Çap et
Xəbər arxivi
10.02.2017

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin əməkdaşı Malayziyada keçirilən təlimlərdə birincilik qazanıb - FOTO

Kuala-Lumpur və Malakka şəhərlərində Malayziya Texniki Əməkdaşlıq proqramı (MTCP) çərçivəsində keçirilmiş təlimlərdə Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin Azərbaycan Standartlaşdırma və Sertifikatlaşdırma İnstitutunun əməkdaşı Günel Məmmədova İdarəetmə Elmləri üzrə Asiya İnstitutunun (Asian İnstitute of Management Science) “akademik konsulluğun peşəkar diplomu” ilə təltif olunub. 12 xarici ölkədən gəlmiş 15 iştirakçı arasında ən yaxşı nəticə göstərmiş komitə əməkdaşının şərəfinə Azərbaycanın Dövlət himni səsləndirilib.

“Keyfiyyətin idarəedilməsi üzrə peşəkar diplom” təlim proqramında ölkəmiz ilk dəfə iştirak edib. 6 moduldan ibarət olan təlim proqramı Birləşmiş Krallığın Menecment Ekspertləri İnstitutunun (Institute of Management Specialist, UK) proqramına uyğun hazırlanıb. Təlimin modulları keyfiyyətin idarəedilməsinin əsas prinsipləri və fəlsəfəsi, keyfiyyətin idarəedilməsi sistemləri, keyfiyyəti ölçmə vasitələri və metodları, keyfiyyətin planlaşdırılması və tətbiqi və s. bu kimi məsələləri əhatə edib. Təlim müddətində iştirakçılar Malayziyada bir neçə dövlət orqanında keyfiyyəti idarəetmə sisteminin tətbiqi ilə yaxından tanış olublar.

Təlimin sonunda keçirilmiş imtahanda yüksək nəticə göstərmiş G.Məmmədova ümumi bilik səviyyəsi və fəallığına görə də digər iştirakçılardan fərqlənərək “peşəkar diplom” və sertifikatlarla təltif olunub.