Çap et
Qərarlar
28.07.2011
Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi

QƏRAR № 01

Bakı şəhəri 08 iyul 2011-ci il

"Standartlaşdırma və sertifikatlaşdırma sahəsində sazişdə (müqavilədə) iştirakçı-dövlətlərin, habelə digər dövlətlərin milli orqanlarının, eləcə də digər beynəlxalq təşkilatların Azərbaycan Respublikası ərazisində fəaliyyətinin razılaşdırılması Qaydası"nın təsdiq edilməsi barədə

Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 31 avqust tarixli 155 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi haqqında" Əsasnamənin 8.1-ci və 8.49-cu bəndlərini rəhbər tutaraq QƏRARA ALIRAM:

1. "Standartlaşdırma və sertifikatlaşdırma sahəsində sazişdə (müqavilədə) iştirakçı-dövlətlərin, habelə digər dövlətlərin milli orqanlarının, eləcə də digər beynəlxalq təşkilatların Azərbaycan Respublikası ərazisində fəaliyyətinin razılaşdırılması Qaydası" təsdiq edilsin (əlavə olunur).

2. Qanunvericilik və hüquq ekspertizası şöbəsinin müdiri İ.Babayev təsdiq olunmuş Qaydanı 3 gün müddətində Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Ədliyyə Nazirliyinə təqdim edilməsini təmin etsin.

Sədr       R.Həsənov

Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya
və Patent üzrə Dövlət Komitəsinin "08" iyul 2011-ci il tarixli
01 nömrəli qərarı ilə təsdiq edilmişdir

Standartlaşdırma və sertifikatlaşdırma sahəsində sazişdə (müqavilədə) iştirakçı-dövlətlərin, habelə digər dövlətlərin milli orqanlarının, eləcə də digər beynəlxalq təşkilatların Azərbaycan Respublikasının ərazisində fəaliyyətinin razılaşdırılması Qaydası

1. Ümumi müddəalar

1.1. Bu qayda Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 22 noyabr tarixli 26 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Beynəlxalq (regional) və dövlətlərarası standartların, normaların, qaydaların və tövsiyələrin Azərbaycan Respublikası ərazisində tanınması və tətbiq edilməsi Qaydaları"nın (bundan sonda Qaydalar) tələblərinə uyğun olaraq hazırlanmışdır.
1.2. Bu qayda standartlaşdırma və sertifikatlaşdırma sahəsində sazişdə (müqavilədə) iştirakçı-dövlətlərin, habelə digər dövlətlərin milli orqanlarının, eləcə də digər beynəlxalq təşkilatların (bundan sonra qurumların) Azərbaycan Respublikası ərazisində fəaliyyətinin standartlaşdırma və sertifikatlaşdırma sahəsində milli orqan olan Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi (bundan sonra Komitə) ilə razılaşdırılmasının təmin edilməsi məqsədi ilə işlənib hazırlanmışdır.
1.3. Aşağıdakı orqanların Azərbaycan Respublikasının ərazisində müvafiq fəaliyyəti Komitə ilə razılaşdırılır:
1.3.1. ekspert-auditorların sertifikatlaşdırılması üzrə orqan;
1.3.2. keyfiyyətin, ətraf mühitin və digər idarəetmə sistemlərinin sertifikatlaşdırılması üzrə orqan;
1.3.3. personalın sertifikatlaşdırılması üzrə orqan;
1.3.4. inspeksiya nəzarətini aparan orqan.

2. Əsas anlayışlar

2.1. Bu qaydada istifadə olunan əsas anlayışlar aşağıdakılardır:
2.2. ekspert-auditor - sertifikatlaşdırma sahəsində bir və yaxud bir neçə növ işləri aparmaq hüququ olan şəxs;
2.3. sertifikatlaşdırma üzrə orqanın əsasnaməsi - sertifikatlaşdırma üzrə orqanın funksiyalarını, hüquqlarını və vəzifələrini müəyyən edən sənəd;
2.4. keyfiyyət üzrə rəhbəredici sənəd - sertifikatlaşdırma üzrə orqanın idarəetmə sistemini tənzimləyən sənəd;
2.5. ekspert komissiyası - sifarişçi qurumlar tərəfindən fəaliyyətinin razılaşdırılması məqsədilə təqdim edilən sənədlərin təhlil edilməsi üçün orqan tərəfindən yüksək səviyyəli mütəxəssislərdən ibarət yaradılan qrup.

3. Qurumların fəaliyyətinin razılaşdırılma qaydası

3.1. Sifarişçi tərəfindən fəaliyyətin razılaşdırılmasına dair Komitəyə sifariş (1 nömrəli əlavə) təqdim edilir.
3.2. Sifarişə fəaliyyət növündən asılı olaraq sertifikatlaşdırma üzrə orqanın əsasnaməsi, keyfiyyət üzrə rəhbəredici sənəd, fəaliyyətin sertifikatlaşdırma qaydasını əks etdirən normativ sənəd, akkreditasiya barədə sənədin surəti, fəaliyyət növünə uyğun olaraq akkreditasiya sahəsi və ekspert-auditorları haqqında məlumat əlavə edilir.
3.3. Sifarişçi qurumun fəaliyyətinin razılaşdırılması aşağıdakı ardıcıllıqla həyata keçirilir:
- sifarişin və ona əlavə edilən sənədlərin təhlili;
- sifarişçi qurumun attestasiyası (yoxlanılması);
- sifarişçi qurumun sənədlərinin təhlili və attestasiyası (yoxlanması) nəticələri üzrə fəaliyyətin razılaşdırılması barədə qərarın qəbul edilməsi;
- fəaliyyətin razılaşdırılması barədə attestatın verilməsi.
3.4. Qurumlarının Azərbaycan Respublikası ərazisində fəaliyyətlərinin razılaşdırılması məsələsinə sifariş təqdim edildiyi gündən bir ay müddətindən gec olmayaraq baxılır.
3.5. Komitəyə sifarişlə birgə daxil olan sənədlərin təhlili bu qaydanın 3.2-ci bəndinə uyğun ekspert komissiyası tərəfindən aparılır.
3.6. Sənədlərin təhlilinin nəticələri müsbət olduğu halda Komitə tərəfindən təsdiq olunmuş qərara (2 nömrəli əlavə) uyğun olaraq komissiya yaradılır və sifarişçi qurumun aşağıdakı sahələri üzrə attestasiyası (yoxlanılması) aparılır:
- hüquqi statusu;
- təşkilatı strukturu;
- sertifikatlaşdırma üzrə qurumun müstəqil fəaliyyətinin olması;
- akkreditasiya sahəsi;
- heyəti (sayı, ixtisası, təcrübəsi və biliyi);
- standartlara dair normativ sənədlər fondu;
- təşkilati-metodiki sənədləri;
- sertifikatlaşdırma üzrə sənədlərin qeydiyyat sistemi;
- struktur bölmələrində idarəetmə sisteminin müvafiq standartların tələblərinə uyğunluğunun daimi nəzarət sisteminin mövcudluğu;
- açıqlanması məhdudlaşdırılan məlumatların məxfiliyinin təmin edilməsi sisteminin mövcudluğu.
Eyni zamanda komissiya sifarişçi qurumlarının standartlaşdırma və sertifikatlaşdırma fəaliyyətlərinin müvafiq standartların tələblərinə uyğunluğunu müəyyən etmək məqsədilə, sifarişçi qurumlar tərəfindən hüquqi və fiziki şəxslərə verilən sertifikatların müvafiq standartların tələblərinə uyğunluğu baxımından seçmə yolu ilə attestasiyasını (yoxlanılmasını) apara bilər.
3.7. Komissiyanın işinə yoxlanılan sahə üzrə xüsusi biliklərə malik olan ekspert-auditorlar cəlb edilə bilər.
3.8. Aparılmış yoxlamaların nəticələrinə dair müvafiq qaydada komissiya tərəfindən akt tərtib edilir.
3.9. Yoxlama aktı fəaliyyəti razılaşdırılan sifarişçi qurumun rəhbərinin nəzərinə çatdırılır. Sifarişçi qurum tələb olunan hallarda yoxlama zamanı aşkarlanan nöqsanların aradan qaldırılması məqsədi ilə tədbirlər planı işləyib hazırlayır. Tədbirlərin yerinə yetirilmə vaxtı Komitə ilə razılaşdırılır.
3.10. Sifarişçi qurumun sənədlərinin təhlili və attestasiyası (yoxlanması) nəticələrinin müsbət olduğu halda qurumun sertifikatlaşdırma sahəsində fəaliyyətinin razılaşdırılmasına dair Komitənin sədri tərəfindən imzalanmış attestat (3 nömrəli əlavə) verilir. Attestatın qüvvədə olma müddəti bir ildir.
3.11. Əgər sifarişlə birlikdə təqdim edilən sənədlərdə çatışmazlıqlar aşkar olunarsa və ya attestasiya (yoxlama) nəticələrinə əsasən uyğunsuzluqlar olduğu təqdirdə, nöqsanları göstərməklə sifarişçiyə 10 gün müddətində məlumat verilir. Bir ay müddətində göstərilən nöqsanlar sifarişçi tərəfindən aradan qaldırıldığı halda sifariş verilmədən sənədlər yenidən Komitəyə təqdim oluna bilər.
3.12. Sertifikatlaşdırma üzrə qurumların fəaliyyətinin razılaşdırılmasından imtinaya aşağıda göstərilənlər əsas ola bilər:
- sənədlər bu qaydanın 3.2-ci bəndinə uyğun təqdim edilmədikdə, yaxud sənədlərin təhlilinin nəticələri müsbət olmadıqda;
- attestasiya (yoxlama) nəticəsində sertifikatlaşdırma üzrə qurumların fəaliyyətinin təqdim edilən sənədlərə uyğun olmadığı aşkarlandıqda;
- attestasiya (yoxlama) keçirilməsinə yoxlanılan qurum tərəfindən maneçilik törədildikdə.
3.13. Fəaliyyətinin razılaşdırılmasına dair attestatın qüvvədə olma müddətinin dayandırılması haqqında məlumat Komitənin rəsmi internet səhifəsinə daxil edilir.
3.14. Fəaliyyətinin razılaşdırılmasına dair attestatın qüvvədə olma müddətinin bitməsinə bir ay qalmış Komitəyə müddətin uzadılması barədə sifariş təqdim olunur. Sifarişə bu qaydanın 3.6-cı bəndinə uyğun olaraq baxılır.
3.15. Komitə sertifikatlaşdırma üzrə qurumların standartlaşdırma və sertifikatlaşdırma fəaliyyətlərinin müvafiq normalara uyğunluğunu müəyyən etmək məqsədilə həmin qurumlarda və onlar tərəfindən sertifikat verilmiş hüquqi və fiziki şəxslərdə seçmə yolu ilə ildə bir dəfədən çox olmamaqla yoxlama apara bilər. Yoxlama zamanı bu qaydanın 3.12-ci bəndində nəzərdə tutulmuş hallar olduqda fəaliyyətin razılaşdırılmasına dair attestatın qüvvədə olma müddəti dayandırılır.
3.16. Azərbaycan Respublikası ərazisində fəaliyyət göstərən qurumlar tərəfindən standartlaşdırma və sertifikatlaşdırma ilə bağlı Komitəyə təqdim edilən bütün sənədlər Qaydaların 4-cü bəndinə uyğun olaraq Azərbaycan Respublikasının dövlət dilində və həmçinin əlavə sifariş əsasında digər dillərdə də ola bilər.

1 nömrəli Əlavə
2 nömrəli Əlavə
3 nömrəli Əlavə