| | az | en

TƏQVİM

Be Ça Ç Ca C Ş B
2345678
9101112131415
16171819202122
23242526272829
3031
Akkreditasiya sahəsində standartlaşdırma üzrə TK/Əsasnamə
Çap versiyası
 

“Uyğunluğun qiymətləndirilməsi qurumlarının

akkreditasiyası üzrə” Texniki Komitənin (TK 08)

 

Ə S A S N A M Ə S İ

 

 1.   Tətbiq sahəsi

1.1.Bu əsasnamə “Uyğunluğun qiymətləndirilməsi qurumlarının akkreditasiyası üzrə Texniki Komitənin (bundan sonra – TK) təşkili qaydasını, əsas funksiyalarını, sədrə, sədr müavininə, katibliyə, məsul katibə və TK üzvlərinə olan tələbləri, qeydiyyata alınma və Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi (bundan sonra SMPDK) tərəfindən TK-nın fəaliyyətinə nəzarət qaydasını müəyyən edir.

 2.     Normativ istinad

2.1. Bu Əsasnamə “Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında” Azərbaycan Respublikasının Qanununa, Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 4 aprel tarixli 604 nömrəli Fərmanı ilə təsdiq edilmiş  “Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanında Dövlət Akkreditasiya Xidməti haqqında Əsasnamə”yə, AZS İSO/İEC 17011-2013 “Uyğunluğun qiymətləndirilməsi. Uyğunluğun qiymətləndirilməsi üzrə orqanları akkreditasiya edən akkreditasiya orqanlarına ümumi tələblər” və AZS 1.1-2009 “Standartlaşdırma üzrə texniki komitələr. Yaradılması və fəaliyyəti qaydası” standartına uyğun olaraq hazırlanmışdır. 

 3.     Ümumi müddəalar

3.1. TK uyğunluğun qiymətləndirilməsi qrumlarının akkreditasiyası ilə bağlı xüsusi fəaliyyət istiqamətlərinə, sertifikatlaşdırma, uyğunluq  haqqında bəyannamə, inspeksiya və laboratoriyaların akkreditasiyası və s. aid olan standartların hazırlanması məqsədilə, həmçinin uyğunluğun qiymətləndirilməsi sahəsində fəaliyyətin beynəlxalq təcrübəyə uyğunlaşdırılması məqsədilə SMPDK tərəfindən yaradılmış və maraqlı müəssisələrin, təşkilatların, icra hakimiyyəti orqanlarının nümayəndələrindən ibarət tərkibdə fəaliyyət göstərən birlikdir.   

3.2. TK-nın fəaliyyətinin məqsədi uyğunluğun qiymətləndirilməsi sahəsində milli və beynəlxalq standartlaşdırma istiqamətində həyata keçirilən tədbirlərin təkmilləşdirilməsi və səmərəliliyinin artırılmasından, uyğunluğun qiymətləndirilməsi sahəsində fəaliyyətin beynəlxalq təcrübəyə uyğunlaşdırılmasına zəruri şəraitin yaradılmasından ibarətdir.

3.3. TK öz fəaliyyətində Azərbaycan Respublikasının normativ hüquqi aktlarını, o cümlədən texniki normativ hüquqi aktlarını və bu Əsasnaməni rəhbər tutur.

 3.4. TK-nın fəaliyyətinin koordinasiyası və Texniki Komitənin fəaliyyətinə nəzarət Komitə tərəfindən həyata keçirilir.

         3.5. ТК yazışmaların aparılması üçün üzərində müvafiq rekvizitlər əks olunan  blanka malikdir. TK-nın  blankında rəsmi məktubları imzalamaq hüququ TK-nın    sədrinə, sədr müavininə və məsul katibinə məxsusdur.  

 4.     TK-nın vəzifələri

4.1    TK-nın vəzifələri aşağıdakılardan ibarətdir:

4.1.1. uyğunluğu qiymətləndirən qurumlara tələbləri müəyyən edən akkreditasiya üzrə beynəlxalq  sənədlərin tədbiqi  üzrə  təkliflərin hazırlanması;

4.1.2.      uyğunluğu qiymətləndirən qurumların akkreditasiyası üzrə komissiyaların tərkibinə daxil edilməsi nəzərdə tutulan mütəxəssislərə dair tələblərlə əlaqədar təkliflərin hazırlanması;

4.1.3. uyğunluğu qiymətləndirən qurumlarların qiymətləndirilmə prosedurlarının  hazırlanmasında iştirak etmək;

4.1.4.      akkreditasiya ilə əlaqədar beynəlxalq, regional və xarici dövlətlərin standartları ilə milli standartların hormonizasiyası və ya beynəlxalq, regional və xarici dövlətlərin standartlarının milli standart kimi hazırlanaraq tətbiqi ilə bağlı təkliflərin hazırlanması;

4.1.5. beynəlxalq standartlar əsas götürülməklə akkreditasiya ilə əlaqədar milli standartların layihələrinin hazırlanması və mövcüd standartların təkmilləşdirilməsinə dair təkliflərin verilməsi;

4.1.6.uyğunluğun qiymətləndirilməsi sahəsində milli, dövlətlərarası və beynəlxalq standartların layihələrinin ekspertizasının təşkili;

4.1.7.      uyğunluğun qiymətləndirilməsi sahəsində milli standartların işlənib hazırlanması Proqramının formalaşdırılmasında iştirak;

4.1.8.      standartlaşdırma üzrə beynəlxalq (regional) təşkilatların TK-larının işində iştirak, o cümlədən Azərbaycan Respublikasının milli standartlarının beynəlxalq (regional) standartlar kimi qəbul edilməsi məqsədilə, həmçinin, Azərbaycan Respublikasının standartlaşdırma üzrə milli orqanı ilə standartlaşdırma üzrə beynəlxalq (regional) təşkilatlar arasında olan razılaşmalara əsasən onların katibliyinin aparılması;

4.1.9.      uyğunluğun qiymətləndirilməsi sahəsində beynəlxalq və dövlətlərarası standartların işlənib hazırlanmasına və standartlaşdırma üzrə beynəlxalq, regional təşkilatların layihələri üzrə səsvermədə Azərbaycan Respublikasının mövqeyinə dair təkliflərin hazırlanması;

4.1.10. standartların dövlət məlumat fonduna verilməsi üçün uyğunluğun qiymətləndirilməsi sahəsində beynəlxalq standartların rəsmi tərcümələrinin hazırlanması;

4.2.TK-lar öz fəaliyyət sahəsində aşağıdakı məsələləri həll edə bilər:

- ekspert komissiyalarının tərkibində texniki reqlamentlərin, müəssisə standartlarının ekspertizasının aparılması;

- fəaliyyət sahəsi üzrə müəssisələrlə (təşkilatlarla), o cümlədən istehlakçı birliklər ilə, sınaq mərkəzləri ilə (laboratoriyalarda) və uyğunluğu qiymətləndirən qurumlarla, digər marağı olan təşkilatlarla əməkdaşlıq;

4.3. Standartların və texniki reqlamentlərin layihələrinin ekspertiza müddəti sənədlərin tərtibatçı tərəfindən TK-nın katibliyinə təqdim edildiyi andan ən çoxu 45  gün təşkil edir.

4.4 TK  tərəfindən hazırlanmış və yaxud müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanaraq baxılmaq üçün TK-ya  təqdim edilmiş standartlaşdırma üzrə normativ sənədlərin TK-da ekspertizadan keçirilərək təsdiq edilməsi tövsiyə olunduqdan sonra həmin normativ sənədlərin təsdiq edilməsi qanunvericiliklə müəyyən edilmiş qaydada həyata keçirilir.

 

5. TK-nın  fəaliyyət sahəsi

 

5.1.TK uyğunluğun qiymətləndirilməsi sahəsində normativ sənədlərin və akkreditasiya sahəsində prosedurların hazırlanmasını  əhatə edir.  

5.2. TK öz fəaliyyət sahəsi üzrə sənədlərin işlənib hazırlanmasını təmin edir, bu sənədlərin ekspertizasını aparır və onlara müvafiq qaydada rəy və tövsiyələr  verir. Eyni zamanda TK Milli Standartlaşdırma Proqramına Fəaliyyət sahəsi ilə bağlı milli standartların layihələrinin və onlara dəyişikliklərin və ya təşəbbüs qaydasında işlənib hazırlanmış və onun fəaliyyət sahəsinə aid edilən qaydalar toplularının hazırlanmasına dəstək göstərir, onların ekspertizasını keçirir və rəylər verir.

 

6. TK-nın strukturu və tərkibi 

6.1. TK-nın strukturu SMPDK tərəfindən təsdiq edilir.

6.2. TK-nın strukturuna sədr, katiblik (məsul katib), sahələr üzrə Alt  Komitələr və TK-ya  üzv olan təşkilatlar və şəxslər daxildir.

7. TK-ya  üzvlük 

7.1. TK-ya  üzvlük könüllüdür.

7.2. TK-nın fəaliyyət sahəsi üzrə əlaqəli olan, bu Əsasnamənin tələblərinə riayət edən və TK-nın iclaslarında qəbul edilmiş qərarları yerinə yetirən digər təşkilatlar da ТК-ya üzv ola bilərlər. Yeni üzvlərin TK-ya  qəbul edilməsi və ya üzvlüyün itirilməsi barədə qərar TK-nın müvafiq qərarına əsasən TK-nın sədri tərəfindən bu Əsasnamənin bəndinə uyğun olaraq qəbul edilir.

7.3. TK-ya  üzv olmaq istəyən təşkilat katibliyə aşağıdakı məlumatları təqdim etməlidir:

 - təşkilatın hüquqi və poçt ünvanı;

 - təşkilati forması;

 - rəhbərin soyadı, adı və atasının adı;

 - səlahiyyətli nümayəndələrin soyadı, adı və atasının adı, telefon və faks nömrəsi, həmçinin elektron poçt ünvanı;

 -səlahiyyətli nümayəndənin TK-nın fəaliyyəti sahəsində ixtisası haqqında məlumat.

7.4. TK-ya üzv olan təşkilatın rekvizitləri dəyişdikdə və ya səlahiyyətli nümayəndə əvəz olunduqda, TK-ya  üzv olan təşkilatın rəhbəri bu barədə beş gün ərzində TK-nın  katibliyinə məlumat verməlidir.

7.5. Təşkilat TK-nın işində öz səlahiyyətli nümayəndəsi vasitəsi ilə iştirak etməklə, bu fəaliyyətlə bağlı bütün xərcləri öz üzərinə götürür.

7.6. TK-nın  katibliyi ilə təşkilat arasında əlaqəni səlahiyyətli nümayəndə həyata keçirir. O, katiblik tərəfindən göndərilən bütün yazışmaları (məktubları, teleqramları və s.) qəbul edir,növbəti iclas üçün bütün materialların vaxtında təşkilatın əməkdaşlarına və TK-nın  katibliyinə çatdırılmasına məsuliyyət daşıyır, TK-nın iclaslarında iştirak edir və öz təşkilatı adından səs verir.

7.7. TK-nın  iclaslarında müzakirə olunan məsələlərlə bağlı qərar qəbul etmək üçün səlahiyyətli nümayəndə TK-ya  üzv olan təşkilatın rəhbərliyi tərəfindən imzalanmış etibarnaməyə malik olmalıdır. TK-nın  iclaslarında üzv təşkilatların nümayəndə heyəti də iştirak edə bilər. Bu halda təşkilat tərəfindən səs vermədə iştirak üçün bir şəxs təyin olunur.

7.8. TK-ya  üzv olan təşkilat və onun səlahiyyətli nümayəndəsi aşağıdakı  hüquqlara malikdir:

7.8.1.ekspertizası TK tərəfindən aparılan standartların, texniki reqlamentlərin və digər sənədlərin layihələrini baxılması üçün almaq və onlara rəylər vermək;

7.8.2.standartların, texniki reqlamentlərin və digər sənədlərin layihələri ilə bağlı TK-nın  iclaslarında aparılan müzakirələrdə iştirak etmək;

7.8.3.standartların, texniki reqlamentlərin və digər sənədlərin hazırlanması ilə bağlı təkliflər vermək və onları işləyib hazırlamaq;

7.8.4. TK-nın katibliyindən informasiya materialları almaq.

7.9. TK   üzvünün vəzifələri aşağıdakılardır:

7.9.1. TK-nın  Əsasnaməsinə əməl etmək və onun iclaslarında mütəmadi iştirak etmək;

7.9.2.TK-nın fəaliyyəti ilə bağlı təkliflər vermək.

7.9.3.standartların, texniki reqlamentlərin və eləcə də tərəfindən ekspertizası  aparılan digər sənədlərin layihələri üzrə TK-nın katibliyinə iradlar və təkliflər bildirmək.

7.9.4.TK-nın öz fəaliyyəti sahəsində standartlaşdırmanın perspektiv və prioritetlərini müəyyən edən planların hazırlanmasında və müzakirəsində iştirak etmək;

7.9.5.TK-nın məsul katibi ilə mütəmadi əlaqə saxlamaq və standartların layihələrinə müəyyən olunmuş müddətdə rəy vermək.

 

8. TK-nın sədri 

8.1. TK-nın fəaliyyətinə ümumi rəhbərlik SMPDK  tərəfindən təyin olunmuş sədr tərəfindən həyata keçirilir.

8.2. TK-nın sədrinin vəzifəsindən azad olunması SMPDK-nın  əmri  ilə  həyata keçirilir.

8.3. TK-nın sədri aşağıdakı vəzifələri yerinə yetirir: 

8.3.1.TK-nın və işçi qrupların işini təşkil etməklə  TK-ya rəhbərlik edir;

8.3.2.TK-nın katibliyi və üzvləri ilə birlikdə TK-nın fəaliyyət strategiyasını işləyib hazırlayır, TK-nın iclaslarını və standartların, texniki reqlamentlərin,  eləcə də digər sənədlərin layihələrinin ekspertizasını,   hazırlanmasını və  təsdiq edilməsi üçün təqdim olunmasını təşkil edir;

8.3.3.TK-nın işçi iclaslarını aparır;

8.3.4.TK-nı bütün dövlət və ictimai təşkilatlarda təmsil edir, TK-nın səlahiyyətlərinə aid edilən məsələlər üzrə məsuliyyət daşıyır;

8.3.5.TK-nın fəaliyyəti ilə bağlı hesabatların hazırlanmasını təmin edir;

8.3.6.TK-nın işinə ekspertləri və mütəxəssisləri cəlb edir;

8.3.7.zəruri olduqda, TK-ya  üzv təşkilatların nümayəndələrinin fəaliyyətləri barədə aid olduqları təşkilatlar qarşısında məsələ qaldırır;

8.3.8.TK-nın katibliyində vəzifə bölgüsü aparır, aparılan işlərə  nəzarət edir;

8.3.9.TK-nın fəaliyyətinə aid edilən məsələlərlə bağlı SMPDK-nın və Komitə yanında Dövlət Akkreditasiya Xidmətinin qərarlarının yerinə yetirilməsini təmin edir;

8.3.10.Fəaliyyət sahələrində dövlət siyasətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanlarının standartların, texniki reqlamentlərin,  eləcə də standartlaşdırma sahəsində digər sənədlərin ekspertizası ilə bağlı qərarlarının icrasını təmin edir.

8.3.11. TK-nın  illik və orta müddətli proqramını işləyir və təsdiq edir;

8.3.12. kütləvi informasiya vasitələrinə fəaliyyət sahəsinə dair məlumat verir.

 

9. TK-nın katibliyi 

9.1. TK-nın katibliyi öz fəaliyyətini müvafiq qaydada təsdiq olunmuş Standartlaşdırma Planı və  Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi  yanında Dövlət Akkreditasiya Xİdməti tərəfindən daxil olmuş tapşırıqların əsasında  təşkil edir.

9.2. TK-nın katibliyi:

9.2.1.tərtibatçı tərəfindən təqdim olunmuş sənədlərin layihələrini, izahatların və rəylərin tərtibatı qaydalarını yoxlayır;

9.2.2.sənədlərin layihələrini ekspertiza və təsdiq üçün hazırlayır;

9.2.3.TK    üzvlərinin irad və təklifləri, eləcə də maraqlı şəxslərdən yazılı formada daxil olmuş iradlar əsasında sənədlərin  layihələri üzrə ekspert rəyləri hazırlayaraq TK-nın iclaslarında baxılmaq üçün təqdim edir;

9.2.4.beynəlxalq və dövlətlərarası standartlaşdırma təşkilatlarının işində TK-nın iştirakını təşkil edir;

9.2.5.perspektiv fəaliyyət proqramlarını hazırlayır;

9.2.6.TK-nın  iş planlarının layihələrini hazırlayır;

9.2.7.TK-nın iclaslarını təşkil edir;

9.2.8.kargüzarlıq və hesabatın aparılmasını təmin edir;

9.2.9.TK-nın müəyyən edilmiş fəaliyyət sahəsində normativ sənədlər fondunun aparılmasını təmin edir;

9.2.10.                    TK-da baxılan sənədlərin TK üzvləri arasında yayılmasını təşkil edir (bir qayda olaraq, elektron-rəqəmsal formada);

9.2.11. sənədləri, o cümlədən hesabat sənədlərini SMPDK-ya və Komitə yanında Dövlət Akkreditasiya Xidmətinə müvafiq fəaliyyət sahələrində dövlət siyasətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanlarına təqdim edir;

9.2.12.TK-nın fəaliyyət sahəsinə aid beynəlxalq, regional və xarici ölkələrin standartlarının Azərbaycan dilinə tərcüməsini təşkil edir, onların texniki redaktəsini həyata keçirir;

9.3. TK-nın katibliyinin işinə TK-nın məsul katibi  rəhbərlik edir. Məsul katib TK-nın katibliyi tərəfindən yerinə yetirilən bütün işlərin keyfiyyətinə görə məsuliyyət daşıyır.

9.4.  TK-nın məsul katibi aşağıdakı vəzifələri həyata keçirir:

9.4.1.TK-nın iclaslarını təşkil edir və onların keçirilməsini təmin edir;

9.4.2.TK-nın iş proqramının, standartların, standartlaşdırma üzrə digər normativ sənədlərin layihələrini baxılması, razılaşdırması və təsdiq edilməsi üçün hazırlayır;

9.4.3.İllik və perspektiv planlar üzrə işlərin yerinə yetirilməsinə nəzarət edir;

9.4.4.TK-nın qərar layihələrini hazırlayır;

9.4.5.TK-ya  ünvanlanmış materialların və sənədlərin layihələrinin müəyyən olunmuş qayda və tələblərə uyğunluğunu yoxlayır;

9.4.6.TK-ya  üzv təşkilatlarla cari əlaqəni aparır;

9.4.7.TK-nın kargüzarlıq işlərini aparır;

9.4.8.TK-nın iclaslarının protokollarını hazırlayır;

9.4.9. Hər ilin sonunda TK-nın fəaliyyətinə dair hesabatların hazırlanması və üzv təşkilatlara, SMPDK-ya və Komitə yanında Dövlət Akkreditasiya Xidmətinə göndərilməsini təmin edir.

 

10. TK-nın iclasları 

10.1  TK-nın iclaslarının vaxtı, keçirilmə müddəti, yeri və gündəliyi TK-nın sədri tərəfindən müəyyən edilir.

10.2. İclaslar açıq şəkildə keçirilir və iclasa sədrlik sədr tərəfindən həyata keçirilir. İclasa rəhbərlik edən şəxsin vəzifəsi, hər bir iştirakçının öz fikrini bildirmək hüququnu təmin etməkdən ibarətdir.

10.3. İclasın keçirilməsi üçün lazım olan iştirakçı sayı (yetərsay) 2/3 nisbətində olmalıdır.

10.4.  TK-nın iclasının başlanmasına ən azı 14 gün qalmış TK-nın  katibliyi iclasın keçirilmə tarixi və yeri barədə üzvlərə məlumat verir və iclasın gündəliyini, həmçinin iclasda baxılacaq sənədlərin layihələrini üzvlərə göndərir və ya TK-nın  internet səhifəsində yerləşdirir.

10.5.  TK-nın  qərarları iclasda səsvermə yolu ilə qəbul olunur.

10.6.  Əsaslandırılmış hallarda hər hansı məsələ ilə bağlı qərar şifahi səsvermə (həmçinin elektron səsvermə) yolu ilə də qəbul oluna bilər, lakin TK-nın  ən azı bir üzvü həmin məsələnin iclasda baxılmasını təklif edərsə, Katiblik bu məsələni növbəti iclasın gündəliyinə daxil etməlidir.

10.7. İclasda iştirak üçün TK-nın  üzvü öz səlahiyyətli nümayəndəsini göndərir və ya nümayəndə heyətini formalaşdırmaqla onun səsvermə hüququna malik olan rəhbərini təyin edir.

10.8. TK-nın  hər bir üzvü iştirak edən nümayəndə heyətinin sayından asılı olmayaraq yalnız bir səs hüququna malikdir.

10.9. İclas zamanı protokol tərtib olunur. Protokolda iclasın keçirilmə tarixi və yeri, iştirak edən üzvlər və təmsil olunan təşkilatlar; iclasın gündəliyi, səsverməyə çıxarılmış məsələlər və səsvermənin yekunları, qəbul olunmuş qərarlar qeyd olunur. İclasın protokolu iclası aparan şəxs tərəfindən və iclasın katibi tərəfindən imzalanır.

10.10. Standartların, qaydalar toplularının, texniki reqlamentlərin və standartlaşdırma üzrə digər sənədlərin layihələrinin ekspertizasının nəticələri TK-nın  iclaslarında müzakirə olunur. Ekspertizanın nəticələrindən asılı olaraq TK   aşağıdakılar barədə əsaslandırılmış təklif  hazırlayır:

10.10.1.Standartlaşdırma üzrə normativ sənədlərin təsdiq və ya rədd edilməsi;

10.10.2.  qəbul edilmiş texniki reqlamentlərin tələblərinə könüllü riayət olunması məqsədilə standartların qeydiyyata alınmasının mümkünlüyü.

10.11. Sənədin qəbul edilməsi üçün qərar TK-nın  iştirakçı tərkibinin 50%-dən çoxu lehinə səs verdikdə qəbul edilmiş hesab olunur.

10.12. Sənədlərin layihəsi ilə bağlı fikir ayrılıqları olduqda, iclasın katibi tərəfindən razılaşdırma cədvəli tərtib olunur və TK-nın  iclasının bütün iştirakçıları tərəfindən imzalanır.

10.13. TK-nın  heyətində dəyişikliklər edilməsi məsələsindən başqa, digər məsələlər üzrə qərar iclasda iştirak edən TK  üzvlərinin səs çoxluğu ilə qəbul olunur.

10.14. Qərarların qəbulu prosedurundan əvvəl TK-nın  katibliyi iclas iştirakçılarına qərarın yazılı layihəsini göndərir.

10.15. TK-nın  üzvü olmayan təşkilatlar iclasların gündəliyinə daxil edilmiş bütün məsələlərin müzakirəsində iştirak edə bilər, lakin qərarların qəbulu zamanı səsvermədə iştirak edə bilməzlər.

10.16. İclasda iştirak heç bir təşkilatdan üzvlük haqqı tələb etmir.

10.17. TK-nın  iclasının protokolu katiblik tərəfindən TK-nın  bütün üzvlərinə göndərilir  və  TK-nın  saytında yerləşdirilir.

10.18.   TK-nın qərarından və katibliyin fəaliyyətindən SMPDK-ya apellyasiya şikayəti verilə bilər.

 

11. TK-nın heyət və strukturunun dəyişdirilməsi qaydası 

11.1.  Təşkilatın TK-nın  üzvlüyünə qəbulunun zəruri şərti həmin təşkilatın məhz  bu  sahədə fəaliyyət göstərməsindən ibarətdir.

11.2. TK-ya yeni üzvlərin qəbulu məsələsinə namizəd təşkilatın yazılı müraciətinə əsasən baxılır.  TK üzvlərinin 50 faizi lehinə səs verdikdə təşkilat TK-ya üzv seçilmiş hesab olunur.

11.3.  TK-da üzvlük aşağıdakı hallarda dayandırılır:

11.3.1.Üzv təşkilat öz istəyi ilə TK-nın     tərkibindən çıxdıqda;

11.3.2.Üzv təşkilat TK-nın  üzvlüyündən  xaric edildikdə.

11.4. Üzv təşkilat TK-nın  üzvlüyündən könüllü olaraq çıxdıqda, təşkilatın TK-nın  tərkibindən çıxması barədə məlumatı özündə əks etdirən yazılı ərizə TK-nın katibliyi tərəfindən alındıqdan sonra üzvlükdən çıxmış hesab olunur. TK-nın  üzvü aşağıdakı əsaslarla TK-nın  tərkibindən xaric oluna bilər:

11.4.1.TK-nın  işində mütəmadi iştirak etmədikdə;

11.4.2.TK-nın  iclasında qəbul edilmiş qərarları yerinə yetirmədikdə;

11.5.TK iclasında üzv təşkilatın xaric edilməsinə TK üzvlərinin 50 faizi lehinə səs verdikdə təşkilat TK-da üzvlükdən xaric olunmuş sayılır.

11.6. TK-nın tərkibi dəyişdikdə, texniki komitənin təşkili zamanı təyin edilmiş TK-ya  üzv təşkilatların pariteti saxlanmalı və maraqların toqquşmasının qarşısı alınmalıdır.

11.7. TK-nın  katibliyi “Texniki komitələr” AİS-nə müvafiq məlumatlar daxil etmək üçün TK-nın  tərkibində baş vermiş dəyişikliklər barədə məlumatı hər il SMPDK-ya təqdim edir.

11.8. TK-nın   strukturunun dəyişdirilməsi barədə qərar SMPDK tərəfindən qəbul olunur.

 

12.Alt texniki komitələr

12.1. Texniki komitə tərəfindən vəzifə və funksiyalarının yerinə yetirilməsi üçün uyğunluğun qiymətləndirilməsi sahələri (sertifikatlaşdırma, uyğunluq  haqqında bəyannamə, inspeksiya və laboratoriyaların akkreditasiyası və s) üzrə alt texniki komitələr təşkil oluna bilər.

12.2. Alt texniki komitələrin sədri və üzvləri TK tərəfindən təyin olunur .

12.3. Alt texniki komitələr TK-nın tapşırıqlarını vaxtında icra etməlidirlər.

12.4. Alt texniki komitənin iclasları bu Əsasnamənin 10-cu bəndinə uyğun həyata keçirilir.

 

13. TK-nın ləğvi və yenidən təşkili qaydası 

13.1.TK onun iclasının qərarı və ya SMPDK-nın qərarı ilə  və yaxud qanunvericiliklə nəzərdə tutulmuş digər hallarda ləğv edilə və yenidən təşkil oluna bilər.

 

21.04.2016

...Bakı şəhəri, Nizami rayonu, 8-ci km ərazisində yerləşən bazarda və bazara məxsus ərazidə yerləşən ərzaq mağazasında... 

daha ətraflı
17.09.2015

...Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, A.Mirzəyev küçəsi, ev 60 ünvanında Atılxanov Azər Rəşxan oğluna məxsus...

daha ətraflı
04.09.2015

...Sumqayıt şəhəri, H.Əliyev prospekti 40-cı məhəllədə yerləşən “Pompey” və Nizami Gəncəvi küçəsində yerləşən...

daha ətraflı

SƏRƏNCAM

20.06.2017

Azərbaycan Respublikası Hökuməti ilə İsrail Dövləti Hökuməti arasında Birgə Komissiyanın Azərbaycan Respublikası tərəfindən tərkibinin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

daha ətraflı
VİDEO XƏBƏR
16.05.2017
Azərbaycan və Çin arasında qeyri-neft ixrac potensialının genişləndirilməsinə xidmət edəcək Anlaşma Memorandumu imzalanıb
QAYNAR XƏTT
TABE QURUMLAR
Copyright © 2010 Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi! Bütün hüquqlar qorunur.
Sayt  Lider veb studiyası  tərəfindən hazırlanmışdır