Çap et
Xəbər arxivi
30.05.2017

Ənənəvi biliklər və coğrafi göstəricilərin əqli mülkiyyət hüququ obyekti kimi qorunması ilə bağlı beynəlxalq seminar keçirilir - FOTO

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi (SMPDK), Patent və Əmtəə Nişanları Mərkəzi (AzPatent) və Ümumdünya Əqli Mülkiyyət Təşkilatının (ÜƏMT) birgə təşkilatçılığı ilə mayın 30-da “Əqli mülkiyyət və ənənəvi biliklər” və “Coğrafi göstəricilər və mənşə yerinə əsaslanan fərqlənmə nişanlarının digər qorunma üsulları” mövzusunda 2 günlük beynəlxalq seminar öz işinə başlayıb.

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi sədrinin müavini Niyazi Rəhimov bildirib ki, ölkəmizdə qeyri-neft ixrac potensialının gücləndirilməsi, “Made in Azerbaijan” brendinin xarici ölkələrdə təşviqi və yerli məhsulların rəqabət qabiliyətliliyinin artırılması istiqamətində əqli mülkiyyət sahəsinin xüsusi rolu var. Patent sisteminin inkişafına nail olmaqla innovativ həllərin sənayedə tətbiqi imkanlarının artdığını deyən Niyazi Rəhimov bu məqsədlə ölkə başçısı İlham Əliyev tərəfindən ardıcıl islahatların aparıldığını xüsusi vurğulayıb. Qeyri-neft sektorunun inkişafına yönələn məqsədyönlü iqtisadi-siyasi kurs müasir təcrübələrə və insan kapitalına əsaslanan innovativ iqtisadiyyatın inkişafına xidmət edir. Onun sözlərinə görə, hüquqi dövlət quruculuğu nəticəsində ölkəmizdə əqli mülkiyyət hüquqlarının qorunması və effektiv idarə olunması üçün müasir hüquqi-normativ baza yaradılmış, texnologiyalar üzərində müstəsna hüquq sahibləri və sənaye arasında münasibətlərin tənzimlənməsi, bununla da innovasiyaların sənayedə daha da geniş tətbiq edilməsi üçün bütün lazımi hüquqi şərait yaradılmışdır.

Komitə və ÜƏMT tərəfindən mütəmadi olaraq əqli mülkiyyət hüquqları mövzularına həsr olunan tədbirlərin təşkil edildiyini deyən Niyazi Rəhimov əlavə edib ki, bugünki tədbir də müasir  əqli mülkiyyət hüquqları sistemində gündəmdə olan və aktuallığı ilə seçilən ənənəvi biliklərin, cöğrafi göstəricilərin əqli mülkiyyət obyekti olaraq qorunması və idarə olunması mövzusuna həsr olunub. Bu sahədə beynəlxalq hüquqi mexanizmlərin işlənib hazırlanması məqsədi ilə ÜƏMT çərçivəsində ənənəvi biliklər, genetik resurslar və folklor üzrə hökumətlərarası komitə fəaliyyət göstərir. Niyazi Rəhimov yaxın vaxtlarda bu komitənin işi nəticəsində yaradılacaq hüquqi həllərin ənənəvi biliklərin tətbiqinin geniş təşviqinə, eyni zamanda erməni saxtakarlığı kimi təhlükələrdən qorunmağa, dünya xalqları arasında daha sıx əməkdaşlıq və biliklər mübadiləsinə xidmət göstərəcəyinə əminliyini ifadə edib.

Müasir dövrdə iqtisadiyyatın müvəffəqiyyətinin sənayenin və xidmət sahələrinin ixrac və rəqabət qabiliyyətliliyi ilə səciyyələndiyini qeyd edən komitə rəsmisi deyib ki, ənənəvi biliklər və cöğrafi göstəricilərin şamil olunduğu məhsulların inkişaf etmiş və perspektivli istehlak bazarlarında uğur qazandığını görmək olar: “Azərbaycanın bu sahədə geniş potensiala malik olduğuna diqqət yetirmək lazımdır. Ölkəmizin ərazisində müxtəlif klimatik zonaların mövcudluğu, bitkiçilik, heyvandarlıq, şərabçılıq məhsullarının, içməli su və ya səhiyyə təyinatlı təbii şəraitin mənşə yerləri ilə əlaqədar fərqli, təkrar olunmaz xüsusiyyətlərə malik olması və ya müxtəlif bölgələrdə yaşayan icmaların ənənəvi biliklərinə uyğun hazırlanan özünəməxsus məhsullara – istər kulinariya, istər xalçaçılıq və sairə baxdıqda, bu sahədə xidmətlərin inkişafı, sənaye həcmli istehsalın və inkişaf etmiş xarici istehlak bazarlarına ixracın perspektivlərini görmək mümkündür. Bu baxımdan qeyd olunan sahələrdə müasir hüquqi mühafizə sisteminin təmin olunması, beynəlxalq əməkdaşlığın möhkəmləndirilməsi və təcrübə mübadiləsinin, ictimai məlumatlılığın artırılmasının əhəmiyyəti artmaqdadır”.

ÜƏMT-nin Qafqaz, Orta Asiya və Şərqi Avropa ölkələri bölməsinin departament direktoru İlya Qribkov isə bildirib ki, Azərbaycanda innovativ iqtisadiyyatın inkişafı istiqamətində aparılan islahatlar beynəlxalq təşkilatlar tərəfindən yüksək qiymətləndirilir. Əqli mülkiyyət hüquqlarının mühafizəsi, patent sisteminin inkişafı Azərbaycanda texnologiyaların sənayeyə ötürülməsi imkanlarının genişləndirir. Keçirilən seminarın mövzularının aktuallıq kəsb etdiyini qeyd edən qonaq bundan sonra da ÜƏMT tərəfindən Azərbaycana lazımi dəstəyin göstəriləcəyinə əminliyini ifadə edib.

Sonra seminar məruzələrlə davam etdirilib. ÜƏMT-nin Qlobal əqli mülkiyyət məsələləri şöbəsinin nümayəndəsi Şahel Batti “Əqli mükiyyət, ənənəvi bilik və  ənənəvi mədəni  nümunələr”, Böyük Britaniyanın London Kraliça Mary Universitetinin prosefforu Qeyl Evans “Əqli mükiyyət, ənənəvi biliklər və fərqlənmə nişanlarının qorunması” və “Avropa ölkələrində fərqlənmə nişanları vasitəsilə ənənəvi biliklərin praktiki qorunması” mövzularında çıxış ediblər. “Ənənəvi biliklərin və ənənəvi  mədəni nümunələrin qorunması sahəsində Azərbaycanın təcrübəsi” də seminar iştirakçılarına çatdırılıb.

Mayın 31-də isə “Coğrafi göstəricilər və mənşə yerinə əsaslanan fərqlənmə nişanlarının digər qorunma üsulları” mövzusunda keçiriləcək seminarda ÜƏMT-nin Brendlər və sənaye nümunələri bölməsinin mütəxəssisi Florens Rojalın “Coğrafi göstəricilər və mənşə  adları:  Mənşə yerlərinin və coğrafi göstəricilərin beynəlxalq qorunmasına dair Lissabon sisteminə baxış”, London Kraliça Mary Universitetinin prosefforu Qeyl Evansın “Mənşə yerinə əsaslanan fərqlənmə nişanlarının qorunmasının digər üsulları: Əmtəə nişanları sistemi və digər hüquqi qorunma vasitələri” mövzusunda məruzələri olacaq. Bu sessiyada “Azərbaycanın mənşə yerinə əsaslanan məhsullarının təqdimatı: mühafizə, kommersiyalaşdırma strategiyaları və carı problemlər” də müzakirə olunacaq.

Seminar çərçivəsində Azərbaycana məxsus ənənəvi biliklər və coğrafi göstəricilərin istifadə olunduğu yerli məhsulların geniş sərgisi təşkil olunub. Sərgidə 20-dək şirkətin məhsulları nümayiş olunub. Məhsullar Azərbaycana məxsus ənənəvi bilikləri və coğrafi adları özündə əks etdirən milli nemətlərdir. Bunlara misal olaraq, şirniyyat məhsulları, içkilər, mineral sular, xalçalar və kəlağayılar, kənd təsərrüfatı məhsulları və b. göstərmək olar.