Çap et
Qərarlar
31.07.2010
Atmosfer havasına atılan zərərli maddələrin stasionar mənbələri, habelə atmosfer havasının çirklənmə mənbəyi olan nəqliyyat, digər səyyar vasitələrin və qurğuların növləri üçün atılmanın texniki normativlərinin müəyyən edilməsi haqqında
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

"Atmosfer havasının mühafizəsi haqqında" Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. Müəyyən edilsin ki, atmosfer havasına atılan zərərli maddələrin stasionar mənbələri üçün texniki normativlər qüvvədə olan standartlar və təlimatlar ilə, atmosfer havasının çirklənmə mənbəyi olan nəqliyyat, digər səyyar vasitələrin və qurğuların növləri üçün atılmanın texniki normativləri isə Azərbaycan Respublikasının üzv olduğu MDB ölkələrinin Standartlaşdırma, Metrologiya və Sertifikatlaşdırma üzrə Dövlətlərarası Şurası tərəfindən təsdiq olunmuş standartlarla tənzimlənir, müvafiq standartlar olmadıqda isə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müəyyən etdiyi texniki normativlərdən istifadə edilir.
2. Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi müvafiq standartları olmayan atmosfer havasını çirkləndirən mənbələr üçün texniki normativləri və hər bir stasionar mənbə üçün atılmanın yol verilən həddini müəyyən etsin.
3. Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinə və Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinə tapşırılsın ki, atmosfer havasının çirklənmə mənbələri olan nəqliyyat və digər səyyar vasitələr üçün atılmanın texniki normativlərinin gələcəkdə Avropa standartlarına keçidini təmin etmək istiqamətində lazımi tədbirlər həyata keçirsinlər.
4. Bu qərar imzalandığı gündən qüvvəyə minir.

Azərbaycan Respublikasının Baş naziri A. RASİZADƏ
Bakı şəhəri, 18 dekabr 2002-ci il
№ 198
QƏRARA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

1. 21 yanvar 2009-cu il tarixli 12 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, №01, maddə 32)

İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

21 yanvar 2009-cu il tarixli 12 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, №01, maddə 32) ilə 3-cü bəndində "Agentliyinə" sözü "Komitəsinə" sözü ilə əvəz edilmişdir.