| | az | en

TƏQVİM

Be Ça Ç Ca C Ş B
123
45678910
11121314151617
18192021222324
25262728293031
Fərman və sərəncamlar
Çap versiyası
13.07.2010
Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi haqqında Əsasnamə

Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 31 avqust tarixli Fərmanı ilə təsdiq edilmişdir


I. Ümumi müddəalar

1. Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi (bundan sonra - Komitə) "Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin yaradılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 19 noyabr tarixli 53 nömrəli Sərəncamına əsasən yaradılmışdır.
Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi (bundan sonra - Komitə) texniki tənzimləmə, standartlaşdırma, metrologiya, uyğunluğun qiymətləndirilməsi, akkreditasiya, keyfiyyətin idarə edilməsi və sənaye mülkiyyəti obyektlərinin mühafizəsi sahələrində (bundan sonra - müvafiq sahədə) dövlət siyasətini və tənzimlənməsini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır.
2. Komitə öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını və bu Əsasnaməni rəhbər tutur.
3. Komitə öz vəzifələrini yerinə yetirərkən və hüquqlarını həyata keçirərkən icra hakimiyyəti orqanları, yerli özünüidarəetmə orqanları, qeyri-hökumət təşkilatları və digər aidiyyəti qurumlarla qarşılıqlı əlaqədə fəaliyyət göstərir.
4. Komitə müstəqil balansa, qanunvericiliyə uyğun sərəncamında olan dövlət əmlakına, xəzinə və bank hesablarına, üzərində Azərbaycan Respublikasının Dövlət gerbinin təsviri və öz adı həkk olunmuş möhürə, müvafiq ştamplara və blanklara malikdir.
5. Komitənin saxlanma xərcləri və fəaliyyəti Azərbaycan Respublikasının dövlət büdcəsi və qanunvericiliklə nəzərdə tutulan digər mənbələr hesabına maliyyələşdirilir.
6. Komitə Bakı şəhərində yerləşir.

II. Komitənin fəaliyyət istiqamətləri

7. Komitənin fəaliyyət istiqamətləri aşağıdakılardır:
7.1. müvafiq sahədə vahid dövlət siyasətinin formalaşdırılmasında iştirak edir və bu siyasətin həyata keçirilməsini təmin edir;
7.2. müvafiq sahənin inkişafını təmin edir;
7.3. qanunvericiliklə müəyyən edilmiş digər istiqamətlərdə fəaliyyət göstərir.


III. Komitənin vəzifələri

8. Komitə bu Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq aşağıdakı vəzifələri yerinə yetirir:
8.1. müvafiq sahədə öz səlahiyyətləri çərçivəsində normativ tənzimləməni həyata keçirmək, həmin sahəni tənzimləyən normativ hüquqi bazanın təkmilləşdirilməsi və beynəlxalq tələblərə uyğunlaşdırılması məqsədi ilə müvafiq işlər aparmaq;
8.2. Azərbaycan Respublikasının müvafiq sahədə tərəfdar çıxdığı beynəlxalq müqavilələrin həyata keçirilməsini öz səlahiyyətləri daxilində təmin etmək;
8.3. dövlət metroloji nəzarətini həyata keçirmək;
8.4. dövlət kəmiyyət vahidləri etalonlarını təsdiq etmək;
8.5. ölçmə vasitələrinin müqayisəli yoxlanmasını və kalibrlənməsini təmin etmək;
8.6. hüquqi şəxslərin metroloji xidmətləri tərəfindən qanunvericiliyə uyğun olaraq həyata keçirilən ölçmə vasitələrinin kalibrlənməsi və müqayisəli yoxlanması fəaliyyətinə nəzarət etmək;
8.7. ölçmələrin yerinə yetirilməsi üsullarının attestasiyasını təmin etmək;
8.8. çəkilib (ölçülüb) qablaşdırılmış mallar üzərində dövlət metroloji nəzarətini həyata keçirmək;
8.9. ölçmə vasitələrinin dövlət sınaqlarını aparmaq;
8.10. ölçmə vasitələrinin tipini təsdiq etmək və bu barədə müvafiq sənəd vermək;
8.11. dövlət standartları, texniki şərtlər, sahə standartları, texniki-iqtisadi və sosial informasiya təsnifatları, beynəlxalq (regional) və dövlətlərarası standartlar və standartlaşdırma üzrə normalar, qaydalar və tövsiyələr, xarici ölkələrin milli standartları, standartlaşdırma üzrə beynəlxalq (regional) və dövlətlərarası müqavilələr, habelə onların tətbiqi qaydaları haqqında rəsmi məlumatların dərcini təşkil etmək;
8.12. texniki tənzimləmə və standartlaşdırma üzrə normativ sənədlərin dövlət fondunu öz səlahiyyətləri daxilində idarə etmək və təkmilləşdirmək;
8.13. məhsulların normativ sənədlərin tələblərinə uyğunluğuna dövlət nəzarətini həyata keçirən icra hakimiyyəti orqanlarının müvafiq sahədə fəaliyyətlərini əlaqələndirmək;
8.14. məhsulların istehsalı, istifadəsi, istismarı, saxlanılması, daşınması, işlərin yerinə yetirilməsi və xidmətlərin göstərilməsi zamanı texniki reqlamentlərin, eləcə də onlarla qarşılıqlı əlaqəli olan dövlət standartlarının və ya texniki tənzimləmə və standartlaşdırma sahəsində digər normativ sənədlərin məcburi tələblərinə, məhsul istehsalçısının məhsulun keyfiyyəti və təhlükəsizliyinə dair bəyan etdiyi göstəricilərə riayət olunmasına öz səlahiyyətləri daxilində dövlət nəzarətini həyata keçirmək;
8.15. istehlak bazarının keyfiyyətsiz, təhlükəli və saxtalaşdırılmış mallardan qorunması məqsədi ilə qanunvericiliklə müəyyən edilmiş tədbirləri həyata keçirmək;
8.16. məhsulların (işlərin, xidmətlərin) uyğunluğunun qiymətləndirilməsi məqsədi ilə aparılan işləri əlaqələndirmək və onlara nəzarət etmək;
8.17. məhsulların (işlərin, xidmətlərin) insanların həyatı, sağlamlığı, əmlakı və ətraf mühit üçün təhlükəsizliyi və keyfiyyəti, ölçmələrin dəqiqliyi və vəhdəti haqqında istehlakçıların tam və səhih informasiyaya malik olmalarının təmin edilməsi üçün tədbirlər görmək;
8.18. müvafiq normativ sənədlərin hazırlanmasının və tətbiqinin, istehlakçıların bu barədə tam və səhih informasiya təminatının, standartlaşdırma sisteminin təkmilləşdirilməsinin təmin edilməsi üçün tədbirlər görmək;
8.19. digər icra hakimiyyəti orqanlarının, habelə təsərrüfat subyektlərinin və qeyri-hökumət təşkilatlarının müvafiq sahə ilə bağlı fəaliyyətlərini əlaqələndirmək;
8.20. hüquqi və fiziki şəxslər tərəfindən müvafiq sahədə normativ sənədlərin məcburi tələblərinə əməl olunmasına öz səlahiyyətləri daxilində nəzarət etmək;
8.21. Azərbaycan Respublikasının normativ sənədlərinin və ya Azərbaycan Respublikasında tanınan beynəlxalq, regional, dövlətlərarası və digər dövlətlərin standartlarının tələblərinə uyğun olmayan, insanın həyatı, sağlamlığı və əmlakına, habelə ətraf mühitə zərər vura bilən məhsulların (işlərin, xidmətlərin) istehsalının, idxalının, satışa buraxılmasının, istifadəsinin və icrasının qarşısının alınması məqsədi ilə öz səlahiyyətləri daxilində tədbirlər görmək;
8.22. istehlak bazarının normativ sənədlərin tələblərinə uyğun olmayan, qanunvericiliyə uyğun olaraq sertifikatlaşdırılmalı olan, lakin sertifikatlaşdırılmamış mallardan (işlərdən, xidmətlərdən) qorunması üçün qanunvericilikdə nəzərdə tutulmuş tədbirlər görmək;
8.23. Milli Uyğunluğun Təsdiqi Sisteminin təkmilləşdirilməsini, tətbiqini təmin etmək və onun tələblərinə riayət edilməsinə nəzarət etmək;
8.24. məhsulların (işlərin, xidmətlərin) və keyfiyyəti idarəetmə sistemlərinin sertifikatlaşdırılması üzrə aparılan işləri əlaqələndirmək və onlara nəzarəti həyata keçirmək;
8.25. Milli Akkreditasiya Sistemini yaratmaq, tətbiq etmək və təkmilləşdirmək, uyğunluğun qiymətləndirilməsi orqanlarının, sınaq laboratoriyalarının (mərkəzlərinin) akkreditasiyası üzrə işləri aparmaq və qanunvericiliyə uyğun olaraq onların fəaliyyətlərinə nəzarəti həyata keçirmək;
8.26. texniki tənzimləmə və standartlaşdırma üzrə normativ sənədlərin, akkreditasiya edilmiş uyğunluğun qiymətləndirilməsi orqanlarının, sınaq laboratoriyalarının, sertifikatlaşdırılmış məhsulların (işlərin, xidmətlərin) və keyfiyyət sistemlərinin, tipi təsdiq edilmiş ölçmə vasitələrinin və sənaye mülkiyyəti obyektlərinin müvafiq dövlət reyestrlərini aparmaq;
8.27. sənaye mülkiyyəti obyektlərinin hüquqi mühafizəsini qanunvericiliyə uyğun olaraq təmin etmək;
8.28. qanunvericiliklə müəyyən edilmiş qaydada sənaye mülkiyyəti obyektləri barəsində daxil olmuş iddia sənədlərinin ekspertizasını həyata keçirmək, sənaye mülkiyyəti obyektlərinin qeydiyyata alınması və ya patent verilməsindən imtina barədə qərarlar qəbul etmək, dövlət reyestrini aparmaq, müvafiq mühafizə sənədlərini vermək, onların qüvvədə saxlanılması üçün müvafiq tədbirlər görmək;
8.29. sənaye mülkiyyəti obyektlərinin ilkin istifadəçilərinin hüquqlarının tanınması barədə müraciətlərə baxmaq və müvafiq qərar qəbul etmək;
8.30. sənaye mülkiyyəti obyektləri barəsində iddia sənədi və ya qeydə alınmış sənaye mülkiyyəti obyektləri üzrə hüquqların digər şəxslərə verilməsinə dair müqavilələri, onlardan istifadə hüququnun verilməsi ilə bağlı lisenziya müqavilələrini qeydiyyata almaq və onlar barədə məlumatları müvafiq dövlət reyestrinə və mühafizə sənədlərinə daxil etmək;
8.31. patent müvəkkillərinin attestasiyasını və qeydiyyatını aparmaq;
8.32. texniki tənzimləmə və standartlaşdırma sahəsində normativ sənədlər və sənaye mülkiyyəti obyektləri üzrə məlumatlar bankının avtomatlaşdırılmış sistemini yaratmaq;
8.33. patent fondunun komplektləşdirilməsi sahəsində zəruri işləri həyata keçirmək;
8.34. qanunvericiliklə müəyyən olunmuş hallarda elmi-texniki nailiyyətlərin, yeni texnologiya və avadanlıqların ixracı ilə əlaqədar rəylərin verilməsini təmin etmək;
8.35. müvafiq müraciətlər əsasında sənaye mülkiyyəti obyektlərinin qeydiyyatı, onlarda edilmiş dəyişikliklər və qeydiyyata xitam verilməsi barədə dövlət reyestrindən çıxarışlar vermək;
8.36. sənaye mülkiyyəti obyektləri barədə dövlət reyestrinə daxil edilmiş məlumatları dərc etmək;
8.37. əmtəə nişanlarının və coğrafi göstəricilərin qeydə alınması, hüquqi mühafizəsi və onlardan istifadə sahəsində qanunvericilikdə nəzərdə tutulmuş tədbirləri həyata keçirmək;
8.38. sənaye mülkiyyəti obyekti barəsində iddia sənədinin verilməsi, onun ekspertizası, patentin verilməsi, həmçinin patent müvəkkillərinin attestasiyası, qeydiyyatı və fəaliyyəti ilə bağlı yaranan mübahisələrə baxan Apellyasiya Şurasını yaratmaq və onun fəaliyyətini təmin etmək;
8.39. akkreditasiya edilmiş orqanlar tərəfindən qanunvericiliyə müvafiq olaraq sahibkarlıq subyektlərinə uyğunluğun qiymətləndirilməsi sahəsində təsdiqedici sənədlərin verilməsində qanunvericiliyə riayət olunmasına öz səlahiyyətləri daxilində nəzarət etmək;
8.40. strukturuna daxil olan qurumların və tabeliyində olan digər qurumların işini əlaqələndirmək, onların fəaliyyətinə nəzarəti öz səlahiyyətləri daxilində həyata keçirmək;
8.41. müvafiq sahə üzrə blankların nümunələrini öz səlahiyyətləri daxilində təsdiq etmək;
8.42. müvafiq sahədə dövlət orqanları və hüquqi şəxslərlə, beynəlxalq təşkilatlarla, xarici hüquqi şəxslərlə əməkdaşlıq etmək, birbaşa danışıqlar aparmaq və ya danışıqların aparılmasında iştirak etmək, beynəlxalq müqavilələrin layihələrini hazırlamaq;
8.43. qanunvericiliyə uyğun olaraq dövlət sirrinin və məxfilik rejiminin qorunması üçün zəruri tədbirlər, habelə fəaliyyət istiqamətlərinə uyğun təhlükəsizlik tədbirlərini görmək;
8.44. öz fəaliyyəti haqqında əhalinin məlumatlandırılmasını, internet saytının yaradılmasını, malik olduğu və siyahısı qanunvericiliklə müəyyən edilmiş açıqlanmalı olan ictimai informasiyanın həmin saytda yerləşdirilməsini və bu informasiyanın daimi yeniləşdirilməsini təmin etmək;
8.45. texniki tənzimləmə, metrologiya və standartlaşdırma sahəsində normativ sənədlərin tərtib edilməsi, onların qeydiyyata alınması və uçotu üçün tədbirlərin görülməsi;
8.46. normativ sənədlərdə nəzərdə tutulan məhsullar üçün standart nümunələrinin müəyyən olunması və onların hazırlanmasını təşkil etmək;
8.47. qanunvericiliklə müəyyən edilmiş fəaliyyət növlərinin həyata keçirilməsi zamanı məhsulun istehsalı və saxlanılması, işlərin yerinə yetirilməsi və xidmətlərin göstərilməsi üçün tətbiq olunan (olunacaq) avadanlıqların, texnoloji xətlərin (proseslərin) və ölçmə vasitələrinin normativ sənədlərin tələblərinə uyğunluğu barədə rəy vermək;
8.48. məhsulların normativ sənədlərin tələblərinə uyğunluğuna dair xarici ölkələrin müvafiq qurumları tərəfindən verilmiş təsdiqedici sənədlərin tanınması ilə bağlı öz səlahiyyətləri daxilində tədbirlər görmək;
8.49. Azərbaycan Respublikasının standartlaşdırma və sertifikatlaşdırma sahəsində tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq keyfiyyət, ətraf mühit və digər idarəetmə sistemlərinin tətbiqi və sertifikatlaşdırılması ilə məşğul olan, habelə bu sistemlərin tətbiqi ilə bağlı konsaltinq xidmətləri göstərən qurumların Azərbaycan Respublikasının ərazisində həmin sahədə fəaliyyətinə razılıq vermək;
8.50. qanunvericiliyə uyğun olaraq dövlət standartlaşdırma və ölçmələrin vəhdətinin təmin edilməsi sistemlərinin tətbiq olunması və bu sistemlərdə aparılan işlərin ümumi təşkilati-texniki qaydalarının müəyyən edilməsi;
8.51. digər icra hakimiyyəti orqanları, yerli özünüidarəetmə orqanları, habelə təsərrüfat subyektləri və qeyri-hökumət təşkilatlarının təklifləri nəzərə alınmaqla, standartlaşdırma üzrə illik və perspektiv planları formalaşdırmaq, təsdiq etmək və yerinə yetirilməsinə nəzarəti həyata keçirmək;
8.52. fəaliyyət istiqamətlərinə uyğun olaraq qanunvericilikdə nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirmək.

IV. Komitənin hüquqları

9. Komitə öz vəzifələrini yerinə yetirmək üçün aşağıdakı hüquqlara malikdir:
9.1. müvafiq sahəyə aid olan normativ hüquqi aktların layihələrini hazırlamaq və ya onların hazırlanmasında iştirak etmək;
9.2. Azərbaycan Respublikasının müvafiq sahə üzrə beynəlxalq müqavilələrə tərəfdar çıxması barədə təşəbbüslə çıxış etmək;
9.3. öz səlahiyyətləri daxilində qanunvericiliyə uyğun olaraq icrası məcburi olan aktlar qəbul etmək;
9.4. öz səlahiyyətləri daxilində dövlət və yerli özünüidarəetmə orqanlarına, fiziki və hüquqi şəxslərə zəruri məlumatlar (sənədlər) barədə sorğu vermək və onlardan belə məlumatları (sənədləri) almaq;
9.5. fəaliyyət istiqamətlərinə uyğun rəy vermək, ekspertizalar keçirmək, monitorinqlər, təhlillər və ümumiləşdirmələr aparmaq, layihələr, analitik materiallar hazırlamaq, təkliflərlə çıxış etmək;
9.6. müvafiq sahədə kadr hazırlığını təmin etmək, həmçinin mütəxəssislərin hazırlanması və ixtisasının artırılması üçün tədbirlər görmək;
9.7. Komitənin strukturunun və fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində öz səlahiyyətləri daxilində tədbirlər görmək;
9.8. xarici və yerli ekspertləri, məsləhətçiləri (mütəxəssisləri), məsləhətçi şirkətləri və elmi təşkilatları qanunvericiliyə uyğun olaraq öz fəaliyyətinə cəlb etmək;
9.9. müvafiq sahədə elmi-tədqiqat işlərinin həyata keçirilməsini təşkil etmək;
9.10. istehlak məhsullarının (xidmətlərinin, işlərinin) keyfiyyəti və təhlükəsizliyi üzrə tələblərin pozulması haqqında istehlakçıların müraciətlərinə öz səlahiyyətləri daxilində qanunvericilikdə nəzərdə tutulmuş qaydada baxmaq, müvafiq təşkilatlara, hüquqi və fiziki şəxslərə icrası məcburi olan göstərişlər vermək;
9.11. məhsulların istehsalı layihəsinin hazırlanması, məhsulların istehsalı, tədarükü, saxlanması, daşınması, işlərin yerinə yetirilməsi və xidmətlərin göstərilməsi zamanı istehlakçıların hüquqlarının qorunması məqsədi ilə malların (işlərin, xidmətlərin) keyfiyyətinə və təhlükəsizliyinə öz səlahiyyətləri daxilində dövlət nəzarətini həyata keçirmək;
9.12. müvafiq sahədə dövlət nəzarətini həyata keçirmək məqsədi ilə tabeliyindən və mülkiyyət formasından asılı olmayaraq təsərrüfat subyektlərinin xidmət və istehsal sahələrinə, ölçmə vasitələrinin istismar, istehsal və təmir edildiyi, satıldığı, yaxud saxlandığı obyektlərə qanunvericiliyə uyğun olaraq sərbəst daxil olmaq, zəruri məlumat və sənədləri almaq, təsərrüfat subyektlərinin mütəxəssislərindən və maddi-texniki vasitələrindən həmin təsərrüfat subyektində dövlət nəzarəti tədbirləri məqsədi ilə qanunvericiliyə uyğun olaraq istifadə etmək;
9.13. məhsulların (işlərin, xidmətlərin) normativ sənədlərin tələblərinə uyğunluğunu təyin etmək üçün qüvvədə olan normativ sənədlərə müvafiq olaraq sınaq nümunələrini əvəzsiz qaydada seçib götürmək;
9.14. malların (işlərin, xidmətlərin) normativ sənədlərin tələblərinə uyğunluğuna dövlət nəzarəti həyata keçirilərkən müvafiq qaydada seçilib götürülmüş məhsul nümunələrinin sınaqları üzrə xərclərin təsərrüfat subyektləri tərəfindən sınaqları aparan laboratoriya və ya mərkəzin hesabına köçürülməsini təmin etmək üçün qanunvericilikdə nəzərdə tutulmuş tədbirlər görmək;
9.15. qüvvədə olan normativ sənədin tələblərinə uyğun olmayan məhsullarda aradan qaldırılması mümkün olan nöqsanlar aşkar edildikdə, dəqiq müddət göstərməklə həmin nöqsanların aradan qaldırılması barədə təsərrüfat subyektlərinə müvafiq yazılı göstərişlər vermək;
9.16. qanunvericiliyə uyğun olaraq müvafiq sahədə dövlət nəzarətini həyata keçirən dövlət müfəttişləri istehsalat və ya xidmət sahələrinə buraxılmadıqda və ya təsərrüfat subyektlərinin rəhbərləri və digər vəzifəli şəxsləri tərəfindən dövlət nəzarətinin həyata keçirilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş şərait yaradılmadıqda aidiyyəti dövlət orqanlarına müraciət etmək;
9.17. məhsullarda (işlərdə, xidmətlərdə) aradan qaldırılması mümkün olmayan nöqsanlar aşkar edildikdə, həmin məhsulun (işin, xidmətin) istehsalının və ya satışa buraxılmasının qadağan edilməsi ilə bağlı müvafiq tədbirlər görmək;
9.18. normativ sənədlərin tələblərinə cavab verməyən, saxlama və yararlılıq müddəti bitmiş məhsulların götürülməsi, zərərsizləşdirilməsi və ya məhv edilməsi barədə qanunvericiliyə uyğun olaraq qərar qəbul etmək, həmin qərarın icrasına nəzarət etmək;
9.19. normativ sənədlərin tələblərini pozan və ya dövlət nəzarətini həyata keçirən dövlət müfəttişinin qərar və yazılı göstərişlərini yerinə yetirməyən şəxslər barəsində qanunvericiliklə müəyyən edilmiş qaydada inzibati tənbeh tədbirləri görmək;
9.20. normativ sənədlərin tələblərinin pozulması ilə bağlı təsərrüfat subyektlərinə verilmiş göstərişlər və ya qəbul edilmiş qərarlar yerinə yetirilmədikdə bu barədə məlumat və sənədləri müvafiq tədbirlər görülməsi üçün aidiyyəti dövlət orqanlarına və ya məhkəməyə təqdim etmək;
9.21. aşkar edilən pozuntular təsərrüfat subyektləri tərəfindən aradan qaldırılanadək müvafiq tələblərə cavab verməyən istehlak məhsullarını istehsal və ya realizə edən təsərrüfat subyektinin fəaliyyətinə verilmiş xüsusi razılıq (lisenziya) və xüsusi icazələrin və digər təsdiqedici sənədlərin qüvvəsinin dayandırılması və ya ləğv edilməsi üçün müvafiq dövlət orqanlarına təqdimat vermək;
9.22. məhsulların normativ sənədlərin tələblərinə uyğunluğuna dair təsərrüfat subyektləri ilə dövlət nəzarətini həyata keçirən orqan arasında yaranan fikir ayrılığının aradan qaldırılması məqsədi ilə arbitraj laboratoriyasının yaradılması ilə bağlı tədbirlər görmək və təkliflər vermək;
9.23. Milli Uyğunluğun Təsdiqi Sisteminə dəyişikliklər və əlavələr etmək;
9.24. metroloji qayda və normalara uyğun olmayan ölçmə vasitələrinin istismarını, istehsalını və satışını qadağan etmək;
9.25. metroloji qayda və normaların pozulmasının aradan qaldırılması müddətləri göstərilməklə tələbnamə vermək;
9.26. metroloji qayda və normaların pozulmasına yol vermiş şəxslər barəsində qanunvericiliklə müəyyən edilmiş qaydada inzibati tənbeh tədbirləri görmək;
9.27. müqayisəli yoxlamadan keçməyən ölçmə vasitələrinin istismarını qadağan etmək;
9.28. ölçmələr üzrə müəyyən edilmiş məcburi tələblərin pozulması ilə aparılan işlərə qadağalar qoyulması haqqında tələbnamələr vermək;
9.29. tabeliyində olan hüquqi şəxs statuslu qurumları vasitəsilə qanunvericilikdə nəzərdə tutulmuş hallarda müvafiq sahədə işləri və xidmətləri bağlanmış müqavilələr əsasında aparmaq;
9.30. müvafiq sahənin inkişaf etdirilməsi məqsədi ilə müvafiq maddi-texniki bazanın yaradılmasına və genişləndirilməsinə tələb olunan vəsaitlərin ayrılması üçün təkliflər vermək və bu vəsaitlər hesabına həmin işlərin yerinə yetirilməsi üzrə tədbirlər həyata keçirmək;
9.31. təsərrüfat subyektləri haqqında qanunvericiliyə uyğun olaraq dəqiq məlumat əldə etmək, keyfiyyətsiz və standartların tələblərinə cavab verməyən məhsul istehsalçılarını müəyyən etmək üçün aidiyyəti dövlət orqanları ilə birgə iş aparmaq;
9.32. normativ sənədlərin tələblərinə cavab verməyən, insanın həyatı, sağlamlığı və əmlakına, habelə ətraf mühitə zərər vura bilən xarici məhsul və xidmətlərin idxalının qadağan edilməsinə dair qərar qəbul etmək və bu barədə müvafiq dövlət orqanına məlumat vermək;
9.33. qanunvericiliklə müəyyən edilmiş qaydada xüsusi bülletenlər və digər nəşrlər buraxmaq;
9.34. məşvərət, məsləhət və digər orqanlar yaratmaq;
9.35. müvafiq sahə üzrə konqres, müşavirə, sərgi və digər tədbirlər keçirmək;
9.36. öz səlahiyyətləri daxilində keyfiyyət sahəsində nailiyyətlərə görə müxtəlif müsabiqələr təşkil etmək və keçirmək;
9.37. qanunvericiliyə uyğun olaraq öz adından məhkəmələrdə çıxış etmək, o cümlədən səlahiyyətlərinə aid olan məsələlərlə bağlı məhkəmələrdə iddia qaldırmaq;
9.38. müvafiq sahədə məqsədli proqramları hazırlamaq və həyata keçirmək;
9.39. standartlaşdırma üzrə texniki komitələri təşkil etmək və onların fəaliyyətini əlaqələndirmək;
9.40. ölçmələrin vəhdətinin təmin edilməsinin dövlət tənzimlənməsinin şamil edildiyi sahələrdə istismar edilən ölçmə vasitələri istisna olmaqla, hüquqi şəxslərin metroloji xidmətlərinə qanunvericiliyə uyğun olaraq müqayisəli yoxlama və kalibrlənmə işlərinin aparılması hüququnu vermək;
9.41. etalonlar bazasını yaratmaq və inkişaf etdirmək;
9.42. müvafiq sahədə fəaliyyətin beynəlxalq və regional sistemlərə uyğunlaşdırılması istiqamətində tədbirləri həyata keçirmək;
9.43. fəaliyyət istiqamətlərinə uyğun olaraq qanunvericilikdə nəzərdə tutulmuş digər hüquqları həyata keçirmək.

V. Komitənin fəaliyyətinin təşkili

10. Komitənin aparatı, onun strukturuna daxil olan qurumlar və tabeliyində olan digər qurumlar (hüquqi şəxslər, təşkilatlar və sair) Komitənin vahid sistemini təşkil edir. Komitə öz fəaliyyətini bilavasitə və həmin qurumlar vasitəsilə həyata keçirir.
Naxçıvan Muxtar Respublikasının müvafiq sahə üzrə qurumu Komitənin vahid sisteminə daxildir.
11. Komitənin strukturu Azərbaycan Respublikasının Prezidenti tərəfindən müəyyən edilir. Komitənin strukturuna daxil olmayan tabeliyindəki qurumların (hüquqi şəxslərin, təşkilatların və sair) siyahısını və Komitənin aparatının və onun strukturuna daxil olan qurumların işçilərinin say həddini Azərbaycan Respublikasının Nazirlər Kabineti təsdiq edir.
12. Komitənin fəaliyyətinə Azərbaycan Respublikasının Prezidenti tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən Komitənin sədri rəhbərlik edir. Komitənin sədri Komitəyə həvalə edilmiş vəzifələrin yerinə yetirilməsi və hüquqların həyata keçirilməsi üçün şəxsən məsuliyyət daşıyır.
13. Komitə sədrinin Azərbaycan Respublikasının Prezidenti tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən iki müavini vardır. Komitə sədrinin müavinləri onlara Komitənin sədri tərəfindən həvalə edilmiş vəzifələri yerinə yetirirlər və bunun üçün şəxsən məsuliyyət daşıyırlar.
14. Komitənin sədri vəzifəsinə görə standartlara və ölçmə vasitələrinə nəzarət üzrə Azərbaycan Respublikasının baş dövlət müfəttişidir. Komitə sədrinin müavinləri standartlara və ölçmə vasitələrinə nəzarət üzrə Azərbaycan Respublikası baş dövlət müfəttişinin müavinləri, Komitənin strukturuna daxil olan qurumların və aparatının dövlət nəzarətini həyata keçirən rəhbər vəzifəli şəxsləri böyük dövlət müfəttişləri, dövlət nəzarətini həyata keçirən vəzifəli şəxslər isə dövlət müfəttişləridir.
15. Komitənin sədri:
15.1. Komitənin fəaliyyətini təşkil edir və ona rəhbərlik edir;
15.2. Komitənin aparatının struktur bölmələrinin və tabeliyində olan qurumların əsasnamələrini təsdiq edir, tabeliyində olan hüquqi şəxslərin nizamnamələrini isə təsdiq edilməsi üçün müəyyən olunmuş qaydada təqdim edir;
15.3. müəyyən edilmiş struktur, əməkhaqqı fondu və işçilərin say həddi daxilində Komitənin aparatının, yerli və digər qurumlarının strukturunu, ştat cədvəlini və ayrılmış büdcə təxsisatı daxilində onların xərclər smetasını təsdiq edir;
15.4. Komitənin aparatının, strukturuna daxil olan qurumların və tabeliyində olan digər qurumların (hüquqi şəxslərin, təşkilatların və sair) işçilərini vəzifəyə təyin edir və vəzifədən azad edir, onlar barəsində həvəsləndirmə və intizam tənbeh tədbirləri görür;
15.5. qanunvericiliyə uyğun olaraq icrası məcburi olan əmr və sərəncamlar verir, normativ hüquqi aktları təsdiq edir (imzalayır), onların icrasını təşkil edir və nəzarəti həyata keçirir;
15.6. Komitənin vəzifəli şəxslərinin qanunvericiliyə zidd olan qərarlarını ləğv edir;
15.7. Komitəni təmsil edir;
15.8. xarici dövlətlərin aidiyyəti qurumları ilə, beynəlxalq təşkilatlarla, xarici hüquqi və fiziki şəxslərlə əməkdaşlığı təşkil edir və həyata keçirir, birbaşa danışıqlar aparır, habelə beynəlxalq, dövlətlərarası və hökumətlərarası danışıqlarda iştirak edir, müqavilələri (sazişləri, kontraktları) müəyyən edilmiş qaydada imzalayır.
16. Komitədə, komitə sədrindən (kollegiya sədri), onun müavinlərindən, Naxçıvan Muxtar Respublikasının müvafiq sahə üzrə qurumunun rəhbərindən, habelə Komitənin digər rəhbər işçilərindən ibarət Komitənin kollegiyası yaradılır.
17. Zəruri hallarda Komitənin kollegiyasının tərkibinə, həmçinin mütəxəssislər və alimlər də daxil edilə bilər.
18. Komitənin kollegiya üzvlərinin sayı və tərkibi Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilir.
19. Komitənin kollegiyası öz iclaslarında Komitənin fəaliyyəti ilə bağlı məsələləri müzakirə edir və müvafiq qərarlar qəbul edir.
20. Komitənin kollegiyasının iclasları kollegiya üzvlərinin yarıdan çoxu iştirak etdikdə səlahiyyətlidir. Komitənin kollegiyasının qərarları onun üzvlərinin sadə səs çoxluğu ilə qəbul edilir. Komitənin kollegiyasının qərarı qəbul edilərkən səslər bərabər olarsa, kollegiya sədrinin səsi həlledici hesab edilir.
21. Komitənin kollegiyasının qərarları protokolla rəsmiləşdirilir və Komitənin sədri tərəfindən təsdiq edilir.
22. Komitənin kollegiyasının üzvləri arasında fikir ayrılığı yarandığı hallarda, Komitənin sədri bu barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat verməklə öz qərarını həyata keçirir. Komitənin kollegiyasının üzvləri şəxsi fikirlərini Azərbaycan Respublikasının Nazirlər Kabinetinə çatdıra bilərlər.
23. Komitənin kollegiyasının iclaslarına, zəruri hallarda digər icra hakimiyyəti orqanlarının və təşkilatların, habelə qeyri-hökumət təşkilatlarının nümayəndələri dəvət edilə bilər.
24. Müvafiq sahədə elmi-texniki nailiyyətlərin və qabaqcıl təcrübənin öyrənilməsi və həyata keçirilməsi üçün Komitədə ictimai əsaslarla fəaliyyət göstərən elmi-texniki komissiya yaradıla bilər.
25. Elmi-texniki komissiya haqqında Əsasnamə Komitənin sədri tərəfindən təsdiq edilir.

21.04.2016

...Bakı şəhəri, Nizami rayonu, 8-ci km ərazisində yerləşən bazarda və bazara məxsus ərazidə yerləşən ərzaq mağazasında... 

daha ətraflı
17.09.2015

...Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, A.Mirzəyev küçəsi, ev 60 ünvanında Atılxanov Azər Rəşxan oğluna məxsus...

daha ətraflı
04.09.2015

...Sumqayıt şəhəri, H.Əliyev prospekti 40-cı məhəllədə yerləşən “Pompey” və Nizami Gəncəvi küçəsində yerləşən...

daha ətraflı

FƏRMAN

06.11.2017

“Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2017-ci il 31 oktyabr tarixli 845-VQD nömrəli Qanununun tətbiqi və “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında”...

daha ətraflı
VİDEO XƏBƏR
23.11.2017
Azərbaycan Akkreditasiya Mərkəzi Avropa Akkreditasiya Təşkilatının assosiativ üzvlüyünə qəbul edilib
QAYNAR XƏTT
TABE QURUMLAR
Copyright © 2010 Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi! Bütün hüquqlar qorunur.
Sayt  Lider veb studiyası  tərəfindən hazırlanmışdır