Çap et
Xəbər arxivi
28.01.2015

Azərbaycan Standartlaşdırma və Sertifikatlaşdırma İnstitutu SOCAR-ın Polimer və Karbomit zavodlarının inşası və istismarı çərçivəsində tətbiq olunacaq standartların hazırlanması ilə bağlı işlərə başlayıb

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin Azərbaycan Standartlaşdırma və Sertifikatlaşdırma İnstitutu (ASSİ) ilə Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) arasında bağlanmış müqaviləyə uyğun olaraq SOCAR-ın Polimer zavodunun inşası və istismarı zamanı tətbiq olunacaq beynəlxalq və regional standartlar üzrə danışıqlar başa çatmışdır. Danışıqlara uyğun olaraq, müqavilə əsasında 2015-ci ildə 300-ə qədər beynəlxalq və regional standartların bazasında yeni milli standartların hazırlanıb dövlət qeydiyyatına alınması planlaşdırılır. Hazırda prioritet standartların müəyyənləşdirilməsi istiqamətində işlər aparılır. Bundan başqa SOCAR-ın Karbomit zavodunun inşası və istismarının təmin edilməsi istiqamətində tətbiq ediləcək prioritet standartların müəyyənləşdirilməsi işləri həyata keçirilməkdədir.

Məlumat üçün bildirək ki, müqaviləyə uyğun olaraq ötən il SOCAR-ın yeni Neft-Qaz emalı və Neft-Kimya Kompleksinin inşası və istismarı layihəsində istifadə olunacaq beynəlxalq və regional standartların Azərbaycan Respublikası ərazisində tətbiqi istiqamətində 102 milli standart hazırlanmış və dövlət qeydiyyatına alınmışdır.

Ötən il “Sənaye ili” çərçivəsində Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən Sumqayıt Texnologiyalar Parkı (STP) MMC-nin bazasında yaradılmış “Sənaye məhsullarının standartlaşdırılması üzrə” Texniki Komitə və ASSİ Azərbaycan məhsullarının xarici bazara çıxışının təmin olunması istiqamətində beynəlxalq və regional standartlar əsasında plastik borular, elektrik kabellər və elektrik avadanlıqlara aid tələbləri tənzimləyən 19 standart hazırlanmış və dövlət qeydiyyatına alınmışdır.

Bundan başqa “Azərenerji” ASC, Azərbaycan Elmi-Tədqiqat və Layihə-Axtarış Energetika İnstitutu və ASSİ ölkəmizdə mövcud energetika sahəsinin müasir dünya təcrübəsinə uyğunlaşdırılması məqsədilə beynəlxalq və regional standartların tətbiqi istiqamətində yeni texniki komitənin yaradılması və bu texniki komitə çərçivəsində milli standartların hazırlanması üzrə  danışıqlar başa çatdırılmışdır. Hazırda sahə üzrə müvafiq prioritet standartların müəyyən edilməsi üzrə işlər aparılır.

2015-ci ilin Azərbaycan Respublikasında “Kənd təsərrüfatı ili” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamına uyğun olaraq yerli yeyinti və kənd təsərrüfatı məhsullarının xarici bazarlara çıxarılması məqsədilə qablaşdırma və markalanma üzrə müxtəlif təlimlərin keçirilməsi planlaşdırılır. Bundan başqa ASSİ tərəfindən cari ilin mart-aprel aylarında qeyd olunan mövzuda beynəlxalq forumun keçirilməsi gözlənilir. Forumun keçirilməsində məqsəd kənd təsərrüfatı sahəsində yerli istehsalçıların rəqabət qabiliyyətinin artırılması və yerli məhsul, xidmətlərin xarici bazara çıxışının təmin edilməsi istiqamətində qida məhsullarının müasir tələblərə uyğun şəkildə saxlanması, daşınması, qablaşdırılması, markalanması və sertifikatlaşdırılması üzrə beynəlxalq mütəxəssislərin iştirakı ilə təcrübə mübadiləsinin aparılması, beynəlxalq standartların tətbiqi rolunun təbliği və bu sahədə aktual olan digər məsələlərdən ibarətdir.