Çap et
Xəbər arxivi
18.12.2014

“Halal” sözündən istifadə edərək markalanmış “Kristal CF” əmtəə nişanlı “Baranina” kolbasasının tərkibində donuz əti və piyi aşkar edilib- FOTO

Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanında Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidməti tərəfindən ət məhsullarının AZS 731-2012 "Halal qida" dövlət standartına uyğunluğunun araşdırılması məqsədilə aparılan monitorinq zamanı ticarət şəbəkəsində bu standarta uyğunluğunu təsdiq edən müvafiq sertifikatı olmayan “Orxan-SS” firmasının istehsal etdiyi “Kristal CF” əmtəə nişanlı “Baranina” kolbasası aşkar edilmiş və müayinə üçün laboratoriyaya təqdim edilmişdir. Komitənin Təcrübə-Sınaq Mərkəzinin (AzTEST ) laboratoriyasında DNT ekstraksiyası üsulu ilə aparılan müayinələr nəticəsində üzərində “halal” sözü yazılmış “Kristal CF” əmtəə nişanlı yarım hisə verilmiş “Baranina” kolbasasının tərkibində AZS 731-2012 “Halal qida” standartına zidd olaraq donuz əti və piyi aşkar edilib. Hazırda faktla bağlı qanunvericiliyə uyğun olaraq tədbirlər görülməkdədir.

İstehlakçılar arasında “halal” nişanlı məhsullara inamın azalması və istehlakçıların çaşdırılması ilə nəticələnən belə halların qarşısını almaq məqsədilə Komitə yanında Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidməti tərəfindən mütəmadi olaraq nəzarət tədbirləri aparılır və qanunvericiliyə uyğun olaraq müvafiq tədbirlər görülür.  

Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi istehlakçıları onlarda şübhə yaradan, müvafiq sənədləri olmayan məhsulları almamağa, bu cür hallarla qarşılaşdıqda Komitəyə müraciət etməyə çağırır.