Çap et
Fərman və sərəncamlar
09.07.2010
"Beynəlxalq (regional) və dövlətlərarası standartların, normaların, qaydaların və tövsiyələrin Azərbaycan Respublikası ərazisində tanınması və tətbiq edilməsi Qaydalarının təsdiq edilməsi" barədə
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI

1. "Beynəlxalq (regional) və dövlətlərarası standartların, normaların, qaydaların və tövsiyələrin Azərbaycan Respublikası ərazisində tanınması və tətbiq edilməsi Qaydaları" (əlavə olunur) təsdiq edilsin.
2. Bu Fərman dərc edildiyi gündən qüvvəyə minir.

Azərbaycan Respublikasının Prezidenti
HEYDƏR ƏLİYEV
Bakı şəhəri, 22 noyabr 1998-ci il
№ 26

Azərbaycan Respublikası Prezidentinin
22 noyabr 1998-ci il tarixli 26 nömrəli Fərmanı ilə
TƏSDİQ EDİLMİŞDİR
Beynəlxalq (regional) və dövlətlərarası standartların, normaların, qaydaların və tövsiyələrin Azərbaycan Respublikası ərazisində tanınması və tətbiq edilməsi
QAYDALARI

"Beynəlxalq (regional) və dövlətlərarası standartların, normaların, qaydaların və tövsiyələrin Azərbaycan Respublikası ərazisində tanınması və tətbiq edilməsi Qaydaları" (bundan sonra Qaydalar) "Standartlaşdırma haqqında" Azərbaycan Respublikası Qanununun tələblərinə müvafiq olaraq hazırlanmışdır.
1. Bu Qaydalar beynəlxalq (regional) və dövlətlərarası standartların, normaların, qaydaların və tövsiyələrin Azərbaycan Respublikası ərazisində tanınmasını və tətbiqini tənzimləyir.
2. Beynəlxalq, regional və xarici ölkələrin milli standartlarının, normalarının, qaydalarının (bundan sonra beynəlxalq standartlar) tələbləri respublika iqtisadiyyatının və istehlakçıların mənafeyinə, məhsulun keyfiyyətinə olan tələblərə uyğun gəlirsə, onların Azərbaycan Respublikasının standartı kimi birbaşa tətbiqi standartlaşdırma və sertifikatlaşdırma sahəsində beynəlxalq saziş və müqavilələr əsasında həyata keçirilir.
Standartlaşdırma və sertifikatlaşdırma sahəsində sazişdə (müqavilədə) iştirakçı-dövlətlərin, habelə digər dövlətlərin milli orqanlarının, eləcə də digər beynəlxalq təşkilatların Azərbaycan Respublikası ərazisində fəaliyyəti Azərbaycan Respublikası standartlaşdırma və sertifikatlaşdırma sahəsində milli orqanı Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi ilə razılaşdırılmalıdır.
3. Respublika iqtisadiyyatının tələblərinə cavab verən və qüvvədə olan beynəlxalq standart mövcud olduqda, Azərbaycan Respublikasının müvafiq standartı həmin beynəlxalq standartının əsasında hazırlanır.
4. Beynəlxalq standartın birbaşa tətbiqi onun Azərbaycan dilində olan mətninin Azərbaycan Respublikasının müvafiq standartı kimi qəbul edilməsidir.
5. Əgər birbaşa tətbiq olunacaq beynəlxalq standartda əvvəllər tətbiq edilmiş beynəlxalq standarta və ya öz tələblərinə görə müvafiq dövlətlərarası, regional və ya milli standartlara istinad edilirsə, onun əsasında hazırlanmış Azərbaycan Respublikasının standartında həmin standartlara istinadlar da göstərilməlidir.
6. Azərbaycan Respublikasının standartları vasitəsilə beynəlxalq standartların birbaşa tətbiqi üç əsas üsulla həyata keçirilir:
iqtisadiyyatın tələblərinə cavab verən beynəlxalq standartların birbaşa tətbiq edilməsi;
iqtisadiyyatın tələblərini əks etdirən əlavə tələbləri olan beynəlxalq standartların birbaşa tətbiq edilməsi;
Azərbaycan Respublikasının standartlarına əlavə kimi beynəlxalq standartların birbaşa tətbiq edilməsi.
Hər üç üsul beynəlxalq standartın mətnində dəyişiklik edilmədən ondan istifadə olunmasını təmin edir.
7. İqtisadiyyatın tələblərinə cavab verən beynəlxalq standartlar tətbiq edilərkən standart həmin beynəlxalq standartın əslinin autentik tərcüməsinə uyğun olaraq hazırlanır.
Standartın cildində və birinci səhifəsində onun işarəsinin (AZS...) altında mötərizədə beynəlxalq standartın müvafiq işarəsi göstərilir.
8. İqtisadiyyatın tələblərini əks etdirən əlavə tələbləri olan beynəlxalq standart tətbiq edilərkən standarta əlavə və ya standartın əsas hissəsinə daxil edilən əlavə tələbləri və dəyişiklikləri olan həmin beynəlxalq standartın əslinin autentik tərcüməsinə uyğun olaraq standart hazırlanır və göstərilənlər xüsusi şriftlə yazılır.
Standartın "giriş" hissəsində hansı beynəlxalq standarta əsasən hazırlandığı və həmin standartın adı göstərilməlidir.
9. Beynəlxalq standartı müvafiq standartın bölmələri kimi tətbiq edərkən beynəlxalq standartın mətninin autentik tərcüməsi Azərbaycan Respublikasının qüvvədə olan standartına aşağıdakı əlavə olunan dəyişiklik şəklində verilir:
standartın müvafiq bölmələri əvəzinə onun əsas mətnindəki qoşmaya istinad;
beynəlxalq standartın əslinin autentik tərcüməsinin standarta əlavəsi;
standartın müvafiq bölmələrində beynəlxalq standartın birbaşa tətbiqini əks etdirən informasiya məlumatları.
Bu üsul tətbiq edildikdə bu Qaydaların 7-ci bəndində nəzərdə tutulan işarə göstərilməlidir.
10. Standartın layihəsini hazırlayan təşkilatın rəyi və Azərbaycan Respublikasının Dövlət Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin birgə qərarı əsasında beynəlxalq standartın birbaşa tətbiqi üzrə təklif respublika standartlaşdırma planına daxil edilir.
11. Standartın layihəsini hazırlayan təşkilat beynəlxalq standartın autentik tərcüməsini təmin edir və buna görə məsuliyyət daşıyır.
12. Azərbaycan Respublikasının beynəlxalq standart əsasında hazırlanmış standartının layihəsinin təsdiq edilməsi mərhələsində Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin AZS 1.2-94 standartına əsasən sənədlər aşağıdakı əlavələrlə təqdim olunur:
beynəlxalq standartın surəti və əslinin autentik tərcüməsi;
standartın əlaqədar təşkilatlarla razılaşdırıldığını təsdiq edən sənədlərin əsli.
13. Təsərrüfat subyektləri, elmi-tədqiqat, təcrübə-konstruktor, təcrübə və sair iş növlərini görərkən, həmçinin istehlakçı ilə razılaşdırmaq şərti ilə məhsul, o cümlədən ixrac üçün məhsul istehsal edərkən həmin məhsullara olan tələblər Azərbaycan Respublikasının qüvvədə olan standartlarının məcburi tələblərindən aşağı deyilsə və ölkə iqtisadiyyatının tələblərinə cavab verirsə, beynəlxalq standartlar ölkənin normativ sənədi kimi hazırlanmadan (onlar Azərbaycan Respublikası standartları kimi qəbul edilənədək) tətbiq oluna bilər.


İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

1. 23 oktyabr 2003-cü il tarixli 941 nömrəli Fərman (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003-cü il, № 10, maddə 546)
2. 23 oktyabr 2003-cü il tarixli 966 nömrəli Fərman (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003-cü il, № 10, maddə 571)
3. 20 iyun 2008-ci il tarixli 780 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, №6, maddə 498)
4. 14 aprel 2009-cu il tarixli 81 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı ("Azərbaycan" qəzeti 19 aprel 2008-ci il, № 83, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, № 04, maddə 226)


FƏRMANA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

23 oktyabr 2003-cü il tarixli 966 nömrəli Fərman (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003-cü il, № 10, maddə 571) ilə 2-ci bənddə "Azərdövlətstandart Mərkəzi" sözləri "Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Agentliyi" sözləri ilə əvəz edilmişdir.

23 oktyabr 2003-cü il tarixli 941 nömrəli Fərman (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003-cü il, № 10, maddə 546) ilə 10-cu bənddə "Dövlət Ekologiya və Təbiətdən İstifadəyə Nəzarət Komitəsi" sözləri "Ekologiya və Təbii Sərvətlər Nazirliyi" sözləri ilə əvəz edilmişdir.

23 oktyabr 2003-cü il tarixli 966 nömrəli Fərman (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003-cü il, № 10, maddə 571) ilə 10-cu bənddə "Azərdövlətstandart Mərkəzi" sözləri "Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Agentliyi" sözləri ilə əvəz edilmişdir.

20 iyun 2008-ci il tarixli 780 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, №6, maddə 498) ilə "Beynəlxalq (regional) və dövlətlərarası standartların, normaların, qaydaların və tövsiyələrin Azərbaycan Respublikası ərazisində tanınması və tətbiq edilməsi Qaydaları"nın 10-cu bəndində "Dövlət Tikinti və Arxitektura Komitəsi" sözləri "Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi" sözləri ilə əvəz edilmişdir.

23 oktyabr 2003-cü il tarixli 966 nömrəli Fərman (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003-cü il, № 10, maddə 571) ilə 12-ci bənddə "Azərdövlətstandartın" sözləri "Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Agentliyinin" sözləri ilə əvəz edilmişdir.
14 aprel 2009-cu il tarixli 81 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı ("Azərbaycan" qəzeti 19 aprel 2008-ci il, № 83, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, № 04, maddə 226) ilə 2-ci bəndinin ikinci abzasında və 10-cu bəndində «Agentliyi» sözü «Komitəsi» sözü ilə, 12-ci bəndində isə «Agentliyinin» sözü «Komitəsinin» sözü ilə əvəz edilmişdir.