| | az | en

CALENDAR

Mo Tu Th We Fr Sa Su
2345678
9101112131415
16171819202122
23242526272829
3031
LAWS
Print version
31.07.2010
«Pestisidlər və aqrokimyəvi maddələr haqqında» Azərbaycan Respublikası Qanununun tətbiqi ilə bağlı müvafiq normativ hüquqi aktların təsdiq edilməsi barədə Qərar

Qəbul edilmişdir: 20 oktyabr 1997-ci il, № 120. 

Əlavə və dəyişikliklər: 1. 31 may 2000-ci il, № 97;
2. 10 mart 2004-cü il, № 27;
3. 7 yanvar 2005-ci il, № 5;
4. 22 may 2006-cı il, № 129.

 

Azərbaycan Respublikası Prezidentinin «Pestisidlər və aqrokimyəvi maddələr haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə» 1997-ci il 25 iyul tarixli, 618 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

«Pestisidlərin və aqrokimyəvi maddələrin dövlət sınağı barədə təlimat», «Pestisidlərin və aqrokimyəvi maddələrin qeydiyyatı qaydası», «Pestisidlərin və aqrokimyəvi maddələrin sertifikatlaşdırılması qaydası», «Kənd təsərrüfatında zəhərli kimyəvi preparatların saxlanmasının, daşınmasının, tətbiqinin və satışının sanitariya qaydaları», «Yüksək toksiki-ekoloji təhlükəli pestisidlərin və aqrokimyəvi maddələrin siyahısı», «İstifadəsi yararsız və qadağan olunmuş pestisidlərin və aqrokimyəvi maddələrin geri alınması, zərərsizləşdirilməsi və məhv edilməsi qaydası», «İstifadəsi mümkün olmayan kənd təsərrüfatı və ərzaq məhsullarının geri alınması, zərərsizləşdirilməsi və məhv edilməsi qaydası», «Pəhriz və uşaq qida maddələrinin istehsalı üçün xüsusi xammal bölgələrinin hüdudları, hüquqi və texnoloji rejimi» təsdiq edilsin (əlavə olunur).

«Azərbaycan Respublikasının Qanunvericilik Toplusu»nda dərc edilmişdir (31 oktyabr 1997-ci il, № 4, maddə 336).

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1997-ci il 20 oktyabr tarixli, 120 nömrəli qərarı ilə təsdiq edilmişdir

 

Pestisidlərin və aqrokimyəvi maddələrin dövlət sınağı barədə Təlimat

1. Pestisidlərin və aqrokimyəvi maddələrin dövlət sınağı Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi tərəfindən aparılır.

2. Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada pestisidlərin və aqrokimyəvi maddələrin istehsalı, ticarəti və istifadəsi ilə məşğul olan hüquqi və fiziki şəxslər Azərbaycan Respublikasında və xarici ölkələrdə istehsal edilmiş və dövlət qeydiyyatına alınmamış pestisidlərin və aqrokimyəvi maddələrin dövlət sınağı üçün Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinə müəyyən olunmuş sifarişlə müraciət etməlidirlər.

Sifarişdə aşağıdakılar göstərilməlidir:

istehsalçının adı;

təsiredici maddənin adı;

preparatın satış adı;

preparatın kimyəvi formulası;

preparatın fiziki və kimyəvi xüsusiyyəti;

preparat formasında təsiredici maddənin təyin olunması haqqında metodik göstəriş;

preparatın toksikoloji və gigiyenik cəhətdən qiymətləndirilməsi haqqında materiallar və ondan istifadə olunma reqlamentləri;

preparatın təyinatı və bioloji qiymətləndirilməsi;

məhsulda və ətraf mühitdə preparatların mikro qalığını təyin etmək üçün metodiki göstəriş;

preparatın toksikoloji təsiri haqqında sənədlər;

preparatın istifadəsi, daşınması və saxlanılması haqqında göstərişlər;

preparat yığılmış qabların üzərindəki göstəricilər;

preparatın ekoloji cəhətdən qiymətləndirilməsi haqqında sənədlər.

Yuxarıda qeyd olunan sənədlər 6 nüsxədən ibarət təqdim olunur.

Sifarişçi pestisidlərin və aqrokimyəvi maddələrin sınaq təcrübəsi üçün Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin bölgüsü əsasında kiçik qablarda texniki pasportla birlikdə yeni preparatı təqdim edir.

3. Dövlət sınağına təqdim olunan pestisidlər və aqrokimyəvi maddələr aşağıdakı tələblərə cavab verməlidir:

məqsədli təyinatı üzrə yüksək bioloji təsirə malik olmalı;

müəyyən olunmuş reqlamentlərə əməl edilməsi şərti ilə insanların sağlamlığına təhlükə yaratmamalı, ətraf mühitin, flora və faunanın təhlükəsizliyini təmin etməli;

dövlət standartlarının tələblərinə və sanitariya-gigiyena normalarına uyğun gəlməli.

4. Pestisidlərin və aqrokimyəvi maddələrin dövlət sınağının aparılmasında məqsəd onların bioloji, gigiyena-toksikoloji xüsusiyyətlərini, kənd təsərrüfatı bitkilərinin və çoxillik əkmələrin ziyanverici obyektlərinə təsirini və yüksək səmərəliliyini, məhsulun və onun keyfiyyətinin yüksəldilməsini, analoji preparatlardan üstün olmasını müəyyən etmək, insanlar və ətraf mühit üçün təhlükəsizliyini öyrənmək və bitki mühafizəsi vasitələrinin geniş çeşidini yaratmaqdır.

5. Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi il ərzində pestisidlərin və aqrokimyəvi maddələrin dövlət sınağı üçün sifariş qəbul edir. Oktyabrın 1-dək təqdim olunmuş sifariş qarşıdakı ilin sınaq planına salınır.

Göstərilən müddətdən sonra verilən sifarişlər sonrakı ilin sınaq planına salınır.

6. Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi sifarişçi tərəfindən təqdim olunmuş sənədləri və yeni preparatın nümunəsini ilkin ekspertizadan keçirmək məqsədi ilə Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinə göndərir. Bu təşkilatların müsbət rəyi əsasında müvafiq elmi tədqiqat müəssisələri və sifarişçi arasında bağlanmış müqaviləyə və razılaşdırılmış vahid metodikaya uyğun olaraq, yeni preparatın dövlət sınağı aparılır.

7. Pestisidlərin və aqrokimyəvi maddələrin dövlət sınağı üç mərhələdə aparılır:

laboratoriya sınağı;

tarla sınağı;

istehsalat sınağı.

Laboratoriya sınağı yeni preparatların tarla şəraitində tətbiq reqlamentlərinin hazırlanması məqsədi ilə aparılır.

Tarla sınağı zamanı yeni preparatın istifadədə olan preparata nisbətən bioloji səmərəliliyi müəyyən edilir və tətbiq reqlamenti işlənib hazırlanır.

İstehsalat sınağı respublikanın müxtəlif təbii-iqlim zonalarında preparatın bioloji, təsərrüfat və iqtisadi səmərəliliyini təsdiq etmək, onun sanitariya-gigiyena və ekoloji normativlərini dəqiqləşdirmək və əsaslandırmaq, preparatın qalıq miqdarının və təhlükəli törəmələrinin (metobolitlərinin) müəyyən edilməsi metodikasını işləyib hazırlamaq və təkmilləşdirmək məqsədi ilə aparılır.

8. Pestisidlərin və aqrokimyəvi maddələrin dövlət sınağında iştirak edən elmi tədqiqat müəssisələri Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinə yeni preparatın sınağının nəticələri haqqında tam hesabat təqdim edirlər.

9. Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi, Səhiyyə Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mütəxəssisləri, sifarişçi və digər marağı olan tərəflərin iştirakı ilə ilkin ekspertiza laboratoriya, tarla və istehsalat sınaqlarının nəticələrinə baxaraq və həmin təşkilatlarla təqdim olunmuş sənədləri razılaşdıraraq yeni preparatın qeydiyyata alınmasına dair qərar qəbul edir. Qəbul edilmiş qərar Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin əmri ilə rəsmiləşdirilir.

10. Sifarişçi Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin qərarı ilə razılaşmadığı halda inzibati qaydada və ya məhkəmə qaydasında şikayət edə bilər.

11. Müəyyən olunmuş qaydada sınaqdan keçmiş pestisidlər və aqrokimyəvi maddələr Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin təqdimatı əsasında Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Agentliyi tərəfindən sertifikatlaşdırılır.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1997-ci il 20 oktyabr tarixli, 120 nömrəli qərarı ilə təsdiq edilmişdir

 

Pestisidlərin və aqrokimyəvi maddələrin qeydiyyatı Qaydası

 

1. Bu qayda pestisidlərin və aqrokimyəvi maddələrin qeydiyyat şərtlərini müəyyən edir.

2. Pestisidlərin və aqrokimyəvi maddələrin qeydiyyatını Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi həyata keçirir.

3. Pestisidlərin və aqrokimyəvi maddələrin qeydiyyatının məcburi şərti onların mənşəyi və keyfiyyəti barədə sertifikatların, təhlükəsiz tətbiqi, kənd təsərrüfatı və ərzaq məhsullarında, yemlərdə, torpaqda, suda və ətraf mühit obyektlərində həmin preparatların qalıq miqdarının müəyyən edilməsi metodikası üzrə müvafiq təlimatların olmasıdır.

4. Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada pestisidlərin və aqrokimyəvi maddələrin istehsalı, ticarəti və istifadəsi ilə məşğul olan hüquqi və fiziki şəxslər (sonra «sifarişçilər» adlandırılır) Azərbaycan Respublikasında və xarici ölkələrdə istehsal edilmiş və dövlət qeydiyyatına alınmamış pestisidlərin və aqrokimyəvi maddələrin dövlət sınağı və qeydiyyatı üçün Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinə müəyyən olunmuş sifarişlə müraciət etməlidirlər.

5. Müəyyən olunmuş qaydada dövlət sınağından keçmiş pestisidlər və aqrokimyəvi maddələr Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin qərarı ilə qeydiyyata alınır. Qəbul olunmuş qərar nazirliyin əmri ilə rəsmiləşdirilir və onun bir nüsxəsi sifarişçiyə verilir.

6 Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi bir ay müddətində müəyyən olunmuş qaydada sınaqdan keçmiş və qeydiyyata alınmış pestisidlərin və aqrokimyəvi maddələrin sertifikatlaşdırılması üçün təqdimatla Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Agentliyinə müraciət edir. Təqdimata pestisidlərin və aqrokimyəvi maddələrin sınaq sənədləri, tətbiq reqlamenti, sanitariya-gigiyena və ekoloji normativləri, preparatın qalıq miqdarını və təhlükəli cəhətlərini müəyyən edən metodikası əlavə olunmalıdır.

7. Qeydiyyata alınmış və müəyyən olunmuş qaydada sertifikatlaşdırılmış pestisidlər və aqrokimyəvi maddələr kənd təsərrüfatında və meşə təsərrüfatında istifadəsinə icazə verilmiş preparatlar siyahısına daxil edilirlər. Bu barədə bir ay müddətində sifarişçiyə Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi tərəfindən rəsmi məlumat verilir.

8. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, habelə gömrük orqanları qeydiyyatdan keçmiş pestisidlərin və aqrokimyəvi maddələrin müvafiq qaydada təsdiq edilmiş siyahıları və standart nümunələri ilə, onların qalıq miqdarının müəyyən edilməsi üzrə metodik sənədlərlə Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi tərəfindən təmin edilirlər.

9. Pestisidlərin və aqrokimyəvi maddələrin qeydiyyat müddəti 5 ildir. Preparatların təhlükəsizliyi barədə yeni, əvvələr aşkar olunmayan təlimatlar daxil olduğu hallarda Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi onların tətbiqini tamamilə və ya müvəqqəti dövr üçün qadağan edə bilər.

Bu barədə məlumat kənd təsərrüfatında və meşə təsərrüfatında istifadəsinə icazə verilmiş preparatlar siyahısında qeydə alınır.

10. Pestisidlərin və aqrokimyəvi maddələrin qeydiyyat müddəti başa çatdıqdan sonra onlar müəyyən olunmuş qaydada yenidən qeydiyyatdan keçirilirlər.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1997-ci il 20 oktyabr tarixli, 120 nömrəli qərarı ilə təsdiq edilmişdir


Pestisidlərin və aqrokimyəvi maddələrin sertifikatlaşdırılma Qaydası

1. Dövlət sınağından keçmiş və qeydiyyata alınmış pestisidlər və aqrokimyəvi maddələr Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin təqdimatı əsasında Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Agentliyi tərəfindən sertifikatlaşdırılır.

Sertifikatlaşdırma Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 1 iyul tarixli, 393 nömrəli qərarı ilə təsdiq edilmiş «Milli Sertifikatlaşdırma Sistemi haqqında Əsasnamə»yə uyğun aparılmalıdır.

2. Pestisidlərin və aqrokimyəvi maddələrin sertifikatlaşdırılmasında əsas mənbə olaraq onların bioloji, gigiyena-toksikoloji xüsusiyyətlərini, yüksək səmərəliliyini, insanların həyatı, sağlamlığı və əmlakı, habelə ətraf mühit üçün təhlükəsizliyini təsdiq edən sınaq sənədləri, habelə tətbiq reqlamenti, sanitariya-gigiyena və ekoloji normativləri, preparatların qalıq miqdarını və təhlükəli cəhətlərini müəyyən edən metodikası götürülür.

3. Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Agentliyi Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi tərəfindən təqdim olunmuş sənədləri bir ay müddətində təhlil edərək müəyyən olunmuş qaydada dövlət sınağından keçmiş və qeydiyyata alınmış pestisidlərin və aqrokimyəvi maddələrin sertifikatlaşdırılmasına dair qərar qəbul edir və bu barədə nazirliyə məlumat verir. Müsbət qərar qəbul olunduğu halda sifarişçiyə (pestisidləri və kimyəvi maddələri dövlət sınağına və qeydiyyatına təqdim edən fiziki və hüquqi şəxslər) həmin məhsulun uyğunluq nişanı və nişanlanmaq hüququ verən sertifikat verilir.

4. Pestisidlərin və aqrokimyəvi maddələrin sertifikatı bu məhsulların tanınması üçün əsas sənəddir.

5. Pestisidlərin və aqrokimyəvi maddələrin sertifikat formaları Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi və Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Agentliyi tərəfindən təsdiq edilir.


Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1997-ci il 20 oktyabr tarixli, 120 nömrəli qərarı ilə təsdiq edilmişdir

 

Kənd təsərrüfatında zəhərli kimyəvi preparatların saxlanmasının, daşınmasının, tətbiqinin və satışının sanitariya Qaydaları

1. Bu qaydalar zəhərli kimyəvi preparatların saxlanmasının, daşınmasının, tətbiqinin və satışının şərtlərini müəyyən edir.

2. Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada pestisidlərin və aqrokimyəvi maddələrin istehsalı, saxlanması, tətbiqi və satışı ilə məşğul olan fiziki və hüquqi şəxslər Azərbaycan Respublikasında istehsal olunan və ya xaricdən gətirilən və istifadə üçün təklif edilən zəhərli kimyəvi preparatların müvafiq standartlara və texniki şərtlərə uyğun olaraq qablaşdırılmasını və etiketləşdirilməsini təmin etməlidirlər.

3. Zəhərli kimyəvi preparatlar texniki təhlükəsizliyə və sanitariya-gigiyena tələblərinə uyğun olan xüsusi anbarlarda saxlanmalıdır. Anbarlar yanğınsöndürənlərlə, su, qum və digər yanğınsöndürən inventarlarla təmin olunmalıdır. Məcburi havadəyişən qurğular quraşdırılmalıdır.

4. Zəhərli kimyəvi maddələr anbara qəbul edilərkən zavodda doldurulmuş qablarda olmalıdır. Qabların üzərinə aşağıdakılar yazılmalıdır:

istehsalçının adı;

əmtəə nişanı;

preparatın adı;

təsiredici maddənin faizi;

pestisidlərin qrupu;

təhlükəlik nişanı;

preparatın çəkisi;

partiya nömrəsi;

hazırlandığı tarix.

Yanğından və partlayışdan təhlükəsizliyi göstərilməlidir.

5. Pestisidlər yığılan anbarlarda mineral gübrələrin, ərzaq mallarının, yemin və sair təsərrüfat mallarının saxlanılması qadağan olunur.

Toz və maye preparatlar qablaşdırılmış halda ayrı saxlanmalıdır.

6. Zəhərli kimyəvi preparatlar saxlanan anbarlarda siqaret çəkmək və açıq alovdan istifadə etmək qəti qadağandır. Anbardar ancaq preparatı buraxanda və qəbul etdiyi vaxt anbarda olmalıdır. Başqa şəxslərin anbara daxil olması qəti qadağandır.

7. Pestisidlər anbardan satılanda zavodda doldurulmuş qablarda buraxılmalıdır. Onların uçotu və hesabatı çəkilərinə görə aparılmalıdır.

8. Zəhərli kimyəvi maddələr xüsusi avtomaşınlarda daşınır. Pestisidlərlə birlikdə yeyinti məhsulları və sərnişinlərin daşınması qəti qadağandır.

9. Zəhərli kimyəvi preparatların tətbiqi torpaqların aqrokimyəvi müayinəsi, əkinlərin vəziyyəti, bitkilərin qida maddələrinə tələbatı, ziyanverici, xəstəlik və alaq otları ilə sirayətlənmə proqnozu nəzərə alınmaqla həyata keçirilir.

10. Yüksək toksiki-ekoloji təhlükəli zəhərli kimyəvi preparatlar Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin razılığı ilə tətbiq edilir.

11. Zəhərli kimyəvi preparatların tətbiqi zamanı onların dövlət standartlarına, sanitariya-gigiyena, ekoloji, texnoloji normalara və digər normativ sənədlərin tələblərinə riayət olunmalıdır.

12. Fövqəladə ekoloji şərait zonalarında zəhərli kimyəvi preparatların tətbiqi məhdudlaşdırılır.

Təbiəti mühafizə, sağlamlaşdırma, istirahət və turizm zonalarında, su fondu torpaqlarında, suqoruyucu və xüsusi qorunan digər ərazilərdə zəhərli kimyəvi preparatların tətbiqi, bir qayda olaraq, qadağan olunur.

Zəhərli kimyəvi preparatların tətbiqinin vacibliyi əsaslandırıldıqda, dövlət sanitariya və ekoloji ekspertizanın müsbət rəyi əsasında belə ərazilərdə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin nəzarəti altında zəhərli kimyəvi preparatların məhdud çeşidləri tətbiq olunur.

13. Azərbaycan Respublikasında qeydiyyatdan keçmiş, kənd təsərrüfatında və meşə təsərrüfatında istifadəsinə icazə verilmiş preparatlar siyahısına daxil edilmiş mənşəyi və keyfiyyətləri barədə sertifikatları olan və müvafiq qaydada qablaşdırılmış zəhərli kimyəvi preparatlar satıla bilər.

Mənşəyi və keyfiyyətləri barədə sertifikatları olmayan, beynəlxalq, regional (hövzə) və dövlətlərarası standartlara uyğun olmayan, insanların həyatı, sağlamlığı və əmlakına, habelə ətraf mühitə zərər vura bilən zəhərli kimyəvi preparatların satışı Azərbaycan Respublikasında qadağan edilir.

14. Mülkiyyət formasından asılı olmayaraq pestisidlərlə və aqrokimyəvi maddələrlə bağlı sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki və hüquqi şəxslər mövcud qanunvericiliyə uyğun zəhərli kimyəvi maddələrin saxlanmasında, daşınmasında, tətbiqində və satışında texniki təhlükəsizliyə və əməyin mühafizəsinə cavabdehlik daşıyırlar.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1997-ci il
20 oktyabr tarixli, 120 nömrəli qərarı ilə təsdiq edilmişdir

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1997-ci il 20 oktyabr tarixli, 120 nömrəli qərarı ilə təsdiq edilmişdir

İstifadəsi yararsız və qadağan olunmuş pestisidlərin və aqrokimyəvi maddələrin geri alınması, zərərsizləşdirilməsi və məhv edilməsi Qaydası

1. Bu qayda istifadəsi yararsız və qadağan olunmuş pestisidlərin və aqrokimyəvi maddələrin geri alınması, zərərsizləşdirilməsi və məhv edilməsi şərtlərini müəyyən edir.

2. Azərbaycan Rkspublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada pestisidlərin və aqrokimyəvi maddələrin istehsalı, saxlanması, tətbiqi və satışı ilə məşğul olan fiziki və hüquqi şəxslər (sonra «sahibkarlar» adlandırılır) istifadəsi yararsız və qadağan olunmuş pestisidlər və aqrokimyəvi maddələr haqqında Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinə məlumat verməlidir. Məlumatda kimyəvi məhsulun adı, miqdarı və buraxıldığı il göstərilməlidir.

3. Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi istifadəsi yararsız və qadağan olunmuş pestisidlərin və aqrokimyəvi maddələrin mövcudluğunun yerində müəyyənləşdirilməsi üçün inventarlaşdırma komissiyasını yaradır.

Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi tərəfindən müəyyən olunmuş qaydada inventarlaşdırma komissiyası sahibkarın iştirakı ilə istifadəsi yararsız və qadağan olunmuş pestisidlərin və aqrokimyəvi maddələrin mövcudluğunu, saxlanması vəziyyətini öyrənərkən Kənd Təsərrüfatı Nazirliyinə bir ay müddətində zərərsizləşdirilməyə və məhv edilməsinə mənsub olan kimyəvi məhsullar haqqında rəy təqdim edir.

Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi inventarlaşdırma komissiyasının rəyi əsasında istifadəsi yararsız və qadağan olunmuş pestisidlərin və aqrokimyəvi maddələrin zərərsizləşdirilməsi və məhv edilməsi barədə qərar qəbul edir. Qərarda kimyəvi məhsulların məhv ediləcəyi yer, cavabdeh şəxs, həmin məhsulun adı, miqdarı, buraxıldığı il göstərilməlidir.

4. İstifadəsi yararsız və qadağan olunmuş pestisidlərin və aqrokimyəvi maddələrin geri alınmasına, zərərsizləşdirilməsinə və məhv edilməsinə çəkilən xərclər sahibkarın hesabına aparılır.

5. İstifadəsi yararsız və qadağan olunmuş pestisidlərin və aqrokimyəvi maddələrin, onların qablarının toplanması, saxlanması və hazırlanıb müəyyən olunmuş yerə göndərilməsi texniki təhlükəsizliyə uyğun olmaqla fərdi mühafizə vasitələrindən istifadə edilməlidir.

6. İstifadəsi yararsız və qadağan olunmuş pestisidlər və aqrokimyəvi maddələrin zərərsizləşdirilməsi və məhv edilməsi məqsədi ilə bir yerdən başqa yerə daşınarkən onlar zədələnməmiş, bütöv qablarda olmalıdır. Əks halda kimyəvi məhsul başqa qablara doldurulur, ağzı bağlanılır və qabların üzərinə preparatın adı, çəkisi və buraxıldığı il yazılır.

7. İstifadəsi yararsız və qadağan olunmuş yüksək toksiki-ekoloji təhlükəli pestisidlər və aqrokimyəvi maddələr xüsusi dəmir-beton konteynerlərdə basdırılmalıdır. Digərləri isə qazılmış çalalarda basdırıla bilər. Belə halda yeraltı suların səviyyəsi və torpağın su süzmə xassəsi nəzərə alınmalıdır.

8. Mövcud qanunvericiliyə uyğun qeydiyyata alınmış pestisidlərin və aqrokimyəvi maddələrin təhlükəsizliyi barədə yeni, əvvəllər aşkar olunmayan məlumatlar daxil olduğu hallarda müvafiq qaydada onların istifadəsi qadağan olunur və keyfiyyəti yoxlanılmadan Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi tərəfindən zərərsizləşdirilir və məhv edilir.

9. İstifadəsi yararsız və qadağan olunmuş pestisidlərin və aqrokimyəvi maddələrin, habelə onların boş qablarının basdırılması və ya məhv edilməsinin xüsusi qeydiyyatı Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi tərəfindən aparılır.

10. İstifadəsi yararsız və qadağan olunmuş maye kimyəvi zəhərli maddələr həmin preparatı istehsal edən şirkətə, zavoda və ya müəssisəyə göndərilir və orada müəyyən olunmuş qaydada məhv edilir.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1997-ci il 20 oktyabr tarixli, 120 nömrəli qərarı ilə təsdiq edilmişdir

İstifadəsi mümkün olmayan kənd təsərrüfatı və ərzaq məhsullarının geri alınması, zərərsizləşdirilməsi və məhv edilməsi Qaydası

1. Bu qayda istifadəsi mümkün olmayan kənd təsərrüfatı və ərzaq məhsullarının geri alınması, zərərsizləşdirilməsi və məhv edilməsi şərtlərini müəyyən edir.

2. Kənd təsərrüfatı və ərzaq məhsullarında, yemlərdə, xammalda, bitki və heyvan mənşəli qida maddələrində pestisidlərin və aqrokimyəvi maddələrin qalıq miqdarı dövlət standartları ilə müəyyən edilmiş səviyyədən artıq olmamalı və sanitariya-gigiyena normalarına cavab verməlidir.

3. Kənd təsərrüfatı və ərzaq məhsullarının tərkibində zəhərli kimyəvi maddələrin qalıq miqdarı yol verilən normativ səviyyədən artıq olarsa, onların satışına icazə verilmir.

4. Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi, Səhiyyə Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi istifadəsi mümkün olmayan kənd təsərrüfatı və ərzaq məhsullarını müəyyən edərkən onların geri alınmasına, zərərsizləşdirilməsinə və məhv edilməsinə dair qərar qəbul edirlər.

Bu qərarın icrası həmin kənd təsərrüfatı və ərzaq məhsullarının sahibi üçün məcburidir.

5. İstifadəsi mümkün olmayan kənd təsərrüfatı və ərzaq məhsullarının sahibi Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi, Səhiyyə Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi mütəxəssislərinin nəzarəti altında həmin məhsulları geri alarkən müvafiq təlimatlara əsasən öz vəsaiti hesabına onları zərərsizləşdirir və ya məhv edir.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1997-ci il 20 oktyabr tarixli, 120 nömrəli qərarı ilə təsdiq edilmişdir

Pəhriz və uşaq qida maddələrinin istehsalı üçün xüsusi xammal bölgələrinin hüdudları, hüquqi və texnoloji rejimi

1. Yüksək keyfiyyətli, ekoloji cəhətdən təmiz pəhriz və uşaq qida maddələrinin istehsalı üçün əlverişli fitosanitar və texnoloji şərait yaratmaq məqsədilə Azərbaycan Respublikasının Kənd Təsərrüfat Nazirliyi, Səhiyyə Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi xüsusi xammal bölgələri müəyyən edə bilər.

2. Xüsusi xammal bölgəsinin müəyyənləşdirilməsinin əsas şərti həmin torpaq sahəsinin müvafiq aqrokimyəvi pasportunun olmasıdır.

3. Xüsusi xammal bölgələrinin hüdudlarından 200 metr məsafədə sanitariya zonası yaradılır.

4. Xüsusi xammal bölgələri və sanitariya zonaları müəyyən edilərkən onların hüdudları, hüquqi və texnoloji rejimi yerli icra hakimiyyəti orqanları və bu bölgədə sahibkarlıqla bağlı fəaliyyət göstərən fiziki və hüquqi şəxslər ilə razılaşdırılmalıdır.

5. Xüsusi xammal bölgələrində, habelə sanitariya zonalarında pestisidlərin tətbiqi qadağan edilir.

Belə bölgələrdə aqrokimyəvi maddələrin tətbiqi Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinin müvafiq elmi-tədqiqat müəssisələri və xidməti təşkilatları tərəfindən hazırlanan ekoloji cəhətdən təmiz ərzaq məhsullarının əldə olunmasını təmin edən xüsusi texnologiyalar üzrə həyata keçirilir.

6. Xüsusi xammal bölgələrinin və sanitariya zonalarının hüdudlarından 500 metr məsafədə pestisidlər və aqrokimyəvi maddələr yalnız yerüstü vasitələrlə tətbiq oluna bilər.

7. Xüsusi xammal bölgələrində istehsal olunan məhsulun yetişdirilməsi, tədarükü, saxlanması, daşınması və satışı Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi, Səhiyyə Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi mütəxəssislərinin nəzarəti altında aparılmalıdır.

 

 

 

 

18.12.2014

 ..."Baranina" (mutton) sausage of "Kristal CF" trademark produced by "Orxan SS" firm was detected in the trade network without the appropriate certificate...

read more
16.07.2014

...The state control measures have been fulfilled in "Mersin" café, located in M.F Akhundov avenue, city of Sheki, owned by an individual Yildirim Mahabbat Abdushakor...

read more
30.06.2014

..."Chinarli" restaurant located at the address of Khan Shushinski 9 str., Nasimi district, Baku city owned by a natural person Yashar Hasanov was investigated by the ...

read more

DECREE

                                                                

20.06.2017
read more
VİDEO NEWS
13.06.2014
Experimental- test centre(AzTEST) of SCSMP started tests of animal meats with DNA extraction method.
CALL CENTRE
SUBORDINATE STRUCTURES
Copyright © 2010 Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi! All rights reserved.
Created by  Lider web studio