| | az | en

CALENDAR

Mo Tu Th We Fr Sa Su
2345678
9101112131415
16171819202122
23242526272829
3031
RESOLUTIONS
Print version
31.07.2010
Azərbaycan Respublikasında ticarət, məişət və digər növ xidmət (iş görülməsi, xidmət göstərilməsi) Qaydaları haqqında
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

"İstehlakçıların hüquqlarının müdafiəsi haqqında" Azərbaycan Respublikası Qanununun 17-ci maddəsini rəhbər tutaraq istehlakçıların hüquqlarının dövlət müdafiəsini təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. "Azərbaycan Respublikasında ticarət, məişət və digər növ xidmət (iş görülməsi, xidmət göstərilməsi) Qaydaları" təsdiq edilsin (əlavə olunur).
2. Azərbaycan Respublikasının Ticarət Nazirliyi öz səlahiyyətləri daxilində bu Qaydalardan irəli gələn normativ aktları və təlimatları hazırlayıb təsdiq etsin.
3. Qərarın icrasına nəzarət Azərbaycan Respublikası Nazirlər Kabineti İşlər İdarəsinin ticarət və pullu xidmətlər şöbəsinə tapşırılsın.
4. Bu qərar imzalandığı gündən qüvvəyə minir.

Azərbaycan Respublikasının Baş naziri
A. RASİZADƏ
Bakı şəhəri, 15 aprel 1998-ci il
№ 80

Azərbaycan Respublikası Nazirlər Kabinetinin
1998-ci il 15 aprel tarixli 80 nömrəli qərarı ilə
TƏSDİQ EDİLMİŞDİR
Azərbaycan Respublikasında ticarət, məişət və digər növ xidmət
(iş görülməsi, xidmət göstərilməsi)
QAYDALARI
I. ÜMUMİ MÜDDƏALAR
1. Bu Qaydalar Azərbaycan Respublikası ərazisində tabeçiliyindən və mülkiyyət formasından asılı olmayaraq bütün hüquqi şəxslərin və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin (sonradan hüquqi və fiziki şəxslər), onların ticarət (topdan, pərakəndə və ictimai iaşə), məişət və digər növ xidmət obyektlərinin (fəaliyyətin birbaşa həyata keçirildiyi yer) fəaliyyətlərini tənzimləyir.
2. Hüquqi və fiziki şəxslər, onların ticarət, məişət və digər xidmət obyektləri öz fəaliyyətlərini Azərbaycan Respublikasının qanunvericiliyi və bu Qaydalara uyğun tənzimləyir.
3. (Çıxarılıb)
4. Ticarət, məişət və digər xidmət obyektlərinin işçiləri bu Qaydaları bilməli və onlara riayət etməlidirlər. Alkoqol və tütün məmulatlarının satışında uşaq əməyindən istifadə edilməməlidir.
5. İctimai iaşə, məişət və digər xidmət sahələrində ticarət, istehsal, xidmət fəaliyyətlərini həyata keçirən hüquqi və ya fiziki şəxslərlə onların xidmət etdiyi sənaye obyektləri, firmalar, idarə və təşkilatlar arasında qarşılıqlı münasibətlər müvafiq müqavilələrlə müəyyən edilir.
6. Hər bir hüquqi və fiziki şəxsə məxsus olan ticarət, məişət və digər xidmət obyekti Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada onun mülkiyyətçisi və ya rəhbəri tərəfindən müəyyən edilmiş iş rejimi üzrə fəaliyyət göstərir.
7. Müəssisələrdə, idarələrdə, təşkilatlarda və təhsil ocaqlarında fəaliyyət göstərən ictimai iaşə və digər xidmət obyektlərinin iş rejimi xidmət göstərilən müəssisələrin müdiriyyəti ilə razılaşdırılaraq müəyyən edilir.
8. Ticarət, məişət və digər xidmət obyektləri əməyin, sağlamlığın və ətraf mühitin qorunması, yanğından mühafizə, habelə mal və məhsulların saxlanması, istehsalı və satışı üzrə normativ aktlarda nəzərdə tutulmuş digər tələblərə ciddi riayət etməklə - müvafiq avadanlıqlarla təchiz olunmalıdır.
9. Ticarət, məişət və digər xidmət obyektlərinin giriş qapısında (ön tərəfdə) onların adını, mənsubiyyətini və iş rejimini əks etdirən lövhə asılır.
10. Ticarət və xidmət obyektləri alıcılara müəyyən edilmiş iş saatlarında xidmət göstərir. Nahar fasiləsinin başlanmasının və obyektin iş vaxtının bitməsinin yaxınlaşması ilə əlaqədar alıcıların ticarət və xidmət zalına daxil olmasına icazə verilmir. İş vaxtının sonunda obyekt işçiləri alıcılara iş vaxtının bitməsi haqda məlumat verir.
Ticarət və xidmət obyektləri nahar fasiləsinə bağlandıqda, yaxud iş günü bitdikdə kassa da öz işini bitirir, lakin kassa və ya əmtəə çeki olan bütün alıcılara müvafiq qaydada xidmət göstərir.
11. Özünəxidmət mağazaları, nahar fasiləsi və ya iş gününün başa çatması ilə əlaqədar bağlandıqda, ticarət zalında olan bütün alıcılara xidmət göstərilir.
12. Ticarət obyektlərinin vitrinlərində müstəqil pərakəndə satış qiymətləri göstərilməklə ancaq satışda olan malların nümunələri qoyulur. Vitrinə qoyulmuş mallar müştərinin tələbi ilə onların keyfiyyəti yoxlanıldıqdan sonra satılır.
Vitrinlərin müvafiq tərtibatı üçün istifadə olunan bəzək elementləri, mallar və yaxud mağazanın avadanlıqları satılmır.
II. MALLARIN QƏBULU, SAXLANMASI VƏ SATIŞA HAZIRLANMASI
13. Hüquqi və fiziki şəxslər malların kəmiyyət və keyfiyyət üzrə qəbulunu müvafiq sənədlərə və qüvvədə olan qanunvericiliyə uyğun olaraq həyata keçirir.
Hüquqi, fiziki şəxslərin və onların obyektlərinin anbarında və satışda olan mallar üzrə təchizatçının (mal göndərənin) rekvizitləri, daxil olmuş malın miqdarı, qiyməti və ümumi məbləği əks etdirilmiş müvafiq təsdiqedici sənədlər olmalıdır.
Malların mənşəyini və qiymətini təsdiq edən qaimə və digər müşayiətedici sənədlər olmadığı halda, onların qəbulu, saxlanması və satışı qadağan edilir.
14. Ticarət obyekti tərəfindən qəbul edilmiş mallar obyektə daxil olduğu gün müvafiq qaydada mədaxil edilir. Malın daxil olduğu tarixdə mədaxil edilməsi mümkün olmadıqda (ekspert çağırılması, qiymətin, keyfiyyətin və kəmiyyətin yoxlanılması, daxil olmuş mallar üzrə mal müşayiət sənədlərinin olmadığı hallarda) məsul saxlanmaya götürülür.
15. Ərzaq malları yalnız keyfiyyəti təsdiq edən müvafiq sənədlər olduğu hallarda satıla bilər. Tez xarab olan ərzaq malları üzrə müşayiətedici sənədlərdə mal və ya məhsulun istehsal edildiyi saat və tarix, saxlanma temperaturu və satışın son müddəti göstərilməlidir.
Malların keyfiyyəti, markalanması, saxlanma rejimi və forması (temperaturu, nəmliyi, saxlanma müddətləri), normativ-texniki sənədlər, standartlar və təchizat müqavilələri ilə nəzərdə tutulmuş tələblərə cavab verməlidir.
Yararlılıq, yaxud satış müddəti ötmüş və normativ-texniki sənədlərin tələblərinə cavab verməyən mallar satıla bilməz.
Xırda partiyalarla və tək-tək tədarük edilən malların keyfiyyət və təhlükəsizliyinə nəzarət, ekspertiza yolu ilə, müəyyən olunmuş qaydada həyata keçirilir.
Ticarət obyektinin rəhbəri və ya mülkiyyətçisi malların keyfiyyətinə görə məsuliyyət daşıyır.
16. Malların anbarlarda saxlanması, onların ticarət zallarında və xırda pərakəndə ticarət şəbəkələrində boşaldılması, yerləşdirilməsi və satışa qoyulması zamanı obyekt işçiləri malların uyğunlaşma prinsipinə, anbarda saxlanma normalarına, sanitar və yanğından mühafizə qaydalarına ciddi riayət etməlidirlər.
17. Ticarət obyekti malı satışa müvafiq qaydada hazırlayır, texniki cəhətdən mürəkkəb malların sazlanması və xırda təmiri, qablaşdırma materiallarından çıxarılması, paltarların təmizlənməsi, ütülənməsi, parçaların satışa hazırlanması, velosipedlərin, motosikllərin, mopedlərin və metaldan olan digər məmulatların yığılması və yağdan təmizlənməsi, butulkaların və konserv bankalarının, bəzi ərzaq məhsullarının təmizlənməsi, kəsilməsi və əvvəlcədən qablaşdırılması və s. işlərini aparır.
III. MALLARIN SATIŞI
18. Topdansatış ticarət obyektlərindən mallar hüquqi şəxslərə və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərə bağlanmış müqavilələr əsasında satılır.
19. Topdansatış ticarəti ilə məşğul olan obyektlərdə malların pərakəndə satışı qadağandır.
20. Pərakəndə satış obyektlərindən malların topdansatışı, topdansatış qaydaları göstərilməklə müvafiq sənədləşmə əsasında aparıla bilər.
21. Ticarət obyekti tərəfindən mallar müəyyən olunmuş qaydada nağd və ya qeyri-nağd hesablaşma yolu ilə satıla bilər.
22. Ticarət obyektinin işə başlamasından əvvəl, müştərilərə lazımi qaydada xidmət göstərilməsini təmin etmək üçün bütün hazırlıq işləri görülür.
Müştərilərə tez xidmət göstərmək məqsədi ilə obyekt tərəfindən yardımçı sahədə olan mallar vitrinə tam çeşiddə və lazımi miqdarda düzülür (qoyulur).
Satışa daxil olmuş bütün malların üzərində malın adı, növü və qiyməti göstərilməklə dəqiq tərtib edilmiş qiymət kağızı, qiymət kağızının arxa tərəfindən isə mütləq, maddi-məsul şəxsin imzası və onun doldurulma tarixi olmalıdır.
Malın adı, çəkisi və növü qablaşdırma materialında (qutusunda) göstərilərsə, qiymət yarlığında ancaq mal vahidinin dəyəri göstərilməlidir.
23. Pərakəndə ticarət sahəsində fəaliyyət göstərən təsərrüfat obyektlərindən, hüquqi və fiziki şəxslər tərəfindən pərakəndə qaydada alınmış ərzaq malların, o cümlədən spirtli və spirtsiz içkilərin, tütün məmulatlarının sonradan pərakəndə satışına icazə verilmir.
24. Ticarət obyekti müştəriyə onu maraqlandıran malın qiyməti, istehlak xüsusiyyəti (ərzaq məhsulları barədə - həmçinin onun tərkibi, kaloriliyi, sağlamlıq üçün zərərli olan maddələrin mövcudluğu haqqında) alınma şərtləri, zəmanət təminatı və iddiaların irəli sürülməsi, maldan istifadə üsulları və qaydaları, onların müddətləri, saxlanma şərtləri və təhlükəsiz istifadə edilməsi haqqında dürüst məlumat verməlidir.
25. Özünəxidmət obyektlərində müştərilər seçdikləri malları inventar səbətinə (arabasına) yığırlar.
Qiyməti ödənilmiş mallar, hesablaşma zamanı inventar səbətində və ya arabasında təqdim edilməlidir.
26. Özünəxidmət obyektləri kifayət qədər inventar səbətləri, maqqaşlar və müştəriləri mal seçməsi üçün lazım olan qədər inventarlarla təmin edilməlidir.
27. Alıcı tərəfindən dəyəri ödənilmiş və mağazadan çıxarılmış lazımi keyfiyyətli (o cümlədən yararlılıq müddəti ərzində) ərzaq malları sonradan yenisi ilə dəyişdirilə bilməz.
28. Azərbaycan Respublikası ərazisində alındıqdan sonra qüsurlu olması aşkara çıxan ərzaq və qeyri-ərzaq mallarının dəyişdirilməsi və ya qaytarılması "İstehlakçıların hüquqlarının müdafiəsi haqqında" Azərbaycan Respublikası qanununa və Azərbaycan Respublikasının Mülki Məcəlləsinə müvafiq olaraq həyata keçirilir.
Keyfiyyətsiz, satış müddəti ötmüş və habelə markirovkası, lazımi əmtəə görünüşü, keyfiyyəti təsdiq edən sənədi (keyfiyyət sertifikatı, baytarlıq şəhadətnaməsi) olmayan malların satışı qadağan edilir.
29. Həddi-buluğa çatmamış (18 yaşından kiçik) uşaqlara tünd spirtli içkilər, tütün məmulatı, oyun kartları, 15 yaşına çatmamış uşaqlara isə kibrit, tərkibində kimyəvi zəhərli maddələr olan mallar və tez alışan mayelər satmaq qadağandır.
30. Satışı xüsusi ticarət qaydaları ilə tənzimlənən, lisenziyalaşdırılan ərzaq və qeyri-ərzaq malları bu Qaydalara ciddi riayət etməklə satılır.
31. Mal satılan zaman satıcılar və digər xidmətedici heyət Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi orqanları tərəfindən yoxlanılmış və nişanlanmış ölçü cihazlarından istifadə etməlidirlər.
Ölçmək, çəkmək, dozalara bölmək üçün saz olmayan qüsurlu cihazlar istifadədən götürülməli, saz hala gətirilməli və yoxlamadan keçirilməlidirlər.
32. Ticarət obyekti müştəriyə müstəqil və ya obyektin işçisinin köməkliyi ilə aldığı malın çəkisinin və ölçüsünün düzgün olduğunu müəyyən etməyə imkan yaratmalıdır. Bunun üçün iri mağazalarda ticarət zalında görünən yerdə nəzarət tərəziləri və başqa ölçü avadanlıqları qoyulmalıdır.
33. Satılan malın pulu ödənilərkən, alıcıya malın satıldığını təsdiq edən kassa çeki verilir.
Mal zəmanət müddəti ilə satılarkən, satıcı məmulatın pasportunda malın bu obyektdən alındığını və malın satıldığı tarixi təsdiq edən ştamp vurur.
34. Alıcının seçdiyi mal, obyektdə satıcının mala yazdığı çekdə ödəniş vaxtı göstərilməklə 3 (üç) saat ərzində saxlanıla bilər.
Qeyri-nağd hesablaşma yolu ilə alınmış mallar ödəniş sənədləri təqdim olunduğu ana qədər obyektdə saxlanıla bilər.
Kreditə alınan mallar sənədləşdirildikdən sonra, alıcının istəyi ilə ticarət şəbəkəsində bir gün saxlanıla bilər. Göstərilən müddət başa çatdıqdan sonra alınmamış mallar satışa verilir.
Alınmış böyük həcmli malları (mebel, tikinti materialları, piano, soyuducular, paltaryuyan maşınlar və s.) müştəri obyektdə bir gün müddətində saxlaya bilər. Bu müddət, obyekt rəhbərinin razılığı ilə haqqı ödənilməklə artırıla bilər.
Alınmış və saxlanılmağa qoyulmuş mallara kassa çekinin və saxlanma müddəti göstərilməklə verilmiş qəbzin surəti əlavə edilir, malın üzərində "satılıb" sözü əks olunan lövhə qoyulur. Saxlanmağa verilmiş müddət ərzində satıcı malın saxlanmasına və keyfiyyətinə məsuliyyət daşıyır.
35. Ticarət obyektinin işçilərinə, bu obyektə məxsus olmayan malları ticarət zalında saxlamaq qadağan edilir. Obyektə məxsus olmayan malların onun anbarlarında və yardımçı binalarında saxlanması müqavilə əsasında həyata keçirilir.
Obyekt işçilərinin üst geyimləri və şəxsi əşyaları bunun üçün nəzərdə tutulmuş xüsusi yerlərdə saxlanılır.
36. Müəssisələrə, idarə və təşkilatlara malların qeyri-nağd hesablaşma yolu ilə xırda topdan satışı müəyyən olunmuş qaydalarla həyata keçirilir.
37. Qeyri-ərzaq mallarının (paltar, ayaqqabı, trikotaj məmulatı və s.) satışı zamanı obyekt onların geyilib baxılması, texniki cəhətdən mürəkkəb olan malların isə yoxlanması üçün müvafiq şərait yaradır.
IV. ALICI VƏ SİFARİŞÇİLƏRLƏ HESABLAŞMA
38. Alıcıdan aldıqları mallara görə nağd pul verməklə, yaxud bank idarələrinin verdikləri çek kitabçaları, hesablaşma çekləri və kredit kartları vasitəsi ilə qeyri-nağd hesablaşma yolu ilə hesablaşa bilərlər.
Məişət və digər xidmət obyektlərində göstərilmiş xidmətə (görülmüş işə) görə ödəniş forması icraçı və istehlakçı arasındakı qarşılıqlı razılığa əsasən müəyyən edilir.
39. Ticarət obyektləri nağd pulları və çek kitabçalarından (hesablaşma çeklərindən) çekləri kassa aparatları vasitəsi ilə qəbul etməlidirlər.
Kassa aparatlarında bu sahədə müvafiq təhsil haqqında sənədi olan işçilər çalışır.
40. Malın, işin və xidmətin pulunu alan kassir və ya satıcı-kassir müştəri ilə aşağıdakı qaydada hesablaşmalıdır:
müştəridən aldığı pulun məbləğini aydın deməli və bu pulu ayrıca olaraq müştəriyə yaxşı görünən yerə qoymalıdır;
kassa aparatında çek vurmalı, müştəriyə qaytarılan qalığı aydın deyib çek və mal ilə birgə ona verməlidir;
alıcı ilə hesablaşdıqdan sonra alınmış pullar kassa aparatının siyirməsinə qoyulmalıdır.
41. Alıcılardan satılmış mala görə pul almaq hüququna malik olan kassir və digər işçilər onlardan növbəti dövriyyəyə buraxılması mümkün olmayan (əzik, qismən zədələnmiş və s.) əskinasları qəbul etməlidirlər.
42. Kassada (seyfdə) obyektə məxsus olmayan vəsaitləri (nağd pulları), habelə kassirin, yaxud digər işçilərin şəxsi əşyalarını saxlamaq qadağan edilir.
V. İCTİMAİ İAŞƏ SAHƏSİNDƏ FƏALİYYƏT GÖSTƏRƏN OBYEKTLƏRDƏ İSTEHSALIN VƏ İSTEHLAKÇILARA XİDMƏTİN TƏŞKİLİNİN XÜSUSİYYƏTLƏRİ
43. İctimai iaşə obyektləri öz fəaliyyətlərini aid olduqları növ (tip) və dərəcələrə (kateqoriyalara) müvafiq olaraq, mülkiyyətçi və ya rəhbər tərəfindən təsdiq edilmiş menyuya, yaxud malların çeşid siyahısına əsasən həyata keçirirlər.
İctimai iaşə obyektinə dərəcə "İctimai iaşə sahəsində fəaliyyət göstərən obyektlərə xidmət səviyyəsinə görə dərəcələrin verilməsi haqqında Əsasnamə"yə müvafiq olaraq, mülkiyyətçinin (rəhbərin) təqdimatına əsasən verilir.
Menyu və ya çeşid siyahısı hər bir növ xörək və məhsul üzrə tərtib edilmiş kalkulyasiya vərəqələrinə əsaslanmalıdır.
44. İctimai iaşə obyekti qüvvədə olan normativ-texnoloji sənədlərə əsaslanaraq məhsul istehsal edir və onun əsasında yeni firma-xörəklər, məmulatlar işləyib hazırlamaq və istehsal etmək hüququna malikdir.
45. Hüquqi və fiziki şəxslərin obyektləri tərəfindən istehsal edilən məhsul, bağlanmış müqavilələrə əsasən, satış üçün digər hüquqi və fiziki şəxslərə buraxıla bilər.
46. Müştərilərə daha tez xidmət göstərmək üçün obyekt abonementlərin əvvəlcədən satışını, komplektləşdirilmiş xörəklərin buraxılmasını, səhər, nahar, şam yeməkləri ilə süfrələrin əvvəlcədən açılmasını təşkil edə bilər.
47. İstehlakçı ona buraxılmış məhsulların dəyərini nağd və ya qeyri-nağd hesablaşma yolu ilə ödəyə bilər. İstehlak edilmiş məhsul müqabilində istehlakçıya kassa çeki təqdim edilir.
Ofisiantlarla xidmət göstərən obyektlərdə, müştəri pulu onun (ofisiantın) təqdim etdiyi hesab və kassa çeki əsasında ödəyir. Hesab iki nüsxədə yazılır.
48. İctimai iaşə obyektində musiqi xidməti göstərən konsert təşkilatları, obyektin orkestri (ansamblı), yaxud müstəqil musiqi kollektivləri tərəfindən müqavilə əsasında həyata keçirilir.
49. Əgər müxtəlif obyektiv səbəblər üzündən toy, banket və sairə bu kimi əvvəlcədən sifariş üzrə nəzərdə tutulmuş ziyafətlərə xidmət göstərmək mümkün olmadıqda obyektin müdiriyyəti bu haqda sifarişçini 7 gün əvvəldən xəbərdar etməyə borcludur.
50. İstehlakçıya keyfiyyətsiz, yaxud istehsal texnologiyası pozulmaqla bişirilmiş xörək (məmulat) verildikdə, icraçı xörəyi dəyişməli və ya müştəriyə onun dəyərini ödəməlidir.
51. İctimai iaşə obyekti istehlakçıların üst geyimlərinin qarderobda saxlanmasını təmin etməlidir. Alıcıların üst geyimlərinin qarderobdan itməsi üçün obyekt qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyət daşıyır.
52. İctimai iaşə obyektinin işçiləri, davranış qaydalarını pozan müştərilərə xidmət göstərməyə bilərlər.
53. İctimai iaşə obyektinin əmlakına ziyan vurmuş müştəri müəyyən olunmuş qaydada onu ödəyir.
VI. MƏİŞƏT VƏ DİGƏR XİDMƏT OBYEKTLƏRİNDƏ İSTEHLAKÇILARA GÖSTƏRİLƏN XİDMƏTLƏRİN (YERİNƏ YETİRİLƏN İŞLƏRİN) BƏZİ XÜSUSİYYƏTLƏRİ
54. İcraçı öz fəaliyyət növünə uyğun olaraq xidmət göstərmək (iş görmək) üçün sifariş qəbul edir. Sifarişlər bilavasitə xidmət obyektlərində: iş, təhsil, yaşayış və istirahət yerlərində qəbul edilir.
55. İş və xidmətlər üzrə sifarişlər - nümunələr, moda jurnalları və ya istehlakçının eskizləri əsasında qəbul edilir və ona talon, kassa çeki və ya qəbz verilir.
56. İcraçının istehlakçıya məcburi əlavə pullu xidmət (iş) sifariş etdirməsinə yol verilmir.
57. İcraçının istehlakçıya edilən xidmətin (görülən işin) lazımi keyfiyyəti, təhlükəsizliyi, standartların tələblərinə, bağlanmış müqavilənin şərtlərinə uyğunluğu və dəyəri haqqında məlumatlar verilməlidir.
58. Sifarişin qəbulu zamanı tərtib edilmiş müqavilə və ya sənədin şərtləri Azərbaycan Respublikasının Mülki Məcəlləsi, "İstehlakçıların hüquqlarının müdafiəsi haqqında" Azərbaycan Respublikası Qanunu və bu Qaydalarla nəzərdə tutulmuş istehlakçıların hüquqlarını məhdudlaşdırarsa, həmin müqavilə və ya sənəd etibarsız sayılır.
Əgər müqavilə şərtlərinin yerinə yetirilməsi istehlakçının hüququnun məhdudlaşdırılmasına və ona ziyan vurulmasına gətirib çıxarırsa, həmin ziyan icraçı tərəfindən qanunla nəzərdə tutulmuş qaydada ödənilir.
59. İcraçı, istehlakçı tərəfindən ona verilən materialların, ehtiyat hissələri, əşyaların düzgün istifadəsi və saxlanması üçün cavabdehdir.
O, istehlakçıdan qəbul etdiyi əşyanı (materialı, ehtiyat hissəsini) itirdikdə, korladıqda, zədələdikdə istehlakçıya özünün keyfiyyətcə və qiymətcə oxşar əşyasını qaytarmalı (iş görməli və ya xidmət göstərməli), bu mümkün olmadıqda istehlakçının razılığı ilə əşyanın (materialın, ehtiyat hissəsinin) dəyərini və dəymiş zərəri ona bir aydan gec olmamaq şərti ilə ödəməlidir.
60. İcraçı əşyanın (materialın, ehtiyat hissəsinin) korlanmasına, zədələnməsinə gətirib çıxara bilən xüsusi xassələri barədə istehlakçını xəbərdar etməlidir. Əşyanın (materialın, ehtiyat hissəsinin) xüsusi xassələrini bilməməsi icraçını məsuliyyətdən azad etmir.
61. İcraçı xidməti (işi) müqavilədə göstərilmiş müddətdə yerinə yetirməlidir. Sifarişin yerinə yetirilmə müddəti onun qəbul edildiyi gündən hesablanır. Əgər sifarişin yerinə yetirilmə müddətinin başlanğıc və son günü istirahət gününə düşərsə, müddət o gündən sonra gələn iş günündən hesablanır.
62. İcraçı istehlakçının müəyyənləşdirildiyi yerdə onunla razılaşdığı vaxtda işçinin gəlməsini təmin etməli, istehlakçı isə xidmətin (işin) yerinə yetirilməsi üçün lazımi şərait yaratmalıdır.
63. Sifarişin rəsmiləşdirildiyi müqavilə (qəbz) və ya digər sənəd itirildikdə, yerinə yetirilmiş iş (göstərilmiş xidmət) istehlakçıya onun təqdim etdiyi ərizə və şəxsiyyəti təsdiq edən sənədə əsasən verilir (buraxılır).
VII. TƏSƏRRÜFAT OBYEKTLƏRİNİN SAXLANMASINA VƏ ONUN İŞÇİLƏRİNƏ DAİR SANİTAR TƏLƏBLƏR
64. Ticarət, məişət və digər növ xidmət fəaliyyəti ilə məşğul olan bütün obyektlər qüvvədə olan sanitar qaydalarına riayət etməlidirlər.
Bu sahədə çalışan işçilər vaxtaşırı tibbi müayinədən keçməli və xüsusi geyim formaları ilə təmin edilməlidirlər.
65. Hüquqi, fiziki şəxslər və onların obyektlərinin rəhbərləri (mülkiyyətçiləri) obyektin sanitar vəziyyətinə görə şəxsi məsuliyyət daşıyırlar.
VIII. BU QAYDALARA RİAYƏT EDİLMƏSİNƏ NƏZARƏT VƏ ONLARIN POZULMASINA GÖRƏ MƏSULİYYƏT
66. Bu Qaydalara riayət edilməsinə nəzarət Ticarət Nazirliyi tərəfindən müəyyən olunmuş qaydada həyata keçirilir.
Yoxlamaların nəticələrinə görə aktlar tərtib edilir.
Nəzarətedici orqan əməkdaşları müvafiq sərəncam və xidməti vəsiqə təqdim etməklə yoxlama aparırlar.
67. Ticarət, məişət və digər xidmət obyektləri onların fəaliyyətini bunun üçün səlahiyyət verilmiş şəxslər tərəfindən yoxlanmasına imkan yaratmalı və aşkar edilmiş qüsurların aradan qaldırılmasını təmin etməlidirlər.
68. Qaydaların pozulmasında günahkar olan şəxslər Azərbaycan respublikasının qanunvericiliyinə müvafiq olaraq məsuliyyət daşıyırlar.
69. Qaydaların pozulmasına yol vermiş şəxslər yazılı izahat verməli, bu izahat isə yoxlama aktına əlavə edilməlidir. Aktı imzalamaqdan, yaxud yazılı izahat verməkdən imtina edildikdə aktda bu haqda müvafiq qeydlər edilir.
70. Yoxlama aktları və aşkar edilmiş pozuntular haqqında sənədlər 7 gün müddətində, qüvvədə olan qanunvericiliyə müvafiq olaraq tədbir görülməsi üçün səlahiyyətli orqanlara göndərilir.
71. Malın (işin, xidmətin) quruluş, istehsal, texnoloji və başqa qüsurları nəticəsində istehlakçının həyatına, sağlamlığına və ya əmlakına dəymiş ziyan, qanunvericilikdə daha yüksək məsuliyyət nəzərdə tutulmayıbsa, günahkar tərəfindən istehlakçıya tam həcmdə ödənilməlidir.


İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 yanvar 1999-cu il tarixli 7 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999-cu il, № 1, maddə 48)
2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29 yanvar 2001-ci il tarixli 25 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, № 1, maddə 74)
3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 iyul 2003-cü il tarixli 90 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003-cü il, № 7, maddə 390)
4. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 10 mart 2004-cü il tarixli 27 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, № 3, maddə 193)
5. 21 yanvar 2009-cu il tarixli 12 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, №01, maddə 32)


QƏRARA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 iyul 2003-cü il tarixli 90 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003-cü il, № 7, maddə 390) ilə "Azərbaycan Respublikasında ticarət, məişət və digər növ xidmət (iş görülməsi, xidmət göstərilməsi) Qaydaları"nın 3-cü bəndi çıxarılmışdır. Əvvəlki redaksiyada deyilirdi:

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 yanvar 1999-cu il tarixli 7 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999-cu il, № 1, maddə 48) ilə "Azərbaycan Respublikasında ticarət, məişət və digər növ xidmət (iş görülməsi, xidmət göstərilməsi) Qaydaları"nın 4-cü bəndinə "Alkoqol və tütün məmulatlarının satışında uşaq əməyindən istifadə edilməməlidir" sözləri əlavə edilmişdir.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29 yanvar 2001-ci il tarixli 25 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, № 1, maddə 74) ilə "Azərbaycan Respublikasında ticarət, məişət və digər növ xidmət (iş görülməsi, xidmət göstərilməsi) Qaydaları"nın 28-ci bəndinin birinci abzasında "qanununa" sözündən sonra "və Azərbaycan Respublikasının Mülki Məcəlləsinə" sözləri əlavə edilmişdir.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 10 mart 2004-cü il tarixli 27 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, № 3, maddə 193) ilə "Azərbaycan Respublikasında ticarət, məişət və digər növ xidmət (iş görülməsi, xidmət göstərilməsi) Qaydaları"nın 31-ci bəndində "Dövlət Standartlaşdırma və Metrologiya orqanları" sözləri "Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Agentliyi orqanları" sözləri ilə əvəz edilmişdir.
21 yanvar 2009-cu il tarixli 12 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, №01, maddə 32) ilə "Azərbaycan Respublikasında ticarət, məişət və digər növ xidmət (iş görülməsi, xidmət göstərilməsi) Qaydaları"nın 31-ci bəndində "Agentliyi" sözü "Komitəsi" sözü ilə əvəz edilmişdir.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29 yanvar 2001-ci il tarixli 25 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, № 1, maddə 74) ilə "Azərbaycan Respublikasında ticarət, məişət və digər növ xidmət (iş görülməsi, xidmət göstərilməsi) Qaydaları"nın 58-ci bəndinin birinci abzasında "şərtləri" sözündən sonra "Azərbaycan Respublikasının Mülki Məcəlləsi" sözləri əlavə edilmişdir.

 

18.12.2014

 ..."Baranina" (mutton) sausage of "Kristal CF" trademark produced by "Orxan SS" firm was detected in the trade network without the appropriate certificate...

read more
16.07.2014

...The state control measures have been fulfilled in "Mersin" café, located in M.F Akhundov avenue, city of Sheki, owned by an individual Yildirim Mahabbat Abdushakor...

read more
30.06.2014

..."Chinarli" restaurant located at the address of Khan Shushinski 9 str., Nasimi district, Baku city owned by a natural person Yashar Hasanov was investigated by the ...

read more

DECREE

                                                                

20.06.2017
read more
VİDEO NEWS
13.06.2014
Experimental- test centre(AzTEST) of SCSMP started tests of animal meats with DNA extraction method.
CALL CENTRE
SUBORDINATE STRUCTURES
Copyright © 2010 Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi! All rights reserved.
Created by  Lider web studio