Çap et
Xəbər arxivi
30.06.2014

Bakı şəhəri, Nəsimi rayonunda yerləşən “Çinarlı” restoranında standartların tələblərinin kobud şəkildə pozulduğu aşkar edilmişdir-FOTO

Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanında Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidməti tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, Xan Şuşinski 9 ünvanında yerləşən fiziki şəxs Həsənov Yaşar Şahbaz oğluna məxsus “Çinarlı” restoranında göstərilən xidmətin standartların tələblərinə uyğunluğu araşdırılmışdır.

Yoxlamalar nəticəsində aşkar olunmuşdur ki, restoranda bir neçə gün qabaqcadan hazırlanmış qazan yeməkləri yenidən qızdırılaraq müştərilərə təqdim edilir. Müəssisədə hazırlanan “lülə” kababdan nümunə götürülərək Komitənin Təcrübə-Sınaq Mərkəzinin (AzTest) sınaq laboratoriyasına təqdim edilmişdir. Götürülmüş nümunənin müayinəsi nəticəsində kababın tərkibində ümumi mikroorqanizmlərin və bağırsaq çöpü qrupundan olan mikroorqanizmlərin sayının normadan kifayət qədər fərqləndiyi aşkar edilmişdir. Həmçinin, müəssisədə yeməklərin hazırlanması zamanı hər hansı təsdiq edilmiş resepturadan istifadə olunmadığı, soyuducularda ərzaq məhsullarının saxlanılması zamanı mal qonşuluğuna riayət edilmədiyi, istismar olunan ölçmə vasitələrinin dövlət yoxlanışından keçirilmədiyi aşkar edilmişdir. Bundan başqa müəssisədə realizasiyası həyata keçirilən müxtəlif növ alkoqollu və alkoqolsuz içkilərin, həmçinin, məhsul istehsalında istifadə edilən xamalların gigiyenik və uyğunluq sertifikatları, istifadə olunan heyvan ətinin baytarlıq müayinəsindən keçirildiyini təsdiq edən sənəd, hazırlanan yeməklərin sınaqlarının aparılması ilə bağlı müayinə protokolları, işçilərin tibbi müayinədən keçdiyini təsdiq edən sənəd yoxlamaya təqdim edilməmişdir.

Aşkar edilən bu və digər nöqsanlarla bağlı restoran rəhbərinə inzibati protokol tərtib edilmiş, standartların tələblərinə uyğun gəlməyən məhsulların hazırlanması və satışı qadağan edilmişdir.