını, yerli məhsulların (işlərin, xidmətlərin) keyfiyyətinin yüksəldilməsini təmin edən yeni normativ sənədlərin işlənib hazırlanmasına və qəbuluna şərait yaradacaqdır.

Aşağıda illər və sahələr üzrə təsdiq olunması nəzərdə tutulan dövlət standartlarının sayı göstərilmişdir:

İllər üzrə:

•        2026 – 1056

•        2027 - 1397

•        2028 – 1469

Sahələr üzrə qəbul olunacaq standartlar:

•      Xidmətlər, turizm, əyləncə və idman - 72

•      Ətraf mühit. Əməyin mühafizəsi və təhlükəsizlik - 532

•      Metrologiya və sınaqlar - 70

•      Mexaniki və hidravlik sistemlər və komponentlər - 442

•      Energetika və elektrotexnika - 244

•      İnformasiya texnologiyaları və telekommunikasiya - 82

•      Zərgərlik məmulatları - 10

•      Nəqliyyat və nəqliyyat infrastrukturu - 276

•      Qablaşdırma - 107

•      Tekstil və dəri texnologiyası - 333

•      Qida və kənd təsərrüfatı - 316

•      Kimya texnologiyası - 91

•      Minerallar və dağ-mədən sənayesi - 84

•      Neft və əlaqəli texnologiyalar - 338

•      Metallurgiya və maşınqayırma - 267

•      Taxta və mebel texnologiyası - 97

•      Şüşə və keramika sənayesi - 14

•      Rezin və plastik sənayesi - 18

•      Kağız və karton - 8

•      Lak-boya və əlvan boya sənayesi - 53

•      İnşaat materialları tikinti və mülki mühəndislik - 292

•      Keyfiyyət və idarəetmə sistemləri - 59

•      Uşaq malları - 52

•      Nəşriyyat işi – 8

•      Digər - 57

“2026-2028-ci illər üzrə milli standartlaşdırma proqramı”nın mətni ilə aşağıdakı link vasitəsilə tanış ola bilərsiniz:

2026-2028-Cİ İLLƏR ÜZRƏ MİLLİ STANDARTLAŞDIRMA PROQRAMI

2026-2028-Cİ İLLƏR ÜZRƏ MİLLİ STANDARTLAŞDIRMA PROQRAMINA 1 SAYLI DƏYİŞİKLİK

 

 

Beynəlxalq əməkdaşlıq