Çap et
Patent/İddia sənədinin verilmə qaydaları/Əmtəə nişanı
Əmtəə nişanlarının qeydə alınması barədə iddia sənədi iddiacı tərəfindən Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinə (bundan sonra Komitə) təqdim edilir. 
İddiaçı Komitəyə iddia sənədini aşağıdakı qaydada verə bilər:
- bilavasitə;
- Komitədə qeydə alınmış patent müvəkkili vasitəsilə.
Azərbaycan Respublikasının tərəfdar çıxdığı dövlətlərası müqavilələrdə başqa qaydalar nəzərdə tutulmayıbsa, Azərbaycan Respublikasında sahibkarlıq fəaliyyəti göstərənlər istisna olmaqla xarici hüquqi və fiziki şəxslər Komitəyə iddia sənədini yalnız patent müvəkkilləri vasitəsilə verirlər.
İddia sənədi ərizədən (xüsusi forma) və ona qoşulan zəruri sənədlərdən ibarət olmaqla bir əmtəə nişanına aid olmalıdır.
Əmtəə nişanının qeydə alınmasına dair ərizədə aşağıdakılar göstərilməlidir:
- iddiaçının adı, yerləşdiyi və ya yaşadığı yer, imzası (iddia sənədi patent müvəkkili vasitəsilə verildikdə, patent müvəkkilinin soyadı, adı, ünvanı və imzası);
- idda edilən nişanın şəkli ya üçölçülü forması;
- əmtəələrin və ya xidmətlərin Nitsa təsnifatı üzrə qruplaşdırılmış siyahısı;
- əmtəə nişanının rəngi və ya rənglərin kombinasiyası;
- nişanın və ya onun müəyyən hissəsinin transliterasiyası və tərcüməsi.
Ərizəyə aşağıdakılar qoşulur:
- dövlət rüsumunun ödənildiyini təstiq edən sənəd;
- iddia sənədi patent müvəkkili vasitəsilə verildikdə onun səlahiyyətlərini təstiq edən sənəd;
- kollektiv nişanın nizamnaməsi, kollektiv nişanı öz adına qeydə almağa vəkil edilmiş subyektin adı, kollektiv nişandan istifadə hüququ olan subyektin bütün üzvlərinin siyahısı, bu nişanın aid ediləcəyi əmtəələrin və ya xidmətlərin siyahısı, vahid keyfiyyət və digər xüsusiyyətləri;
- zəruri halda əmtəə nişanının "Əmtəə nişanları və coğrafi göstəricilər haqqında" Qanunun 10-cu maddəsinə uyğun ilkinliyini təstiq edən sənəd;
- iddiaçının göstərilən coğrafi obyektdə olması, şöhrəti, xüsusiyyəti başlıca olaraq coğrafi mənşəyindən irəli gələn əmtəəni istehsal etməsi və ya xidməti göstərməsi barədə müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilən sənəd və rəy;
- əmtəənin mənşə ölkəsində iddiaçının iddia etdiyi coğrafi göstəricini təstiq edən sənəd.
Əmtəə nişanının və coğrafi göstəricinin qeydə alınmasına dair ərizə Azərbaycan dilində verilir.

ƏMTƏƏ NİŞANININ İLKİNLİYİ
Əmtəə nişanının ilkinliyi iddia sənədinin Komitəyə daxil olduğu tarixdən müəyyənləşdirilir.
Əmtəə nişanının ilkinliyi Paris Konvensiyasının iştrakçısı olan ölkədə birinci iddia sənədinin verildiyi tarixdən də müəyyənləşdirilə bilər (konvensiya ilkinliyi).
Bu halda iddia sənədi həmin tarixdən 6 ay ərzində Komitəyə daxil olmalıdır.
Paris Konvensiyasının iştirakçısı olan dövlətlərdən birinin ərazisində təşkil edilmiş rəsmi beynəlxalq sərgilərin eksponatlarında yerləşdirilmiş əmtəə nişanının ilkinliyi sərgidə eksponatın açıq göstərildiyi tarixdən müəyyənləşdirilə bilər (sərgi ilkinliyi).
Əmtəə nişanı və coğrafi göstərici barəsində iddia sənədinin ekspertizası müəyyənləşdirmiş qaydalara uyğun olaraq ilkin ekspertizadan və ekspertizadan ibarət olmaqla Komitə tərəfindən həyata keçirilir.
İddia sənədinin ekspertizasının aparıldığı dövrdə ona dair qərar qəbul edilənədək iddiaçı müəyyənləşdirilmiş dövlət rüsumu ödəyərək öz təşəbbüsü ilə iddia sənədinin materiallarını tamamlaya, dəqiqləşdirə və ona düzəliş edə bilər.
Əlavə materiallar qeydiyyata verilmiş nişanın mahiyyətini dəyişirsə və ya iddia sənədində göstərilən əmtəələrin və xidmətlərin siyahısına onlarla həmcins olmayan əmtəələri və ya xidmətləri daxil edirsə, həmin materiallar baxılmağa qəbul olunmur və iddiaçı tərəfindən müstəqil iddia sənədi kimi rəsmiləşdirilə bilər.
İddiaçı tərəfindən və ya onun xahişi ilə iddia sənədi sadalanan əmtəələrin və xidmətlərin bölünməsi yolu ilə bir neçə iddia sənədinə ayrıla bilər. Ayrılmış iddia sənədləri ilk iddia sənədinin verildiyi tarixi və iddia edilmiş əmtəə nişanının ilkinliyini saxlayır.

İDDİA SƏNƏDİNİN GERİ GÖTÜRÜLMƏSİ
Əmtəə nişanı və ya coğrafi göstərici barəsində iddia sənədi ona baxılmasının istənilən mərhələsində iddiaçının xahişi ilə geri götürülə bilər.

İLKİN EKSPERTİZA
Əmtəə nişanı və ya coğrafi göstərici barəsində iddia sənədlərinin ilkin ekspertizası iddia sənədlərinin daxil olduğu tarixdən 1 ay müddətində aparılır.
Əmtəə nişanı və ya coğrafi göstərici barəsində iddia sənədlərinin ilkin ekspertizasının aparılması gedişində iddia sənədinin məzmunu, zəruri sənədlərin mövcudluğu, habelə müəyyənləşdirilmiş tələblərə uyğunluğu yoxlanır. İlkin ekspertizanın nəticələrinə əsasən iddia sənədinin baxılmaq ücün qəbul və ya rədd edildiyi iddiaçıya bildirir.

ƏMTƏƏ NİŞANLARININ VƏ COĞRAFİ GÖSTƏRİCİLƏRİN EKSPERTİZASI Əmtəə nişanının ekspertizası ilkin ekspertizanın başa çatmasından sonra 6 ay ərzində aparılır.
Ekspertizaların nəticələrinə əsasən əmtəə nişanını və ya coğrafi göstəricinin qeydə alınmasına və ya qeydə almaqdan imtina edilməsinə dair əsaslandırılmış qərar qəbul edilir