Çap et
Fərman və sərəncamlar
13.07.2010
Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi haqqında
Əsasnamənin və Komitənin strukturunun təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin fəaliyyətinin normativ hüquqi əsaslarını təkmilləşdirmək məqsədi ilə qərara alıram:

1. "Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi haqqında Əsasnamə" təsdiq edilsin (əlavə olunur).

2. "Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin strukturu" təsdiq edilsin (əlavə olunur).

3. Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin aparatının işçilərinin say həddi 152 ştat vahidi, strukturuna daxil olan qurumların işçilərinin say həddi 323 ştat vahidi müəyyən edilsin.

4. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, bir ay müddətində:

4.1. qüvvədə olan qanunvericilik aktlarının bu Fərmana uyğunlaşdırılması barədə təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

4.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin və müvafiq mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını təmin etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

4.3. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

5. "Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Agentliyi haqqında Əsasnamənin təsdiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 10 oktyabr tarixli 799 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002-ci il, № 10, maddə 595; 2008-ci il, № 11, maddə 970) qüvvədən düşmüş hesab edilsin.


İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti


Bakı şəhəri, 31 avqust 2009-cu il.