| | az | en

TƏQVİM

Be Ça Ç Ca C Ş B
2345678
9101112131415
16171819202122
23242526272829
3031
Qərarlar
Çap versiyası
31.07.2010
"Üzümçülük və şərabçılıq haqqında" Azərbaycan Respublikasının Qanunu ilə bağlı bəzi normativ hüquqi aktlar haqqında
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

"Üzümçülük və şərabçılıq haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 29 yanvar tarixli, 667 nömrəli Fərmanının 1-ci bəndinin 5-ci, 6-cı, 8-ci və 10-cu abzaslarının icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. "Şərabçılıq məhsullarının dequstasiyadan keçirilməsi və sənədləşdirilməsi Qaydaları", "İstehsal mənşəyinə görə adlar verilən şərabların istehsalı və şərabçılıq məhsullarına adların verilməsi qaydaları barədə Əsasnamə", "Şərabçılıq məhsullarının istehsalı üzrə texnoloji avadanlıqların dövlət qeydiyyatına alınması Qaydası", "Şərabçılıq məhsullarının istehsalı müəssisələrinin attestasiyası Qaydaları" təsdiq edilsin (əlavə olunur).
2. Bu qərar imzalandığı gündən qüvvəyə minir.


Azərbaycan Respublikasının Baş naziri A. RASİZADƏ
Bakı şəhəri, 24 dekabr 2002-ci il
№ 199

Azərbaycan Respublikası Nazirlər Kabinetinin
2002-ci il 24 dekabr tarixli, 199 nömrəli qərarı ilə
TƏSDİQ EDİLMİŞDİR

Şərabçılıq məhsullarının dequstasiyadan keçirilməsi və sənədləşdirilməsi
QAYDALARI

Bu Qaydalar "Üzümçülük və şərabçılıq haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 29 yanvar tarixli, 667 nömrəli Fərmanına əsasən hazırlanmışdır və şərabçılıq məhsullarının dequstasiyadan keçirilməsi və sənədləşdirilməsi qaydalarını müəyyən edir.
Mülkiyyət formasından asılı olmayaraq, şərabçılıq məhsullarının yeni növləri və çeşidləri istehsala hazırlanarkən onların nümunələri aşağıdakı bu Qaydalara əsasən dequstasiyadan keçirilir və sənədləşdirilir:
şərabçılıq məhsullarının keyfiyyətini qiymətləndirmək üçün orta nümunələr və aşağıda göstərilən sənədlər ərizə ilə birlikdə Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinə təqdim olunur:
ərizədə aşağıdakılar öz əksini tapmalıdır:
hüquqi şəxslər üçün - hüquqi şəxsin adı, təşkilati-hüquqi forması, statistik kodu, hüquqi ünvanı, hesablaşma hesabının nömrəsi, bankın adı, malın kodu və həcmi göstərilməklə fəaliyyət növü;
fiziki şəxslər üçün - adı, atasının adı, soyadı, şəxsiyyəti təsdiq edən sənəd haqqında məlumatlar (seriya, nömrə, nə vaxt və kim tərəfindən verilmişdir, ünvanı), malın kodu və həcmi göstərilməklə fəaliyyət növü;
şərabçılıq məhsulu haqqında xüsusi məlumat (üzümün növü, istehsalat tarixi və texnologiyası);
məhsulun əsas fiziki-kimyəvi göstəriciləri haqqında (tündlüyü, şəkərliliyi, turşuluğu, uçucu turşuluğu, ekstraktı) laboratoriya arayışı;
müəssisənin attestasiyadan keçməsi barədə verilmiş şəhadətnamənin surəti.
Dequstasiyaya təqdim olunmuş sənədlərə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Mərkəzi Dequstasiya Komissiyası tərəfindən baxılır, çatışmazlıqlar üçün əsas olmadıqda xüsusi kitabda qeydə alınır və 10 gündən gec olmamaqla dequstasiyanın keçirilməsi üçün qərar qəbul olunur.
Dequstasiyanın keçirilməsi vaxtı barədə dequstasiya ediləcək məhsulların sahiblərinə 5 gün əvvəlcədən məlumat verilir.
Dequstasiya zamanı birinci növbədə məhsulun rəngi, dadı, təravəti, təmizliyi, buketi, iyi və kənar qatışıqların olması müəyyən edilir.
Dequstasiya otağı parlaq işıqlandırılmalı, açıq boya ilə rənglənməli, hazırlanmalı, xarici səsdən və iydən qorunmalı, otaqda havanın temperaturu 18-200C olmalıdır.
Dequstasiya yeməkdən 1,5-2 saat sonra keçirilir.
Bir dequstasiya prosesində 10-dan artıq məhsulu dequstasiyadan keçirmək olmaz.
Dequstasiya həm açıq, həm də qapalı keçirilə bilər. Açıq dequstasiyada içkinin tam xüsusiyyətləri və istehsalçı barədə bütün məlumatlar göstərilir, qapalı (anonim) dequstasiyada isə ancaq nümunənin nömrəsi və hansı ilin məhsulu olduğu qeyd olunur.
Dequstasiya üçün təqdim olunmuş orta nümunələrin miqdarı beş butulkadan az olmamalıdır.
Hər bir adda şərabçılıq məhsulu dequstasiya edilərkən komissiya üzvü həmin məhsuldan 50 ml olmaq şərti ilə istifadə edə bilər.
Şərabçılıq məhsullarının tipi onların buketinin xarakterinə uyğun olmalıdır.
Oynaq və qazlaşdırılmış şərablarda güclü köpüklənmə, uzunmüddətli xırda qabarcıqlar və tez itən oynaqlar qiymətləndirilməlidir.
Dequstasiya zamanı xüsusi dequstasiya qədəhlərindən istifadə olunmalıdır.
Şərabçılıq məhsulları müəyyən ardıcıllıqla dequstasiyaya təqdim edilməlidir. Turş şərablar şirin şərablardan, az ətirlilər çox ətirlilərdən, cavan şərablar isə köhnə şərablardan əvvəl dequstasiya olunmalıdır.
Oynaq şərablar və konyaklar (brendilər) ayrıca və yaxud müəyyən fasilədən sonra dequstasiya olunmalıdır.
Oynaq şərablar dequstasiyaya şəkərlilik faizinə görə verilir. Belə ki, tam turş, turşaşirin və sairə, muskat şərablar isə dequstasiyaya axırda verilir.
Konyak (brendilər) dequstasiyaya yetişmə müddətinin artması ardıcıllığı ilə verilir.
Dequstasiya zamanı şərabçılıq məhsullarının ağızda çox saxlanması məsləhət deyil. Çünki bu zaman dadbilmə orqanlarının həssaslığı azalır. Dad və buketi qiymətləndirmək üçün 30 saniyə kifayətdir.
Dequstasiya komissiyasının hər bir üzvü şərabçılıq məhsullarının orqanoleptik göstəricilərinə görə verdiyi qiyməti dequstasiya vərəqəsində qeyd edir və toplayıb orta balı müəyyənləşdirir.
Şərabçılıq məhsullarının orqanoleptik göstəriciləri 100 bal sistemi üzrə aparılır.

DEQUSTASİYA VƏRƏQİ

(Cədvəl 1.)

 

 

 

Nümunə №-si

Əla

Çox yaxşı

Yaxşı

Kafi

Qeyri - kafi

Qeyd

Xarici görünüşü

şəffaflığı, rəngi

5 ›
10 
›

4 ›
8
›

3 ›
5
›

2 ›
4
›

1 ›
2
›

 

Ətri
(buketi)

təmizliyi,
intensivliyi,
keyfiyyəti

6 ›
8
›
16
›

5 ›
7
›
14
›

4 ›
6
›
12
›

3 ›
4
›
10
›

2 ›
2
›
8
›

 

Dadı

təmizliyi,
intensivliyi,
daddan sonra,
keyfiyyəti

6 ›
8
›
8
›
22
›

5 ›
7
›
7
›
19
›

4 ›
6
›
6
›
16

3 ›
4
›
5
›
13
›

2 ›
2
›
4
›
10
›

 

 

harmoniklik, (ümumi
təsəvvür)

11 ›

10 ›

9 ›

8 ›

7 ›

 

Yekunu

 

100

86

71

56

40

 

 

Ekspertin imzası______________                                "___"_____________________200__il

Dequstasiya komissiyasının iclasının qərarı protokol formasında rəsmiləşdirilir. Protokolu komissiyanın sədri və katibi imzalayır.
Dequstasiya komissiyasının iclas protokolunda aşağıdakılar göstərilir:
dequstasiyanın aparıldığı tarix və protokol nömrəsi;
iclasda iştirak edən komissiya üzvlərinin vəzifəsi, soyadı və adı;
dequstasiyaya təqdim olunan məhsulların və onların istehsalçılarının adları;
dequstasiyanın nəticələrinin ballarla qiyməti;
lazımi hallarda məhsulların keyfiyyət xarakteristikası;
lazımi hallarda müəssisəyə məhsulların keyfiyyətini yaxşılaşdırmaq üçün kömək məqsədi ilə tövsiyələr və tədbirlər.
Dequstasiyanın nəticələri barədə Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi tərəfindən 3 gün müddətində müəssisəyə məlumat verilir.
Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən şərabçılıq məhsullarına gigiyenik sertifikat Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin rəyindən sonra verilir.
İstehsalçı tərəf dequstasiyanın nəticəsindən razı qalmadıqda, komissiyanın sədrinə öz etirazını bildirmək hüququnu saxlayır. Məsələ mübahisəli qaldıqda isə Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq məhkəmə qaydası ilə həll olunur.

 


Azərbaycan Respublikası Nazirlər Kabinetinin
2002-ci il 24 dekabr tarixli, 199 nömrəli qərarı ilə
TƏSDİQ EDİLMİŞDİR

İstehsal mənşəyinə görə adlar verilən şərabların istehsalı
və şərabçılıq məhsullarına adların verilməsi qaydaları barədə
ƏSASNAMƏ

Bu Əsasnamə "Üzümçülük və şərabçılıq haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 29 yanvar tarixli, 667 nömrəli Fərmanına əsasən hazırlanmışdır və istehsal mənşəyinə görə adlar verilən şərabların istehsalı və şərabçılıq məhsullarına adların verilməsi qaydalarını müəyyən edir.
İstehsal mənşəyinə görə adlar verilən şərabların hazırlanması üçün üzüm istehsalı müvafiq inzibati ərazi vahidində və ya yerdə ərazinin relyefi, torpaq-iqlim və ekoloji şəraitin xüsusiyyətləri nəzərə alınmaqla, müəyyən üzüm sortlarının xüsusi aqrotexniki üsullarla yetişdirilməsi əsasında həyata keçirilir.
İstehsal mənşəyinə görə adlar verilən şərabların hazırlanması üçün üzüm istehsalının texnologiyası qüvvədə olan normativ sənədlərlə müəyyən edilir.
Üzüm məhsullarının istehsalı müvafiq standartların tələblərinə, təsdiq edilmiş aqrotexniki və texnoloji təlimatlara, habelə sanitariya normalarına və qaydalarına uyğun olaraq həyata keçirilir.
Üzüm məhsullarının tərkibində insan sağlamlığı üçün zərərli maddələrin yol verilən hədləri müvafiq normativ sənədlərlə müəyyən olunur.
Bu şərablar müəyyən üzüm sortlarının yüksək keyfiyyətli üzümlərindən ənənəvi və ya orijinal texnologiyaların tətbiqi əsasında hazırlanır və onların istehsalında etil (yeyinti) spirtinin, saxarozanın, üzüm konsentratlarının, ətirli və süni boya maddələrinin, digər inqrediyentlərin istifadəsinə yol verilmir.
İstehsal mənşəyinə görə şərablara adlar onların hazırlanmasında istifadə edilən üzüm sortlarının yetişdirildiyi inzibati ərazi vahidinin və ya yerin adına uyğun olaraq verilir.
İstehsal mənşəyinə görə adlar verilən şərabları istehsal edən müəssisələrə məhsulun attestasiyasına dair Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi tərəfindən şəhadətnamə təqdim edilir. İstehsal mənşəyinə görə adlar verilən şərabların attestasiyasının müddəti 5 ildir. Bu müddət qurtardıqdan sonra məhlulun attestasiyası yenidən aparılır.
İstehsal mənşəyinə görə adlar verilmiş şərablar yalnız şüşə butulkalara və ya bədii tərtib edilmiş saxsı qablara süzülür, mantar tıxacları ilə kip bağlanır və müvafiq qaydada təsdiq edilmiş normativi sənədlərə uyğun olaraq etiketləşdirilir. Etiketlərdə şərabın istehsal olunduğu yer göstərilməklə, şərabın adının istehsal mənşəyinə görə verildiyi qeyd olunmalıdır.
İstehsal mənşəyinə görə adlar verilən şərabçılıq məhsullarına Kənd Təsərrüfatı Nazirliyi tərəfindən 5 gündən gec olmayaraq baxılır və qərar qəbul olunur.
Şərabçılıq məhsullarına (üzümdən hazırlanmış şərablara, şampan şərablarına və brendilərə (konyaklara) adların verilməsini Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi həyata keçirir.
Ad olmaq üçün istehsalçı şərabçılıq məhsullarının yeni növlərini və çeşidlərini istehsala hazırlayarkən onların nümunələrini tələb olunan sənədlərlə birlikdə Kənd Təsərrüfatı Nazirliyinə təqdim etməlidir.
Yeni adlara təklif edilən şərabçılıq məhsulları oxşar məhsullardan tərkibinə, fiziki-kimyəvi göstəricilərinə, habelə saxlanma şəraitinə və proseslərinə görə mütləq fərqlənməli, orqanoleptik göstəricilərinə görə isə oxşar olmalıdır. Belə məhsulların saxlanma texnologiyası məlum məhsul növlərinin istehsal texnologiyalarından fərqlənməyə bilər.
Yeni şərabçılıq məhsuluna ad almaq üçün istehsalçı Kənd Təsərrüfatı Nazirliyinə ərizə təqdim etməlidir. Ərizə ilə birlikdə aşağıdakı sənədlər və materiallar təqdim olunur:
məhsula dair annotasiya;
məhsula ad verilməsi barədə əsaslandırma məktubu;
məhsulun hazırlanma texnologiyasına dair təlimat:
məhsulun tərkibi barədə reseptura məlumatları;
məhsulun orqanoleptik və fiziki-kimyəvi göstəriciləri barədə laboratoriya arayışı;
məhsulun hazırlanmasında istifadə olunan xammal və materialların mənşəyi barədə məlumatlar;
məhsul buraxılan qabların nümunələri, habelə xarici tərtibatının, o cümlədən etiketlərinin eskizləri;
ekspertiza üçün qablaşdırılmış məhsulların nümunələri.
Şərabçılıq məhsulları müvafiq standartların tələblərinə, sanitariya normalarına və qaydalarına riayət edilməklə, təsdiq edilmiş texnoloji təlimatlara və resepturaya uyğun istehsal olunur və onların hazırlanmasında yalnız yeyinti məhsullarından alınan etil spirtindən istifadə edilir.
Tərkibi, hazırlanma texnologiyası və saxlanma prosesləri məlum adlarla buraxılan məhsullara uyğun gələn şərabçılıq məhsullarına yeni ad verilməsinə yol verilmir.
Qəbul edilmiş ərizə üzrə Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi tərəfindən müvafiq təlimatlara uyğun olaraq məhsulun yeniliyinə görə ekspertizası aparılır.
Ekspertiza nəticəsində məhsulun yeniliyi təsdiq olunarsa, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin qərarı ilə şərabçılıq məhsuluna istehsalçı tərəfindən təklif edilən xüsusi ad verilir.
Xüsusi ad verilən şərabçılıq məhsulu Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi tərəfindən 3 gündən gec olmayaraq dövlət reyestrində qeydiyyata alınır.
Eyni ad altında məhsul buraxılmasına dair iki və ya daha çox ərizə daxil olarsa, ilkinlik hüququ birinci daxil olan ərizəyə verilir.
Yeni ad altında dövlət reyestrində qeydiyyata alınmış şərabçılıq məhsulunun istehsalçılarına Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi tərəfindən məhsulun attestasiyasına dair 15 gün müddətində şəhadətnamə təqdim edilir. Şəhadətnamə 5 il müddətində verilir.
"Üzümçülük və şərabçılıq haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsinədək müxtəlif adlar altında dövriyyədə olan patentləşməmiş şərabçılıq məhsulları da qanunvericiliyə uyğun olaraq dövlət reyestrində qeydiyyata alınmalı, istehlak bazarına attestasiya edilməli və patentləşdirilməlidir.
Yeni ad altında dövlət reyestrində qeydiyyata alınmamış, attestasiyasına dair şəhadətnamə təqdim edilməmiş və patentləşməmiş şərabçılıq məhsullarının sertifikatlaşdırılmasına yol verilmir.
Bu Qaydalardan irəli gələn mübahisələr Azərbaycan Respublikası qanunvericiliyinə uyğun olaraq məhkəmə qaydasında həll olunur.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin
2002-ci il 24 dekabr tarixli, 199 nömrəli qərarı ilə
TƏSDİQ EDİLMİŞDİR

Şərabçılıq məhsullarının istehsalı üzrə texnoloji avadanlıqların
dövlət qeydiyyatına alınması
QAYDASI

Bu Qayda "Üzümçülük və şərabçılıq haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 29 yanvar tarixli, 667 nömrəli Fərmanına əsasən hazırlanmışdır və şərabçılıq məhsullarının istehsalı üzrə texnoloji avadanlıqların dövlət qeydiyyatına alınması qaydasını müəyyən edir.
Mülkiyyət formasından asılı olmayaraq, şərabçılıq məhsulları istehsal edən bütün müəssisələrdə quraşdırılmış texnoloji avadanlıqların (bundan sonra - avadanlıqlar) dövlət qeydiyyatına alınması Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi tərəfindən həyata keçirilir.
Şərabçılıq məhsulları istehsal edən müəssisə balansında olan avadanlıqların hər birinin dövlət qeydiyyatına alınması üçün Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinə ərizə təqdim etməlidir.
Avadanlıqları almış müəssisə onları quraşdırdıqdan sonra 30 gün müddətində bu avadanlıqların dövlət qeydiyyatına alınması üçün Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinə ərizə təqdim etməlidir.
Avadanlıqların dövlət qeydiyyatın alınması üçün müəssisə tərəfindən verilmiş ərizəyə aşağıda göstərilən sənədlər əlavə edilməlidir:
avadanlıqların inventarlaşdırılması barədə sənəd;
dövlət standartları üzrə avadanlığın uyğunluq sertifikatı və pasportu;
ölçü vasitələrinin tipinin təsdiqi barədə sertifikat və pasport.
Şəhadətnamə almaq üçün müəssisə tərəfindən təqdim olunan ərizə və bu qaydada nəzərdə tutulan sənədlər xüsusi kitabda qeydə alınmaqla qəbul edilir, təhlil edildikdən sonra çatışmazlıqlar və ya imtina üçün əsas olmadıqda, 30 gündən gec olmayaraq şərabçılıq məhsullarının istehsalı üzrə avadanlıqların dövlət qeydiyyatına alınması barədə Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi tərəfindən şəhadətnamə verilir.
Müəssisə tərəfindən təqdim edilmiş sənədlərdə çatışmazlıqlar, qeyri-dürüst və təhrif olunmuş faktlar aşkarlandıqda, şəhadətnamə verilməsindən imtina edilir və bu barədə ərizəçiyə yazılı məlumat verilir.
Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi avadanlıqların dövlət qeydiyyatına alınmasının və müvafiq olaraq şəhadətnamələrin verilməsinin dövlət reyestrini aparır.
Müəssisə istifadə edilməyən və ya yararsız olduğu üçün balansdan çıxarılmış avadanlıqların şəhadətnamələrini, bu avadanlıqların silinməsi və tullantı kimi digər məqsədlər üçün istifadə edilməsi və ya müəyyən edilmiş qaydada başqa müəssisəyə verilməsi barədə tərtib olunmuş aktlarla bərabər 30 gün müddətində Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinə təhvil verməlidir.
Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi göstərilən avadanlıqların dövlət qeydiyyatından çıxarılması haqqında dövlət reyestrində müvafiq qeyd aparır.
Avadanlıqların yenidən qeydə alınması yalnız onun müəyyən edilmiş qaydada başqa müəssisəyə verildiyi halda aparılır.
Şərabçılıq məhsullarının istehsalı üzrə texnoloji avadanlıqlar, çənlər və ölçmə cihazları yeyinti sənayesində istifadəsinə icazə verilən materiallardan hazırlanmalı və örtülməlidir.
Şərabçılıq məhsullarının istehsalı üzrə texnoloji avadanlıqlar mütləq qaydada spirt ölçmə-nəzarət cihazları və spirt ölçmə sayğacları və avtomatlaşdırılmış (say və həcm üçün) uçot sayğacları ilə təchiz edilməlidir.
Spirt ölçmə-nəzarət cihazları, spirt ölçmə sayğacları və avtomatlaşdırılmış (say və həcm üçün) uçot sayğacları Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən plomblanmalıdır.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin
2002-ci il 24 dekabr tarixli, 199 nömrəli qərarı ilə
TƏSDİQ EDİLMİŞDİR

Şərabçılıq məhsullarının istehsalı müəssisələrinin attestasiyası
QAYDALARI

Bu Qaydalar "Üzümçülük və şərabçılıq haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 29 yanvar tarixli, 667 nömrəli Fərmanına əsasən hazırlanmışdır və şərabçılıq məhsullarının istehsalı müəssisələrinin attestasiya qaydalarını müəyyən edir.
Bu Qaydalara əsasən Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi tərəfindən şərabçılıq məhsulları istehsal edən müəssisələrdə, müstəqil sexlərdə, sınaq laboratoriyalarında və digər istehsal bölmələrində istehsal olunan məhsulların insanın həyatı və sağlamlığına, habelə ətraf mühitin mühafizəsinə zəmanət verən texniki, ekoloji, sanitariya və yanğın təhlükəsizliyi normaları və qaydalarına uyğunluğuna görə icbari attestasiya keçirilir və attestasiyanın nəticələri sənədləşdirilir.
Şərabçılıq məhsulları istehsalı müəssisələrində məhsul istehsalı üçün nəzərdə tutulmuş vasitələrin (istehsal binaları, sexlər, avadanlıqlar, köməkçi materiallar, laboratoriyalar, yanğın təhlükəsizliyi vasitələri, kanalizasiya, su, enerji sistemləri) normativ təlimatlara uyğun olması attestasiya komissiyası tərəfindən araşdırılır və sənədləşdirilir.
İstehsal olunan və istehlak bazarına çıxarılan hər növ şərabçılıq məhsullarının keyfiyyətinin və tәhlükәsizliyinin, onların istehsalının, daşınmasının, saxlanmasının, qablaşdırılmasının, etiketləşdirilməsinin və satış şərtlərinin təlimatlara uyğun həyata keçirilməsi attestasiya zamanı müəyyən edilməlidir.
Attestasiyadan keçirilməmiş və təsdiq edilməmiş texnoloji normalara uyğun üsullarla istehsal olunmuş şərabçılıq məhsulları saxta hesab olunur.
Attestasiya zamanı aşkar olunmuş pozuntular və nöqsanlar haqqında akt tərtib edilir və onların aradan qaldırılması yolları və müddəti göstərilir.
Attestasiyanın nəticələri barədə akt tərtib edilir və bir nüsxəsi müəssisəyə verilir.
Şərabçılıq məhsullarının istehsalı müəssisələrində attestasiya 5 (beş) ildə bir dəfədən az olmayaraq həyata keçirilir və şəhadətnamə verilir.
Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş qaydada xüsusi razılıq (lisenziya) alınmadan, müəyyən olunmuş müddətdə attestasiyadan keçirilmədən və təsdiq edilmiş texnoloji normalara uyğun üsullara, resepturaya və materiallara riayət edilmədən istehsal olunmuş şərabçılıq məhsulları saxta hesab olunur.
İstehsal avadanlıqlarının yeniləri ilə əvəz edilməsi, texnoloji proseslərin dəyişdirilməsi, yanğından mühafizə vasitələrinin yenidən qurulması və aşkar olunmuş pozuntuların aradan qaldırılması zamanı şərabçılıq müəssisələrində attestasiyalar yenidən keçirilməlidir.
Şərabçılıq müəssisələrində təhlükəli və zərərli istehsal amillərinin parametrlərinin ölçülməsini müəssisənin laboratoriyası həyata keçirir, bu proses müəssisənin laboratoriyasının bazasında mümkün olmadıqda, dövlət sanitariya-epidemioloji xidməti orqanlarının laboratoriyaları həmin işə cəlb edilə bilər.
Şərabçılıq məhsullarının istehsalı müəssisələrində avadanlıqların insanların təhlükəsizliyi və sağlamlığı üçün mövcud olan təlimatların tələblərinə uyğun qurulması nəzərə alınır.
Şərabçılıq müəssisələrində təhlükəli və zərərli istehsalat amillərinin faktiki göstəriciləri müəyyən edilir, qiymətləndirilir və eyni zamanda bütün texnoloji avadanlıqlar siyahıya alınır.
Şərabçılıq müəssisələrində, sınaq laboratoriyalarında, digər müstəqil sexlərdə, şərabçılıq məhsullarının istehsalında, saxlanılmasında, keyfiyyətinin təyin olunmasında istifadə olunan avadanlıqlar, ölçü vasitələri metroloji cəhətdən attestasiya olunmalı və təyin olunmuş müddətdə dövlət yoxlanmasından keçməlidir.
Şərabçılıq müəssisələrində yanğından mühafizə sisteminin mövcud normativ sənədlərə uyğun qurulmasına görə məsuliyyəti bilavasitə müəssisənin rəhbərliyi daşıyır.
Şərabçılıq müəssisələrində istehsal olunan, istehlak bazarına çıxarılan ayrı-ayrı növlər üzrə şərab məhsullarının attestasiyası keçirilərkən texnoloji axın xətlərinin normativ sənədlərə uyğun olması nəzərə alınır.
Bu Qaydalardan irəli gələn mübahisələr Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq məhkəmə qaydasında həll edilir.

İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

1. 13 dekabr 2007-ci il tarixli 200 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 12, maddə 1336)
2. 21 yanvar 2009-cu il tarixli 12 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, №01, maddə 32)


QƏRARA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

21 yanvar 2009-cu il tarixli 12 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, №01, maddə 32) ilə "Şərabçılıq məhsullarının istehsalı üzrə texnoloji avadanlıqların dövlət qeydiyyatına alınması Qaydası"nın on yeddinci abzasında "Agentliyi" sözü "Komitəsi" sözü ilə əvəz edilmişdir.


13 dekabr 2007-ci il tarixli 200 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 12, maddə 1336) ilə «Şərabçılıq məhsullarının istehsalı müəssisələrinin attestasiya Qaydaları»nın doqquzuncu abzasında «xüsusi icazə» sözləri «xüsusi razılıq (lisenziya)» sözləri ilə əvəz edilmişdir.

 

 

21.04.2016

...Bakı şəhəri, Nizami rayonu, 8-ci km ərazisində yerləşən bazarda və bazara məxsus ərazidə yerləşən ərzaq mağazasında... 

daha ətraflı
17.09.2015

...Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, A.Mirzəyev küçəsi, ev 60 ünvanında Atılxanov Azər Rəşxan oğluna məxsus...

daha ətraflı
04.09.2015

...Sumqayıt şəhəri, H.Əliyev prospekti 40-cı məhəllədə yerləşən “Pompey” və Nizami Gəncəvi küçəsində yerləşən...

daha ətraflı

SƏRƏNCAM

20.06.2017

Azərbaycan Respublikası Hökuməti ilə İsrail Dövləti Hökuməti arasında Birgə Komissiyanın Azərbaycan Respublikası tərəfindən tərkibinin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

daha ətraflı
VİDEO XƏBƏR
16.05.2017
Azərbaycan və Çin arasında qeyri-neft ixrac potensialının genişləndirilməsinə xidmət edəcək Anlaşma Memorandumu imzalanıb
QAYNAR XƏTT
TABE QURUMLAR
Copyright © 2010 Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi! Bütün hüquqlar qorunur.
Sayt  Lider veb studiyası  tərəfindən hazırlanmışdır