Çap et
Fərman və sərəncamlar
29.07.2011
Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 27 iyul tarixli Fərmanı ilə təsdiq edilmişdir İcra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının hazırlanması və qəbul edilməsi qaydası haqqında ƏSASNAMƏ

1. Ümumi müddəalar

1.1. Bu Əsasnamə Azərbaycan Respublikası Prezidentinin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin, nazirliklərin, komitələrin və digər mərkəzi icra hakimiyyəti orqanlarının (bundan sonra - dövlət orqanları) normativ hüquqi aktlarının "Normativ hüquqi aktlar haqqında" Azərbaycan Respublikasının Konstitusiya Qanununa (bundan sonra - Konstitusiya Qanunu) uyğun olaraq hazırlanması və qəbul edilməsi qaydasını müəyyən edir.

1.2. Normativ hüquqi aktların hüquqi qüvvəsi Konstitusiya Qanununun 2-ci maddəsinə uyğun olaraq müəyyən edilir.

2. Normativ hüquqi aktların hazırlanması

2.1. Normativ hüquqi akt layihəsinin hazırlanmasının və normayaratma orqanına təqdim edilməsinin ümumi qaydası Konstitusiya Qanununun 45-48-ci maddələri ilə müəyyən edilir.

2.2. Normativ hüquqi aktın layihəsi onu qəbul edən dövlət orqanının struktur bölmələri tərəfindən həmin dövlət orqanının hüquq xidmətinin mütləq iştirakı ilə hazırlanır. Sahələrarası məsələlərə aid normativ hüquqi aktın layihəsi hazırlanarkən həmin sahələrə aid olan struktur bölmələri ilə razılaşdırılmalıdır.

2.3. Ayrı-ayrı sahələr üzrə hazırlanan normativ hüquqi aktın layihəsi müvafiq sahədə dövlət siyasətini və tənzimləməsini həyata keçirən dövlət orqanları ilə razılaşdırılmalıdır. İnzibati ərazi vahidlərinin səlahiyyəti və mənafeyi ilə bağlı normativ hüquqi aktın layihəsi hazırlanarkən onların müvafiq orqanları bu işə cəlb olunurlar.

2.4. Azərbaycan Respublikasının Nazirlər Kabineti və mərkəzi icra hakimiyyəti orqanları tərəfindən hazırlanmış normativ hüquqi aktların layihələri (əldə olunması qanunla məhdudlaşdırılan informasiyaları əks etdirən layihələr istisna olmaqla) razılaşdırılmaya göndərildiyi andan "elektron hökumət" portalında yerləşdirilməlidir. Portalda yerləşdirilmiş normativ hüquqi aktların layihələrinə dair verilən təkliflər məqsədəuyğun hesab edildikdə nəzərə alınır, məqsədəuyğun hesab edilmədikdə təklifi verən şəxsə bu barədə əsaslandırılmış cavab təqdim olunur.

2.5. Yuxarı dövlət orqanı tərəfindən müvafiq sahədə dövlət siyasətini və tənzimləməsini həyata keçirən dövlət orqanına normativ hüquqi aktın layihəsinin hazırlanması tapşırıldıqda, tapşırıqda icra müddəti mütləq qeyd edilməklə, müvafiq sahədə dövlət siyasətini və tənzimləməsini həyata keçirən dövlət orqanı əsas icraçı kimi müəyyən olunmalı və layihənin razılaşdırılması vacib olan dövlət orqanları göstərilməlidir.

2.6. Normativ hüquqi aktın layihəsi iri həcmli olduqda, layihənin üçdən artıq dövlət orqanı ilə razılaşdırılması və ya dəvət olunmuş müstəqil ekspertlərin layihə ilə bağlı əlavə ekspertizalar keçirməsi zərurəti yarandıqda, layihəni hazırlayan dövlət orqanının əsaslandırılmış təqdimatına əsasən, onun hazırlanması üçün müəyyən edilmiş müddət tapşırığı verən müvafiq dövlət orqanı tərəfindən uzadılır.

2.7. Bu Əsasnamənin 2.8-ci bəndində nəzərdə tutulmuş hallar istisna olmaqla, Konstitusiya Qanununun 46.4-cü maddəsinə uyğun olaraq, Azərbaycan Respublikası Prezidentinin və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin aktlarında digər hal nəzərdə tutulmadıqda, normativ hüquqi aktın layihəsinin razılaşdırılması zamanı dövlət orqanının müvafiq layihəyə dair razılıq verməsi və ya verməməsi layihənin müəyyən olunmuş qaydada alındığı gündən ən geci 60 gün keçənədək, onun vizalanması isə ən geci 5 gün keçənədək həyata keçirilir.

2.8. Azərbaycan Respublikası Prezidentinin və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin aktlarında normativ hüquqi aktın layihəsinin hazırlanması üçün 3 ay və ya daha az müddət müəyyən edildikdə, razılaşdırılmaq üçün müvafiq dövlət orqanına daxil olmuş layihəyə 10 gün müddətində münasibət bildirilməlidir.

2.9. Razılaşdırılma haqqında məlumat bu Əsasnamənin 2.7-ci və ya 2.8-ci bəndləri ilə müəyyən edilmiş müddətdə təqdim edilmədikdə və bu zaman razılaşdırılma müddətinin uzadılması zərurəti və ya bu müddətin uzadılmasından imtina edilməsi əsaslandırılmaqla razılaşdırılma müddətinin uzadılması haqqında təklif olmadıqda, normativ hüquqi aktın layihəsi razılaşdırılmış hesab olunur və normayaratma orqanına təqdim edilən layihəyə razılaşdırılma haqqında məlumatı vaxtında təqdim etməyən dövlət orqanına göndərilən müvafiq müşayiət məktubu əlavə olunur.

2.10. Konstitusiya Qanununun 48.2-48.5-ci maddələrinə uyğun olaraq Azərbaycan Respublikasının Nazirlər Kabinetindən Azərbaycan Respublikasının Prezidentinə təqdim edilən normativ hüquqi aktın layihəsinə, onun növündən asılı olaraq, aşağıdakılar əlavə edilir:

2.10.1. müşayiət məktubu və normativ hüquqi aktın qəbul edilməsi zərurətinin əsaslandırılması, o cümlədən maliyyə-iqtisadi əsaslandırılması;

2.10.2. layihənin razılaşdırılması (vizalanması) haqqında məlumatı əks etdirən sənədlər;

2.10.3. layihəyə dair məcburi hüquqi ekspertizanın, o cümlədən layihənin sui-istifadəyə məruz qalmasına dair və digər ekspertizaların rəyləri;

2.10.4. hər bir dövlət orqanı göstərilməklə, layihəni hazırlamış şəxslərin siyahısı;

2.10.5. qanunda dəyişikliklər edilməsi haqqında qanun layihələrinə maddənin və ya qanunun digər struktur elementinin redaksiyası və layihə ilə qanuna təklif edilən dəyişikliklər nəzərə alınmaqla maddənin və ya qanunun digər struktur elementinin redaksiyası göstərilməklə müqayisəli cədvəl;

2.10.6. layihəyə aid digər sənədlər (öz qərarına əsasən).

2.11. Konstitusiya Qanununun 48.7-ci maddəsinə uyğun olaraq normativ hüquqi aktın layihəsi Azərbaycan Respublikasının Prezidentinə kağız daşıyıcıda və eyni zamanda Azərbaycan Respublikası Prezidentinin Administrasiyasında yaradılmış xüsusi elektron poçt ünvanına elektron fayl formasında göndərilir.

2.12. Azərbaycan Respublikası Prezidentinin tapşırığı ilə normativ hüquqi aktın layihəsinin hazırlandığı və ya layihənin birbaşa Azərbaycan Respublikasının Prezidentinə təqdim edilməsinin zərurəti əsaslandırıldığı hallar istisna edilməklə, hər hansı bir dövlət orqanı və ya qurumunun hazırladığı normativ hüquqi aktın layihəsi Azərbaycan Respublikasının Prezidentinə Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təqdim edilməlidir. Belə zərurət əsaslandırılmadıqda və ya bu cür əsaslandırma qaneedici olmadıqda, normativ hüquqi aktın layihəsi münasibət bildirməsi üçün Azərbaycan Respublikasının Nazirlər Kabinetinə göndərilir. Bu halda Azərbaycan Respublikasının Nazirlər Kabineti qaldırılan məsələni:

2.12.1. məqsədəuyğun hesab etdikdə, normativ hüquqi aktın layihəsini hazırlayaraq bu Əsasnamənin 2.10-cu bəndində müəyyən edilmiş qaydada;

2.12.2. məqsədəuyğun hesab etmədikdə, bu barədə əsaslandırılmış cavab məktubunu Azərbaycan Respublikasının Prezidentinə təqdim edir.

2.13. Azərbaycan Respublikası Konstitusiyasının 96-cı maddəsinin III hissəsinə uyğun olaraq qanunvericilik təşəbbüsü qaydasında Azərbaycan Respublikası Prezidentinin Azərbaycan Respublikasının Milli Məclisinə təqdim etdiyi qanun layihəsində dəyişikliklərin edilməsinə dair digər icra hakimiyyəti orqanlarının təklifləri Azərbaycan Respublikasının Milli Məclisinə (deputatlara, komitələrə) təqdim oluna bilməz.

3. Normativ hüquqi aktların qəbul edilməsi

3.1. Normativ hüquqi aktın layihəsinə baxılması və onun qəbul edilməsinin ümumi qaydası Konstitusiya Qanununun XII fəsli ilə müəyyən edilir.

3.2. Dövlət orqanının əsasnaməsində nəzərdə tutulmuş hallarda normativ hüquqi akt dövlət orqanının rəhbəri və ya kollegiyası tərəfindən qəbul edilir. Normativ hüquqi aktın qəbul edilməsi barədə dövlət orqanının kollegiya qərarını bu orqanın rəhbəri imzalayır.

3.3. Konstitusiya Qanununun 78.2-ci maddəsinə uyğun olaraq normativ hüquqi aktı qəbul etmiş dövlət orqanı onu Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilmək üçün həmin aktın qəbul edildiyi gündən üç gün keçənədək Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə göndərir.