Çap et
Xəbər arxivi
03.11.2017

Azərbaycan Patent və Əmtəə Nişanları Mərkəzi ilə Rusiya Dövlət Əqli Mülkiyyət Akademiyası arasında əməkdaşlıq haqqında saziş imzalanıb - FOTO 

Noyabrın 2-də Patent və Əmtəə Nişanları Mərkəzində Rusiyanın Ali Təhsilin Federal Dövlət Büdcə Təhsil Müəssisəsi "Rusiya Dövlət Əqli Mülkiyyət Akademiyası"nın rektoru İvan Blizneslə görüş keçirilib.

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi sədrinin müavini Niyazi Rəhimov Azərbaycanda patent hüququ obyektlərinin mühafizəsi sahəsində həyata keçirilən islahatlar haqqında məlumat verib. Bildirib ki, Prezident İlham Əliyevin 10 fevral 2017-ci il tarixli Fərmanına əsasən patent sistemində idarəetmənin beynəlxalq tələblərə uyğunlaşdırılması məqsədilə komitə tərəfindən “Patent və Əmtəə Nişanları Mərkəzi” publik hüquqi şəxs təsis edilib. Azərbaycanda qeyri-neft ixrac potensialının gücləndirilməsi, “Made in Azerbaijan” brendinin təşviqi istiqamətində ardıcıl islahatlar aparıldığını deyən N.Rəhimov yeni yaradılmış qurumun fəaliyyətinin bu sahədə mühüm olduğunu qeyd edib. O, əqli mülkiyyət sahəsində ölkələr arasında mövcud olan əməkdaşlıq münasibətlərinin inkişaf etdiyini də qonağın diqqətinə çatdırıb.

Rusiya Dövlət Əqli Mülkiyyət Akademiyasının rektoru İvan Bliznes də Azərbaycanın əqli mülkiyyət sahəsində mühüm nailiyyətlər qazandığını, patent sisteminin inkişafında qarşılıqlı əməkdaşlığın davam edəcəyini vurğulayıb.

Sonra Azərbaycan Patent və Əmtəə Nişanları Mərkəzi və Rusiya Dövlət Əqli Mülkiyyət Akademiyası arasında əməkdaşlıq haqqında saziş imzalanıb. Sazişi Patent və Əmtəə Nişanları Mərkəzinin baş direktoru v.i.e. Günel Sevdimalıyeva və Rusiya Dövlət Əqli Mülkiyyət Akademiyasının rektoru İvan Bliznes imzalayıblar.

Sazişdə tərəflər arasında əməkdaşlığın həyata keçirilməsi, elmi-praktiki fəaliyyətin əsas istiqamətlərinə həsr olunan simpozium, konfrans, seminarların təşkili, birgə layihə, proqramların icrası, kadr mübadiləsi, informasiya dəstəyinin göstərilməsi, birgə materialların nəşri, həmçinin mərkəzdə akademiyanın tələbələrinin təcrübə keçmələrinə şəraitin yaradılması nəzərdə tutulub.  

Akademiyanın rektoru İvan Bliznes Patent və Əmtəə Nişanları Mərkəzində mütəxəssislər üçün yaradılan şəraitlə tanış olub, onların suallarını cavablandırıb.