Çap et
Alternativ və bərpa olunan enerji və enerji səmərəliliyi sahəsinin standartlaşdırılması/əsasnamə
 

“Alternativ və bərpa olunan enerji və enerji səmərəliliyi sahəsinin standartlaşdırılması” üzrə Texniki Komitənin (TK-18)

Ə S A S N A M Ə S İ

 

2016-cı il

Mündəricat

 

1.    Tətbiq sahəsi 3

2.    Normativ istinad. 3

3.    İstifadə olunan əsas anlayışlar 3

4.    Ümumi müddəalar 4

5.    TK-nın  fəaliyyət sahəsi 4

6.    TK-nın strukturu və tərkibi 5

7.    TK-nın əsas vəzifələri 5

8.    TK-nın funksiyaları 6

9.    TK-nın hüquqları 7

10.      TK-ya  üzvlük. 7

11.      TK-nın sədri 9

12.      TK-nın katibliyi 10

13.      TK-nın iclasları 11

14.      TK-nın heyət və strukturunun dəyişdirilməsi qaydası 13

15.      TK-nın fəaliyyətinin maliyyələşdirilməsi 14

16.      TK-nın ləğvi və yenidən təşkili qaydası 14

 

  1. Tətbiq sahəsi

“Alternativ və bərpa olunan enerji və enerji səmərəliliyi sahəsinin standartlaşdırılması” üzrə Texniki Komitə (bundan sonra TK 18) Azərbaycan Respublikasının Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin (ABOEMDA) təşəbbüsünə əsasən, Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin (bundan sonra SMPDK) 22.12.2016-cı il tarixli 160123400110 nömrəli Əmri ilə yaradılmışdır.

Bu əsasnamə TK 18-in təşkili qaydasını, əsas funksiyalarını, sədrə, sədr müavininə, katibliyə, məsul katibə və TK üzvlərinə olan tələbləri, qeydiyyata alınma və SMPDKtərəfindən TK-nın fəaliyyətinə nəzarət qaydasını müəyyən edir.

 

  1. Normativ istinad

Bu Əsasnamə AZS 1.1-2009 “Standartlaşdırma üzrə texniki komitələr. Yaradılması və fəaliyyəti qaydası” standartının tələb və tövsiyələrinə əsasən hazırlanmışdır.

 

  1. İstifadə olunan əsas anlayışlar

3.1.       Bu Əsasnamədə aşağıdakı anlayışlardan istifadə olunur:

3.1.1.    TK -  milli standartlaşdırma orqanının əmrinə uyğun olaraq müvafiq fəaliyyət sahələri üzrə texniki normativ hüquqi aktların hazırlanması, milli, regional və beynəlxalq standartlaşdırma tədbirlərinin təşkili və həyata keçirilməsi məqsədilə könüllü əsaslarla yaradılmış maraqlı müəssisələrin, təşkilatların, icra hakimiyyəti orqanlarının nümayəndələrinin birliyidir. 

Standartlaşdırma üzrə TK-nın tərkibinə, bərabərlik və könüllülük əsasında müvafiq icra hakimiyyəti orqanlarının nümayəndələri, elmi təşkilatlar, sahibkarların və istehsalçıların ictimai birlikləri, kommersiya və qeyri-kommersiya təşkilatları daxil ola bilərlər.

3.1.2.   katiblik - TK-nın işlərinin texniki və təşkilati təminatına görə standartlaşdırma üzrə milli orqanın müəyyənləşdirdiyi qaydada məsuliyyət daşıyan qurumdur (şəxslər qrupudur).

  1. Ümumi müddəalar

4.1.       TK  fəaliyyət sahəsində milli, regional və beynəlxalq standartlaşdırma üzrə işlərin həyata keçirilməsi məqsədilə SMPDK tərəfindən yaradılmış və maraqlı müəssisələrin, təşkilatların, icra hakimiyyəti orqanlarının nümayəndələrindən ibarət tərkibdə fəaliyyət göstərən birlikdir.

4.2.       TK-nın fəaliyyətinin məqsədi öz fəaliyyət sahəsi üzrə milli və beynəlxalq standartlaşdırma istiqamətində həyata keçirilən tədbirlərin təkmilləşdirilməsi və səmərəliliyinin artırılmasından ibarətdir.

4.3.       TK öz fəaliyyətində Azərbaycan Respublikasının qanunvericiliyini, “Standartlaşdırma haqqında” Azərbaycan Respublikasının Qanununu, “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununu, Azərbaycan Respublikasının Milli Standartlaşdırma Sisteminə daxil olan standartları, milli standartlaşdırma orqanı və hüquqi-normativ tənzimlənməni həyata keçirən mərkəzi icra hakimiyyəti orqanları tərəfindən təsdiq edilmiş digər normativ sənədləri, Azərbaycan Respublikasının qoşulduğu beynəlxalq müqavilə və sazişləri,  beynəlxalq və dövlətlərarası standartları, eləcə də bu Əsasnaməni rəhbər tutur.

4.4.       TK-nın işinə metodiki köməklik, fəaliyyətinin əlaqələndirilməsi və işinə nəzarət SMPDK tərəfindən həyata keçirilir.

4.5.       ТК yazışmaların aparılması üçün üzərində müvafiq rekvizitlər əks olunan  blanka malikdir. TK-nın  blankında rəsmi məktubları imzalamaq hüququ TK-nın sədrinə məxsusdur.

  1. TK-nın  fəaliyyət sahəsi

5.1.       TK-nın fəaliyyəti alternativ və bərpa olunan enerji və enerji səmərəliliyi sahəsinin standartlaşdırılmasını əhatə edir.

5.2.       TK öz fəaliyyəti sahəsində standartlaşdırma məsələlərinə dair müxtəlif sənədlərin işlənib hazırlanmasını təmin edir, bu sənədlərin ekspertizasını aparır və onlara müvafiq qaydada rəy və tövsiyələr  verir. Eyni zamanda, TK Milli Standartlaşdırma Proqramına Fəaliyyəti sahəsi ilə bağlı milli standartların layihələrinin və onlara dəyişikliklərin və ya təşəbbüs qaydasında işlənib hazırlanmış və onun fəaliyyət sahəsinə aid edilən qaydalar toplularının hazırlanmasına dəstək göstərir, onların ekspertizasını keçirir və rəylər verir.

  1. TK-nın strukturu və tərkibi

6.1.       TK-nın  strukturu SMPDK tərəfindən təsdiq edilir.

6.2.       TK-nın strukturuna sədr, sədr müavini, katiblik (məsul katib) və TK-ya üzv olan təşkilatlar daxildir.

  1. TK-nın əsas vəzifələri

7.1.        Texniki Komitənin vəzifələri:

            TK onun fəaliyyət sahəsində məhsullar və xidmətlər bazarının bilavasitə iştirakçısı olan və ya bu sahədə dolayı marağı olan müəssisə və təşkilatları (bundan sonra-təşkilatlar) və həmçinin TK-nın fəaliyyət sahəsində mütəxəssis olan fiziki şəxsləri birləşdirir.

            TK-nın əsas məqsədləri:

-  milli, dövlətlərarası və beynəlxalq standartların layihələrinin işlənib hazırlanmasının və ekspertizasının təşkili;

-  milli standartların işlənib hazırlanması Proqramının formalaşdırılmasında (təhkim edilmiş fəaliyyət sahəsində) iştirak;

-  milli standartlaşdırma sisteminin sənədlər fondunun tərkibində olan sahə standartlarının yenilənməsi və sonrakı istifadəsi ilə bağlı təhlil;

-  standartlaşdırma üzrə beynəlxalq (regional) təşkilatların TK-larının işində iştirak, o cümlədən Azərbaycan Respublikasının milli standartlarının beynəlxalq (regional) standartlar kimi qəbul edilməsi məqsədilə, həmçinin Azərbaycan Respublikasının standartlaşdırma üzrə milli orqanı ilə standartlaşdırma üzrə beynəlxalq (regional) təşkilatlar arasında olan razılaşmalara əsasən onların katibliyinin aparılması;

-  beynəlxalq və dövlətlərarası standartların işlənib hazırlanmasına və standartlaşdırma üzrə beynəlxalq, regional təşkilatların layihələri üzrə səsvermədə Azərbaycan Respublikasının mövqeyinə dair təkliflərin hazırlanması;

-  texniki reqlament və standartların dövlət məlumat fonduna verilməsi üçün beynəlxalq standartların rəsmi tərcümələrinin hazırlanması;

TK öz fəaliyyət sahəsində aşağıdakı məsələləri həll edə bilər:

-  ekspert komissiyalarının tərkibində texniki reqlamentlərin, müəssisə standartlarının ekspertizasının aparılması;

-  standartların istifadəçisi olan müəssisələrlə (təşkilatlarla), o cümlədən istehlakçı birliklər ilə, sınaq mərkəzləri ilə (laboratoriyalarda) və sertifikatlaşdırma orqanları ilə, digər marağı olan təşkilatlarla əməkdaşlığın həyata keçirilməsi;

-  məsləhətləşmələrin aparılması.

7.2.       Milli və dövlətlərarası standartların, texniki reqlamentlərin layihələrinin ekspertiza müddəti sənədlərin tərtibatçı tərəfindən TK-nın katibliyinə təqdim edildiyi andan ən çoxu 45  gün təşkil edir.

7.3.       TK tərəfindən hazırlanmış və yaxud müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanaraq baxılmaq üçün TK-ya təqdim edilmiş standartlaşdırma üzrə normativ sənədlərin TK-da ekspertizadan keçirilərək təsdiq edilməsi tövsiyə olunduqdan sonra həmin normativ sənədlərin təsdiq edilməsi müəyyən edilmiş qaydada həyata keçirilir.

7.4.       Standartların ekspertizası SMPDK tərəfindən aparılır.

7.5.       TK  təhkim edilmiş fəaliyyət sahəsində digər məsələlərin həllində, o cümlədən ölkə ərazisində qüvvədə olan milli standartların və texniki reqlamentlərin, standartlaşdırma sahəsində digər sənədlərin Siyahısının hazırlanmasında iştirak edir, təşkilatların hazırladığı standartlaşdırma üzrə normativ sənədlərin ekspertizasını aparır.

  1. TK-nın funksiyaları

8.1.       TK bu Əsasnamə ilə müəyyən edilmiş əsas vəzifələrə uyğun olaraq aşağıdakı funksiyaları həyata keçirir:

8.1.1.   TK fəaliyyətini yalnız müvafiq qaydada təsdiq edilmiş Standartlaşdırma Planına əsasən həyata keçirir. Standartlaşdırma Planı və ona olunan dəyişikliklər SMPDK tərəfindən təsdiq olunduqdan sonra qüvvəyə minir;

8.1.2.   TK öz fəaliyyəti sahəsi üzrə növbəti il üçün hər ilin sonunda Standartlaşdırma Planının layihəsini (standartların və texniki reqlamentlərin işlənib hazırlanması, dəyişikliklərin edilməsi və ləğvi) hazırlayaraq təsdiq edilməsi üçün SMPDK-yə  təqdim edir;

8.1.3.   TK-nın fəaliyyət sahəsinə aid normativ sənədlərin beynəlxalq, regional və bu sahədə daha çox inkişaf etmiş ölkələrin milli standartları ilə uyğunlaşdırılmasını təmin edir;

8.1.4.   Əlaqəli fəaliyyət sahələrinin işçi orqanları ilə, o cümlədən standartlaşdırma üzrə beynəlxalq təşkilatların müvafiq Texniki Komitələri ilə əməkdaşlıq edir və onların işində iştrak edir;

8.1.5.   Zərurət olduqda, dövlətlərarası, beynəlxalq və regional standartların, alternativ və bərpa olunan enerji və enerji səmərəliliyisahəsində digər sənədlərin layihələrinə səs vermək üçün Azərbaycan Respublikasının mövqeyini əks etdirən təkliflər hazırlayır;

8.1.6.   Azərbaycan Respublikasında standartlaşdırma üzrə beynəlxalq və regional təşkilatların iclaslarının keçirilməsinin təşkilində iştirak edir;

8.1.7.   Sahə üzrə istifadəsi zəruri olan normativ sənədlərin məlumat və tanışlıq məqsədilə Azərbaycan dilinə tərcüməsini təşkil edir.

  1. TK-nın hüquqları

9.1.       TK qarşısında duran vəzifə və funksiyaları yerinə yetirmək üçün aşağıdakı hüquqlara malikdir:

9.1.1.   SMPDK-ya texniki tənzimləmə prosesində işlənib hazırlanmış standartlaşdırma üzrə normativ sənədlərin təkmilləşdirilməsinə dair təkliflər vermək;

9.1.2.   Standartlaşdırma və texniki məsələlər üzrə SMPDK-ya müraciət etmək;

9.1.3.   Standartlaşdırma üzrə beynəlxalq, regional və dövlətlərarası təşkilatların texniki orqanlarının işində müvafiq qaydada iştirak etmək;

9.1.4.   TK tərəfindən aparılan işlərə standartlaşdırma və texniki tənzimləmə subyektlərini, eləcə də ayrı-ayrı mütəxəssisləri cəlb etmək.

9.2.       TK-nın üzvü TK-nın aşağıda göstərilən işlərində iştirak etmə hüququna malikdir:

9.2.1.   TK-nın iclaslarında iştirak etmək;

9.2.2.   TK tərəfindən milli, dövlətlərarası və beynəlxalq standartlaşdırma üzrə aparılan işlərdə iştirak etmək;

9.2.3.   TK tərəfindən ekspertizası həyata keçirilən standart layihələrinin baxılması üçün qəbul etmək və onlara rəy vermək;

9.2.4.   TK-nın iclaslarında milli, dövlətlərarası və beynəlxalq standart layihələrinin müzakirəsində iştirak etmək və müvafiq qərarların qəbulu prosesində səs vermək;

9.2.5.   TK-nın fəaliyyətinin təkmilləşdirilməsinə dair təkliflər vermək;

9.2.6.   Katiblikdən informasiya xarakterli materiallar almaq.

9.3.       TK-nın qərarından və katibliyin fəaliyyətindən SMPDK-ya apellyasiya şikayəti verilə bilər.

10. TK-ya  üzvlük

10.1.    TK-ya üzvlük könüllüdür.

10.2.    TK-nın fəaliyyət sahəsi üzrə əlaqəli olan, bu Əsasnamənin tələblərinə riayət edən və TK-nın iclaslarında qəbul edilmiş qərarları yerinə yetirən digər təşkilatlar da ТК-ya üzv ola bilərlər. Yeni üzvlərin TK-ya qəbul edilməsi və ya üzvlüyün itirilməsi barədə qərar TK-nın müvafiq qərarına əsasən, TK-nın sədri tərəfindən bu Əsasnamənin bəndinə uyğun olaraq qəbul edilir.

10.3.    TK-ya üzv olmaq istəyən təşkilat katibliyə aşağıdakı məlumatları təqdim etməlidir:

-       təşkilatın hüquqi və poçt ünvanı;

-       təşkilati forması;

-       rəhbərin soyadı, adı və atasının adı;

-       səlahiyyətli nümayəndələrin soyadı, adı və atasının adı, telefon və faks nömrəsi, həmçinin elektron poçt ünvanı;

-       səlahiyyətli nümayəndənin TK-nın fəaliyyəti sahəsində ixtisası haqqında məlumat.

10.4.    TK-ya üzv olan təşkilatın rekvizitləri dəyişdikdə və ya səlahiyyətli nümayəndə əvəz olunduqda, TK-ya üzv olan təşkilatın rəhbəri bu barədə 5 gün ərzində TK-nın  katibliyinə məlumat verməlidir.

10.5.    Təşkilat TK-nın işində öz səlahiyyətli nümayəndəsi vasitəsi ilə iştirak etməklə, bu fəaliyyətlə bağlı bütün xərcləri öz üzərinə götürür.

10.6.    TK-nın katibliyi ilə təşkilat arasında əlaqəni səlahiyyətli nümayəndə həyata keçirir. O, katiblik tərəfindən göndərilən bütün yazışmaları (məktubları, teleqramları və s.) qəbul edir,növbəti iclas üçün bütün materialların vaxtında təşkilatın əməkdaşlarına və TK-nın katibliyinə çatdırılmasına məsuliyyət daşıyır, TK-nın iclaslarında iştirak edir və öz təşkilatı adından səs verir.

10.7.    TK-nın iclaslarında müzakirə olunan məsələlərlə bağlı qərar qəbul etmək üçün səlahiyyətli nümayəndə TK-ya üzv olan təşkilatın rəhbərliyi tərəfindən imzalanmış etibarnaməyə malik olmalıdır. TK-nın iclaslarında üzv təşkilatların nümayəndə heyəti də iştirak edə bilər. Bu halda təşkilat tərəfindən səsvermədə iştirak üçün bir şəxs təyin olunur.

10.8.    TK-ya üzv olan təşkilat və onun səlahiyyətli nümayəndəsi aşağıdakı hüquqlara malikdir:

  • ekspertizası TK tərəfindən aparılan standartların, texniki reqlamentlərin, standartlaşdırma sahəsində digər sənədlərin layihələrini baxılması üçün almaq və onlara rəylər vermək;
  • standartların, texniki reqlamentlərin, standartlaşdırma sahəsində digər sənədlərin layihələri ilə bağlı TK-nın  iclaslarında aparılan müzakirələrdə iştirak etmək;
  • standartların, texniki reqlamentlərin, standartlaşdırma sahəsində digər sənədlərin hazırlanması ilə bağlı təkliflər vermək və onları işləyib hazırlamaq;
  •  TK-nın katibliyindən informasiya xarakterli materiallar almaq.

10.9.    TK üzvünün vəzifələri aşağıdakılardır:

  • TK-nın  Əsasnaməsinə əməl etmək və onun iclaslarında mütəmadi iştirak etmək;
  • TK-nın fəaliyyəti ilə bağlı təkliflər vermək;
  • milli, beynəlxalq, dövlətlərarası və xarici ölkələrin standartlarının, texniki reqlamentlərin, standartlaşdırma sahəsində digər sənədlərin, eləcə də tərəfindən ekspertizası  aparılan digər sənədlərin layihələri üzrə TK-nın katibliyinə iradlar və təkliflər bildirmək;
  • TK-nın öz fəaliyyəti sahəsində standartlaşdırmanın perspektiv və prioritetlərini müəyyən edən planların hazırlanmasında və müzakirəsində iştirak etmək;
  • TK-nın məsul katibi ilə mütəmadi əlaqə saxlamaq və standartların layihələrinə müəyyən olunmuş müddətdə rəy vermək;
  • milli standartlaşdırmanın məqsəd və vəzifələrinə xələl gətirə biləcək hərəkətlərə yol verməmək.

11. TK-nın sədri

11.1.    TK-nın fəaliyyətinə TK-nın üzvləri tərəfindən namizədliyi irəli sürülən və  SMPDK-nın əmri ilə təsdiqlənən TK-nın sədri başçılıq edir.

11.2.    TK-nın sədrinin və məsul katibinin vəzifəsindən azad olunması TK-nın təqdimatına əsasən,  SMPDK-nın əmri ilə həyata keçirilir.

Sədr müavini SMPDK-nın əmri ilə təyin olunur. Sədr müavini, TK-nın sədri olmadıqda onun funksiyalarını yerinə yetirir və bu funksiyaların icra prosesində TK-nın sədrinə kömək edir.

11.3.    TK-nın sədri aşağıdakı vəzifələri yerinə yetirir: 

  • TK-nın və işçi qrupların işini təşkil etməklə TK-ya rəhbərlik edir;
  • TK-nın katibliyi və üzvləri ilə birlikdə TK-nın fəaliyyət strategiyasını işləyib hazırlayır, TK-nın iclaslarını və standartların, texniki reqlamentlərin, eləcə də standartlaşdırma sahəsində digər sənədlərin layihələrinin ekspertizasını, hazırlanmasını və  təsdiq edilməsi üçün təqdim olunmasını təşkil edir;
  • TK-nın işçi iclaslarını aparır;
  • TK-nı bütün dövlət və ictimai təşkilatlarda təmsil edir, TK-nın səlahiyyətlərinə aid edilən məsələlər üzrə məsuliyyət daşıyır;
  • TK-nın fəaliyyəti ilə bağlı hesabatların hazırlanmasını təmin edir;
  • TK-nın işinə ekspertləri və mütəxəssisləri cəlb edir;
  • zəruri olduqda, TK-ya üzv təşkilatların nümayəndələrinin fəaliyyətləri barədə aid olduqları təşkilatlar qarşısında məsələ qaldırır;
  • TK-nın katibliyində vəzifə bölgüsü aparır, aparılan işlərə nəzarət edir;
  • TK-nın fəaliyyətinə aid edilən məsələlərlə bağlı SMPDK-nın qərarlarının yerinə yetirilməsini təmin edir;
  • Fəaliyyət sahələrində dövlət siyasətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanlarının standartların, texniki reqlamentlərin, eləcə də standartlaşdırma sahəsində digər sənədlərin ekspertizası ilə bağlı qərarlarının icrasını təmin edir;
  • TK-nın illik və orta müddətli proqramını təsdiq edir;
  • kütləvi informasiya vasitələrinə fəaliyyət sahəsi üzrə standartlaşdırmaya dair məlumat verir.

 

12. TK-nın katibliyi

12.1.    TK-nın katibliyi öz fəaliyyətini müvafiq qaydada təsdiq olunmuş Standartlaşdırma Planı və SMPDK tərəfindən daxil olmuş tapşırıqlar əsasında  təşkil edir.

12.2.    TK-nın katibliyi:

  • tərtibatçı tərəfindən təqdim olunmuş standartlaşdırma üzrə normativ sənədlərin layihələrini, izahatların və rəylərin tərtibatı qaydalarını yoxlayır;
  • standartların və standartlaşdırma üzrə digər sənədlərin layihələrini ekspertiza və təsdiqə hazırlayır;
  • TK üzvlərinin irad və təklifləri, eləcə də maraqlı şəxslərdən yazılı formada daxil olmuş iradlar əsasında standartların, texniki reqlamentlərin, eləcə də standartlaşdırma sahəsində digər sənədlərin  layihələri üzrə ekspert rəyləri hazırlayaraq TK-nın iclaslarında baxılmaq üçün təqdim edir;
  • beynəlxalq və dövlətlərarası standartlaşdırma təşkilatlarının işində TK-nın iştirakını təşkil edir;
  •  illik və orta müddətli standartlaşdırma proqramlarını hazırlayır;
  • TK-nın  iş planlarının layihələrini hazırlayır;
  • TK-nın iclaslarını təşkil edir və aparır;
  • Kargüzarlıq və hesabatın aparılmasını təmin edir;
  • TK-nın müəyyən edilmiş fəaliyyət sahəsində normativ sənədlər fondunun aparılmasını təmin edir;
  • sənədlərin TK üzvləri arasında, o cümlədən standartların və standartlaşdırma üzrə digər sənədlərin layihələrinin ekspertizasının aparılması üçün yayılmasını təşkil edir (bir qayda olaraq, elektron-rəqəmsal formada);
  • sənədləri, o cümlədən hesabat sənədlərini SMPDK-ya və müvafiq fəaliyyət sahələrində dövlət siyasətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanlarına təqdim edir;
  • Fəaliyyət planının icrası və maliyyə üzrə rüblük və illik hesabatları (hesabat dövrü başa çatdıqdan sonra 5 gündən gec olmayaraq)  SMPDK-ya təqdim edir;
  • TK-nın fəaliyyət sahəsinə aid beynəlxalq, regional və xarici ölkələrin standartlarının Azərbaycan dilinə tərcüməsini təşkil edir, onların texniki redaktəsini həyata keçirir;
  • qarışıq fəaliyyət sahələrində milli texniki komitələrlə, Beynəlxalq Standartlaşdırma Təşkilatının (ISO) texniki komitələri və standartlaşdırma üzrə digər regional və xarici təşkilatlarla əməkdaşlıq edir;
  • beynəlxalq, dövlətlərarası və xarici ölkələrin standartlarının layihələrinə rəylər hazırlayır və layihə üzrə mövqeyini göstərməklə SMPDK-ya təqdim edir.

12.3.    TK-nın katibliyinin işinə TK-nın məsul katibi rəhbərlik edir. Məsul katib TK-nın katibliyi tərəfindən yerinə yetirilən bütün işlərin keyfiyyətinə görə məsuliyyət daşıyır.

TK-nın məsul katibi standartlaşdırma üzrə ekspert statusuna malikdir.

12.4.    TK-nın məsul katibi aşağıdakı vəzifələri həyata keçirir:

  • TK-nın iclaslarını təşkil edir və onların keçirilməsini təmin edir;
  • TK-nın iş proqramının, standartların, standartlaşdırma üzrə digər normativ sənədlərin layihələrini baxılması, razılaşdırması və təsdiq edilməsi üçün hazırlayır;
    • İllik və perspektiv planlar üzrə işlərin yerinə yetirilməsinə nəzarət edir;
    • TK-nın qərar layihələrini hazırlayır;
    • TK-ya ünvanlanmış materialların və sənədlərin layihələrinin müəyyən olunmuş qayda və tələblərə uyğunluğunu yoxlayır;
    • TK-ya üzv təşkilatlarla cari əlaqəni aparır;
    • TK-nın kargüzarlıq işlərini aparır;
    • TK-nın iclaslarının protokollarını hazırlayır;
    • Hər ilin sonunda TK-nın fəaliyyətinə dair hesabatların hazırlanması və üzv təşkilatlara, ABOEMDA-ya və SMPDK-ya göndərilməsini təmin edir.

13. TK-nın iclasları

13.1.    TK-nın iclaslarının vaxtı, keçirilmə müddəti, yeri və gündəliyi TK-nın sədri tərəfindən müəyyən edilir.

13.2.    İclaslar açıq şəkildə keçirilir və iclasa sədrlik sədr və ya onu əvəz edən şəxs tərəfindən həyata keçirilir. İclasa rəhbərlik edən şəxsin vəzifəsi hər bir iştirakçının öz fikrini bildirmək hüququnu təmin etməkdən ibarətdir.

13.3.    İclasın keçirilməsi üçün lazım olan iştirakçı sayı (yetərsay) 2/3 nisbətində olmalıdır.

13.4.    TK-nın iclasının başlanmasına ən azı 14 gün qalmış TK-nın katibliyi iclasın keçirilmə tarixi və yeri barədə üzvlərə məlumat verir və iclasın gündəliyini, həmçinin iclasda baxılacaq sənədlərin layihələrini üzvlərə göndərir və ya TK-nın internet səhifəsində yerləşdirir.

13.5.    TK-nın qərarları iclasda səsvermə yolu ilə qəbul olunur.

13.6.    Əsaslandırılmış hallarda hər hansı məsələ ilə bağlı qərar şifahi səsvermə (həmçinin elektron səsvermə) yolu ilə də qəbul oluna bilər, lakin TK-nın bir üzvü həmin məsələnin iclasda baxılmasını təklif edərsə, Katiblik bu məsələni növbəti iclasın gündəliyinə daxil etməlidir.

13.7.    İclasda iştirak üçün TK-nın üzvü öz səlahiyyətli nümayəndəsini göndərir və ya nümayəndə heyətini formalaşdırmaqla onun səsvermə hüququna malik olan rəhbərini təyin edir.

13.8.    TK-nın hər bir üzvü iştirak edən nümayəndə heyətlərinin sayından asılı olmayaraq yalnız bir səs hüququna malikdir.

13.9.    İclas zamanı protokol tərtib olunur. Protokolda iclasın keçirilmə tarixi və yeri, iştirak edən üzvlər və təmsil olunan təşkilatlar, iclasın gündəliyi, səsverməyə çıxarılmış məsələlər və səsvermənin yekunları, qəbul olunmuş qərarlar qeyd olunur. İclasın protokolu iclası aparan şəxs və iclasın katibi tərəfindən imzalanır.

13.10. Standartların, qaydalar toplularının, texniki reqlamentlərin və standartlaşdırma üzrə digər sənədlərin layihələrinin ekspertizasının nəticələri TK-nın iclaslarında müzakirə olunur. Ekspertizanın nəticələrindən asılı olaraq TK aşağıdakılar barədə əsaslandırılmış təklif hazırlayır:

  • Standartlaşdırma üzrə normativ sənədlərin təsdiq və ya rədd edilməsi;
  • qəbul edilmiş texniki reqlamentlərin tələblərinə könüllü riayət olunması məqsədilə standartların qeydiyyata alınmasının mümkünlüyü.

13.11. Standartlaşdırma üzrə normativ sənədlərin layihəsi ilə əlaqədar qərar TK-nın  iştirakçı tərkibinin 50%-dən çoxu lehinə səs verdikdə qəbul edilmiş hesab olunur.

13.12. Standartlaşdırma üzrə normativ sənədlərin layihəsi ilə bağlı fikir ayrılıqları olduqda, iclasın katibi tərəfindən razılaşdırma cədvəli tərtib olunur və TK-nın  iclasının bütün iştirakçıları tərəfindən imzalanır.

13.13. TK-nın heyətində dəyişikliklər edilməsi məsələsindən başqa, digər məsələlər üzrə qərar iclasda iştirak edən TK üzvlərinin səs çoxluğu ilə qəbul olunur.

13.14. Qərarların qəbulu prosedurundan əvvəl TK-nın katibliyi iclas iştirakçılarına qərarın yazılı layihəsini göndərir.

13.15. TK-nın üzvü olmayan təşkilatlar iclasların gündəliyinə daxil edilmiş bütün məsələlərin müzakirəsində iştirak edə bilər, lakin qərarların qəbulu zamanı səsvermədə iştirak edə bilməzlər.

13.16. İclasda iştirak heç bir təşkilatdan üzvlük haqqı tələb etmir.

13.17. TK-nın iclasının protokolu katiblik tərəfindən TK-nın bütün üzvlərinə göndərilir  və TK-nın saytında yerləşdirilir.

14. TK-nın heyət və strukturunun dəyişdirilməsi qaydası

14.1.    Təşkilatın TK-nın üzvlüyünə qəbulunun zəruri şərti həmin təşkilatın məhz bu  sahədə fəaliyyət göstərməsindən ibarətdir.

14.2.    TK-ya yeni üzvlərin qəbulu məsələsinə namizəd təşkilatın yazılı müraciətinə əsasən baxılır. TK üzvlərinin 50 faizi lehinə səs verdikdə təşkilat TK-ya üzv seçilmiş hesab olunur.

14.3.    TK-da üzvlük aşağıdakı hallarda dayandırılır:

  • Üzv təşkilat öz istəyi ilə TK-nın tərkibindən çıxdıqda;
  • Üzv təşkilat TK-nın üzvlüyündən  xaric edildikdə.

14.4.    Üzv təşkilat TK-nın üzvlüyündən könüllü olaraq çıxdıqda, təşkilatın TK-nın  tərkibindən çıxması barədə məlumatı özündə əks etdirən yazılı ərizə TK-nın katibliyi tərəfindən alındıqdan sonra üzvlükdən çıxmış hesab olunur. TK-nın üzvü aşağıdakı əsaslarla TK-nın tərkibindən xaric oluna bilər:

  • TK-nın işində mütəmadi iştirak etmədikdə;
  • TK-nın iclasında qəbul edilmiş qərarları yerinə yetirmədikdə;
  • Milli standartlaşdırmanın məqsəd və maraqlarına xələl gətirdikdə.

14.5.    TK iclasında üzv təşkilatın xaric edilməsinə TK üzvlərinin 50 faizi lehinə səs verdikdə təşkilatın TK-da üzvlüyü xaric olunmuş sayılır;

14.6.    TK-nın tərkibi dəyişdikdə texniki komitənin təşkili zamanı təyin edilmiş TK-ya  üzv təşkilatların pariteti saxlanmalı və maraqların toqquşmasının qarşısı alınmalıdır.

14.7.    TK-nın katibliyi “Texniki komitələr” AİS-nə müvafiq məlumatlar daxil etmək üçün TK-nın tərkibində baş vermiş dəyişikliklər barədə məlumatı hər il SMPDK-ya təqdim edir.

14.8.    TK-nın strukturunun dəyişdirilməsi barədə qərar SMPDK tərəfindən qəbul olunur.

15. TK-nın fəaliyyətinin maliyyələşdirilməsi

15.1.    TK katibliyinin işini aparan təşkilat onun işinin maliyyələşdirilməsinə görə məsuliyyət daşıyır.

15.2.    TK-nın fəaliyyətinin maliyyələşdirilməsi məsələləri illik tədbirlər planında göstərilir və bu barədə hər rübün əvvəlində SMPDK-ya məlumat verilir.  

15.3.    Alternativ və bərpa olunan enerji mənbələrindən (ABOEM) istifadə sahəsində standartların layihələrinin hazırlanması və onların ekspertizası və təsdiq üçün hazırlanması maraqlı təşkilatların maliyyə vəsaitləri hesabına həyata keçirilir. 

15.4.    Dövlət proqramlarına daxil edilmiş ABOEM-dən istifadə sahəsində məhsul və xidmətlər üzrə standartların hazırlanması bu məqsədlər üçün nəzərdə tutulmuş mənbələrdən maliyyələşdirilir. 

16. TK-nın ləğvi və yenidən təşkili qaydası

   TK onun iclasının qərarı və ya SMPDK-nın qərarı ilə və yaxud qanunvericiliklə nəzərdə tutulmuş digər hallarda ləğv edilə və yenidən təşkil oluna bilər.