Çap et
Patent/İddia sənədinin verilmə qaydaları/İxtira
1. İXTİRAYA DAİR İDDİA SƏNƏDİ
1.1. İddia sənədinin tərkibi
İxtiraya dair iddia sənədinin tərkibinə aşağadıkılar daxildir:
- müəllif (müəlliflər) və adına patent verilməsi xahiş edilən hüquqi və fiziki şəxs (şəxslər), həmçinin onların yerləşdiyi və ya yaşadığı yer göstərilməklə patent verilməsi barədə ərizə (xüsusi forma);
- ixtiranın mahiyyətini tam açıqlayan və həyata keçirilməsi üçün kifayət qədər aydınlıq yaradan təsviri;
- ixtiranın təsvirinə əsaslanan və mahiyyətini ifadə edən düsturu;
- iddia obyektinin mahiyyətinin başa düşülməsi üçün zəruri olan çertyojlar və digər materiallar;
- referat;
-iddia sənədinə müəyyənləşdirilmiş məbləğdə rüsumunun ödənildiyini təsdiqləyən sənəd.
İddia sənədi patent müvəkkili və ya iddiaçının təmsilçisi tərəfindən təqdim edildikdə, iddiaçı tərəfindən verilən etibarnamə sənədlərə qoşulur.
2. İLKİNLİK HÜQUQU
İxtiranın ilkinliyi yuxarıda göstərilənlərə uyğun hazırlanmış iddia sənədinin Komitəyə təqdim edildiyi tarixdən, əlavə materialların daxil olduğu tarixdən, daha əvvəl verilən və ixtiranın mahiyyətini açıqlayan iddia sənədinin Komitəyə daxil olduğu tarixdən, ilk iddia sənədinin Paris konvensiyasının iştirakçısı olan dövlətə verildiyi tarixdən, Paris konvensiyasının iştirakçısı olan dövlətin ərazisində təşkil edilən beynəlxalq rəsmi sərgidə nümayiş etdirildiyi tarixdən müəyyən edilmiş qaydalara uyğun müəyyənləşdirilə bilər.
3.İDDİA SƏNƏDİNİN TƏQDİMİ
3.1. İXTİRAYA İDDİA SƏNƏDİNİN TƏQDİMİ
3.1.1. İxtiranın açıqlanması
İxtiranın təsviri ixtiranı həyata keçirmək üçün kifayət dərəcədə onun mahiyyətini açıqlamalıdır. İxtiranın təsviri iddia ərizəsinin əsasını təşkil edir və ixtiranın düsturu ilə müəyyən edilən hüquqi mühafizənin həcmini təsdiqləyir.
İddiaçı ekspertizanın qərarını alana kimi ixtiranın mahiyyətini dəyişmədən, müəyyən edilmiş qaydalara uyğun ixtira düsturunda dəyişikliklər etmək hüququna malikdir.
ixtiranın düsturuna təsvirdə olmayan əlamətlərin daxil edilməsinə, ümumiləşdirilmələrə, obyektin təsvirdə əsaslandırılmayan xarakteristikalarının konkretləşdirilməsinə yol verilmir.
3.1.2. İxtiranın vəhdətlik tələbi 
İddia sənədi bir ixtira və ya öz aralarında vəhdət təşkil edən bir qrup ixtiraya aid olmalıdır.
Bir qrup ixtiraya, müxtəlif obyektlərə aid olan ixtiralar (qurğu və üsul, maddə və üsul və s.), eləcə də oxşar ixtira obyektinə aid olan ixtiralar, məsələn, ixtiranın variantları və ya bütövlükdə ixitira və onun bir hissəsi daxildir.
Vəhdətlik tələbi o zaman gözlənilmiş sayılır ki, gözlənilən texniki nəticə eyni prinsipə əsaslanan ixtiralarla əldə edilir və bu da ixtiranın texniki nəticəsini müəyyən edən əlamətlər arasındakı qarşılıqlı əlaqə ilə əks olunur. Məsələn, düsturda ixtiranın variantları göstərilirsə və ixtiraların istifadəsindən alınan texniki nəticə «A» xassəli əlamətlər (elementlərin) qrupunun aydınlaşması şərti ilə əldə edilirsə və əgər ixtira düsturunun digər bəndində ümumilikdə həmin «A» xassəsini göstərən başqa vasitələrlə (əlamətlərlə) xarakterizə edilən ixtira variantı təsvir olunursa, onda vəhdətlik tələbi gözlənilmiş sayılır. Vacib şərt odur ki, göstərilən əlamətlər qrupu ixtira düsturunun asılı olmayan bəndlərinə aid olmasın.
Aralıq maddə son maddə ilə bərabər ixtiralar qrupunda vəhdətlik tələbi pozulmadan müstəqil ixtira kimi iddia oluna bilər, bu şərtlə ki, son və aralıq maddələr ümumi mühüm struktur elementlərə malik olsun.
Qeyri-müəyyən struktura malik aralıq və ya son maddələrə aid ixtiralarda vəhdətlik tələbi o zaman gözlənilmiş sayılır ki, onlarda texniki nəticənin alınması üçün vacib olan texniki xarakteristikalarının oxşarlığı göstərilmiş olsun.
3.1.3. İxtiranın təsviri
İxtiranın təsviri ixtiranı həyata keçirmək üçün kifayət edən dərəcədə ixtiranın mahiyyətini açıqlamalıdır.
İxtiranın təsviri ixtiraçı tərəfindən həll ediləcək texniki problemi, onun həll edilməsi yolunu və vasitələrini əks etməlidir.
İxtiranın təsvirində standartlaşmış termin və ixtisarlardan istifadə edilir.
Eyni elementlərin göstərilməsi üçün vahid termindən istifadə olunur.
İxtiranın adı ixtiranın təyinatını xarakterizə edir və ixtiranın mahiyyətinə uyğun olur.
Fərdi birləşməyə aid olan ixtiranın adına, kimya sahəsində qəbul edilmiş nomenklaturadan biri üzrə fərdi birləşmənin adı, onun təyinatına konkret göstəriş, bioloji aktiv birləşmələr üçün isə bioloji aktivliyin növü daxil edilir.
Tərkibi təyin edilməmiş qarışığın (maddənin) alınması üsuluna aid ixtiranın adına, onun təyinatına aid göstəriş və ya həmin maddənin bioloji aktiv xassələri daxil edilir.
Mikroorqanizm ştammına və ya bitki və heyvan hüceyrələri kulturuna aid ixtiranın adına bioloji obyektin nəsil və növünün latınca adı, ştammın növü və təyinatı daxil edilir.
Məlum qurğu, üsul, maddə, ştammın yeni təyinat üzrə tətbiqinə aid olan ixtiranın adı, uyğun obyekt üçün qəbul edilmiş qaydalar üzrə tərtib edilir və məlum obyektin yeni təyinatını ifadə edir.
Əlamətlər məcmusu üzrə ixtiraya daha çox yaxın olan ən yaxın analoqu ayırmaqla, iddiaçıya bəlli olan analoqlar haqqında məlumat verilir.
İxtiranın analoqu qismində ilkinlik tarixinə qədər məlum olan eyni təyinatlı vasitələr və analoqların açıqlandığı informasiya mənbəyinin biblioqrafik göstəriciləri göstərilir.
İxtira tərkibi müəyyən edilməmiş konkret təyinatlı və ya bioloji aktiv xassəli qarışığın alınması üsuluna aid olduqda , analoq kimi bu cür təyinatlı və ya bu cür bioloji aktiv xassəli qarışığın alınması üsulu göstərilir.
Analoqların təsviri zamanı diqqət həll olunan problemin və ixtiranın həll edilməsinə yönələn texniki nəticənin aşkarlanmasına cəlb edilməlidir: - ixtiranın mühüm əlamətlərinin vəhdətliyi ilə təyin olunan, yəni nail olunan texniki nəticəyə təsir göstərən (onunla səbəb-nəticə əlaqəsində olan) ixtiranın mahiyyətinin ifadə olunması.
Bununla belə, lazım gəldikdə ixtiranın ən yaxın oxşar analoqdan fərqləndirən əlamətləri ayrılır.
Bir qrup ixtira üçün, göstərilən məlumatlar hər bir ixtira üçün ayrılıqda verilir.
Mikroorqanizmin ştammını, bitki və heyvan hüceyrələri kulturunu təsvir etdikdə, onun ilk və ya yaxın qohum ştammdan fərqlənən əlamətləri də göstərilir.
İxtira obyekti "qurğu" olduqda, çertyoj fiqurlarına istinad etməklə qurğunun statik vəziyyətdə təsviri verilir, daha sonra qurğunun fəaliyyəti təsvir edilir.
Üsula aid ixtira üçün maddi obyekt üzərində aparılan əməliyyat ardıcıllığı şərtləri, konkret rejimlər və həyata keçirilməsi vasitələri göstərilir. Bununla yanaşı ixtiranın yerinə yetirilməsinə aid heç olmasa bir misalın geniş təsviri verilir. Üsulda yeni maddələr itstifadə olunduqda, onların əldə edilməsi üsulu açıqlanır.
İxtira kompozisiyaya aiddirsə, kompozisiya tərkibinə daxil olan inqridiyentlər, onların xarateristikaları və kəmiyyətcə nisbətləri verilən misallar göstərilir. Kompozisiyada yeni maddə istifadə olunduqda, həmin maddənin əldə edilməsi üsulu təsvir edilir.
Strukturu müəyyən edilmiş yeni fərdi birləşməyə aid olan ixtira üçün struktur formulu, fiziki-kimyəvi sabitlər verilir və bu birləşmənin alındığı üsul təsvir edilir.Müəyyən təyinat üzrə bu birləşmənin istifadə edilməsi imkanı isbat olunur.
Əgər mikrobioloji prosesə və ya mikroorqanizmdən istiadə olunmuş maddəyə aid ixtira, mütəxəssis tərəfindən həyata keçirilməsi imkanı ilə iddia sənədində təsvir edilə bilmirsə, iddiaçı iddia sənədi materiallarına bu sənədin verilmə tarixindən gec olmayaraq mikroorqanizmin depozitləşməsi faktını sübut edən sənədi əlavə etməlidir.
3.1.4. İxtiranın düsturu
İxtiranın düsturu hüquqi mühafizənin həcmini müəyyən edir və ixtiranın təsvirinə əsaslanmalıdır. Təsvir və çertyojlar düsturun izah olunmasını təmin edir.
İxtira düsturu aydın ifadə edilmiş iki hissədən ibarət ola bilər, bunlardan birinci hissə (məhdudlaşdırıcı hissə) ən yaxın oxşarın əlamətləri ilə üst-üstə düşən əlamətlərdən ibarət olur. İkinci hissə isə (fərqləndirici hissə) ixtiranı ən yaxın oxşardan fərqləndirən əlamətlərdən tərtib olunan hissədir.
İxtira düsturuna mühüm əlamətlərin hamısı, yəni texniki nəticənin nail olunması üçün zəruri əlamətlərin daxil olduğu halda, ixtira düstürü ixtiranın mahiyyətini ifadə etmiş sayılır.
İxtira düsturu göstərilən iki hissəyə bölünmədən, yəni təqdimat üçün belə üsul məqsədəuyğundursa ixtira yeniliyini ayırmadan tərtib oluna bilər.
İxtira düsturu aşağıda göstərilənləri xarakterizə etdikdə, məhdudlaşdırıcı və fərqləndirici hissələrə ayrılmadan tərtib edilir:
- fərdi kimyəvi birləşməni;
- mikroorqanizm ştammını, bitki və heyvan hüceyrələri kulturunu;
- əvvəllər məlum olan qurğu, üsul, maddə, ştammın yeni təyinat üzrə tətbiqini;
- analoqları olmayan ixtiranı.
İxtira düsturunun asılı olmayan bəndi bir ixtiraya aid edilir.
İxtira dusturu hüquqi mühafizəsi istənilən ixtiraların sayına görə bir neçə asılı olmayan bənddən və onlara tabe olan asılı bəndlərdən ibarət ola bilər.
İxtira düsturunun asılı bəndləri tabe olduqları asılı olmayan bəndlərlə birlikdə qruplaşdırılır və ardıcıl olaraq ifadə olunur.
İxtiranın düsturu ixtiranın bir və ya bir neçə bəndli ixtira düsturu ilə yerinə yetirilməsinin alternativ formasını ifadə edilə bilər.
İddia sənədinə müxtəlif obyektlərə aid bəndləri olan ixtira düsturu daxil edilə bilər. Məsələn:
- qurğu, maddə və ya mikroorqanizmə aid asılı olmayan bənd üçün, bu qurğunun hazırlanması və ya maddənin alınması üçün nəzərdə tutulan üsula aid asılı olmayan bənd və ya bu qurğunun, maddənin və ya ştammın tətbiqinə aid asılı olmayan bənd;
- üsula aid asılı olmayan bənd və bu üsulun həyata keçirilməsi üçün nəzərdə tutulan qurğuya aid asılı olmayan bənd;
- qurğu, maddə və ya mikroorqanizmə aid asılı olmayan bənd üçün, bu qurğunun hazırlanması və ya maddənin alınması üçün nəzərdə tutulan üsula aid asılı olmayan bənd və bu üsulun həyata keçirilməsi üçün nəzərdə tutulan qurğuya aid asılı olmayan bənd.
3.1.5. Referat
Referat ixtira haqqında məlumat məqsədini daşıyır və ixtira haqqında məlumatın qısa şərhindən ibarətdir.
Referat ixtiranın adı ilə başlanır, ixtiranın aid olduğu texnika sahəsinin xarakteristikası və əldə olunan texniki nəticəni göstərməklə ixtiranın mahiyyətini qısa şəkildə xarakteriza edir.
Referatda ixtiranın mahiyyəti, ixtiranın mühüm əlamətlərinin hamısını saxlamaqla, ixtiranın düsturunun sərbəst şərh etmək yolu ilə xarakterizə olunur. Zərurət olarsa referata çertyoj və ya digər izahedici material daxil edilə bilər.