Çap et
Fərman və sərəncamlar
19.07.2010
"PAMBIQÇILIQ HAQQINDA" AZƏRBAYCAN RESPUBLİKASI QANUNUNUN TƏTBİQ EDİLMƏSİ BARƏDƏ
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI

"Pambıqçılıq haqqında" Azərbaycan Respublikasının 2010-cu il 11 may tarixli 1012-IIIQ nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiq edilməsini təmin etmək məqsədi ilə qərara alıram:
1. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, üç ay müddətində:
1.1. qüvvədə olan qanunvericilik aktlarının "Pambıqçılıq haqqında" Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması barədə təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin və müvafiq mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını təmin etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.3. həmin Qanunun 14.5-ci maddəsində nəzərdə tutulmuş pambıq qəbulu qəbzinin forması və verilməsi qaydalarını müəyyən etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.4. həmin Qanunun 15.3-cü maddəsində nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanları"nın səlahiyyətlərini və 5.0.2-ci (pambıqçılığın klasterlər əsasında inkişafının təmin edilməsi üzrə), 5.0.5-ci, 5.0.7-ci maddələrində nəzərdə tutulmuş vəzifələri həyata keçirən icra hakimiyyəti orqanları barədə təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
1.5. həmin Qanunun pozulmasına görə məsuliyyət növlərini müəyyən edən qanunvericilik aktının layihəsini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
1.6. öz səlahiyyətləri daxilində "Pambıqçılıq haqqında" Azərbaycan Respublikasının Qanunundan irəli gələn digər məsələləri həll etsin.
2. Müəyyən edilsin ki:
2.1. "Pambıqçılıq haqqında" Azərbaycan Respublikası Qanununun 18.1-ci maddəsində nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanı"nın səlahiyyətlərini, o cümlədən həmin Qanunun 5.0.1-ci (pambıqçılıq üzrə normativ hüquqi aktların qəbul edilməsi üzrə) və 5.0.2-ci (pambıqçılığın inkişafına dair dövlət proqramlarının təsdiq edilməsi üzrə) maddələrində nəzərdə tutulmuş vəzifələri Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;
2.2. həmin Qanunun 14.5-ci maddəsində nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanı"nın səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir;
2.3. həmin Qanunun 7.6-cı, 17.4-cü maddələrində nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanı"nın səlahiyyətlərini, o cümlədən həmin Qanunun 5.0.1-ci, 5.0.3-cü, 5.0.4-cü, 5.0.6-cı və 5.0.8-ci (pambıqçılıq sahəsində mütəxəssislərin hazırlanmasının, ixtisaslarının artırılmasının təşkil edilməsi üzrə) maddələrində nəzərdə tutulmuş vəzifələri Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi həyata keçirir;
2.4. həmin Qanunun 16.1-ci maddəsində nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanı"nın səlahiyyətlərini Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi həyata keçirir.

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 14 iyul 2010-cu il.