| | az | en

CALENDAR

Mo Tu Th We Fr Sa Su
2345678
9101112131415
16171819202122
23242526272829
3031
RESOLUTIONS
Print version
31.07.2010
Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin Apellyasiya şurası haqqında Əsasnamənin təsdiq edilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

"Patent haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 19 avqust tarixli, 755 nömrəli Fərmanına uyğun olaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. "Azərbaycan Respublikası Dövlət Elm və Texnika Komitəsinin Apellyasiya şurası haqqında Əsasnamə" təsdiq edilsin (əlavə olunur).
2. Bu qərar imzalandığı gündən qüvvəyə minir.

Azərbaycan Respublikasının Baş naziri A. RASİZADӘ
Bakı şəhəri, 2 sentyabr 2000-ci il
№ 155

Azərbaycan Respublikası Nazirlər Kabinetinin
2000-ci il 2 sentyabr tarixli, 155 nömrəli qərarı ilə
TӘSDİQ EDİLMİŞDİR

Azərbaycan Respublikası Dövlət Elm və
Texnika Komitəsinin Apellyasiya şurası haqqında

ƏSASNAMƏ
L. ÜMUMİ MÜDDƏALAR

1.1. Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin Apellyasiya şurası sənaye mülkiyyətinin mühafizəsi sahəsində mübahisələrə baxan daimi Komissiyadır.
1.2. Apellyasiya şurası öz fəaliyyətində Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyini, sənaye mülkiyyətinin mühafizəsi sahəsində Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri və bu Əsasnaməni rəhbər tutur.
1.3. Apellyasiya şurası sənaye mülkiyyətinin mühafizəsi sahəsində hüquqi münasibətlərin pozulması, mübahisələrin yaranması ilə bağlı vəsatət Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinə (SMPDK) daxil olduqda toplanır.
1.5. Azərbaycan Respublikasının və xarici ölkələrin hər hansı maraqlı hüquqi və fiziki şəxslərinin sənaye mülkiyyətinin mühafizəsi sahəsində hüquqlarının pozulması və mübahisələrin yaranması ilə əlaqədar Apellyasiya şurasına müraciət etmək hüququ vardır.
1.6. Apellyasiya şurasında mübahisələrə baxılma Azərbaycan dilində aparılır. Apellyasiya şurasında iştirak edən Azərbaycan dilini bilməyən şəxslərə mübahisə materialları ilə tanışlıq və tərəf kimi iştirak üçün tərcüməçinin xidmətlərindən istifadə hüququ verilir.
2. APELLYASİYA KOMİSSİYASININ MƏQSƏDİ
Apellyasiya şurasının məqsədi aşağıdakılardan ibarətdir:
etirazlara baxılarkən hüquqi və fiziki şəxslərin (bundan sonra - iddiaçılar), sənaye mülkiyyəti obyektləri sahiblərinin, həmçinin digər şəxslərin qanuni hüquqlarının təmin edilməsi;
Apellyasiya şurasına verilən etirazlara baxma praktikasını öyrənməklə sənaye mülkiyyətinin mühafizəsi sahəsində qanunvericilik aktlarının və normativ sənədlərin təkmilləşdirilməsinə aid təkliflərin işlənib hazırlanması;
Apellyasiya şurasında etirazlara baxma praktikasının təhlilinə və beynəlxalq təşkilatların tövsiyәlәrinә əsasən mübahisələrə baxma qaydalarının təkmilləşdirilməsinə dair təkliflərin hazırlanması.
3. APELLYASİYA KOMİSSİYASININ HÜQUQ VƏ VƏZİFƏLƏRİ
3.1. Apellyasiya şurasının üzvləri etiraza baxarkən, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun müstəqil şəkildə fəaliyyət göstərir, qəbul olunan qərarların əsaslı və qanuni olmasını təmin edirlər.
3.2. Apellyasiya şurası öz qarşısında duran məsələlərin həlli üçün aşağıdakı hüquqlara malikdir:
zəruri hallarda etiraz vermiş iddiaçılardan, mühafizə sənədi sahiblərindən, patent müvəkkillərindən, digər hüquqi və fiziki şəxslərdən Apellyasiya şurasının qərarının çıxarmaq üçün lazım olan sənədləri tələb etmək;
etiraza baxdıqdan sonra müvafiq qərar qəbul etmək;
ekspertizanın qəbul etdiyi qərarla bağlı məsələlərə baxan zaman onların müzakirəsinə lazımi mütəxəssisləri cəlb etmək;
iddiaçıları, mühafizə sənədlərinin sahiblərini, onların nümayəndələrini, işdə marağı olan başqa hüquqi və ya fiziki şəxslərin səlahiyyətli nümayəndələrini, o cümlədən baxılan məsələ ilə bağlı SMPDK-nın əməkdaşlarını müəyyən olunmuş qaydada Apellyasiya şurasının iclaslarına dəvət etmək.
3.3. Apellyasiya şurası öz məqsədlərinə uyğun olaraq aşağıdakı vəzifələri yerinə yetirir:
daxil olan etirazlara baxaraq müvafiq qərar qəbul edir;
öz səlahiyyəti çərçivəsində bildiriş, sorğu, qərar formalarında işləyib hazırlayır;
Apellyasiya şurasında mübahisələrə baxma qaydalarının təkmilləşdirilməsinə dair təkliflər hazırlayır;
öz fəaliyyətinə aid materialları SMPDK-nın rəsmi nəşrlərinə dərc etmək üçün hazırlayır.
3.4. Apellyasiya şurası mübahisələrə baxarkən iddia qaldıranın, işdə marağı olan hüquqi və ya fiziki şəxsin vəsatətinə əsasən müzakirələrinin qapalı aparılmasının təmin edə bilər. Bu halda Apellyasiya şurasının işində iştirak edən şəxslər kommersiya sirri təşkil edən məlumatların qapalılığını (açıqlanmamasını) gözləmək haqqında iltizam verirlər.
4. APELLYASİYA KOMİSSİYASININ STRUKTURU
4.1. Apellyasiya şurasının sədri, katibi və üzvləri SMPDK-nın sədrinin əmri ilə işə təyin və azad edilirlər.
Apellyasiya şurasının sədri Apellyasiya şurasının fəaliyyətinə rəhbərlik edir.
Apellyasiya şurasının katibi:
cari işləri təşkil edir, Apellyasiya şurasının kargüzarlıq işlərini aparır;
iclasları təşkil edir;
konkret işə baxmaq üçün Apellyasiya şurasının tərkibini Apellyasiya şurasının sədri ilə razılaşdırır;
işə baxma prosesində iştirak edir.
4.2. Apellyasiya şurasının sədri etirazla əlaqədar vacib sayılan mütəxəssislərin, hüquqşünasların siyahısını tərtib edərək təsdiq üçün SMPDK-nın sədrinə təqdim edir.
4.3. Apellyasiya şurasının tərkibi üç nəfərdən az olmamalıdır.
5. APELLYASİYA KOMİSSİYASINDA BAXILAN MƏSƏLƏLƏR
5.1. Apellyasiya şurası səlahiyyəti çərçivəsində aşağıdakı məsələlərə baxır:
a) ixtira, faydalı model və sənaye nümunəsinə patent verilməsindən imtina qərarı barəsində verilən etirazlara;
b) ixtira, faydalı model və sənaye nümunələri barəsində dərc olunmuş iddia sənədlərinə qarşı verilən etirazlara;
c) verilmiş patentlə əlaqədar daxil olan etirazlara;
ç) "Patent haqqında" Qanunun 37-ci maddəsinə görə patentin etibarsız sayılmasına dair yaranan mübahisələrə;
d) ilkinliklə əlaqədar yaranan mübahisələrə;
e) əmtəə nişanı, coğrafi göstərici barəsində verilən iddia sənədlərinin ilkin ekspertizası zamanı qəbul olunmuş imtina qərarına qarşı verilən etirazlara;
ə) əmtəə nişanı, coğrafi göstərici barəsində verilən iddia sənədlərinə görə ekspertizanın qəbul etdiyi imtina qərarına qarşı verilən etirazlara;
f) əmtəə nişanının, coğrafi göstəricinin qeydə alınması faktına qarşı verilən etirazlara;
g) müvafiq və digər əsaslar pozulmaqla qeydiyyata alınmış əmtəə nişanına qarşı verilən etirazlara;
g) əmtəə nişanının qeydə alındığı tarixdən fasiləsiz 5 il istifadə olunmadıqda qeydiyyata xitam verilməsi ilə əlaqədar təqdim olunan etirazlara;
h) patent müvəkkillərinin attestasiyası, qeydiyyatı və fəaliyyəti ilə əlaqədar verilən etirazlara.
x) əmtəə nişanının geniş tanınmasına dair ərizələrə və geniş tanınmış əmtəə nişanına qarşı verilmiş etirazlara;
ı) coğrafi göstəricinin istifadəsinə dair şəhadətnamənin ləğv edilməsinə dair etirazlar;
i) sənaye mülkiyyətinin mühafizəsi üzrə Paris Konvensiyasının iştirakçısı olan dövlətlərin hər hansı birində, əmtəə nişanın sahibi ilə bilavasitə və ya dolayı yolla əlaqəsi olan şəxsin, nümayəndənin agentin adına, Konvensiyanın 6 septies maddəsinin tələblərinin pozulmasına.
5.2. Azərbaycan Respublikasının hüquqi və ya fiziki şəxsləri Apellyasiya şurasına bilavasitə özləri və ya səlahiyyətləri qanunvericiliklə müəyyən olunmuş qaydada etibarnamə ilə təsdiq olunmuş nümayəndələri etiraz verə, onlar üzrə yazışmalar apara və Apellyasiya şurasının iclaslarında iştirak edə bilərlər.
5.3. İddia qaldıran şəxsin nümayəndəsi, o cümlədən patent müvəkkili həmin iş üzrə onlara verilən səlahiyyəti təsdiq edən etibarnamə təqdim etməlidirlər.
5.4. İddiaçı 5.1-ci bəndin "a" yarımbəndində göstərilən imtina qərarını aldığı gündən 2 ay ərzində Apellyasiya şurasına etirazla müraciət edə bilər.
Hər bir hüquqi və ya fiziki şəxs 5.1. bəndinin "b" yarımbəndində göstərilən iddia sənədinin dərc olunduğu tarixdən etibarən 6 ay ərzində Apellyasiya şurasına əsaslandırılmış etirazla müraciət edə bilər.
5.1-ci bəndinin "a" və "b" yarımbəndlərində nəzərdə tutulan müddətlər üzürlü səbəbdən ötürüldükdə və müəyyənləşdirilmiş əlavə rüsum ödənildikdə, SMPDK ötürülmüş müddəti bərpa edə bilər. İddiaçı ötürülmüş müddətin bərpası barədə vəsatəti həmin müddətin qurtardığı tarixdən etibarən 12 ay ərzində verə bilər.
Hər hansı hüquqi və ya fiziki şəxs 5.1-ci bəndin "c", "ç" yarımbəndləri ilə əlaqədar patent barəsində məlumatın dərc edildiyi tarixdən 6 ay ərzində etirazla Apellyasiya şurasına müraciət edə bilər.
Əmtəə nişanına və ya coğrafi göstəriciyə dair 5.1-ci bəndin "e" və "ə" yarımbəndləri ilə əlaqədar iddiaçı (onun nümayəndəsi) qərarı aldığı tarixdən 3 ay ərzində Apellyasiya şurasına etirazla müraciət edə bilər.
İddiaçının vəsatətinə əsasən və əlavə dövlət rüsumu ödəmək şərtilə "e" və "ə" yarımbəndləri ilə əlaqədar etirazların verilməsi üçün müddət SMPDK tərəfindən əlavə olaraq 6 ay keçənədək bərpa edilə bilər.
5.1-ci bənddə göstərilən etirazlara ərizənin daxil olduğu tarixdən 3 ay ərzində Apellyasiya şurasında baxılır.
Apellyasiya şurasında baxılan etirazın müddəti onu vermiş şəxsin, habelə əmtəə nişanının, geniş tanınmış əmtəə nişanının, coğrafi göstəricinin istifadəsinə dair şəhadətnamənin sahibi tərəfindən verilmiş ərizə əsasında əlavə dövlət rüsumu ödənilməsi şərtilə, etirazın müəyyən edilmiş baxılma müddətinin bitdiyi gündən altı aydan çox olmayan müddətə uzadıla bilər.
5.5. Apellyasiya şurasına verilən etirazda aşağıdakılar göstərilməlidir:
iddia qaldıran fiziki şəxsin soyadı, adı, hüquqi şəxsin adı, yerləşdiyi yer, yazışma üçün ünvan və digər rekvizitləri;
iddia qaldıran şəxsin nümayəndəsi və ya patent müvəkkili haqqında məlumat;
ixtira, faydalı model, sənaye nümunəsi, əmtəə nişanı və coğrafi göstərici barəsində iddia sənədinin qeydiyyat nömrəsi və ya mühafizə sənədinin nömrəsi;
iddia qaldıran şəxsin tələb və etirazının inandırıcı olduğunu əsaslandıran dəlillər (istinad edilən materialların surəti də təqdim edilir);
mübahisə ilə bağlı iddia qaldıran şəxsin dürüst tələbləri.
Ərizə və etiraz üzrə materiallar 2 nüsxədə təqdim olunur.
5.6. Etiraza müəyyən olunmuş məbləğdə rüsumun ödənildiyini təsdiq edən sənəd əlavə olunmalıdır.
Etirazla birlikdə müəyyən olunmuş məbləğdə rüsumun ödənildiyini təsdiq edən sənəd təqdim olunmadıqda,, etiraz verilməmiş sayılır.
5.7. Bu Əsasnamənin 5.1-ci bəndinin "a", "e", "ə" yarımbəndlərində nəzərdə tutulan məsələlərlə bağlı ekspertizanın qərarının düzgün olmadığını əsaslandıran dəlillər göstərilməli və etiraz ixtira, faydalı model, sənaye nümunəsi, əmtəə nişanı, coğrafi göstərici barəsində bir iddia sənədinə aid olmalıdır.
5.8. Bu Əsasnamənin 5.1-ci bəndinin "b", "c", "f" yarımbəndlərində nəzərdə tutulan məsələlərlə bağlı mühafizə sənədinin, yaxud qeydiyyatın tam və ya qismən etibarsız olduğunu əsaslandıran dəlillər göstərilməli və etiraz bir mühafizə sənədinə və ya onun qeydiyyatına aid olmalıdır.
5.9. Bu Əsasnamənin 5.1-ci bəndinin "h" yarımbəndində nəzərdə tutulan məsələlərlə bağlı SMPDK Attestasiya Komissiyası patent müvəkkillərinə qarşı SMPDK-nın hərəkətinin düzgün olmadığını əsaslandıran dəlillər olmalıdır.
5.10. Bu Əsasnamənin 5.1-ci bəndinin "c", "f" yarımbəndlərində nəzərdə tutulan məsələlər üzrə iddia qaldırılarsa, mühafizə sənədi ilə bağlılıq təşkil etməyən materialların qəbul olunmasına yol verilmir. Belə materiallar etiraz şəklində ayrıca sənədləşdirilə bilər.
5.11. Bu Əsasnamənin 5.1-ci bəndinin "ç" yarımbəndində nəzərdə tutulan etirazda patentin tam və ya qismən etibarsız hesab olunması barədə səbəblər göstərilməlidir.
Patentin tam etibarsız hesab edilməsi ilə əlaqədar hüquqi və ya fiziki şəxs tərəfindən daxil olan ərizəyə Apellyasiya şurası aşağıdakı hallarda baxır:
"Patent haqqında" Qanunun 7, 8, 9-cu maddələrinə uyğun olmadığı təsdiq edildikdə;
patentin təsviri mütəxəssis tərəfindən həyata keçirilməsi üçün aydın və tam açıqlanmadıqda;
patentə verən hüququn həcmi ilkin iddia sənədinin hüdudlarından kənara çıxdıqda;
patent hüququna malik olmayan şəxsə patent verildikdə.
Göstərilən şəxslər tamamilə patentə aid olmadıqda, patent qismən etibarsız sayıla bilər.
5.12. Bu Əsasnamənin 5.1-ci bəndinin "f" yarımbəndi ilə, həmçinin Madrid Sazişinin 5-ci maddəsi ilə nəzərdə tutulan əmtəə nişanının qeydiyyatı əleyhinə etirazda, qeydiyyatı tam və ya qismən etibarsız saymaq barədə vəsatət verilə bilər.
5.13. Əmtəə nişanları və coğrafi göstəricilər haqqında" Azərbaycan Respublikası Qanununun 6-cı maddəsinin 1-ci hissəsinin "a" və "b" bəndlərinə uyğun olaraq, oxşar əmtəə nişanının sahibinin razılıq məktubu və ya başqa razılaşma sənədi əmtəə nişanının ekspertizası mərhələsində, ekspertiza nəticəsində rədd qərarı qəbul edildikdə isə Apellyasiya şurasında nəzərə alına bilər.
6. ETİRAZLARIN QEYDİYYATI
6.1. Apellyasiya şurasına daxil olan etirazlar qeydiyyatdan keçirilir, ona daxil olma nömrəsi verilir.
6.2. Etirazın Apellyasiya şurasına daxil olduğu gündən etibarən 10 gün ərzində onu verən şəxsə etirazın baxılmaq üçün qəbul olunduğu və Apellyasiya şurasında iclasın keçirilmə günü barədə bildiriş göndərilir.
Bu Əsasnamənin 5.1-ci bəndinin "c", "f" və "ğ" yarımbəndlərində nəzərdə tutulan məsələlərlə bağlı etiraz qəbul olunduqda, etirazı təqdim edən şəxslə yanaşı, mühafizə sənədinin sahibinə də bildiriş göndərilir. Apellyasiya şurası işdə marağı olan şəxslərə mühafizə sənədi barəsində əsaslandırılmış dəlilləri təqdim etmək üçün 2 ay vaxt verir.
Cavablar müəyyən edilən müddət ərzində Apellyasiya şurasına təqdim edilmədikdə iddia sənədi rədd edilmiş sayılır.
6.3. Etiraz vermiş şəxs və ya onun nümayəndəsi Apellyasiya şurasının qərarı elan olunanadək verilmiş etirazı geri götürə bilər. Bu zaman etirazın verilməsi üçün ödənilmiş rüsum geri qaytarılmır.
7. APELLYASİYA KOMİSSİYASINDA ETİRAZLARA (MÜBAHİSƏLƏRƏ) BAXILMA QAYDASI
7.1. SMPDK-ya daxil olmuş etiraz bu Əsasnamənin 4-cü maddəsində nəzərdə tutulduğu kimi Apellyasiya şurasının katibinə verilir.
7.2. Katib etirazla bağlı zəruri materialları toplayır və bu barədə Apellyasiya şurasının sədrinə məlumat verir.
7.3. Apellyasiya şurası iclasının günü və konkret işə baxmaq üçün tərkibi Apellyasiya şurasının sədri tərəfindən müəyyən edilir.
7.4. Apellyasiya şurası işdə marağı olan bütün şəxslərə işlə bağlı mülahizələrini 10 gün ərzində yazılı şəkildə bilavasitə və ya səlahiyyət verilmiş şəxs vasitəsi ilə təqdim etməyə imkan verir.
7.5. Etiraza baxma prosesində etirazı verən şəxs, iddiaçı, mühafizə sənədinin sahibi və onun nümayəndəsi (səlahiyyəti etibarnamə ilə təsdiq olunan şəxs) iştirak edə bilər.
SMPDK-nın əməkdaşları göstərilən şəxslərin nümayəndəsi ola bilməz.
7.6. Etiraza baxma prosesində iştirak etmək hüququ olan və Apellyasiya şurasının iclasının günü və yeri barədə xəbərdar edilmiş şəxsin iclasa gəlməməsi etiraza baxılmamaq üçün səbəb deyil.
Apellyasiya şurası etiraza baxmanı təyin olunmuş gündə keçirə bilmədiyi halda iclasın aparılmasını başqa vaxta keçirə bilər.
7.7. Tərəflərdən biri digər tərəfin mövqeyinin əsaslandırılmış və qanuni olduğunu yazılı şəkildə etiraf edib mübahisədən imtina edərsə, Apellyasiya şurası etirafla bağlı işin aparılmasını dayandırır. Apellyasiya şurası etirafla bağlı işin dayandırılması barədə qərar qəbul edir.
7.8. Etiraza baxma prosesi Apellyasiya şurasının sədrinin və ya komissiya üzvlərindən birinin işin mahiyyətinə aid məruzəsi ilə başlanır və aşağıdakı ardıcıllıqla aparılır:
etiraz vermiş şəxsin və (və ya) onun nümayəndəsinin çıxışı;
mühafizə sənədi sahibinin və (və ya) onun nümayəndəsinin çıxışı;
tərəflərin Apellyasiya şurası üzvlərinin suallarına cavabı.
Hər iki tərəfin etiraza baxılması prosesində iştirak etmək, zəruri sənədləri təqdim etmək və şifahi izahat vermək hüququ vardır.
Apellyasiya şurası etiraza baxılmasının nəticəsinə uyğun olaraq, etirazın tam və ya qismən təmin olunması, yaxud rədd edilməsi barədə qərar qəbul edir və 10 gün müddətində bütün maraqlı tərəflərə bildiriş göndərir.
Çıxışların müzakirəsi və qərarın qəbul edilməsi yalnız Apellyasiya şurasının üzvləri tərəfindən yerinə yetirilir.
8. ETİRAZA BAXILMANIN NƏTİCƏLƏRİNƏ ƏSASƏN APELLYASİYA KOMİSSİYASININ QƏBUL ETDİYİ QƏRARLAR
8.1. Etiraza baxıldıqdan sonra Apellyasiya şurası müvafiq qərar qəbul edir. Qərar Apellyasiya şurası üzvlərinin adi səs çoxluğu ilə qəbul edilir və rəsmi blankda qeyd olunur, Apellyasiya şurasının sədri və bütün üzvləri tərəfindən imzalanır, surəti isə iddia sənədi materiallarına əlavə edilir.
8.2. Apellyasiya şurasının qərarı giriş, təsvir, əsaslandırma və qətnamə hissələrindən ibarət olmalıdır və bu zaman:
giriş hissəsində işin nömrəsi, qərarın qəbul edilmə tarixi, Apellyasiya şurasının tərkibi, tərəflərin müzakirədə iştirak edən nümayəndələrinin soyadları, mübahisəyə baxılmada iştirak edən digər şəxslər göstərilməli;
təsvir hissəsi etiraz vermiş şəxsin tələblərinin qısa xülasəsi, digər tərəfin rəyinin qısa xülasəsi, tərəflərin və onların nümayəndələrinin izahatının qısa xülasəsi, mübahisəyə baxmada iştirak edən digər şəxslərin izahatlarının qısa xülasəsi və Apellyasiya şurası tərəfindən görülən işlərin təsvirindən ibarət olmalı;
əsaslandırma hissəsində Apellyasiya şurasının qərar qəbul edərkən əsaslandığı qanunvericiliyə istinad (qanunun, digər normativ aktın konkret maddəsi) göstərilməli;
qətnamə hissəsi iddia edilmiş tələbin tam və ya qismən yerinə yetirilməsindən, yaxud yerinə yetirilməsindən imtina edilməsi barədə qərardan ibarət olmalıdır.
Apellyasiya şurasının qəbul etdiyi qərar hər hansı səbəb və təzyiqdən asılı olmamalıdır. Şərti qərar qəbul olunmasına yol verilmir. Çox mürəkkəb hallarda yalnız qətnamə hissəsi elan olunur, qərarın özü isə Apellyasiya şurası tərəfindən işə baxıldıqdan sonra hazırlanır.
9. YEKUN MÜDDƏALARI
9.1. SMPDK Apellyasiya şurasının normal fəaliyyət göstərməsi üçün onu lazımi iş yeri, əmlak, inventar və avadanlıqla təmin edir.
9.2. Apellyasiya şurası üzvlərinin əməyin ödənilməsi qaydası SMPDK tərəfindən təsdiq olunur.
10. QƏRARIN QÜVVƏYƏ MİNMƏSİ
10.1. Apellyasiya şurasının qərarı qəbul edildiyi gündən qüvvəyə minir.
10.2. Apellyasiya şurasının qəbul etdiyi qərara dair bildiriş 10 gün müddətində bütün maraqlı tərəflərə göndərilir.
10.3. Apellyasiya şurasının qərarı SMPDK-nın müvafiq şöbələri tərəfindən məcburi yerinə yetirilir.
Apellyasiya şurasının qərarından onun qəbul edildiyi tarixdən 3 ay ərzində Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun məhkəmə qaydasında şikayət verilə bilər.

QƏRARA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

1. 23 mart 2002-ci il tarixli 45 nömrəli Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002-ci il, № 3, maddə 148)
2. 10 mart 2004-cü il tarixli 27 nömrəli Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, № 3, maddə 193)
3. 21 yanvar 2009-cu il tarixli 12 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, №01, maddə 32)
4. 19 sentyabr 2009-cu il tarixli 148 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, №9, maddə 752)

İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

19 sentyabr 2009-cu il tarixli 148 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, №9, maddə 752) ilə adında və 1-ci bəndində "Apellyasiya komissiyası" sözləri "Apellyasiya şurası" sözləri ilə əvəz edilmişdir.

19 sentyabr 2009-cu il tarixli 148 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, №9, maddə 752) ilə adında və mətnində ismin müvafiq hallarında "Apellyasiya komissiyası" sözləri ismin müvafiq hallarında "Apellyasiya şurası" sözləri ilə əvəz edilmişdir.

10 mart 2004-cü il tarixli 27 nömrəli Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, № 3, maddə 193) ilə qərarının adında və 1-ci bəndində "Dövlət Elm və Texnika Komitəsinin" sözləri "Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Agentliyinin" sözləri ilə əvəz edilmişdir, adında, 1.1-ci bəndində "Dövlət Elm və Texnika Komitəsinin" sözləri "Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Agentliyinin" sözləri ilə əvəz edilmişdir, 1.3-cü bəndində "Dövlət Elm və Texnika Komitəsinə (DETK)" sözləri "Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Agentliyinə (SMPDA)" sözləri ilə əvəz edilmişdir.
21 yanvar 2009-cu il tarixli 12 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, №01, maddə 32) ilə adında və 1-ci bəndində "Agentliyinin" sözü "Komitəsinin" sözü ilə əvəz edilmişdir, həmin qərarla təsdiq edilmiş "Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Agentliyinin Apellyasiya Komissiyası haqqında Əsasnamə"də adında, 1.1-ci bəndində "Agentliyinin" sözü "Komitəsinin" sözü ilə əvəz edilmişdir, 1.3-cü bəndində "Agentliyinə (SMPDA)" sözləri "Komitəsinə (SMPDK)" sözləri ilə əvəz edilmişdir. və 3.2-ci, 3.3-cü, 4.1-ci, 4.2-ci, 5.4-cü, 5.9-cu, 7.1-ci, 7.5-ci, 9.1-ci, 9.2-ci və 10.3-cü bəndlərində "SMPDA" ifadəsi "SMPDK" ifadəsi ilə əvəz edilmişdir.


19 sentyabr 2009-cu il tarixli 148 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, №9, maddə 752) ilə 5.1-ci bəndə "x)", "ı)" və "i)" yarımbəndləri əlavə edilmişdir.

19 sentyabr 2009-cu il tarixli 148 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, №9, maddə 752) ilə 5.4-cü bənd üzrə altıncı abzasda "əsasən" sözündən sonra "və əlavə dövlət rüsumu ödəmək şərtilə" sözləri, "tərəfindən" sözündən sonra isə "əlavə olaraq" sözləri əlavə edilmişdir.

19 sentyabr 2009-cu il tarixli 148 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, №9, maddə 752) ilə 5.4-cü bənd üzrə yeddinci abzasda "2" rəqəmi "3" rəqəmi ilə əvəz edilmişdir.

19 sentyabr 2009-cu il tarixli 148 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, №9, maddə 752) ilə 5.4-cü bənd üzrə səkkizinci abzas əlavə edilmişdir.

  19 sentyabr 2009-cu il tarixli 148 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, №9, maddə 752) ilə 5.4-cü bənd üzrə 5.13-cü bənd əlavə edilmişdir.

18.12.2014

 ..."Baranina" (mutton) sausage of "Kristal CF" trademark produced by "Orxan SS" firm was detected in the trade network without the appropriate certificate...

read more
16.07.2014

...The state control measures have been fulfilled in "Mersin" café, located in M.F Akhundov avenue, city of Sheki, owned by an individual Yildirim Mahabbat Abdushakor...

read more
30.06.2014

..."Chinarli" restaurant located at the address of Khan Shushinski 9 str., Nasimi district, Baku city owned by a natural person Yashar Hasanov was investigated by the ...

read more

DECREE

                                                                

20.06.2017
read more
VİDEO NEWS
13.06.2014
Experimental- test centre(AzTEST) of SCSMP started tests of animal meats with DNA extraction method.
CALL CENTRE
SUBORDINATE STRUCTURES
Copyright © 2010 Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi! All rights reserved.
Created by  Lider web studio