Çap et
Fərman və sərəncamlar
09.07.2010
Bəzi istehlak mallarının istehsalı və dövriyyəsi ilə əlaqədar dövlət tənzimlənməsinin təkmilləşdirilməsi sahəsində əlavə tədbirlər haqqında
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI

Son illərdə Azərbaycan Respublikasında istehlak bazarının inkişafı, onun keyfiyyətli mallarla təmin edilməsi və əhalinin sağlamlığının qorunması sahəsində kompleks tədbirlər həyata keçirilir. Həmin tədbirlərin əsas istiqamətlərini yerli istehsalın sürətli inkişafı, onun təşviq edilməsi, sahibkarlar üçün əlverişli iqtisadi mühitin yaradılması, xarici investisiyaların cəlb edilməsi və xarici iqtisadi əlaqələrin genişləndirilməsi təşkil edir. Bu sahədə həyata keçirilən tədbirlərə baxmayaraq, istehlak bazarında dövriyyədə olan mallar heç də həmişə yüksək keyfiyyət və təhlükəsizlik göstəricilərinə, qəbul edilmiş standartlara cavab vermir. Bazarda həmçinin qaçaqmalçılıq yolu ilə qeyri-qanuni olaraq ölkəyə gətirilən mallar da dövriyyədə olur. Göstərilən vəziyyət xüsusilə alkoqollu içkilər və tütün məmulatları bazarında daha geniş yayılmışdır. Nəticədə qeyri-qanuni olaraq ölkədə istehsal olunan və xarici ölkələrdən gətirilən aşağı keyfiyyətli, standartlara cavab verməyən alkoqollu içkilər və tütün məmulatları əhalinin sağlamlığı üçün real təhlükə yaradır, ölkənin iqtisadi maraqlarına ciddi ziyan vurur. Yaranmış vəziyyət etil (yeyinti) spirtinin və alkoqollu içkilərin, tütün məmulatlarının istehsalı və dövriyyəsi sahəsində dövlət tənzimlənməsinin təkmilləşdirilməsini və bu sahədə əlavə tədbirlərin həyata keçirilməsini zəruri edir. Ölkənin iqtisadi maraqlarının qorunması, istehlakçıların sağlamlığının və hüquqlarının müdafiəsinin gücləndirilməsi, daxili bazarın keyfiyyətsiz məhsullardan qorunması, habelə qeyri-qanuni mal dövriyyəsinin qabağının alınması məqsədilə qərara alıram:
1. "Bəzi fəaliyyət növlərinə xüsusi razılıq (lisenziya) verilməsi qaydalarının təkmilləşdirilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 2 sentyabr tarixli 782 nömrəli Fərmanı ilə təsdiq edilmiş Əlavə №2 - "Xüsusi razılıq (lisenziya) tələb olunan fəaliyyət növlərinin Siyahısı"nın (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002-ci il, № 9, maddə 555; 2003-cü il, № 3, maddə 153, № 10, maddə 570; 2005-ci il, № 2, maddə 69; Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 27 aprel tarixli 232 nömrəli Fərmanı) 10-cu bəndində "alkoqollu içkilərin" sözlərindən sonra "(şərabın, konyakın, arağın və siyahısı Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilən digər alkoqollu içkilərin)" sözləri əlavə edilsin.
2. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, bir ay müddətində:
2.1. alkoqollu içkilərin, etil (yeyinti) spirtinin, tütün məmulatlarının istehsalı, idxalı və satışı, insanların həyatının və sağlamlığının qorunması üçün yalnız mənşəyi bəlli olan xammaldan istifadənin təmin edilməsi, daxili bazarın haqsız rəqabətdən müdafiəsi və sağlam rəqabət prinsiplərinə riayət edilməsi, qeyri-qanuni istehsalın, habelə keyfiyyətsiz məhsulların istehsalının və idxalının, qaçaqmalçılıq hallarının qarşısının alınması məqsədilə tədbirləri hazırlayıb Azərbaycan Respublikası Prezidentinin İcra Aparatı ilə razılaşdırmaqla təsdiq etsin;
2.2. alkoqollu içkilərin, etil (yeyinti) spirtinin, tütün məmulatlarının istehsalı, idxalı və satışı ilə bağlı keyfiyyət göstəricilərinə dövlət nəzarətini təkmilləşdirmək məqsədilə xüsusi razılıq (lisenziya) verilməsi üçün əlavə şərtlərin təkmilləşdirilməsi ilə əlaqədar təklifləri hazırlayıb Azərbaycan Respublikası Prezidentinin İcra Aparatı ilə razılaşdırmaqla təsdiq etsin;
2.3. bu sahənin inkişafı üçün prioritet olan elmi tədqiqatların aparılması və sahə üçün yüksək ixtisaslı kadrların hazırlanması üçün zəruri olan tədbirlər görsün;
2.4. alkoqollu içkilərin siyahısını və siyahıya uyğun olaraq əmtəə kodlarını müəyyən etsin.
3. Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi bu Fərmanın icrasının təmin edilməsi üçün zəruri olan tədbirləri həyata keçirsin.
4. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi Azərbaycan Respublikası ərazisində istehsal olunan üzüm məhsullarının emala gedən həcminin statistik hesabatlarda rayonlar üzrə göstərilməsini təmin etsin.
5. Bu Fərman dərc edildiyi gündən qüvvəyə minir.

İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 30 avqust 2005-ci il
№ 289