Çap et
Xəbər arxivi
13.10.2017

14 oktyabr Beynəlxalq Standartlaşdırma Günüdür 

Bu ilin devizi: “Standartlar şəhərləri daha dayanıqlı edir” 

14 oktyabr 1946-cı il tarixində 25 ölkənin nümayəndəsi standartlaşdırma üzrə milli qurumların fəaliyyət güclərinin birləşdirilməsi və işlərinin koordinasiyasını həyata keçirmək üçün yeni təşkilatın yaradılması məqsədilə Böyük Britaniyanın London şəhərinə toplaşıb. Beynəlxalq Standartlaşdırma Təşkilatı (İSO) isə rəsmi olaraq bir il sonra fəaliyyətə başlayıb. Bu günün standartlaşdırma günü kimi qeyd edilməsi isə İSO-nun prezidenti Faruk Sunterin (Türkiyə) təşəbbüsü ilə 1970-ci ildən qərara alınıb. Həmin dövrdən bu gün bütün standartlaşdırma üzrə digər qlobal təşkilatlar tərəfindən də qeyd edlir. İSO-ya üzv ölkələrdən başqa Beynəlxalq Elektrotexniki Komisiya (İEC), Beynəlxalq Telekommunikasiya Birliyi (İTU) və başqa təşkilatlar da bu günün qeyd edilməsinə xüsusi önəm verirlər.

İqtisadiyyatın inkişafında standartlaşdırmanın rolu ildən ilə artmaqdadır. Standartlaşdırmanın əsas məqsədləri istehsalın effektivliyinin artırılması, istehlakçılara çatdırılan mal, məhsul və xidmətlərin keyfiyyətinin yüksəldilməsi, insan sağlamlığının qorunması istiqamətində təhlükəsizlik normalarının daha da təkmilləşdirilməsi, ətraf mühitin qorunması, Ümumdünya Ticarət Təşkilatına üzvlük çərçivəsində tələblərdən biri olan Ticarətdə Texniki Maneələrin aradan qaldırılmasına yardımçı olan standartların yaradılması və s.dən ibarətdir.

Müasir dövrdə dünya şəhərlərinin təlabatlarına uyğun içməli su, ekoloji cəhətdən təmiz enerji ilə təmin edilməsi, şəhər daxilində səmərəli nəqliyyat infrastrukturunun yaradılması və digər məsələlər şəhərlərin daha “ağıllı” (smarter) və dayanıqlı olmasını tələb edir. Lakin hər bir şəhər fərqli xüsusiyyətlərə malik olduğu üçün sözügedən məsələlərin təmin olunması fərqli həll yolları ilə icra olunur. Bu istiqamətdə beynəlxalq standartlar hər bir şəhərin xüsusiyyətlərinə uyğun hazırlanmış xüsusi həll yollarının inkişafını dəstəkləyir. Bu baxımdan beynəlxalq standartlaşdırma təşkilatları 14 oktyabr 2017-ci ili “Standartlar şəhərləri daha dayanıqlı edir” devizi ilə ifadə edib.

Hazırda Azərbaycan iqtisadiyyatının davamlı inkişafının təmin edilməsi iqtisadi diversifikasiya, ölkədə istehsal olunan qeyri-neft məhsullarının beynəlxalq ticarətdə sərbəst dövriyyəsinin təmin edilməsi və onların rəqabətqabiliyyətliliyinin artırılması, idxal-ixrac əməliyyatlarının sadələşdirilməsi istiqamətində tədbirlərin görülməsini aktual edir. Bu tədbirlər standartlaşdırmanın hüquqi bazasının müasir tələblərə uyğun formalaşdırılmasından başlayaraq milli standartların beynəlxalq və Avropa standartlarına uyğunlaşdırlması ilə bağlı  müvafiq tədbirlər planının qəbul edilməsinədək kompleks prosesleri əhatə edir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən aparılan məqsədyönlü siyasətin tərkib hissəsi olaraq Azərbaycanda keyfiyyət infrastukturunun bütün sahələrində geniş islahatlar aparılır. Bu islahatlar çərçivəsində “Standartlaşdırma, metrologiya, akkreditasiya və patent hüququ obyektlərinin mühafizəsi sahələrində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-cil tarixli 1234 saylı Fərmanı keyfiyyət infrastrukturunun inkişafında mühüm əhəmiyyət kəsb edir.

Sözügedən Fərmanın icrası ilə əlaqədar görülmüş işlərdən biri də Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən standartların hazırlanmasını, tətbiqini, bu sahədə beynəlxalq təşkilatlarda təmsilçiliyi, habelə standartların tətbiqi ilə bağlı əlaqəli xidmətləri həyata keçirən “Azərbaycan Standartlaşdırma İnstitutu” publik hüquqi şəxsinin yaradılmasıdır.

Azərbaycan Standartlaşdırma İnstitutu respublikanın beynəlxalq və regional təşkilatlarda milli standartlaşdırma qurumu kimi təmsil edir və ölkə ərazisində standartlaşdırma siyasətini həyata keçirir.

Azərbaycan Standartlaşdırma İnstitutu yerli istehsal məhsullarının keyfiyyət və  təhlükəsizliyinin təmin edilməsi məqsədilə ölkəmizdə qüvvədə olan standartları mütəmadi olaraq təkmilləşdirərək beynəlxalq, Avropa və qabaqcıl ölkələrin norma və standartlarına  uyğunlaşdırır. Hazırda Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Texniki Normativ Hüquqi Aktların Dövlət Fondunda 20 mindən çox dövlətlərarası və 966 milli standart mövcuddur. Milli standartların 40%-i beynəlxalq və Avropa standartlarına harmonizə edilib. Azərbaycan Respublikasının milli standartları uyğunluğun qiymətləndirilməsi və idarəetmə sistemləri, neft və kimya sənayesi, aqrar və qida sənayesi, tikinti materialları, xidmət sənayesi və digər sahələri əhatə edir.

Milli standartlaşdırma sisteminin işində özəl sektorun daha da aktiv iştirakının təmin edilməsi və ölkədə istehsal olunan məhsulların, göstərilən xidmətlərin  rəqabət qabiliyyətinin artırılması məqsədilə Azərbaycanda artıq 13 texniki komitə fəaliyyət göstərir. Bunlar yeyinti və kənd təsərrüfatı məhsulları, informasiya-kommunikasiya texnologiyaları, turizm və yerdəyişmə vasitələrinin xidmətləri, qida məhsulları, metrologiya, akkreditasiya sahəsində standartlaşdırma, ekologiya, tikinti materialları, məmulatları və konstruksiyaları, mebel sənayesi məhsulları, sənaye məhsulları, neft-qaz hasilatı texnologiyası və neft emalı, alternativ və bərpa olunan enerji və enerji səmərəliliyi və yol nəqliyyatının standartlaşdırılması sahələrini əhatə edir. Texniki komitələrin işində dövlət, qeyri-dövlət təşkilatları və özəl şirkətlərin nümayəndələri yaxından iştirak edirlər.

Standartlaşdırma sahəsində Azərbaycan Beynəlxalq Standartlaşdırma Təşkilatı (İSO), Avropa Standartlaşdırma Komitəsi (CEN), MDB-nin Standartlaşdırma, Metrologiya və Sertifikatlaşdırma üzrə Dövlətlərarası Şura (МГС), Bölgələrarası Standartlaşdırma Bürosu (BASB), İqtisadi Əməkdaşlıq Təşkilatı (ECO), Beynəlxalq Elektrotexnika Komissiyası (İEC), İslam ölkələrinin Standartlar və Metrologiya İnstitutu (SMİİC) kimi standartlaşdırma üzrə ixtisaslaşmış nüfuzlu beynəlxalq təşkilatlarda təmsil olunur.

Hazırda Azərbaycan Standartlaşdırma İnstitutu yanında standartlaşdırma və texniki tənzimləmə üzrə Texniki Şuranın yaradılmasına başlanılıb. Standartlaşdırma və texniki tənzimləmə üzrə Texniki Şura Azərbaycan Standartlaşdırma İnstitutu yanında fəaliyyət göstərən, milli standartlaşdırma və texniki tənzimləmə sahəsində fəaliyyətin əsas prioritetlərini müəyyən edən, onların həyata keçirilməsini təşkil və koordinasiya edən məşvərətçi orqandır. Şuranın əsas məqsədi – milli standartlaşdırma sisteminin beynəlxalq və regional standartlaşdırmanın əsaslandığı prinsiplər və yanaşmalar əsasında inkişaf etdirilməsidir.