Çap et
Sazişlər, müqavilələr, konvensiyalar
17.09.2014

AZƏRBAYCAN RESPUBLIKASININ STANDARTLAŞDIRMA, METROLOGIYA VƏ PATENT ÜZRƏ DÖVLƏT KOMITƏSI 

  KOREYA RESPUBLIKASININ KOREYA ƏQLI MÜLKIYYƏT OFISI ARASINDA

ANLAŞMA MEMORANDUMU

 

Bundan sonra “Tərəflər” adlandırılacaq Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi (Komitə) və Koreya Əqli Mülkiyyət Ofisi (KƏMO), 

Tərəflərarasında ənənəvi əlaqələri daha da gücləndirməyi arzulayaraq,

güclü milli və qlobal iqtisadiyyatın qurulmasında, innovasiya və investisiya sahələrinin, sahibkarlığın inkişafında əqli mülkiyyətin əhəmiyyətini qəbul edərək,

əqli mülkiyyətin yaradılmasında, qorunması və kommersiyalaşdırılmasında avtomatlaşdırma sisteminin əhəmiyyətini qiymətləndirərək,

aşağıdakılar barədə razılığa gəldilər:

 

1.  Məqsədlər

1.1. Bu Anlaşma Memorandumunun məqsədi Azərbaycan Respublikasında  əqli mülkiyyətin avtomatlaşdırılması sisteminin inkişaf etdirilməsi və idarə olunması, habelə çevik və geniş əhatəli texniki əməkdaşlıq çərçivəsini yaratmaqdır. 

1.2.Tərəflər Azərbaycan Respublikasının ərazisində əqli mülkiyyətlə bağlı ictimaiyyətin geniş maarifləndirilməsi üçün uzunmüddətli strateji əməkdaşlıq edəcəkdir.

2. Maraq dairəsi

2.1. Bu Anlaşma Memorandumu üzrə aşağıdakı sahələrdə əməkdaşlıq edilə bilər:

2.1.1. Əqli mülkiyyətin avtomatlaşdırılması sisteminin fəaliyyəti və inkişafı

-  Azərbaycan Respublikasında əqli mülkiyyətin avtomatlaşdırılması sisteminin inkişaf  etdirilməsi və idarə olunması üçün informasiya texnologiyaları və ekspert bilikləri (nou-hau) üzrə təcrübə mübadiləsi;

-  Azərbaycan Respublikasında əqli mülkiyyətin avtomatlaşdırılması sisteminin fəaliyyəti  üçün informasiya texnologiyaları və ekspert bilikləri (nou-hau) üzrə təcrübə mübadiləsi;

-  Azərbaycan Respublikasında əqli mülkiyyətin avtomatlaşdırılması sisteminin inkişaf etdirilməsi ilə bağlı qanunvericiliyin təkmilləşdirilməsi.

2.1.2. Əqli mülkiyyət sahəsində fəaliyyətin səmərəliliyinin artırılması

- KƏMO-nun ekspertlərinin Komitəyə ezam edilməsi yolu ilə əqli mülkiyyət obyektlərinə dair ərizələrin elektron formada qəbul olunması sahəsində Azərbaycan Respublikasının vətəndaşları üçün təlim proqramlarının hazırlanması;

- Komitənin mütəxəssislərinin KƏMO-ya ezam olunması yolu ilə əqli mülkiyyətin avtomatlaşdırılması sistemindən istifadə üzrə Komitənin mütəxəssisləri üçün təlim proqramlarının hazırlanması.

2.1.3. Tərəflərin razılaşdıra biləcəkləri digər əməkdaşlıq fəaliyyətləri.

 

3. Həyata keçirilmə

3.1. Tərəflər bu Anlaşma Memorandumunun həyata keçirilməsinə görə məsuliyyət daşıyan işçi qrupu yaradacaqdır. İşçi qrupu əqli mülkiyyət və avtomatlaşdırma sistemi sahələrində çalışan mütəxəssislərdən ibarət olacaqdır.

3.2.  Tərəflər işçi qrupu vasitəsilə məlumat və fikir mübadiləsi aparacaq və lazım gəldikdə, bu Anlaşma Memorandumunun həyata keçirilməsi məqsədi ilə Tərəflər öz ekspertlərini digər Tərəfə göndərəcəklər.

 

4. Maliyyələşdirmə

Bu Anlaşma Memorandumu çərçivəsində tədbirlər mövcud vəsaitlərə və şəxsi heyətə uyğun olaraq həyata keçiriləcək və əməkdaşlıq fəaliyyətinin yerinə yetirilməsi ilə bağlı yaranan xərcləri hər bir Tərəf  özü ödəyəcəkdir.

 

5.Mübahisələrin həlli

Bu Anlaşma Memorandumunun təfsiri və ya tətbiqi ilə bağlı yaranan istənilən fikir ayrılıqları Tərəflər arasında aparılan məsləhətləşmələr yolu ilə həll ediləcəkdir.

 

 

 

6.Qüvvəyə minmə, dəyişikliklər və xitam

6.1. Bu Anlaşma Memorandumu Azərbaycan Respublikasında zəruri dövlətdaxili prosedurların yerinə yetirilməsi barədə diplomatik kanallar vasitəsilə sonuncu yazılı bildirişin alındığı tarixdən qüvvəyə minir. 

6.2. Bu Anlaşma Memorandumuna Tərəflərin qarşılıqlı razılığı ilə onun ayrılmaz tərkib hissəsi olan və bu Anlaşma Memorandumunun 6.1-ci bəndində müəyyən olunan qaydada qüvvəyə minən ayrıca protokollar formasında rəsmiləşdirilən əlavə və dəyişikliklər edilə bilər. 

      6.3. Bu Anlaşma Memorandumu 5 (beş) il müddətinə bağlanılır və Tərəflərin qarşılıqlı yazılı razılığı əsasında  eyni müddətə uzadıla bilər. Tərəflərin hər biri istənilən vaxt digər Tərəfə 6 (altı) ay əvvəldən yazılı bildiriş göndərməklə bu Anlaşma Memorandumunu ləğv edə bilər. Belə ləğvetmə Tərəflər arasında birgə razılığın olmadığı təqdirdə, bu Anlaşma Memorandumu çərçivəsində aparılan  fəaliyyətə xələl gətirmədən həyata keçirilir.     

 

Bu Anlaşma Memorandumu Bakı şəhərində, “___”  iyun 2014-cü il tarixində və Deyjon şəhərində, “___”  iyun 2014-cü il tarixində Azərbaycan, koreya və ingilis dillərində olmaqla iki əsl nüsxədə imzalanmışdır, bütün mətnlər bərabər autentikdir. Təfsirdə fikir ayrılığı yarandığı təqdirdə, ingilis dilindəki mətndən istifadə ediləcəkdir.

 

                  Azərbaycan Respublikasının                                                                                          Koreya Respublikasının   

           Standartlaşdırma, Metrologiya və                                                                                        Koreya Əqli Mülkiyyət

         Patent üzrə Dövlət Komitəsi adından                                                                                             Ofisi adından

 

 

 

 

                  Ramiz Həsənov                                                                                                                       Kim Yanq-min

                          Sədr                                                                                                                                    Komissar