Çap et
Xəbər arxivi
12.12.2014

Cari ilin 10-12 dekabr tarixlərində Vyana şəhərində Ümumdünya Ticarət Təşkilatı tərəfindən təşkil olunmuş “Əqli mülkiyyət hüquqlarının təmin olunması” mövzusunda regional seminar keçirilib

Cari ilin 10-12 dekabr tarixlərində Avstriyanın Vyana şəhərində Mərkəzi və Şərqi Avropa ölkələrinin mütəxəssisləri üçün Ümumdünya Ticarət Təşkilatı (ÜTT) tərəfindən təşkil olunmuş “Əqli mülkiyyət hüquqlarının təmin olunması” mövzusunda regional seminar keçirilib.

Türkiyə, Qırğızıstan, Qazaxıstan, Tacikistan, Özbəkistan, Ukrayna, Gürcüstan, Moldova, İsrail, Monteneqro və İrandan ümumilikdə 30 mütəxəssisin iştirak etdiyi tədbirdə ölkəmizi Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin əməkdaşı təmsil etmişdir.

Tədbirdə ÜTT-nin “Əqli mülkiyyət hüquqlarının ticarət aspektləri haqqında Sazişi” barədə ümumi məlumat verilmiş, əqli mülkiyyət hüquqlarının təminatının ümumi prinsipləri, bu prinsiplərin ticarət müqavilələrində əks olunması, bu barədə mövcud olan məlumat resursları, gömrük prosedurları, əqli mülkiyyət üzrə transmilli cinayətkarlığa qarşı beynəlxalq polis əməkdaşlığı, Ümumdünya Əqli Mülkiyyət Təşkilatının (ÜƏMT) Əqli Mülkiyyət Hüquqlarının Təminatı üzrə Məsləhətçi Komitənin fəaliyyəti, ÜTT mübahisələrin həlli sistemində təminat məsələləri və digər mövzular üzrə ÜTT, ÜƏMT, İnterpol və Ümumdünya Gömrük Təşkilatının məruzələri dinlənilmişdir. Tədbir çərçivəsində, həmçinin, əqli mülkiyyət hüquqlarının müdafiəsi üzrə məhkəmə fəaliyyətinə dair fikir mübadiləsi aparılmışdır. Bununla yanaşı, ölkəmizi təmsil edən Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin əməkdaşı tərəfindən Azərbaycanda əqli mülkiyyət hüquqlarının müdafiəsi sahəsində görülən işlərlə bağlı həm yazılı, həm də şifahi məruzələr edilmişdir.