Çap et
Qərarlar
27.05.2016

Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarı № 202

№ 202  Bakı şəhəri, 25 may 2016-cı il

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 15 fevral tarixli 21 nömrəli qərarı ilə təsdiq edilmiş “Patent müvəkkilləri haqqında Əsasnamə”də dəyişikliklər edilməsi barədə

Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq  Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 15 fevral tarixli 21 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, N 2, maddə 119; 2002, N 3, maddə 148; 2004, N 3, maddə 193; 2009, N 1, maddə 32, N 9, maddə 752; 2010, N 3, maddə 255; 2014, N 5, maddə 578, N12, maddə 1661)  ilə təsdiq edilmiş “Patent müvəkkilləri haqqında Əsasnamə”də aşağıdakı dəyişikliklər edilsin:

1. 2.2-ci bəndin ikinci abzasında “SMPDK-nin Apelyasiya şurasında” sözləri “Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin (bundan sonra-SMPDK) Apelyasiya şurasında” sözləri ilə əvəz edilsin.

2. 6.1-ci bəndin birinci abzasının ikinci cümləsində “5-ci maddəsinin” sözləri “5.1-ci bəndinin” sözləri ilə əvəz edilsin və həmin cümləyə “müvafiq arayış” sözlərindən sonra “,şəxsiyyət vəsiqəsinin surəti” sözləri əlavə edilsin.

3. 6.2-ci bəndin birinci abzasının birinci cümləsi çıxarılsın, ikinci abzası ləğv edilsin və həmin bəndə aşağıdakı məzmunda ikinci-doqquzuncu abzaslar əlavə edilsin:

“Attestasiyanın aparılması üçün ən azı 5 (beş) nəfərdən ibarət Attestasiya komissiyası təşkil olunur.

Namizəd tərəfindən təqdim edilmiş sənədlər Attestasiya komissiyası tərəfindən qeydiyyata alınır. Sənədlər bu Əsasnamənin 6.1-ci bəndinin tələblərinə uyğun olmadıqda, namizədə 5 (beş) iş günü müddətində bildiriş göndərilir.

Namizəd bildirişi  aldığı tarixdən 10 (on) gün müddətində bildirişə cavabı və ya tələb olunan zəruri sənədləri Attestasiya komissiyasına təqdim etməlidir. Bildirişlə tələb olunan cavabı və ya sənədləri göstərilən müddətdə Attestasiya komissiyasına təqdim etməyən namizəd attestasiyaya buraxılmır.

Sənədlər bu Əsasnamənin 6.1-ci bəndinin tələblərinə uyğun olduğu halda namizədə 5 (beş) iş günü müddətində attestasiyaya buraxılması, attestasiyanın keçirilmə vaxtı və yeri barədə bildiriş göndərilir və  ən geci 3 (üç) ay müddətində namizədin attestasiyası həyata keçirilir.

Attestasiya və səsvermə nəticəsində namizədin patent müvəkkili kimi attestasiyadan keçməsi və ya keçməməsi  haqqında qərar qəbul olunur. Səsvermənin nəticələrinə dair qərar Attestasiya komissiyası üzvlərinin səs çoxluğu ilə qəbul edilir.

Attestasiyanın nəticələrinə dair qərar bir nüsxədə tərtib edilən, Attestasiya komissiyasının sədri və Attestasiya komissiyasının səsvermədə iştirak etmiş üzvləri tərəfindən imzalanan attestasiya vərəqinə yazılır.

Attestasiyanın nəticələri səsvermədən sonra dərhal attestasiyadan keçən şəxsə bildirilir.

Şəxs il ərzində yalnız bir dəfə attestasiyadan keçmək üçün müraciət edə bilər.”.

4. 6.4-cü bəndin birinci abzasına aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin:

“Şəhadətnamə müddətsiz verilir.”.

5. 6.6-cı bəndin ikinci abzası aşağıdakı redaksiyada verilsin:

“Patent müvəkkilinə olan tələblər patent müvəkkili tərəfindən yerinə yetirilmədikdə və bu sahədə yaranan ziddiyyətlərlə bağlı dövlət orqanlarından, fiziki və hüquqi şəxslərdən Apelyasiya şurasına etiraz və şikayətlər daxil olduqda və şikayətdə göstərilən hal Apelyasiya şurasının qərarı ilə təsdiq edildiyi halda, həmin qərardan qanunvericiliklə müəyyən edilmiş müddətdə məhkəməyə şikayət verilmədikdə və ya qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə Apelyasiya şurasının qərarının ləğv edilməsi barədə şikayət təmin olunmadıqda, patent müvəkkili patent müvəkkillərinin dövlət reyestrindən çıxarılır.”.

6. 8.1-ci bəndin birinci abzasında “görə” sözündən sonra “SMPDK sədrinin əmri ilə” sözləri əlavə edilsin və həmin bəndin beşinci abzasından “bilərəkdən” sözü çıxarılsın.

7.  8-ci hissəyə aşağıdakı məzmunda 8.2-ci bənd əlavə edilsin:

“8.2. Bu Əsasnamənin 8.1-ci bəndində nəzərdə  tutulmuş fəaliyyətində nöqsanlara yol verilməsi ilə əlaqədar əsaslardan biri ilə patent müvəkkillərinin dövlət reyestrindən çıxarılmış şəxs 1 (bir) il müddətində növbəti attestasiyalarda iştirak edə bilməz.”.

Artur RASİ-ZADƏ,
Azərbaycan Respublikasının Baş naziri