Çap et
Qərarlar
31.07.2010
"Qiymətli və keyfiyyətli tütün istehsalı üzrə Dövtət Proqramı"nın, "Tütün istehsalçılarına dövlət himayəsinin, habelə qiymətli və keyfiyyətli tütün istehsalının stimullaşdırılmasının digər forma və şərtləri haqqında Əsasnamə"nin və "Tütünün və tütün məmulatının keyfiyyətinə və dövriyyəsinə dövlət nəzarətinin həyata keçirilməsi Qaydaları"nın təsdiq edilməsi haqqında
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

"Tütün və tütün məmulatı haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barəda" Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 3 sentyabr tarixli, 573 nömrəli Fərmanının 1-ci bəndinin 4-cü, 6-cı və 9-cu abzaslarının icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. "Qiymətli və keyfiyyətli tütün istehsalı üzrə Dövlət Proqramı" təsdiq edilsin (əlavə olunur).
2. "Tütün istehsalçılarına dövlət himayəsinin, habelə qiymətli və keyfiyyətli tütün istehsalının stimullaşdırılmasının digər forma və şərtləri haqqında Əsasnamə" təsdiq edilsin (əlavə olunur).
3. "Tütünün və tütün məmulatının keyfiyyətinə və dövriyyəsinə dövlət nəzarətinin həyata keçirilməsi Qaydaları" təsdiq edilsin (əlavə olunur).
4. Bu qərar imzalandığı gündən qüvvəyə minir.


Azərbaycan Respublikasının Baş naziri A. RASİZADƏ

Bakı şəhəri, 22 noyabr 2002-ci il
№ 185

Azərbaycan Respublikası Nazirlər Kabinetinin
2002-ci il 22 noyabr tarixli, 185 nömrəli qərarı ilə
TƏSDİQ EDİLMİŞDİR

Qiymətli və keyfiyyətli tütün istehsalı üzrə
DÖVLƏT PROQRAMI

Aqrar bölmənin aparıcı sahələrindən olan tütünçülüyün və tütün emalı sənayesinin inkişaf etdirilməsi dövlətin aqrar siyasətində mühüm yer tutur.
1995-ci ildən başlanan aqrar islahatları nəticəsində digər sahələrdə olduğu kimi, tütüncülükdə də ciddi struktur, sosial iqtisadi dəyişikliklər baş vermiş, bazar münasibətləri təşəkkül tapmışdır. Bu sahədə mövcud olmuş kolxoz və sovxozların fəaliyyətinə xitam verilmiş, onların əkinə yararlı torpaqları və əmlakı kənd əməkçilərinə paylanmış, tütün emalı müəssisələri isə özəlləşdirilmişdir.
Tütünçülük sahəsində qiymətlər liberallaşdırılmış, dövlət orqanlarının sahibkarların təsərrüfat fəaliyyətinə əsassız müdaxiləsinin qarşısı alınmışdır. İdxal-ixrac əməliyyatlarında sərbəstlik yaranmış, kənd təsərrüfatı məhsullarının istehsalı üçün idxal olunan texnoloji avadanlıqlar gömrük rüsumundan azad olunmuşdur.
Məhsul istehsalçıları, torpaq vergisi istisna olunmaqla, digər vergilərdən və əvvəlki vergi borclarından "Kənd təsərrüfatı məhsulları istehsalçılarına müddətli vergi güzəştlərinin verilməsi haqqında" Azərbaycan Respublikası Qanununun tədbiqi ilə əlaqədar 3 il müddətinə azad edilmişdir.
Aparılan islahatların nəticəsi olaraq son illər tütünçülük sahəsində sahibkarlığın inkişafı, məhsul istehsalının artması müşahidə olunur. Respublikada dünya standartlarına uyğun yüksək keyfiyyətli tütün məmulatları istehsal edən müəssisə fəaliyyətə başlamışdir. Həmin müəssisənin xammala olan tələbatının əsas hissəsi idxal edilən tütünün hesabına ödənilir.
1997-ci ilə qədər əkin sahələrinin azalması və məhsuldarlığın kəskin şəkildə aşağı düşməsi nəticəsində tütün istehsalı sahəsində tənəzzül baş vermiş, 1991-ci ilə nisbətən xam tütün və tütün məmulatları istehsalının həcmi 50 faiz, ixrac potensialı 3 dəfə azalmışdır. 1991-ci ildə tütün əkini sahəsi 16.1 min hektar, məhsuldarlıq 35.6 sentner təşkil etdiyi halda, 2001-ci ildə bu göstəricilər, uyğun olaraq, 6.3 min hektar və 20.3 sentner olmuşdur. Həmin dövrlərdə tütün istehsalının həcmi 4.5 dəfə azalaraq, 57.3 min tondan 12.7 min tona enmişdir.
Sahələrə lazımi aqrotexniki xidmətlərin göstərilməməsi, torpağa mineral maddələrin verilməməsi, bitki mühafizə vasitəlarindən tam istifadə olunmaması, istehsalçıların marağının qorunmaması, istehsal olunmuş məhsulun emal müəssisələri tərəfindən alınmaması, köhnə satış bazarlarının itirilməsi, saxlanma, qablaşdırılma, daşınma və marketinq sistemlərinin aşağı səviyyəsi tütünçülükdə məhsul istehsalı həcminin kəskin surətdə azalmasına səbəb olmuşdur.
Tütün istehsalı və emalı sahələrinin inkişaf etdirilməsi, yerli şəraitə uyğun qiymətli tütün sortlarının yaradılması və rayonlaşdırılması, həmçinin bu sahayə dövlət qayğısının artırılması istiqamətində strateji xətt "Qiymətli və keyfiyyətli tütün istehsalı üzrə Dövlət Proqramı"nda öz əksini tapmışdır.
I. PROQRAMIN MƏQSƏDİ
Proqramın məqsədi bazar iqtisadiyyatı şəraitində tütünçülüyün və tütün məmulatı istehsalının Azərbaycan Respublikasında inkişaf etdirilməsindən, ənənəvi yetişdirilən botaniki tütün sortlarının ətirli tütün sortları ilə optimal nisbətdə əvəz edilməsindən, keyfiyyətli məhsul istehsal edilməsindən, habelə tütün sortları toxumlarının ölkəyə gətirilməsi və istehsalının təşkilindən, yeni sortların əkilməsi və emalı texnologiyalarının tətbiqindən, tütünçülüyün müasir texnika ilə və texnoloji avadanlıqlarla təchiz olunması tədbirlərindən, sahəyə investisiyaların cəlb edilməsindən, habelə bu sahədə fəaliyyətin hüquqi əsaslarını müəyyən edən "Tütün və tütün məmulatı haqqında" Azərbaycan Respublikası Qanununun icrasını təmin etməkdən ibarətdir.
II. PROQRAMIN ƏSAS İSTİQAMƏTLƏRİ
Proqramın əsas istiqamətləri aşağıdakılardır:
qiymətli və yüksək keyfiyyətli tütün məhsulunun yetişdirilməsi;
tütünün və tütün məmulatının ixracının artırılması;
daxili tütün və tütün məmulatı bazarının qorunması;
xammal kimi idxal olunan tütünün yerli xammalla əvəz edilməsi;
əhalinin tütün məmulatının zərərli təsirindən qorunması üzrə tədbirlərin gücləndirilməsi;
tütünçülükdə tətbiq edilən texnikanın ölkə daxilində istehsalı.
III. PROQRAMİN VƏZİFƏLƏRİ VƏ ƏSAS TƏDBİRLƏRİ
Tütünün və tütün məmulatının istehsalına və dövriyyəsinə dair vəzifələr və əsas tədbirlər aşağıdakılardır:
tütün və tütün məmulatının keyfiyyətinin, istehsalının və dövriyyəsinin tənzimlənməsinə dair normativ hüquqi aktların qəbul edilməsi;
tütün və tütün məmulatı bazarının öyrənilməsi, proqnozların verilməsi, dövlət proqramı əsasında tütünçülüyün inkişafının əsas istiqamətlərinin və tənzimlənmə mexanizmlərinin müəyyənləşdirilməsi;
qiymətli və keyfiyyətli tütün məhsulunun yetişdirilməsinə və emalına dair aqrotexniki və texnoloji tədbirlərin müəyyən edilməsi;
daxili istehsal nəzərə alınmaqla idxal olunan tütün məmulatlarının kvotalaşdırılması;
tütünməmulatları üzrə aksiz vergisinin optimal dərəcələrinin müəyyən edilməsi və tətbiqi qaydalarının təkmilləşdirilməsi;
tütünün və tütün məmulatının keyfiyyətinə, eləcə də onun çəkim keyfiyyətinin (dequstasiyasının) müəyyənləşdirilməsinə və dövriyyəsinə dövlət nəzarətinin həyata keçirilməsi;
tütün istehsalçılarının fəaliyyətinin stimullaşdırılması və sosial müdafiəsinin təmin edilməsi;
yerli xam tütün məhsulundan tütün məmulatı istehsalının dövlət tərəfindən tənzimlənməsi;
tütün istehsalçıları ilə uzunmüddətli müqavilə əsasında kooperasiya əlaqələri quran tütün emalı müəssisələrinə məqsədli kreditlərin ayrılması;
lizinq əsasında tütünçülükdə mütərəqqi texnikanın və texkologiyanın tətbiqini təmin etmək, texniki xidmət, bitki mühafizə vasitələri və aqrokimyəvi maddələrlə təchizat sahələrində sahibkarlıq fəaliyyətinin stimullaşdırılması.
IV. PROQRAMIN MALİYYƏLƏŞDİRİLMƏSİ MƏNBƏLƏRİ
Dövlət Proqramının icrası ilə bağlı tədbirlərin maliyyələşdirilməsi dövlət büdcəsində sahibkarlığın inkişafına nəzərdə tutulmuş vəsaitin və cəlb olunan digər vəsaitlərin hesabına həyata keçiriləcəkdir.

V. QİYMƏTLİ VƏ KEYFİYYƏTLİ TÜTÜN İSTEHSALI VƏ EMALI SƏNAYESİNİN
İQTİSADİ İNKİŞAFINA DAİR
TƏDBİRLƏR PLANİ

 

 

Görüləcək tədbirlər

İcraçılar

İcra müddəti

(illər üzrə)

1

2

3

Tütünçülük sahəsində fəaliyyət göstərən fermer təsərrüfatlarının genişləndirilməsi və sənayeləşdirilməsi, torpaq və iqlim şəraitinə görə sortların əkilməsi və istehsal həcmlərinin müəyyənləşdirilməsi

İqtisadi  İnkişaf Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi

 

2002-2003

Fərdi yanaşma əsasında emal müəssisələrinin texniki inventarlaşdırılması, biznes- planların tərtib edilməsi və modernləşdirmə tədbirləri

İqtisadi İnkişaf Nazirliyi

2002-2003

Tütün istehsalçılarının və tütün emalı müəssisələrinin azı bir il müddətinə güzəştli kreditləşdirilməsi

İqtisadi İnkişaf Nazirliyi, Milli Bank, agent banklar, daxili və xarici investorlar

2002-2006

İdxal-ixrac əməliyyatlarında rüsum güzəştlərinin tətbiqi

İtisadi İnkişaf Nazirliyi, Vergilər Nazirliyi, Maliyyə Nazirliyi, Dövlət Gömrük Komitəsi

2002-2006

Daxili bazarın qorunması üzrə tədbirlərin həyata keçirilməsi

İqtisadi İnkişaf Nazirliyi, Vergilər Nazirliyi, Dövlət Gömrük Komitəsi

2002-2006

Satış bazarlarının genişləndirilməsi, aqrotexniki servis xidməti infrastrukturlarının təkmilləşdirilməsi və yenilərinin yaradılması

İqtisadi İnkişaf Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi, Ədliyyə Nazirliyi, Vergilər Nazirliyi, Ticarət və Sənaye Palatası

2002-2006

İstehsal sahələrində və emal müəssisələrində elmi nailiyyətlərin, aqrotexniki tədbirlərin və yeni texnologiyaların həyata keçirilməsi

İqtisadi İnkişaf Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi, Milli Elmlər Akademiyası

 

2002-2006

 

Xammalın və tütün məmulatlarının keyfiyyətinin dünya standartlarına uyğunlaşdırılması   üzrə   müvafiq normativ texniki bazanın yaradılması

İqtisadi İnkişaf Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi, Səhiyyə Nazirliyi, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi

2002-2003

Ekoloji təmiz və dünya bazarında rəqabətə davamlı məhsulların istehsalının stimullaşdırılması

İqtisadi İnkişaf Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi, Səhiyyə Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi

2002-2006

Tütünçülüyün inkişafı üzrə iqtisadi tənzimlənmə tədbirlərinin müəyyənləşdirilməsi və həyata keçirilməsi

İqtisadi İnkişaf Nazirliyi, Maliyyə Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi, Vergilər Nazirliyi, Dövlət Gömrük Komitəsi

2002-2003

Tütün və tütün məmulatının istehsalına, keyfiyyətinə, eləcə də onun çəkim keyfiyyətinin (dequstasiyasının) müəyyənləşdirilməsinə və dövriyyəsinə dövlət tənzimlənməsinin təmin edilməsinə dair normativ hüquqi bazanın yaradılması, təkmilləşdirilməsi və tətbiqi

İqtisadi İnkişaf Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi, Vergilər Nazirliyi, Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi, Dövlət Gömrük Komitəsi,

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi

 

2002-2003

Tütün məmulatının istehlakının azaldılmasına yönəldilmiş tənzimlənmə tədbirlərinin müəyyənləşdirilməsi və həyata keçirilməsi

İqtisadi İnkişaf Nazirliyi, Səhiyyə Nazirliyi, Təhsil Nazirliyi, Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi, icra hakimiyyəti orqanları

2002-2004

Tütün istehsalında bitki mühafizə, fitosanitar karantini işinin yaxşılaşdırılmasına, ətraf mühitin mühafizəsinə, irriqasiya və meliorasiyaya dair məqsədyönlü tədbirlərin həyata keçirilməsi

[i]İqtisadi İnkişaf Nazirliyi, Maliyyə Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi,[ii] Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti

 

2002-2006

 



[i] 8 aprel 2006-cı il tarixli 100 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 4, maddə 370) ilə "Qiymətli və keyfiyyətli tütün istehsalı üzrə Dövlət Proqramı"nın V bölməsinin axırıncı abzasının "İcraçılar" sütununa "Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti" sözləri əlavə edilmişdir.

 

 [ii] 29 iyun 2005-ci il tarixli 122 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 6, maddə 558) ilə "Qiymətli və keyfiyyətli tütün istehsalı üzrə Dövlət Proqramı"nın V bölməsinin axırıncı abzasının "İcraçılar" sütunundan "Meliorasiya və Su Təsərrüfatı Komitəsi" sözləri çıxarılmışdır.

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin
2002-ci il 22 noyabr tarixli, 185 nömrəli qərarı ilə
TƏSDİQ EDİLMİŞDİR

 

Tütün istehsalçılarına dövlət himayəsinin, habelə qiymətli və keyfiyyətli tütün istehsalının stimullaşdırılmasının digər forma və şərtləri haqqında

ƏSASNAMƏ
I. ÜMUMİ MÜDDƏALAR
1. Bu Əsasnamə "Tütün və tütün məmulatı haqqında" Azərbaycan Respublikasının Qanunununa, "Tütün və tütün məmulatı haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 3 sentyabr tarixli, 573 nömrəli Fərmanına və qüvvədə olan digər qanunvericilik aktlarına uyğun hazırlanmışdır və tütün istehsalçılarına dövlət himayəsinin, habelə qiymətli və keyfiyyətli tütün istehsalının stimullaşdırılmasının digər forma və şərtlərinin iqtisadi, hüquqi və təşkilati əsaslarını müəyyən edir.
2. Bu Əsasnamə mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq Azərbaycan Respublikası ərazisində tütün istehsalı ilə məşğul olan hüquqi və fiziki şəxslərə şamil edilir.
II. TÜTÜN İSTEHSALÇILARINA DÖVLƏT HİMAYƏSİNİN, HABELƏ QİYMƏTLİ VƏ KEYFİYYƏTLİ TÜTÜN İSTEHSALININ STİMULLAŞDIRILMASININ DİGƏR FORMA VƏ ŞƏRTLƏRİNİN İSTİQAMƏTLƏRİ
Tütün istehsalçılarına dövlət himayəsinin, habelə qiymətli və keyfiyyətli tütün istehsalının stimullaşdırılmasının digər forma və şərtləri ("Tütün və tütün məmulatı haqqında" Azərbaycan Respublikası Qanununun 9-cu maddəsində nəzərdə tutulanlardan başqa) aşağıdakı istiqamətlərdə həyata keçirilir:
tütün istehsalçılarına kömək məqsədi ilə müvafiq elm, istehsalat, sərgi, informasiya mərkəzləri, mətbuat orqanı və digər strukturların yaradılması;
kadrların hazırlanması, yenidən hazırlanması və ixtisaslarının artırılması sahəsində tütün istehsaçılarına kömək göstərilməsi;
maddi, elmi-texniki və informasiya resurslarını əldə etmələri üçün tütün iistehsalçılarına güzəştli şəraitin yaradılması;
tütün istehsalçılarının xarici iqtisadi fəaliyyəlinə, o cümlədən xarici tərəf müqabilləri ilə istehsalat, maliyyə-kredit, ticarət, elmi-texniki və informasiya əlaqələrinin inkişafına kömək göstərilməsi.
III. TÜTÜN İSTEHSALÇILARINA DÖVLƏT HİMAYƏSİNİN, HABELƏ QİYMƏTLİ VƏ KEYFİYYƏTLİ TÜTÜN İSTEHSALININ STİMULLAŞDIRILMASININ DİGƏR FORMALARININ TƏTBİQİNİN ŞƏRTLƏRİ
Tütün istehsalçılarına dövlət himayəsinin, habelə qiymətli və keyfiyyətli tütün istehsalının stimullaşdırılmasının digər formalarının tətbiqi aşağıdakı şərtlərə riayət edildikdə həyata keçirilir:
tütünün istehsalı zamanı Azərbaycan Respublikasının dövlət standartlarının tələblərinə cavab verən rayonlaşdırılmış tütün sortlarının toxumundan istifadə edildikdə;
tütünün becərilməsi, dərilməsi, düzülməsi, qurudulması və ilkin emalı normativ sənədlərə və texnoloji normalara uyğun həyata keçirildikdə;
rəqabət qabiliyyətli tütün istehsalının təmin edildikdə;
son iki il ərzində istehsal edilmiş tütünün tamamilə satıldıqda;
son iki il ərzində mənfəətlə fəaliyyət göstərildikdə.


Azərbaycan Respublikası Nazirlər Kabinetinin
2002-ci il 22 noyabr tarixli, 185 nömrəli qərarı ilə
TƏSDİQ EDİLMİŞDİR

Tütünün və tütün məmulatının keyfiyyətinə və dövriyyəsinə
dövlət nəzarətinin həyata keçirilməsi
QAYDALARI
I. ÜMUMİ MÜDDƏALAR
1. Bu Qaydalar "Tütün və tütün məmulatı haqqında" Azərbaycan Respublikasının Qanununa, "Tütün və tütün məmulatı haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 3 sentyabr tarixli, 573 nömrəli Fərmanına və qüvvədə olan digər qanunvericilik aktlarına uyğun hazırlanmışdır və tütünün və tütün məmulatının keyfiyyətinə və dövriyyəsinə dövlət nəzarətinin həyata keçirilməsini müəyyən edir.
2. Tütünün və tütün məmulatının keyfiyyətinə və dövriyyəsinə dövlət nəzarətini öz səlahiyyətləri daxilində Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Səhiyyə Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi, Vergilər Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi, Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi, habelə icra hakimiyyəti orqanları həyata keçirirlər.
II. TÜTÜNÜN VƏ TÜTÜN MƏMULATININ KEYFİYYƏTİNƏ VƏ DÖVRİYYƏSİNƏ DÖVLƏT NƏZARƏTİ
1. Tütünün və tütün məmulatının keyfiyyətinə və dövriyyəsinə dövlət nəzarəti aşağıdakılardan ibarətdir:
1.1. tütünün istehsalı dövründə fitosanitar nəzarət;
1.2. tütünçülük sahəsində nəzarət;
1.3. tütün məmulatının istehsalının lisenziyalaşdırılması;
1.4. tütün məmulatının idxalının lisenziyalaşdırılması;
1.5. tütün məmulatının satışının lisenziyalaşdırılması;
1.6. tütün məmulatının istehsalı və satışı ilə məşğul olan müəssisə və təşkilatlarda norma və qaydalara, tütün məmulatının keyfiyyətinin və təhlükəsizliyinini təmin edilməsinə nəzarət;
1.7. tütünün və tütün məmulatının qeydiyyatı və müvafiq sertifikasiyası;
1.8. tütünün və tütün məmulatının istehsalı, tədarükü, emalı, qablaşdırılması, saxlanması, daşınması, markalanması, satışı, idxalı və ixracı ilə məşğul olan hüquqi və fiziki şəxslər tərəfindən normativ sənədlərin tələblərinə və gigiyenik normativlərə əməl olunmasına nəzarət.
2. Tütünün və tütün məmulatının keyfiyyətinə və dövriyyəsinə dövlət nəzarəti bu Qaydaların 1.1 və 1.2 bəndlərində qeyd edilən sahələrdə Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi, 1.3 və 1.4 bəndlərində qeyd edilən sahələrdə Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi, 1.6 və 1.7 bəndlərində qeyd edilən sahələrdə öz səlahiyyətləri daxilində Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi, Səhiyyə Nazirliyi, Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi, 1.8 bəndində qeyd edilən sahələrdə öz səlahiyyətləri daxilində Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi, Səhiyyə Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Vergilər Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi, Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi, 1.5-ci bəndində qeyd edilən sahədə şəhər və rayon (şəhər rayonları istisna olmaqla) icra hakimiyyəti orqanları tərəfindən həyata keçirilir.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

1. 29 iyun 2005-ci il tarixli 122 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 6, maddə 558)
2. 8 aprel 2006-cı il tarixli 100 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 4, maddə 370)
3. 21 yanvar 2009-cu il tarixli 12 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, №01, maddə 32)


QƏRARA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

21 yanvar 2009-cu il tarixli 12 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, №01, maddə 32) ilə "Tütünün və tütün məmulatının keyfiyyətinə və dövriyyəsinə dövlət nəzarətinin həyata keçirilməsi Qaydaları"nın I və II bölmələrinin 2-ci bəndlərində "Agentliyi" sözü "Komitəsi" sözü ilə əvəz edilmişdir.


8 aprel 2006-cı il tarixli 100 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 4, maddə 370) ilə "Qiymətli və keyfiyyətli tütün istehsalı üzrə Dövlət Proqramı"nın V bölməsinin axırıncı abzasının "İcraçılar" sütununa "Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti" sözləri əlavə edilmişdir.

29 iyun 2005-ci il tarixli 122 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 6, maddə 558) ilə "Qiymətli və keyfiyyətli tütün istehsalı üzrə Dövlət Proqramı"nın V bölməsinin axırıncı abzasının "İcraçılar" sütunundan "Meliorasiya və Su Təsərrüfatı Komitəsi" sözləri çıxarılmışdır.