| | az | en

TƏQVİM

Be Ça Ç Ca C Ş B
2345678
9101112131415
16171819202122
23242526272829
3031
Standartlaşdırma üzrə “İnformasiya-kommunikasiya texnologiyaları” TK/Əsasnamə
Çap versiyası
Standartlaşdırma üzrə "İnformasiya-kommunikasiya texnologiyaları"
Texniki Komitəsinin (TK 05) Əsasnaməsi

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin
14 oktyabr 2008-ci il tarixli 187 nömrəli Əmri
və Standartlaşdırma, Metrologiya və
Patent üzrə Dövlət Komitəsinin 
21 oktyabr 2008-ci il tarixli 135 nömrəli Əmri ilə
təsdiq edilmişdir.

I. ÜMUMİ MÜDDƏALAR

1.1. Standartlaşdırma üzrə "İnformasiya-kommunikasiya texnologiyaları" Texniki Komitəsi (bundan sonra - TK 05) Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin (bundan sonra - RİTN) 29 iyul 2008-ci il tarixli 137 saylı və Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin (bundan sonra - SMPDK) 05 avqust 2008-ci il tarixli 097 saylı birgə əmri ilə yaradılmışdır. 
1.2. Bu Əsasnamə TK 05-in strukturunu, funksiyalarını və əsas fəaliyyət istiqamətlərini müəyyən edir.
1.3. Bu Əsasnamə RS-006-93 "Standartlaşdırma üzrə texniki komitələr haqqında nümunəvi əsasnamə" əsasında hazırlanmışdır.
1.4. TK 05 öz fəaliyyətində Azərbaycan Respublikasının qanunvericiliyini, Azərbaycan Respublikasının qoşulduğu beynəlxalq müqavilə və sazişləri, dövlət standartlaşdırma sisteminin standartlarını, beynəlxalq və dövlətlərarası standartları, digər normativ sənədləri və bu Əsasnaməni rəhbər tutur.
1.5. Öz tərkibində müxtəlif müəssisələrin və təşkilatların mütəxəssislərini cəmləşdirən TK 05 informasiya-kommunikasiya texnologiyaları (İKT) sahəsi üzrə Azərbaycan Respublikasının milli standartlarının layihələrinin hazırlanmasını, onların ekspertizasını, razılaşdırılmasını və bu sahədə standartlaşdırmanın vahid elmi-texniki siyasətinin formalaşdırılmasını, həmçinin beynəlxalq standartların ölkədə tətbiqinə dair təkliflərin verilməsini, milli standartların beynəlxalq standartların tələblərinə uyğunlaşdırılmasını, dövlətlərarası standartların layihələrinə rəylərin verilməsini, habelə sahənin standartlaşdırılması istiqamətində nəzərdə tutulan digər işləri həyata keçirən kollegial işçi orqandır.
1.6. TK 05 hüquqi şəxs deyildir. TK 05 rəsmi yazışmaları aparmaq üçün lazımi rekvizitləri olan blanka malikdir. TK 05 adından sənədləri imzalama hüququ TK 05-in sədrinə həvalə edilir.
1.7. TK 05-in fəaliyyətinə metodiki köməklik və əlaqələndirmənin təmin edilməsi RİTN-in Strateji planlaşdırma və elmi potensial şöbəsi və SMPDK-nın Texniki tənzimləmə və standartlaşdırma şöbəsi tərəfindən həyata keçirilir. 

2. TK 05-in STRUKTURU VƏ TƏRKİBİ

2.1. TK 05-in strukturu və tərkibi RİTN və SMPDK tərəfindən birlikdə təsdiq edilir. 
2.2. TK 05-ə RİTN tərəfindən təqdim edilən, RİTN və SMPDK-nın birgə əmri ilə təsdiq olunan sədr rəhbərlik edir. 
2.3. TK 05-in sədrinin vəzifədən azad olunması RİTN-in təqdimatı əsasında həyata keçirilir.
2.4. Sədrin müavinlərindən biri TK 05-in baza təşkilatının, digəri isə SMPDK-nın nümayəndəsidir və onlar RİTN-in və SMPDK-nın birgə əmri ilə təyin olunurlar. 
2.5. TK 05-in strukturu və tərkibində dəyişikliklər RİTN və SMPDK tərəfindən həyata keçirilir. 
2.6. TK 05 fəaliyyətini həyata keçirmək üçün müvafiq işçi qruplar yaradır və onların tərkibinə ixtisaslı mütəxəssisləri və alimləri dəvət edir.
2.7. TK 05 öz tərkibində alt komitələr (AK) yarada bilər.
2.8. AK və işçi qrupların formalaşdırılmasını TK 05-in sədri həyata keçirir.
2.9. TK 05-in sədri bütün dövlət, qeyri-hökumət və digər təşkilatlarda TK-ni təmsil edir.
2.10. TK 05-ə üzv təşkilatlar TK 05-in işində fəaliyyət göstərmək üçün səlahiyyətli nümayəndə ayırır və onun TK 05-in fəaliyyətində tam iştirakına şərait yaradır.
2.11. TK 05-in iclasları üzv təşkilatların siyahı üzrə tərkibinin 2/3 üzvü iştirak etdikdə səlahiyyətli sayılır. TK 05-in hər bir üzv təşkilatı 1 (bir) səsə malikdir.
2.12. TK 05-in iclaslarında standartların layihələrinin qəbulundan başqa, bütün məsələlər üzrə qərarlar səs çoxluğu ilə qəbul olunur. Standartların layihələri isə TK 05-ə üzv təşkilatların siyahı üzrə tərkibinin 50%-dən çoxu səs verdikdə qəbul edilmiş hesab olunur.
2.13. TK 05-in iclaslarında müzakirə olunan məsələlər üzrə səsvermə yazışma yolu ilə, həmçinin e-mail, telekonfrans və s. vasitələrlə həyata keçirilə bilər.
2.14. TK 05-in iclasları zəruri hallarda, ancaq ildə iki dəfədən az olmayaraq keçirilir.

3. TK 05-in VƏZİFƏLƏRİ

3.1. TK 05-in əsas vəzifələri aşağıdakılardır:
3.1.1. öz səlahiyyətləri daxilində İKT sahəsini tənzimləyən standartların və digər normativ-hüquqi sənədlərin layihələrinin hazırlanmasını və ekspertizasını təşkil etmək, aidiyyəti üzrə təqdim etmək;
3.1.2. beynəlxalq təcrübəyə əsaslanaraq, sahə üzrə standartlaşdırmanın illik və perspektiv planlarını tərtib etmək;
3.1.3. İKT sahəsində qüvvədə olan beynəlxalq standartlara, normalara və tövsiyələrə müvafiq milli standartların hazırlanması, yenidən baxılması, dəyişdirilməsi, əlavələr edilməsi və ləğvi barədə təkliflər vermək və onların icrası ilə bağlı səlahiyyətləri çərçivəsində işləri həyata keçirmək;
3.1.4. İKT sahəsinə aid terminoloji lüğətlərin, məlumat xarakterli materialların və sorğu kitabçalarının hazırlanması işində iştirak etmək;
3.1.5. İKT sahəsində milli, beynəlxalq (regional) və dövlətlərarası standartların ölkədə tətbiqini genişləndirmək üçün öz səlahiyyətləri çərçivəsində tədbirlər görmək;
3.1.6. İKT sahəsi üzrə beynəlxalq, regional, dövlətlərarası və digər ölkələrin texniki komitə və alt komitələri ilə müvafiq qaydada əməkdaşlıq etmək;
3.1.7. İKT sahəsinə aid standartların istifadəçiləri və sahə məhsullarının (xidmətlərinin) sertifikatlaşdırılması üzrə ixtisaslaşmış beynəlxalq, regional və milli sertifikatlaşdırma orqanları ilə qarşılıqlı əlaqələr yaratmaq və əməkdaşlıq etmək;
3.1.8. İKT sahəsində beynəlxalq (regional) və dövlətlərarası standartların layihələrinin hazırlanmasında müəyyən olunmuş prosedur qaydaları çərçivəsində iştirak etmək, tələb olunduqda və müvafiq səlahiyyət verildikdə bu layihələr üzrə səs vermə zamanı Azərbaycan Respublikasının mövqeyini əks etdirən təklifləri hazırlamaq;
3.1.9. Standartlaşdırma üzrə Beynəlxalq Təşkilatın (ISO), Beynəlxalq Elektrotexniki Komissiyanın (IEC) və Beynəlxalq Telekommunikasiya İttifaqının (ITU) İKT sahəsi üzrə texniki orqanlarının proqramları və iş planlarına salınması üçün təkliflər vermək, onların keçirdiyi tədbirlərdə iştirak etmək;
3.1.10. Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş digər vəzifələri səlahiyyətləri daxilində yerinə yetirmək.

4. TK 05-in ƏSAS FUNKSİYALARI

4.1. TK 05 bu Əsasnamə ilə müəyyən edilmiş əsas vəzifələrə uyğun olaraq aşağıdakı funksiyaları həyata keçirir:
4.1.1. standartlaşdırma planlarının, habelə texniki reqlamentlərin və onlarla əlaqəli dövlət standartlarının işlənib hazırlanması, mövcud standartlara əlavə və dəyişikliklərin edilməsi və onların ləğvinə dair təklifləri hazırlayıb, RİTN-ə və SMPDK-ya təqdim edir; 
4.1.2. illik plana uyğun olaraq, İKT sahəsinə aid standartların və texniki şərtlərin layihələrinin işlənib hazırlanması və razılaşdırılmasını təmin edir və onların təsdiqi üçün müvafiq işlər aparır;
4.1.3. İKT sahəsinə aid standartların beynəlxalq, regional standartlara və bu sahə üzrə daha çox inkişafa nail olmuş ölkələrin milli standartlarına uyğunlaşdırılmasını təmin edir;
4.1.4. əlaqəli fəaliyyət sahələrinin işçi orqanları ilə, o cümlədən digər dövlətlərin müvafiq Texniki Komitələri ilə əməkdaşlıq edir;
4.1.5. sahə üzrə istifadəsi zəruri olan normativ sənədlərin Azərbaycan dilinə tərcüməsini təşkil edir.
4.2. TK 05 fəaliyyət sahəsi üzrə beynəlxalq (regional) və dövlətlərarası standartlaşdırma sahəsində aşağıdakı funksiyaları həyata keçirir:
4.2.1. SMPDK tərəfindən müəyyən olunmuş qaydaya uyğun olaraq, standartlaşdırma üzrə beynəlxalq (regional) və dövlətlərarası müvafiq texniki komitələrin işində iştirak edir; 
4.2.1.1. TK 05 digər texniki komitələrlə yazışmanı müstəqil və ya SMPDK vasitəsilə aparır; 
4.2.1.2. ITU, ISO, IEC və digər beynəlxalq orqanlarla yazışmaları RİTN və SMPDK vasitəsilə aparır. 
4.2.2. beynəlxalq, regional standartların işlənib hazırlanması ilə əlaqədar analoji Texniki Komitələrin işində iştirak etməklə Azərbaycan Respublikasının maraqlarını təmin edir;
4.2.3. zərurət olduqda, beynəlxalq (regional) və dövlətlərarası standartların layihələrinə səs vermək üçün Azərbaycan Respublikasının mövqeyini əks etdirən təkliflər hazırlayır;
4.2.4. Azərbaycan Respublikasında standartlaşdırma üzrə beynəlxalq (regional) texniki orqanların iclaslarının keçirilməsinin təşkilində iştirak edir.
4.3. TK 05-in sədri aşağıdakı funksiyaları həyata keçirir:
4.3.1. TK 05, AK və işçi qrupların işini təşkil etməklə bilavasitə TK 05-ə rəhbərlik edir;
4.3.2. İKT sahəsində standartlaşdırmanın texniki siyasətinin və əsas istiqamətlərinin müəyyənləşdirilməsi işini təşkil edir;
4.3.3. sahə üzrə standartlaşdırmanın məqsəd və vəzifələrinə uyğun olaraq, TK 05-in fəaliyyətinə dair təklifləri müzakirə edir;
4.3.4. TK 05-in işçi iclaslarını aparır;
4.3.5. TK 05-in illik və perspektiv planlarının icrasını təşkil edir;
4.3.6. İKT sahəsi üzrə normativ sənədlərin layihələrinin hazırlanmasını, ekspertizasını, razılaşdırılmasını və təsdiq edilməsi üçün təqdim olunmasını təşkil edir;
4.3.7. TK 05-in fəaliyyəti ilə bağlı hesabatların hazırlanmasını təmin edir;
4.3.8. TK 05-in işinə alim və mütəxəssisləri cəlb edir;
4.3.9. TK 05-in qərarlarının icrasına nəzarət edir;
4.3.10. TK 05-i dövlət, ictimai və beynəlxalq təşkilatlarda təmsil edir;
4.3.11. sədr müavininə nümayəndəlik səlahiyyətini, habelə özü olmadıqda iclaslara sədrlik etmə funksiyasını həvalə edir;
4.3.12. kütləvi informasiya vasitələrinə İKT sahəsi üzrə standartlaşdırmaya dair məlumat verir;
4.3.13. zəruri olduqda, TK 05-ə üzv təşkilatların nümayəndələrinin fəaliyyətləri barədə aid olduqları təşkilatlar qarşısında məsələ qaldırır.
4.4. Sədrin müavinləri sədr tərəfindən ona həvalə edilmiş vəzifələri və səlahiyyətləri həyata keçirir və TK 05-in fəaliyyətinin təşkilində iştirak edirlər.
4.5. TK 05-in məsul katibi aşağıdakı funksiyaları həyata keçirir:
4.5.1. TK 05-in iclaslarını hazırlayır və onların keçirilməsini təmin edir;
4.5.2. TK 05-in iş proqramının, standartların, standartlaşdırma üzrə digər normativ sənədlərin layihələrini baxılmaq, razılaşdırmaq və təsdiq üçün hazırlayır;
4.5.3. TK 05-in tərkibinə daxil olan AK və işçi qrupların işini əlaqələndirir;
4.5.4. illik və perspektiv planlar üzrə işlərin yerinə yetirilməsinə nəzarət edir;
4.5.5. TK 05-in qərar layihələrini hazırlayır;
4.5.6. TK 05-ə ünvanlanmış materialların və sənədlərin layihələrinin müəyyən olunmuş qayda və tələblərə uyğunluğunu yoxlayır;
4.5.7. TK 05-ə üzv təşkilatlarla cari əlaqəni aparır;
4.5.8. TK 05-in kargüzarlıq işlərini aparır;
4.5.9. TK 05-in iclaslarının protokollarını hazırlayır;
4.5.10. hər ilin sonunda TK 05-in fəaliyyətinə dair hesabatların hazırlanması və üzv təşkilatlara, RİTN-ə və SMPDK-ya göndərilməsini təmin edir. 
4.6. TK 05-ə üzv təşkilatların səlahiyyətli nümayəndələri aşağıdakı vəzifələri icra edirlər:
4.6.1. İKT sahəsində standartlaşdırmanın perspektiv və prioritetlərini müəyyən edən planların hazırlanmasında və müzakirəsində iştirak etmək;
4.6.2. təsdiq edilmiş planların yerinə yetirilməsində iştirak etmək;
4.6.3. TK 05-in Əsasnaməsinə əməl etmək və onun iclaslarında iştirak etmək;
4.6.4. TK 05-in məsul katibi ilə mütəmadi əlaqə saxlamaq və standartların layihələrinə müəyyən olunmuş müddətdə rəy vermək;
4.6.5. TK 05-in fəaliyyəti ilə bağlı təkliflər vermək.

5. TK 05-in HÜQUQLARI

5.1. TK 05 qarşısında duran vəzifə və funksiyaları yerinə yetirmək üçün aşağıdakı hüquqlara malikdir:
5.1.1. RİTN-ə və SMPDA-ya texniki tənzimləmə prosesində işlənib hazırlanmış texniki, normativ-hüquqi aktların təkmilləşdirilməsinə dair təkliflər vermək;
5.1.2. standartlaşdırma və texniki tənzimləmə məsələləri üzrə RİTN-ə və SMPDK-ya müraciət etmək; 
5.1.3. standartlaşdırma üzrə beynəlxalq (regional) və dövlətlərarası təşkilatların texniki orqanlarının işində müvafiq qaydada iştirak etmək;
5.1.4. TK 05 tərəfindən aparılan işlərə müəyyən olunmuş qaydada texniki tənzimləmə subyektlərini, eləcə də ayrı-ayrı mütəxəssisləri cəlb etmək.
5.2. TK 05-ə üzv təşkilatlar aşağıdakı hüquqlara malikdir:
5.2.1. TK 05 tərəfindən milli, dövlətlərarası və beynəlxalq standartlaşdırma üzrə aparılan işlərdə iştirak etmək;
5.2.2. TK 05-in fəaliyyət sahəsinə aid olan milli (dövlətlərarası) standart layihələrinə rəy vermək və rəy almaq;
5.2.3. TK 05-in iclaslarında milli (dövlətlərarası) standart layihələrinin müzakirəsində iştirak etmək və müvafiq qərarların qəbulu prosesində səs vermək;
5.2.4. TK 05-in işçi qrupuna öz nümayəndəsini təklif etmək və onu dəyişdirmək;
5.2.5. TK 05-in iclaslarında iştirak etmək;
5.2.6. TK 05-in fəaliyyətinin təkmilləşdirilməsinə dair təkliflər vermək;
5.2.7. TK 05-in tərkibindən çıxmaq istədikdə, bu barədə (bir) ay əvvəl TK 05-in rəhbərliyini məlumatlandırmaq.

6. PLANLAŞDIRMA VƏ İŞİN MALİYYƏLƏŞDİRİLMƏSİ

6.1. TK 05-in işinin planlaşdırılması illik və perspektiv planların işlənib hazırlanması yolu ilə həyata keçirilir.
6.2. TK 05 ictimai əsaslarla fəaliyyət göstərir. TK 05-in sədri TK 05-in işində fərqlənmiş nümayəndələrin təqdir edilməsinə dair təqdimat verə bilər.
6.3. İKT sahəsində standartların layihələrinin hazırlanması və onların ekspertizası və təsdiq üçün hazırlanması maraqlı təşkilatların maliyyə vəsaitləri hesabına həyata keçirilir.
6.4. Dövlət proqramlarına daxil edilmiş İKT sahəsində məhsul və xidmətlər üzrə standartların hazırlanması bu məqsədlər üçün nəzərdə tutulmuş mənbələrdən maliyyələşdirilir.
6.5. Nazirlik, idarə, təşkilat, müəssisə və digər hüquqi şəxslərin təşəbbüsü əsasında İKT məhsul və xidmətlərinə dair milli standartların işlənib hazırlanması, habelə standartlaşdırma üzrə aparılan işlər sifarişçinin hesabına və ya digər mənbədən maliyyələşdirilir.
6.6. TK 05-in maliyyələşdirilməsi normativ-hüquqi materialların hazırlanması üçün ayrılmış məqsədli ayırmalardan, birdəfəlik sponsorluq vəsaitlərindən, qrantlardan, həmçinin TK 05 tərəfindən hazırlanmış metodiki materialların, analitik hesabatların, icmalların və digər əqli mülkiyyət məhsullarının satışından əldə olunan vəsaitlər hesabına formalaşa bilər.
6.7. TK 05-in maliyyə vəsaitləri ezamiyyət xərclərinə, işçi qrupların, alim və mütəxəssislərin, normativ-hüquqi materialları hazırlayanların əməkhaqlarının ödənilməsinə və TK 05-in fəaliyyəti ilə bağlı digər xərclərin ödənilməsinə sərf olunur.
6.8. TK 05-in maliyyə məsələlərinin rəsmiləşdirilməsi, bir qaydada, baza təşkilat vasitəsi ilə aparılır.

21.04.2016

...Bakı şəhəri, Nizami rayonu, 8-ci km ərazisində yerləşən bazarda və bazara məxsus ərazidə yerləşən ərzaq mağazasında... 

daha ətraflı
17.09.2015

...Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, A.Mirzəyev küçəsi, ev 60 ünvanında Atılxanov Azər Rəşxan oğluna məxsus...

daha ətraflı
04.09.2015

...Sumqayıt şəhəri, H.Əliyev prospekti 40-cı məhəllədə yerləşən “Pompey” və Nizami Gəncəvi küçəsində yerləşən...

daha ətraflı

SƏRƏNCAM

20.06.2017

Azərbaycan Respublikası Hökuməti ilə İsrail Dövləti Hökuməti arasında Birgə Komissiyanın Azərbaycan Respublikası tərəfindən tərkibinin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

daha ətraflı
VİDEO XƏBƏR
16.05.2017
Azərbaycan və Çin arasında qeyri-neft ixrac potensialının genişləndirilməsinə xidmət edəcək Anlaşma Memorandumu imzalanıb
QAYNAR XƏTT
TABE QURUMLAR
Copyright © 2010 Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi! Bütün hüquqlar qorunur.
Sayt  Lider veb studiyası  tərəfindən hazırlanmışdır