Çap et
Xəbər arxivi
07.04.2017

“Avanqard CXM” MMC-də aparılan inspeksiya nəzarəti nəticəsində aşkar olunan nöqsanlara görə akkreditasiya attestatının qüvvədə olma müddəti dayandırılmışdır

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanında Dövlət Akkreditasiya Xidməti tərəfindən “Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən “Avanqard CXM” MMC-nin Çənlərin dərəcələnməsi laboratoriyasında 3 aprel 2017-ci il tarixində inspeksiya nəzarəti həyata keçirilmişdir.

İnspeksiya nəzarəti zamanı orqanın AZS İSO/İEC 17025-2008 “Sınaq və kalibrləmə laboratoriyalarının səlahiyyətliyinə ümumi tələblər” standartının tələblərinə uyğunluğu qiymətləndirilmiş və bir sıra nöqsanlar aşkar edilmişdir. Belə ki, “Avanqard CXM” MMC-nin Çənlərin dərəcələnməsi laboratoriyasında idarəetmə sisteminin mövcud olmadığı müəyyən edilmiş, laboratoriya tərəfindən aparılan dərəcələnmə işlərində istifadə edilən ölçmə vasitələrinə və avadanlıqlara aid şəhadətnamələrin qüvvədə olma müddətinin bitdiyi aşkarlanmışdır.

İnspeksiya nəzarətinin nəticəsində Dövlət Akkreditasiya Xidməti tərəfindən “Avanqard CXM” MMC-nin Çənlərin dərəcələnməsi laboratoriyasın akkreditasiya attestatlarının  qüvvədə olma müddətinin dayandırılması və aşkar edilmiş nöqsanların aradan qaldırılması barədə qərar qəbul edilmişdir.