Çap et
Xəbər arxivi
18.01.2017

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsində
20 yanvar faciəsinin 27-ci ildönümünə həsr olunmuş tədbir keçirilmişdir - FOTO

18 yanvar 2017-ci il tarixində Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsində 20 yanvar faciəsinin 27-ci ildönümünə həsr olunmuş tədbir keçirilib. Şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib.

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin Aparat rəhbəri Arif Əşrəfov çıxış edərək 20 yanvar 1990-cı ilin Azərbaycanın müasir tarixinə ən faciəli günlərdən biri, eyni zamanda, xalqımızın qəhrəmanlıq səhifəsi kimi daxil olduğunu, bu tarixin dünyanın hər yerində Azərbaycanın azadlığı və suverenliyi uğrunda mübarizənin simvolu kimi qeyd olunduğunu bildirib. Onun sözlərinə görə, M.Qorbaçov başda olmaqla, SSRİ rəhbərliyinin Azərbaycana qarşı qərəzli, ermənipərəst siyasətinə, torpaqlarımıza iddia edən Ermənistanın siyasətinin dəstəklənməsinə, o zamankı respublika rəhbərliyinin xəyanətkar mövqeyinə etiraz olaraq ayağa qalxmış xalqa qarşı sovet ordusunun hərbi birləşmələrinin yeridilməsi Bakıda faciəyə gətirib çıxarmış, böyük itkilərlə, günahsız insanların ölümü ilə nəticələnmişdir: “Ölkənin o dövrkü rəhbərlərinin cəsarətsizliyinin əksinə olaraq, həmin vaxt Moskvada yaşayan ümummilli lider Heydər Əliyev həyatını təhlükədə qoyaraq oradakı nümayəndəliyimizə gəldi, 20 yanvar qırğınını törədənləri pisləyən kəskin bəyanatla çıxış etdi. Məhz ulu öndər Heydər Əliyevin Azərbaycan rəhbərliyinə yenidən qayıdışından sonra 20 yanvar hadisələrinə siyasi-hüquqi qiymət verildi, cinayəti törədənlərin adları ictimaiyyətə çatdırıldı, 20 yanvar – Ümumxalq Hüzn Günü elan edildi”.

Aparatın rəhbəri Prezident İlham Əliyev tərəfindən 20 yanvar faciəsi zamanı həlak olmuş şəhidlərin ailələrinin, hadisələr zamanı sağlamlıqlarını itirərək əlil olmuş şəxslərin sosial müdafiəsinin gücləndirilməsi və dövlət qayğısının artırılması məqsədilə əməli tədbirlər görüldüyünü, bununla bağlı ölkə rəhbəri tərəfindən onlarla Fərman və Sərəncamın verildiyini diqqətə çatdırıb.

Sonra bir neçə şəhid ailəsindən olan Komitə əməkdaşları çıxış edərək vətənin azadlığı və suverenliyi uğrunda canından keçmiş şəhidlərin qəhrəmanlıq yolundan danışıblar. Çıxışçılar ölkə rəhbərliyi tərəfindən şəhid ailələrinin daim diqqət mərkəzində saxlanıldığını, sosial problemlərinin həllində dövlət dəstəyinin olduğunu söyləyib, hər kəsi ölkəmizin firavanlığı və xoş gələcəyi naminə dövlətçiliyimizin keşiyində durmağa çağırıblar. Tədbirdə digər çıxış edənlər də Azərbaycanın azadlığı və suverenliyi uğrunda həlak olmuş şəhidlərimizin əziz xatirəsini hər zaman ehtiramla yad edəcəklərini deyiblər.