Çap et
Qərarlar
31.01.2017

 

AZƏRBAYCAN RESPUBLİKASININ

NAZİRLƏR KABİNETİ

QƏRAR

№ 19

Bakı şəhəri, 30 yanvar 2017-ci il

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 15 fevral tarixli 21 nömrəli qərarı ilə təsdiq edilmiş "Patent müvəkkilləri haqqında Əsasnamə"də dəyişikliklər edilməsi barədə

Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 15 fevral tarixli 21 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 2, maddə 119; 2002, № 3, maddə 148; 2004, № 3, maddə 193; 2009, № 1, maddə 32, № 9, maddə 752; 2010, № 3, maddə 255; 2014, № 5, maddə 578, № 12, maddə 1661; 2016, № 5, maddə 961) ilə təsdiq edilmiş "Patent müvəkkilləri haqqında Əsasnamə"də aşağıdakı dəyişikliklər edilsin:

1. 5.1-ci bəndin üçüncü abzasından "SMPDK tərəfindən müəyyən edilən həcmdə," sözləri çıxarılsın və həmin abzasda "qanunvericiliyi və normativ" sözləri "normativ hüquqi" sözləri ilə əvəz edilsin.

2. 6.1-ci bəndin birinci abzasında "müvəkkillərinin attestasiyası, qeydiyyatı" sözləri "müvəkkilliyinə namizədin patent müvəkkili kimi attestasiya olunması" sözləri ilə əvəz edilsin.

3. 6.2-ci bəndin birinci abzasından "və aparılma qaydası" sözləri çıxarılsın.

4. 6.2-ci bəndə aşağıdakı məzmunda altıncı və yeddinci abzaslar əlavə edilsin:

"Namizəd üzrlü səbəb olmadan attestasiyaya gəlmədikdə və bu barədə məlumat vermədikdə, attestasiyadan keçməmiş hesab edilir. Namizəd üzrlü səbəbdən attestasiyada iştirak etmədikdə, attestasiya komissiyası tərəfindən attestasiyanın keçirilməsi üçün yeni vaxt təyin edilir və namizədə məlumat verilir.

Attestasiya zamanı şəxsə ixtira, faydalı model, sənaye nümunəsi, əmtəə nişanı və coğrafi göstəricilərlə bağlı Azərbaycan Respublikasının normativ hüquqi aktlarına, Azərbaycan Respublikasının qoşulduğu beynəlxalq müqavilələrə və qeyd olunan obyektlərə dair hüquqların mühafizəsinin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi, Azərbaycan Respublikasının Mülki Məcəlləsi və Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə tənzimlənməsinə dair suallar verilir. Verilmiş suallar və namizədin cavabları attestasiya vərəqəsində yazılır. Attestasiyanın aparılması zamanı namizədin etirazı olmadığı halda videoçəkiliş aparılır.".

5. 6.2-ci bəndin altıncı abzasına ikinci cümlədən sonra aşağıdakı məzmunda cümlə əlavə edilsin:

"Səsvermə namizədin iştirakı olmadan keçirilir və nəticələr protokolla rəsmiləşdirilir.".

6. 6.2-ci bəndin səkkizinci abzası aşağıdakı redaksiyada verilsin:

"Attestasiya Komissiyasının sədri tərəfindən imzalanan attestasiya nəticəsində qəbul edilmiş qərar barədə bildiriş səsvermədən sonra dərhal namizədə təqdim olunur. Attestasiyanın nəticələri ilə razı olmayan şəxs Attestasiya nəticəsində qəbul edilmiş qərar barədə bildirişi aldığı vaxtdan 30 gün müddətində SMPDK-nın Apellyasiya şurasına yazılı formada etirazını təqdim edə bilər.".

7. 6.4-cü bəndin birinci abzasının birinci cümləsi çıxarılsın və həmin abzasa aşağıdakı məzmunda cümlələr əlavə edilsin:

"Attestasiyadan keçmiş şəxs patent müvəkkili kimi attestasiyadan keçməsi barədə qərarla bağlı bildirişi aldıqdan sonra 1 (bir) ay müddətində "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq patent müvəkkillərinin qeydiyyata alınması, şəhadətnamə verilməsi və qeydiyyata alınmış patent müvəkkili barədə məlumatların dərc olunması üçün dövlət rüsumlarının ödənilməsini təsdiq edən sənədləri SMPDK-ya təqdim etməlidir. Qeyd olunan müddətdə dövlət rüsumlarının ödənilməsini təsdiq edən sənədlər SMPDK-ya təqdim olunmadıqda, attestasiyanın nəticələri ləğv edilmiş hesab olunur. Dövlət rüsumlarının ödənilməsini təsdiq edən sənədlər təqdim edildikdən sonra 3 (üç) gün müddətində şəxs patent müvəkkili kimi patent müvəkkillərinin Dövlət reyestrində qeydiyyata alınır və şəhadətnamə verilir.".

Azərbaycan Respublikasının Baş naziri Artur Rasi-zadə