Çap et
Elanlar
06.09.2017

Hörmətli KİV nümayəndələri, 

Azərbaycanda uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiyanın beynəlxalq tələblərə uyğunlaşdırılması prosesinin davamı olaraq Avropa Birliyinin “Tvinninq” aləti çərçivəsində yeni layihəyə start verilir. Belə ki, sentyabrın 7-si Bakı şəhərində “Azərbaycanda milli akkreditasiya sisteminin gücləndirilməsi” adlı Tvinninq layihəsinin açılış mərasimi keçiriləcək.

Tədbirdə SMPDK sədri Ramiz Həsənov, Avropa Birliyinin Azərbaycandakı Əməkdaşlıq şöbəsinin rəhbəri Jeron Villems, Almaniyanın Azərbaycandakı səfiri Mixael Kindsqrab, İtaliyanın Azərbaycandakı səfiri Kampaolo Kutillo, Latviyanın Azərbaycandakı səfiri Juris Maklakovs, Almaniyanın İqtisadi Məsələlər və Energetika Nazirliyinin rəsmisi Norbert Şults, Almaniya Akkreditasiya Təşkilatının (DAkkS) icraçı direktoru Stefan Finki, İtaliya Akkreditasiya Təşkilatının (ACCREDIA) baş direktoru Flippo Trifiletti, Latviya Akkreditasiya Bürosunun (LATAK) rəhbəri Olqa Veylande və digər müvafiq qurumların rəhbər şəxsləri iştirak edəcək.

Tədbirdə layihənin komponentləri, fəaliyyət sahələri, gözlənilən nəticələr barədə mövzular müzakirə ediləcək.

“Azərbaycanda milli akkreditasiya sisteminin gücləndirilməsi” Tvinninq layihəsinin məqsədi Avropa tələblərinə uyğun olan akkreditasiya sisteminin öyrənilməsi və ölkəmizdə tətbiqi, bununla da Azərbaycan məhsullarının dünya bazarına çıxışını surətləndirmək və Azərbaycanın iqtisadi inkişafına töhfə verməkdir. Layihənin icrasının sonunda Azərbaycanın Avropa Akkreditasiya Təşkilatına üzvlüyü gözlənilir.

Açılış mərasimi 7 sentyabr 2017-ci il tarixində saat 09.00-da “Boulevard” otelinin “Tağıyev” zalında (Xəqani Rüstəmov, 4C) keçiriləcək.