Çap et
Xəbər arxivi
24.04.2015

26 Aprel Beynəlxalq Əqli Mülkiyyət günü münasibəti ilə “Azərbaycan 2020: Gələcəyə baxış: kreativlik, əqli mülkiyət və innovasiyalı inkişaf” mövzusunda konfrans keçirilib - FOTO - VIDEO

Cari ilin 24 aprel tarixində Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi, Müəllif Hüquqları Agentliyi və Azərbaycan Milli Elmlər Akademiyasının təşkilatçılığı ilə 26 Aprel Beynəlxalq Əqli Mülkiyyət günü münasibəti ilə “Azərbaycan 2020: Gələcəyə baxış: kreativlik, əqli mülkiyət və innovasiyalı inkişaf” mövzusunda konfrans keçirilib.

Konfransı giriş sözü ilə açan Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri Ramiz Həsənov ölkəmizdə son illərdə xüsusi ilə fərqlənən iqtisadi inkişaf templəri, yerli sənayenin və ticarətin dinamik inkişafı nəticəsində əqli mülkiyyətin iqtisadiyyatdakı rolunun artdığını bildirib. Komitə sədrinin sözlərinə görə, artıq əqli mülkiyyətin potensialı iqtisadi inkişafın mühüm alətinə çevrilir və Azərbaycanın sürətli iqtisadi inkişafına, investisiya axınına müsbət təsir göstərir. Ölkəmizdə ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulmuş hüquqi dövlət quruculuğu nəticəsində əqli mülkiyyət hüquqlarının qorunması və effektiv idarəolunması üçün müasir hüquqi-normativ baza yaradıldığını və nəticədə yeni texnologiyalar üzərində müstəsna hüquq sahibləri arasında münasibətlərin tənzimlənməsi, bununla da innovasiyaların sənayedə daha da geniş tətbiq edilməsi üçün bütün lazımi hüquqi şəraitin formalaşdığını deyən Ramiz Həsənov Prezident İlham Əliyev tərəfindən aparılan məqsədyönlü siyasətin  iqtisadi effektivliyə malik, müasir texnologiyalara və insan kapitalına əsaslanan iqtisadiyyatın daha da surətlə bərqərar olmasına xidmət etdiyini bildirmişdir. Sədrin sözlərinə görə, iqtisadiyyatı sürətlə inkişaf edən Azərbaycan üçün əqli mülkiyyətin vacib iqtisadi əhəmiyyəti şübhəsizdir. Əqli mülkiyyət potensialı hesabına elm və cəmiyyətin inkişafı üçün əlverişli şəraitin təmin edilməsi, əqli mülkiyyətin biliklərə əsaslanan iqtisadiyyatın inkişafında güclü vasitəyə çevrilməsi və rəqabət qabiliyyətli iqtisadiyyata dəstək verilməsinə və informasiya cəmiyyətinin inkişafı üçün əqli mülkiyyət potensialından geniş istifadə olunması da vacib əhəmiyyət daşıyır.

Komitə sədri bu sahədə yeni yanaşmaların meydana çıxdığını, biliklərə əsaslanan iqtisadiyyatın əsas məzmununun biznes mühitində elmi yeniliklərin istifadəsi olduğunu, yüksək texnologiyaların kommersiyalaşması, ixtiraçıların biznes mühitində yaxından iştirakını müasir dövrün çağırışlarından sayıldığını bildirib.

Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti Akif Əlizadə isə çıxışında beynəlxalq bazarlarda ixtisaslaşmaya üstünlük verən, istehsal texnologiyasını, innovasiya potensialını inkişaf etdirən və beləliklə, yüksək əlavə dəyər yaradan sahələri təşviq etməklə ölkələrin iqtisadiyyatının qlobal və regional səviyyədə rəqabətə davamlılığının artırılması imkanlarından danışmışdır. Belə bir zamanda elmi-tədqiqat fəaliyyəti göstərən təşkilatların və institutların göstərdikləri fəaliyyətin nəticələrini öncədən görmək və sənayedə reallaşdırmaq imkanlarını proqnoz etmək tələb olunur. Bu xüsusiyyət ixtiraçılar üçün ona görə lazımdır ki, əldə etdikləri hüquqdan, əqli mülkiyyət obyektindən istifadə edərək hər hansısa mal, məhsul istehsalı, iş və xidmətlərin göstərilməsi və nəticədə mənfəət əldə etmək üçün kommersiya təşkilatlarında maraq oyansın.

Müəllif Hüquqları Agentliyinin sədri Kamran İmanov əqli mülkiyyət hüquqlarının sağlam rəqabəti və ticarətin inkişafını şərtləndirən əsas amil olduğunu qeyd edib.

Konfransda həmçinin Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun icraçı direktoru Elçin Babayev, Azərbaycan Respublikası Təhsil nazirinin müavini Ceyhun Bayramov, Azərbaycan Respublikası Rabitə və Yüksək texnologiyalar nazirinin birinci müavini İltimas Məmmədov və Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin Patent şöbəsinin müdir müavini Emil Məmmədov öz məruzələri ilə çıxış etmişdir. Bildirilmişdir ki, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən hər il ölkəmizdə ixtiraçılıq sahəsində nailiyyətlərə görə Respublika Müsabiqəsi keçirilir. Ötən il “Sənaye ili” çərçivəsində ilk dəfə olaraq I Respublika Əqli Mülkiyyət və İnnovasiya Sərgisi təşkil edilmişdir. Həmçinin Komitənin Sənaye Mülkiyyəti Obyektlərinin Ekspertizası Mərkəzi müxtəlif stimullaşdırıcı layihələr, tədbirlər həyata keçirir. Bununla belə ölkəmizdə innovativ iqtisadiyyatın inkişafının təmin olunması məqsədilə əqli mülkiyyət obyektlərinin və yeniliklərin kommersiyalaşması mexanizminin təkmilləşdirilməsinə ehtiyac olduğu xüsusi qeyd edilmişdir.