Çap et
Fərman və sərəncamlar
13.07.2010
"Yeyinti məhsulları haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi ilə bağlı əlavə tədbirlər barədə
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI

"Yeyinti məhsulları haqqında" Azərbaycan Respublikası Qanununun icrasını təmin etmək məqsədi ilə qərara alıram:
1. Müəyyən edilsin ki:
"Yeyinti məhsulları haqqında" Azərbaycan Respublikası Qanununun 6-cı maddəsinin birinci hissəsində nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanları"nın səlahiyyətlərini gigiyenik sertifikatının verilməsində - Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi; fitosanitar sertifikatının və baytarlıq şəhadətnaməsinin verilməsində - Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi; uyğunluq sertifikatının verilməsində - Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi öz səlahiyyətləri daxilində həyata keçirirlər;
həmin Qanunun 6-cı maddəsinin ikinci hissəsində, 13-cü maddəsinin beşinci hissəsində və 17-ci maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanı"nın səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir;
həmin Qanunun 7-ci maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanı"nın səlahiyyətlərini Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi həyata keçirir;
həmin Qanunun 8-ci maddəsinin birinci hissəsində nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanları"nın səlahiyyətlərini Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi, Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi və Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi öz səlahiyyətləri daxilində həyata keçirirlər;
həmin Qanunun 11-ci maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanları"nın səlahiyyətlərini Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi və Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi öz səlahiyyətləri daxilində həyata keçirirlər;
həmin Qanunun 16-cı maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanları"nın səlahiyyətlərini Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi, Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi və Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi öz səlahiyyətləri daxilində həyata keçirirlər;
həmin Qanunun 19-cu maddəsinin beşinci hissəsində nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanı"nın səlahiyyətlərini Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi həyata keçirir;
həmin Qanunun 20-ci maddəsinin birinci hissəsində nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanı"nın səlahiyyətlərini birinci halda Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi, ikinci halda Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir;
həmin Qanunun 21-ci maddəsinin onuncu abzasında nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanları"nın səlahiyyətlərini Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi, Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi və Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi öz səlahiyyətləri daxilində həyata keçirirlər.
2. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, bir ay müddətində:
normativ hüquqi aktların bu Fərmana uyğunlaşdırılması barədə təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
yeyinti məhsullarının dövlət gigiyena qeydiyyatına alınması və dövlət reyestrinin aparılması qaydalarını müəyyən etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
yeyinti məhsullarının keyfiyyətinin və təhlükəsizliyinin təmin edilməsi sahəsində standartlara və tələblərə əməl olunmasına dövlət nəzarətinin həyata keçirilməsi qaydalarını müəyyən etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
istifadəyə yararsız yeyinti məhsullarının götürülməsi, zərərsizləşdirilməsi və ya məhv edilməsi qaydalarını müəyyən etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
dövlət ərzaq ehtiyatlarının həcmi, nomenklaturası, normalaşması, saxlanması, istifadəsi və vaxtaşırı yeniləşdirilməsi qaydalarını müəyyən etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
yeyinti məhsullarına verilən uyğunluq, gigiyenik, fitosanitar sertifikatlarının və baytarlıq şəhadətnaməsinin formasını və verilməsi qaydalarını müəyyən etsin;
bu Fərmandan irəli gələn digər məsələləri öz səlahiyyətləri daxilində həll etsin.
3. Bu Fərman imzalandığı gündən qüvvəyə minir.

Heydər ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 23 oktyabr 2003-cü il
№ 969


İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

1. 6 avqust 2008-ci il tarixli 812 nömrəli Azərbaycan Respublikasının Fərmanı ("Azərbaycan" qəzeti, 9 avqust 2008-ci il № 175, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 8, maddə 719)
2. 14 aprel 2009-cu il tarixli 81 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı ("Azərbaycan" qəzeti 19 aprel 2008-ci il, № 83, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, № 04, maddə 226)
3. 20 iyul 2009-cu il tarixli 125 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, № 7, maddə 528)

FƏRMANA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

6 avqust 2008-ci il tarixli 812 nömrəli Azərbaycan Respublikasının Fərmanı ("Azərbaycan" qəzeti, 9 avqust 2008-ci il № 175, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 8, maddə 719) ilə 1-ci bəndinin səkkizinci abzasında "Nazirlər Kabineti yanında Dövlət Material Ehtiyatları Komitəsi" sözləri "Fövqəladə Hallar Nazirliyi" sözləri ilə əvəz edilmişdir.
20 iyul 2009-cu il tarixli 125 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, № 7, maddə 528) ilə 1-ci bəndinin doqquzuncu abzası yeni redaksiyada verilmişdir.
əvvəlki redaksiyada deyilirdi:
həmin Qanunun 20-ci maddəsinin birinci hissəsində nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanları"nın səlahiyyətlərini Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi, Azərbaycan Respublikasının Kənd Təsərrütatı Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi və Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi həyata keçirirlər;
14 aprel 2009-cu il tarixli 81 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı ("Azərbaycan" qəzeti 19 aprel 2008-ci il, № 83, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, № 04, maddə 226) ilə 1-ci bəndinin ikinci, beşinci, yeddinci və onuncu abzaslarında «Agentliyi» sözü «Komitəsi» sözü ilə əvəz edilmişdir.