Çap et
Patent müvəkkilləri/Əsasnamə

Patent müvəkkilləri haqqında 

ƏSASNAMƏ

1. Ümumi müddəalar

1.1. Bu Əsasnamə Azərbaycan Respublikası ərazisində patent müvəkkillərinin peşə fəaliyyəti ilə bağlı münasibətləri tənzimləyir.

1.2. Patent müvəkkillərinin fəaliyyəti Azərbaycan Respublikasının qanunları və bu Əsasnamə ilə tənzimlənir.

1.3. Azərbaycan Respublikası ərazisində daimi yaşayan, Azərbaycan Respublikasının dövlət dilini bilən, ali təhsili olan, patent müvəkkillərinin Dövlət reyestrində qeydiyyata alınan Azərbaycan Respublikasının vətəndaşı patent müvəkkili ola bilər.

1.4. Patent müvəkkili məsləhət verdiyi və ya ona verilən səlahiyyət daxilində həyata keçirdiyi fəaliyyətlə bağlı ixtira, faydalı model və sənaye nümunəsi obyektləri üzrə müəllif və ya şərikli müəllif ola bilməz.

1.5. Patent müvəkkili öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikasının digər qanunvericilik aktlarını, Azərbaycan Respublikası Prezidentinin Fərmanlarını, Nazirlər Kabinetinin qərarlarını, bu Əsasnaməni və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri rəhbər tutur.

2. Patent müvəkkili ilə vəkalət verən arasında qarşılıqlı münasibətlər

2.1. Patent müvəkkili ilə Azərbaycan Respublikasının və xarici ölkələrin hüquqi və fiziki şəxsləri, iddiaçılar, ixtira, faydalı model, sənaye nümunəsi, əmtəə nişanı və coğrafi göstəricinin sahibləri (bundan sonra - vəkalət verən) arasındakı münasibətlər müqavilə əsasında tənzimlənir. Patent müvəkkilinin səlahiyyəti vəkalət verən tərəfindən ona verilən "Etibarnamə" ilə təsdiq edilir. Patent müvəkkili yalnız "Etibarnamə"də göstərilən ixtira, faydalı model, sənaye nümunəsi, əmtəə nişanı və coğrafi göstərici çərçivəsində səlahiyyətlərə malik olur.

2.2. Vəkalət verən üzərinə düşən öhdəlikləri yerinə yetirmədikdə və ya Azərbaycan Respublikasının qüvvədə olan qanunvericilik aktlarına, patent müvəkkilinin peşəkarlıq etikasına qarşı çıxan tələblər irəli sürdükdə, patent müvəkkili müqavilə ilə ondan aldığı tapşırığı yerinə yetirməkdən imtina edə bilər.

Vəkalət verənlə patent müvəkkili arasında yaranan mübahisələrə Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin (bundan sonra - SMPDK) Apellyasiya şurasında (bundan sonra - Apellyasiya şurası) baxılır. Tərəflər Apellyasiya şurasının qərarı ilə razı olmadıqda məhkəməyə müraciət edə bilərlər.

2.3. Patent müvəkkili müqavilə üzrə tapşırıqları yerinə yetirərkən vəkalət verəndən aldığı informasiyanı məxfi saxlamalıdır.

3. Patent müvəkkilinin fəaliyyəti

3.1. Patent müvəkkili:

vəkalət verənin tapşırığına əsasən ixtira, faydalı model, sənaye nümunəsi, əmtəə nişanı və coğrafi göstərici üzrə iddia sənədinin tərtibi, verilməsi, müvafiq mühafizə sənədinin alınması, qüvvədə saxlanması və digər hüquqi əhəmiyyətli işləri yerinə yetirir;

ixtira, faydalı model, sənaye nümunəsi, əmtəə nişanı və coğrafi göstərici üzrə hüquqların həyata keçirilməsində, o cümlədən hüquqların verilməsi, lisenziya müqavilələrinin bağlanması məsələlərində vəkalət verəni təmsil edir;

SMPDK -də və onun tabeliyində olan təşkilatlarda, məhkəmədə, digər orqanlarda iddiaçı və ya cavabdeh kimi öz səlahiyyətləri çərçivəsində vəkalət verəni təmsil edir;

sənaye mülkiyyətinin mühafizəsi sahəsində vəkalət verənə məsləhətlər verir.

4. Patent müvəkkilinin hüququ

4.1. Patent müvəkkili aşağıdakı hüquqlara malikdir:

vəkalət verənə xidmət göstərərkən ondan haqq almaq;

ona verilən hüquqlar çərçivəsində müvəkkillik işini yerinə yetirməklə bağlı öz adından idarə və təşkilatlardan sənədlər tələb etmək, bu sənədləri və ya onların surətini vəkalət verənə təqdim etmək;

müəyyən edilmiş qaydaya uyğun patent xidməti üzrə müəssisə yaratmaq və ya hüquqi şəxs olmadan peşə fəaliyyəti ilə məşğul olmaq.

5. Patent müvəkkilinin ixtisas dərəcəsinə olan tələblər

5.1. Patent müvəkkili kimi aşağıdakı şəxslər attestasiya oluna bilər:

sənaye mülkiyyətinin mühafizəsi sahəsində xüsusi kurs bitirən və ya həmin sahədə ən azı iki il stajı olan şəxslər, hüququn tətbiqi və tədrisi sahəsində ən azı iki il stajı olan hüquqşünaslar.

Patent müvəkkili kimi attestasiya olunan şəxslər ixtira, faydalı model, sənaye nümunəsi, əmtəə nişanı və coğrafi göstəricinə görə hüquqların qorunması sahəsində Azərbaycan Respublikasının normativ hüquqi aktları, beynəlxalq müqavilələri üzrə zəruri biliklərə malik olmalıdır.

6. Patent müvəkkilinin attestasiyası və qeydiyyata alınması

6.1. Patent müvəkkili statusu almaq istəyən fiziki şəxs attestasiyadan keçmək üçün SMPDK-ya ərizə ilə müraciət edir. Ərizəyə ali təhsil haqqında diplomun surəti, Azərbaycan Respublikası ərazisində daimi yaşayış yeri haqqında arayış, xüsusi kursu bitirməyə dair sənəd, bu Əsasnamənin 5.1-ci bəndinin 2-ci abzasına uyğun iki il iş stajı barədə müvafiq arayış, şəxsiyyət vəsiqəsinin surəti və patent müvəkkilliyinə namizədin patent müvəkkili kimi attestasiya olunması üçün müəyyən edilən dövlət rüsumu ödənilməsi təsdiqləyən sənəd əlavə olunur.

Patent müvəkkili statusu almaq istəyən şəxs ixtira, faydalı model, sənaye nümunəsi, əmtəə nişanı və coğrafi göstəricinin hər hansı biri və ya bir neçəsi sahəsində məhdud fəaliyyət göstərmək niyyətində olduqda onu ərizədə qeyd edir.

6.2. Attestasiya komissiyasının tərkibi SMPDK tərəfindən müəyyən edilir.

Attestasiyanın aparılması üçün ən azı 5 (beş) nəfərdən ibarət Attestasiya komissiyası təşkil olunur.

Namizəd tərəfindən təqdim edilmiş sənədlər Attestasiya komissiyası tərəfindən qeydiyyata alınır. Sənədlər bu Əsasnamənin 6.1-ci bəndinin tələblərinə uyğun olmadıqda, namizədə 5 (beş) iş günü müddətində bildiriş göndərilir.

Namizəd bildirişi aldığı tarixdən 10 (on) gün müddətində bildirişə cavabı və ya tələb olunan zəruri sənədləri Attestasiya komissiyasına təqdim etməlidir. Bildirişlə tələb olunan cavabı və ya sənədləri göstərilən müddətdə Attestasiya komissiyasına təqdim etməyən namizəd attestasiyaya buraxılmır.

Sənədlər bu Əsasnamənin 6.1-ci bəndinin tələblərinə uyğun olduğu halda namizədə 5 (beş) iş günü müddətində attestasiyaya buraxılması, attestasiyanın keçirilmə vaxtı və yeri barədə bildiriş göndərilir və ən geci 3 (üç) ay müddətində namizədin attestasiyası həyata keçirilir.

Namizəd üzrlü səbəb olmadan attestasiyaya gəlmədikdə və bu barədə məlumat vermədikdə, attestasiyadan keçməmiş hesab edilir. Namizəd üzrlü səbəbdən attestasiyada iştirak etmədikdə, attestasiya komissiyası tərəfindən attestasiyanın keçirilməsi üçün yeni vaxt təyin edilir və namizədə məlumat verilir. 

Attestasiya zamanı şəxsə ixtira, faydalı model, sənaye nümunəsi, əmtəə nişanı və coğrafi göstəricilərlə bağlı Azərbaycan Respublikasının normativ hüquqi aktlarına, Azərbaycan Respublikasının qoşulduğu beynəlxalq müqavilələrə və qeyd olunan obyektlərə dair hüquqların mühafizəsinin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi, Azərbaycan Respublikasının Mülki Məcəlləsi və Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə tənzimlənməsinə dair suallar verilir. Verilmiş suallar və namizədin cavabları attestasiya vərəqəsində yazılır. Attestasiyanın aparılması zamanı namizədin etirazı olmadığı halda videoçəkiliş aparılır.

Attestasiya və səsvermə nəticəsində namizədin patent müvəkkili kimi attestasiyadan keçməsi və ya keçməməsi haqqında qərar qəbul olunur. Səsvermənin nəticələrinə dair qərar Attestasiya komissiyası üzvlərinin səs çoxluğu ilə qəbul edilir.  Səsvermə namizədin iştirakı olmadan keçirilir və nəticələr protokolla rəsmiləşdirilir.

Attestasiyanın nəticələrinə dair qərar bir nüsxədə tərtib edilən, Attestasiya komissiyasının sədri və Attestasiya komissiyasının səsvermədə iştirak etmiş üzvləri tərəfindən imzalanan attestasiya vərəqinə yazılır.

Attestasiya Komissiyasının sədri tərəfindən imzalanan attestasiya nəticəsində qəbul edilmiş qərar barədə bildiriş səsvermədən sonra dərhal namizədə təqdim olunur. Attestasiyanın nəticələri ilə razı olmayan şəxs Attestasiya nəticəsində qəbul edilmiş qərar barədə bildirişi aldığı vaxtdan 30 gün müddətində SMPDK-nın Apellyasiya şurasına yazılı formada etirazını təqdim edə bilər.

Şəxs il ərzində yalnız bir dəfə attestasiyadan keçmək üçün müraciət edə bilər.

6.3. Attestasiya komissiyası patent müvəkkilliyinə namizədi attestasiyadan keçirərkən onu seçdiyi sənaye mülkiyyəti sahəsində "məhdud fəaliyyət"lə bağlı ərizəsini də nəzərə alır.

6.4. Şəhadətnamə müddətsiz verilir. Attestasiyadan keçmiş şəxs patent müvəkkili kimi attestasiyadan keçməsi barədə qərarla bağlı bildirişi aldıqdan sonra 1 (bir) ay müddətində “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq patent müvəkkillərinin qeydiyyata alınması, şəhadətnamə verilməsi və qeydiyyata alınmış patent müvəkkili barədə məlumatların dərc olunması üçün dövlət rüsumlarının ödənilməsini təsdiq edən sənədləri SMPDK-ya təqdim etməlidir. Qeyd olunan müddətdə dövlət rüsumlarının ödənilməsini təsdiq edən sənədlər SMPDK-ya təqdim olunmadıqda, attestasiyanın nəticələri ləğv edilmiş hesab olunur. Dövlət rüsumlarının ödənilməsini təsdiq edən sənədlər təqdim edildikdən sonra 3 (üç) gün müddətində şəxs patent müvəkkili kimi patent müvəkkillərinin Dövlət reyestrində qeydiyyata alınır və şəhadətnamə verilir. 

Patent müvəkkili seçdiyi sənaye mülkiyyəti  sahəsində məhdud fəaliyyət göstərməli olarsa, bu barədə məlumat Dövlət reyestrinə daxil edilir və şəhadətnamədə qeyd olunur.

6.5. Patent müvəkkilləri üçün şəhadətnamənin forması SMPDK tərəfindən müəyyən edilir.

6.6. Patent müvəkkili Dövlət reyestrində qeydə alındığı tarixdən fəaliyyət göstərmək hüququ əldə edir və bu barədə məlumat rəsmi bülletendə dərc olunur.

Patent müvəkkilinə olan tələblər patent müvəkkili tərəfindən yerinə yetirilmədikdə və bu sahədə yaranan ziddiyyətlərlə bağlı dövlət orqanlarından, fiziki və hüquqi şəxslərdən Apellyasiya şurasına etiraz və şikayətlər daxil olduqda və şikayətdə göstərilən hal Apellyasiya şurasının qərarı ilə təsdiq edildiyi halda, həmin qərardan qanunvericiliklə müəyyən edilmiş müddətdə məhkəməyə şikayət verilmədikdə və ya qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə Apellyasiya şurasının qərarının ləğv edilməsi barədə şikayət təmin olunmadıqda, patent müvəkkili patent müvəkkillərinin dövlət reyestrindən çıxarılır.

6.7. Apellyasiya şurasına daxil olan etiraz və şikayətlərə Azərbaycan Respublikasında qüvvədə olan qanunvericiliyə uyğun baxılır.

Apelyasiya şurasının qərarından Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi ilə müəyyən edilmiş qaydada məhkəmə qaydasında şikayət verilə bilər.

7. Patent müvəkkilinin məsuliyyəti

7.1. Patent müvəkkili vəkalət verənlə bağladığı müqaviləni yerinə yetirən zaman müqavilə şərtlərinin pozulduğuna görə Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə uyğun məsuliyyət daşıyır.

7.2. Patent müvəkkili peşə öhdəliyini lazımi səviyyədə yerinə yetirmədikdə, vəkalət verən istənilən hüquqi və ya fiziki şəxs Apellyasiya şurasına şikayət verə bilər. Apellyasiya şurası bu cür şikayətin daxil olması barədə patent müvəkkilinə bildiriş göndərir.

7.3. Apellyasiya şurasına daxil olan şikayətlərə üç ay müddətində baxılır. SMPDK Apellyasiya şurasının gəldiyi nəticələrdən asılı olaraq bu Əsasnaməyə uyğun tədbirlər görür.

7.4. Patent müvəkkili üçün qoyulan tələbləri pozan patent müvəkkilinə qarşı aşağıdakı tədbirlər görülür:

xəbərdarlıq edilir;

yenidən attestasiya edilir, attestasiyanın nəticəsi qənaətbəxş olmadıqda reyestrdən çıxarılır.

8. Patent müvəkkilinin Dövlət reyestrindən çıxarılması üçün əsas

8.1. Patent müvəkkili aşağıdakı əsaslara görə SMPDK sədrinin əmri ilə patent müvəkkillərinin Dövlət reyestrindən çıxarılır:

patent müvəkkilinin ərizəsi əsasında;

patent müvəkkilinin Azərbaycan Respublikasının vətəndaşlığına xitam verilməsi və ya daimi yaşayış yerinin Azərbaycan Respublikası ərazisindən dəyişməsi;

vəkalət verənlə müqavilə şərtlərini kobud şəkildə pozması Apellyasiya şurası tərəfindən təsdiq olunduğu (vəkalət verən tərəfindən əsaslandırılmış şikayət ərizəsi daxil olarsa) hallarında;

patent müvəkkili tərəfindən məzmunu həqiqətə uyğun olmayan sənədlər və məlumatlar verildiyi və ya onların dəyişdirildiyi təsdiq olunarsa;

sənaye mülkiyyətinin mühafizəsi sahəsində kargüzarlıq işlərini yerinə yetirən zaman Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyini pozduğu hallarda;

yenidən attestasiyanın nəticələri qənaətbəxş olmadıqda;

patent müvəkkili vəfat etdikdə.

8.2. Bu Əsasnamənin 8.1-ci bəndində nəzərdə tutulmuş fəaliyyətində nöqsanlara yol verilməsi ilə əlaqədar əsaslardan biri ilə patent müvəkkillərinin dövlət reyestrindən çıxarılmış şəxs 1 (bir) il müddətində növbəti attestasiyalarda iştirak edə bilməz.

9. Yekun müddəalar

9.1. Patent müvəkkili müqavilə üzrə vəkalət verənin tapşırıqlarını icra edən bilmədiyi halda, o, Azərbaycan Respublikasının Mülki Məcəlləsinə müvafiq olaraq, həmin müqavilədə göstərilən işlərin icrasını başqa patent müvəkkilinə verə bilər.

Patent müvəkkilinin yeni vəkalət verəndən aldığı tapşırıqlar ondan daha əvvəl müraciət etmiş vəkalət verənin mənafelərinə toxunursa, patent müvəkkili yeni vəkalət verəndən aldığı tapşırıqları yerinə yetirməkdən imtina etməlidir.

İşlərin icrasını öz üzərindən götürən patent müvəkkili bu barədə vəkalət verənə bildiriş göndərir.

9.2. Patent müvəkkilinin Dövlət reyestrindən çıxarılması barədə qərar qüvvəyə mindikdən sonra bu barədə məlumat rəsmi bülletendə dərc olunur.

9.3. Patent müvəkkili yaşayış yerini dəyişdiyi halda Dövlət reyestrində müvafiq qeydlər aparmaq üçün SMPDK-ya məlumat verir.