| | az | en

TƏQVİM

Be Ça Ç Ca C Ş B
123
45678910
11121314151617
18192021222324
25262728293031
“Neft-qaz hasilatı texnologiyası və neft emalı məhsullarının standartlaşdırılması” üzrə TK/Əsasnamə
Çap versiyası

“Neft-qaz hasilatı texnologiyası və neft emalı məhsullarının standartlaşdırılması”

üzrə Texniki Komitənin (TK 17)

 

Ə S A S N A M Ə S İ

 

1. Tətbiq sahəsi

Bu əsasnamə “Neft-qaz hasilatı texnologiyası və neft emalı məhsullarının standartlaşdırılması”üzrə Texniki Komitənin (TK 13) (bundan sonra – TK) təşkili qaydasını, əsas funksiyalarını, sədrə, katibliyə, məsul katibə və TK üzvlərinə olan tələbləri, qeydiyyata alınma və Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi  (bundan sonra SMPDK) tərəfindən TK-nın fəaliyyətinə nəzarət qaydasını müəyyən edir.

 

2. Normativ istinad

Bu Əsasnamə AZS 1.1-2009 “Standartlaşdırma üzrə texniki komitələr. Yaradılması və fəaliyyəti qaydası” standartının tələb və tövsiyələrinə əsasən hazırlanıb.

 

     3. İstifadə olunan əsas anlayışlar

3.1. Bu Əsasnamədə aşağıdakı  anlayışlardan istifadə olunur:

3.1.1  TK -  milli standartlaşdırma orqanının əmrinə uyğun olaraq müvafiq fəaliyyət sahələri üzrə standartlaşdırma üzrə normativ sənədlərin hazırlanması, milli, regional və beynəlxalq standartlaşdırma tədbirlərinin təşkili və həyata keçirilməsi məqsədilə könüllü əsaslarla yaradılmış maraqlı müəssisələrin, təşkilatların, icra hakimiyyəti orqanlarının nümayəndələrinin birliyidir. 

Standartlaşdırma üzrə TK-nın tərkibinə, bərabərlik və könüllülük əsasında müvafiq icra hakimiyyəti orqanlarının nümayəndələri, elmi təşkilatlar, sahibkarların və istehsalçılar ictimai birlikləri, kommersiya və qeyri-kommersiya təşkilatları daxil ola bilərlər.

3.1.2 katiblik - təşkilatda TK-nın işlərinin texniki və təşkilati təminatına görə standartlaşdırma üzrə milli orqanın müəyyənləşdirdiyi qaydada məsuliyyət daşıyan qurumdur (şəxslər qrupudur).

 

4. Ümumi müddəalar

4.1. TK  fəaliyyət sahəsində milli, regional və beynəlxalq standartlaşdırma üzrə işlərin həyata keçirilməsi məqsədilə SMPDK tərəfindən yaradılmış və maraqlı müəssisələrin, təşkilatların, icra hakimiyyəti orqanlarının nümayəndələrindən ibarət tərkibdə fəaliyyət göstərən birlikdir. 

4.2. TK-nın fəaliyyətinin məqsədi öz fəaliyyət sahəsi üzrə milli və beynəlxalq standartlaşdırma istiqamətində həyata keçirilən tədbirlərin təkmilləşdirilməsi və səmərəliliyinin artırılmasından ibarətdir.

4.3. TK öz fəaliyyətində Azərbaycan Respublikasının qanunvericiliyini, “Standartlaşdırma haqqında” Azərbaycan Respublikasının Qanununu, “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununu, Azərbaycan Respublikasının Milli Standartlaşdırma Sisteminə daxil olan standartları, milli standartlaşdırma orqanı və hüquqi-normativ tənzimlənməni həyata keçirən mərkəzi icra hakimiyyəti orqanları tərəfindən təsdiq edilmiş digər normativ sənədləri,  Azərbaycan Respublikasının qoşulduğu beynəlxalq müqavilə və sazişləri,  beynəlxalq və dövlətlərarası standartları, eləcə də bu Əsasnaməni rəhbər tutur.

4.4. TK-nın işinə metodik rəhbərlik, fəaliyyətinin əlaqələndirilməsi və işinə nəzarət SMPDK tərəfindən həyata keçirilir.

4.5. ТК yazışmaların aparılması üçün üzərində müvafiq rekvizitlər əks olunan  blanka malikdir. TK-nın  blankında rəsmi məktubları imzalamaq hüququ TK-nın    sədrinə və məsul katibinə məxsusdur.

                                                  5. TK-nın əsas vəzifələri

5.1 Texniki Komitənin vəzifələri:

            TK onun fəaliyyət sahəsində məhsullar və xidmətlər bazarının bilavasitə iştirakçısı olan və ya bu sahədə dolayı marağı olan müəssisə və təşkilatları (bundan sonra-təşkilatlar) və həmçinin TK-nin fəaliyyət sahəsində mütəxəssis olan fiziki şəxsləri birləşdirir.

            TK-nin əsas məqsədləri:

-   milli, dövlətlərarası və beynəlxalq standartların layihələrinin işlənib hazırlanmasının və ekspertizasının təşkili;

-   milli standartların işlənib hazırlanması Proqramının formalaşdırılmasında (təhkim edilmiş fəaliyyət sahəsində) iştirak;

-   milli standartlaşdırma sisteminin sənədlər fondunun tərkibində olan sahə standartlarının yeniləşdirilməsi və sonrakı istifadəsi ilə bağlı təhlil;

-   standartlaşdırma üzrə beynəlxalq (regional) təşkilatların TK-lərinin işində iştirak, o cümlədən Azərbaycan Respublikasının milli standartlarının beynəlxalq (regional) standartlar kimi qəbul edilməsi məqsədilə, həmçinin, Azərbaycan Respublikasının standartlaşdırma üzrə milli orqanı ilə standartlaşdırma üzrə beynəlxalq (regional) təşkilatlar arasında olan razılaşmalara əsasən onların katibliyinin aparılması;

-   beynəlxalq və dövlətlərarası standartların işlənib hazırlanmasına və standartlaşdırma üzrə beynəlxalq, regional təşkilatların layihələri üzrə səsvermədə Azərbaycan Respublikasının mövqeyinə dair təkliflərin hazırlanması;

-   texniki reqlament və standartların dövlət məlumat fonduna verilməsi üçün beynəlxalq standartların rəsmi tərcümələrinin hazırlanması;

TK-lər öz fəaliyyət sahəsində aşağıdakı məsələləri həll edə bilər:

- ekspert komissiyalarının tərkibində texniki reqlamentlərin, müəssisə standartlarının ekspertizasının aparılması;

- standartların istifadəçisi olan müəssisələrlə (təşkilatlarla), o cümlədən istehlakçı birliklər ilə, sınaq mərkəzləri ilə (laboratoriyalarda) və sertifikatlaşdırma orqanları ilə, digər marağı olan təşkilatlarla əməkdaşlıq;

- məsləhətləşmələrin aparılması.

5.2 Milli və dövlətlərarası standartların, texniki reqlamentlərin layihələrinin ekspertiza müddəti sənədlərin tərtibatçı tərəfindən TK-nın katibliyinə təqdim edildiyi andan ən çoxu 45  gün təşkil edir.

5.3 TK  tərəfindən hazırlanmış və yaxud müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanaraq baxılmaq üçün TK-ya  təqdim edilmiş standartlaşdırma üzrə normativ sənədlərin K-da ekspertizadan keçirilərək təsdiq edilməsi tövsiyə olunduqdan sonra həmin normativ sənədlərin təsdiq edilməsi müəyyən edilmiş qaydada həyata keçirilir.

5.4 Standartların ekspertizası SMPDK tərəfindən aparılır.

5.5 TK  təhkim edilmiş fəaliyyət sahəsində digər məsələlərin həllində, o cümlədən ölkə ərazisində qüvvədə olan milli standartların və texniki reqlamentlərin, standartlaşdırma sahəsində digər sənədlərin Siyahısının hazırlanmasında iştirak edir, təşkilatların hazırladığı standartlaşdırma üzrə normativ sənədlərin ekspertizasını aparır.

 

6. TK-nın  fəaliyyət sahəsi

6.1.TK neft-qaz hasilatı texnologiyasını və neft emalı məhsullarının standartlaşdırılmasını əhatə edir.  

6.2. TK öz fəaliyyəti sahəsində standartlaşdırma məsələlərinə dair müxtəlif sənədlərin işlənib hazırlanmasını təmin edir, bu sənədlərin ekspertizasını aparır və onlara müvafiq qaydada rəy və tövsiyələr  verir. Eyni zamanda TK Milli Standartlaşdırma Proqramına Fəaliyyəti sahəsi ilə bağlı milli standartların layihələrinin və onlara dəyişikliklərin və ya təşəbbüs qaydasında işlənib hazırlanmış və onun fəaliyyət sahəsinə aid edilən qaydalar toplularının hazırlanmasına dəstək göstərir, onların ekspertizasını keçirir və rəylər verir.

 

 7. TK-nın funksiyaları

7.1 TK bu Əsasnamə ilə müəyyən edilmiş əsas vəzifələrə uyğun olaraq aşağıdakı funksiyaları həyata keçirir:

7.1.1 TK fəaliyyətini yalnız müvafiq qaydada təsdiq edilmiş Standartlaşdırma Planına əsasən həyata keçirir. Standartlaşdırma Planı və ona olunan dəyişikliklər  SMPDK tərəfindən təsdiq olunduqdan sonra qüvvəyə minir;

7.1.2 TK öz fəaliyyəti sahəsi üzrə növbəti il üçün hər ilin sonunda Standartlaşdırma Planının layihəsini (standartların və texniki reqlamentlərin işlənib hazırlanması, dəyişikliklərin edilməsi və ləğvi) hazırlayaraq təsdiq edilməsi üçün SMPDK-yə  təqdim edir;

7.1.3 TK-nın fəaliyyət sahəsinə aid normativ sənədlərin beynəlxalq, regional və bu sahədə daha çox inkişaf etmiş ölkələrin milli standartları ilə uyğunlaşdırılmasını təmin edir;

7.1.4 Əlaqəli fəaliyyət sahələrinin işçi orqanları ilə, o cümlədən standartlaşdırma üzrə beynəlxalq təşkilatların müvafiq Texniki Komitələri ilə əməkdaşlıq edir və onların işində iştrak edir;

7.1.5. Zərurət olduqda, dövlətlərarası, beynəlxalq və regional standartların, neft-kimyasahəsində digər sənədlərin layihələrinə səs vermək üçün Azərbaycan Respublikasının mövqeyini əks etdirən təkliflər hazırlayır;

7.1.6. Azərbaycan Respublikasında standartlaşdırma üzrə beynəlxalq və regional təşkilatların iclaslarının keçirilməsinin təşkilində iştirak edir;

7.1.7. Sahə üzrə istifadəsi zəruri olan normativ sənədlərin məlumat və tanışlıq məqsədilə Azərbaycan dilinə tərcüməsini təşkil edir. 

 

8. TK-nın strukturu və tərkibi

8.1. TK-nın  strukturu SMPDK tərəfindən təsdiq edilir.

8.2. TK-nın strukturuna sədr, katiblik (məsul katib) və TK-ya  üzv olan təşkilatlar daxildir.

9. TK-ya  üzvlük

9.1. TK-ya  üzvlük könüllüdür.

9.2. TK-nın fəaliyyət sahəsi üzrə əlaqəli olan, bu Əsasnamənin tələblərinə riayət edən və TK-nın iclaslarında qəbul edilmiş  qərarları yerinə yetirən digər təşkilatlar da ТК-ya üzv ola bilərlər. Yeni üzvlərin TK-ya  qəbul edilməsi və ya üzvlüyün itirilməsi barədə qərar TK-nın müvafiq qərarına əsasən TK-nın sədri tərəfindən bu Əsasnamənin bəndinə uyğun olaraq qəbul edilir.

9.3. TK-ya  üzv olmaq istəyən təşkilat katibliyə aşağıdakı məlumatları təqdim etməlidir:

 - təşkilatın hüquqi və poçt ünvanı;

 - təşkilati forması;

 - rəhbərin soyadı, adı və atasının adı;

 - səlahiyyətli nümayəndələrin soyadı, adı və atasının adı, telefon və faks nömrəsi, həmçinin elektron poçt ünvanı;

 - səlahiyyətli nümayəndənin TK-nın fəaliyyəti sahəsində ixtisası haqqında məlumat.

9.4. TK-ya üzv olan təşkilatın rekvizitləri dəyişdikdə və ya səlahiyyətli nümayəndə əvəz olunduqda, TK-ya  üzv olan təşkilatın rəhbəri bu barədə beş gün ərzində TK-nın  katibliyinə məlumat verməlidir.

9.5. Təşkilat TK-nın işində öz səlahiyyətli nümayəndəsi vasitəsi ilə iştirak etməklə, bu fəaliyyətlə bağlı bütün xərcləri öz üzərinə götürür.

9.6. TK-nın  katibliyi ilə təşkilat arasında əlaqəni səlahiyyətli nümayəndə həyata keçirir. O, katiblik tərəfindən göndərilən bütün yazışmaları (məktubları, teleqramları və s.) qəbul edir,növbəti iclas üçün bütün materialların vaxtında təşkilatın əməkdaşlarına və TK-nın  katibliyinə çatdırılmasına məsuliyyət daşıyır, TK-nın iclaslarında iştirak edir və öz təşkilatı adından səs verir.

9.7. TK-nın  iclaslarında müzakirə olunan məsələlərlə bağlı qərar qəbul etmək üçün səlahiyyətli nümayəndə TK-ya  üzv olan təşkilatın rəhbərliyi tərəfindən imzalanmış etibarnaməyə malik olmalıdır. TK-nın  iclaslarında üzv təşkilatların nümayəndə heyəti də iştirak edə bilər. Bu halda təşkilat tərəfindən səs vermədə iştirak üçün bir şəxs təyin olunur.

9.8. TK-ya  üzv olan təşkilat və onun səlahiyyətli nümayəndəsi aşağıdakı  hüquqlara malikdir:

  • ekspertizası TK tərəfindən aparılan standartların, texniki reqlamentlərin, standartlaşdırma sahəsində digər sənədlərin layihələrini baxılması üçün almaq və onlara rəylər vermək;
  • standartların, texniki reqlamentlərin, standartlaşdırma sahəsində digər sənədlərin layihələri ilə bağlı TK-nın  iclaslarında aparılan müzakirələrdə iştirak etmək;
  • standartların, texniki reqlamentlərin, standartlaşdırma sahəsində digər sənədlərin hazırlanması ilə bağlı təkliflər vermək və onları işləyib hazırlamaq;
  •  TK-nın katibliyindən informasiya materialları almaq.

9.9. TK   üzvünün vəzifələri aşağıdakılardır:

  • TK-nın  Əsasnaməsinə əməl etmək və onun iclaslarında mütəmadi iştirak etmək;
  • TK-nın fəaliyyəti ilə bağlı təkliflər vermək.
  • milli, beynəlxalq, dövlətlərarası və xarici ölkələrin standartlarının, texniki reqlamentlərin, standartlaşdırma sahəsində digər sənədlərin, eləcə də tərəfindən ekspertizası  aparılan digər sənədlərin layihələri üzrə TK-nın katibliyinə iradlar və təkliflər bildirmək.
  • TK-nın öz fəaliyyəti sahəsində standartlaşdırmanın perspektiv və prioritetlərini müəyyən edən planların hazırlanmasında və müzakirəsində iştirak etmək;
  • TK-nın məsul katibi ilə mütəmadi əlaqə saxlamaq və standartların layihələrinə müəyyən olunmuş müddətdə rəy vermək;
  • milli standartlaşdırmanın məqsəd və vəzifələrinə xələl gətirə biləcək hərəkətlərə yol verməmək.

 

10. TK-nın sədri

10.1. TK-nın fəaliyyətinə ümumi rəhbərlik SMPDK-nın sədrinin  əmri ilə təyin edilmiş sədr tərəfindən həyata keçirilir.

10.2. TK-nın sədrinin və məsul katibinin vəzifəsindən azad olunması SMPDK-nın sədrinin  əmri ilə həyata keçirilir.

10.3. TK-nın sədri aşağıdakı vəzifələri yerinə yetirir: 

  • TK-nın və işçi qrupların işini təşkil etməklə  TK-ya rəhbərlik edir;
  • TK-nın katibliyi və üzvləri ilə birlikdə TK-nın fəaliyyət strategiyasını işləyib hazırlayır, TK-nın iclaslarını və standartların, texniki reqlamentlərin,  eləcə də standartlaşdırma sahəsində digər sənədlərin layihələrinin ekspertizasını,   hazırlanmasını və  təsdiq edilməsi üçün təqdim olunmasını təşkil edir;
  • TK-nın işçi iclaslarını aparır;
  • TK-nı bütün dövlət və ictimai təşkilatlarda təmsil edir, TK-nın səlahiyyətlərinə aid edilən məsələlər üzrə məsuliyyət daşıyır;
  • TK-nın fəaliyyəti ilə bağlı hesabatların hazırlanmasını təmin edir;
  • TK-nın işinə ekspertləri və mütəxəssisləri cəlb edir;
  • zəruri olduqda, TK-ya  üzv təşkilatların nümayəndələrinin fəaliyyətləri barədə aid olduqları təşkilatlar qarşısında məsələ qaldırır;
  • özü olmadıqda onun səlahiyyətlərini icra edən TK-nın məsul katibini təyin edir;
  • TK-nın katibliyində vəzifə bölgüsü aparır, aparılan işlərə  nəzarət edir;
  • TK-nın fəaliyyətinə aid edilən məsələlərlə bağlı SMPDK-nın qərarlarının yerinə yetirilməsini təmin edir;
  • Fəaliyyət sahələrində dövlət siyasətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanlarının standartların, texniki reqlamentlərin,  eləcə də standartlaşdırma sahəsində digər sənədlərin ekspertizası ilə bağlı qərarlarının icrasını təmin edir.
  • TK-nın  illik və orta müddətli proqramını işləyir və təsdiq edir;
  • kütləvi informasiya vasitələrinə fəaliyyət sahəsi üzrə standartlaşdırmaya dair məlumat verir;

 

11. TK-nın katibliyi

11.1. TK-nın katibliyi öz fəaliyyətini müvafiq qaydada təsdiq olunmuş Standartlaşdırma Planı və  SMPDK tərəfindən daxil olmuş tapşırıqların əsasında  təşkil edir.

11.2  TK-nın katibliyi:

  • tərtibatçı tərəfindən təqdim olunmuş standartlaşdırma üzrə normativ sənədlərin layihələrini, izahatların və rəylərin tərtibatı qaydalarını yoxlayır;
  • standartların və standartlaşdırma üzrə digər sənədlərin layihələrini ekspertiza və təsdiqə hazırlayır;
  • TK    üzvlərinin irad və təklifləri, eləcə də maraqlı şəxslərdən yazılı formada daxil olmuş iradlar əsasında standartların, texniki reqlamentlərin,  eləcə də standartlaşdırma sahəsində digər sənədlərin  layihələri üzrə ekspert rəyləri hazırlayaraq TK-nın iclaslarında baxılmaq üçün təqdim edir;
  • beynəlxalq və dövlətlərarası standartlaşdırma təşkilatlarının işində TK-nın iştirakını təşkil edir;
  • perspektiv standartlaşdırma proqramlarını hazırlayır;
  • TK-nın  iş planlarının layihələrini hazırlayır;
  • TK-nın iclaslarını təşkil edir və aparır;
  • Kargüzarlıq və hesabatın aparılmasını təmin edir;
  • TK-nın müəyyən edilmiş fəaliyyət sahəsində normativ sənədlər fondunun aparılmasını təmin edir;
  • sənədlərin TK üzvləri arasında, o cümlədən standartların və standartlaşdırma üzrə digər sənədlərin layihələrinin ekspertizasının aparılması üçün yayılmasını təşkil edir (bir qayda olaraq, elektron-rəqəmsal formada);
  • sənədləri, o cümlədən hesabat sənədlərini SMPDK-ya müvafiq fəaliyyət sahələrində dövlət siyasətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanlarına təqdim edir;
  • Fəaliyyət planının icrası və maliyyə üzrə rüblük və illik hesabatları (hesabat dövrü başa çatdıqdan sonra 5 gündən gec olmayaraq)  SMPDK-ya təqdim edir;
  • TK-nın fəaliyyət sahəsinə aid beynəlxalq, regional və xarici ölkələrin standartlarının Azərbaycan dilinə tərcüməsini təşkil edir, onların texniki redaktəsini həyata keçirir;
  • qarışıq fəaliyyət sahələrində milli texniki komitələrlə, Beynəlxalq Standartlaşdırma Təşkilatının (ISO) texniki komitələri və standartlaşdırma üzrə digər regional və xarici təşkilatlarla əməkdaşlıq edir;
  • beynəlxalq, dövlətlərarası və xarici ölkələrin standartlarının layihələrinə rəylər hazırlayır və layihə üzrə mövqeyini göstərməklə SMPDK-ya təqdim edir.

11.2. TK-nın katibliyinin işinə TK-nın məsul katibi  rəhbərlik edir. Məsul katib TK-nın katibliyi tərəfindən yerinə yetirilən bütün işlərin keyfiyyətinə görə məsuliyyət daşıyır.

TK-nın məsul katibi standartlaşdırma üzrə ekspert statusuna malikdir.

11.3.  TK-nın məsul katibi aşağıdakı vəzifələri həyata keçirir:

  • TK-nın iclaslarını təşkil edir və onların keçirilməsini təmin edir;
  • TK-nın iş proqramının, standartların, standartlaşdırma üzrə digər normativ sənədlərin layihələrini baxılması, razılaşdırması və təsdiq edilməsi üçün hazırlayır;
  • İllik və perspektiv planlar üzrə işlərin yerinə yetirilməsinə nəzarət edir;
  • TK-nın qərar layihələrini hazırlayır;
  • TK-ya  ünvanlanmış materialların və sənədlərin layihələrinin müəyyən olunmuş qayda və tələblərə uyğunluğunu yoxlayır;
  • TK-ya  üzv təşkilatlarla cari əlaqəni aparır;
  • TK-nın kargüzarlıq işlərini aparır;
  • TK-nın iclaslarının protokollarını hazırlayır;
  • Hər ilin sonunda TK-nın fəaliyyətinə dair hesabatların hazırlanması və üzv təşkilatlara və SMPDK-ya göndərilməsini təmin edir.

 

12. TK-nın iclasları

12.1  TK-nın iclaslarının vaxtı, keçirilmə müddəti, yeri və gündəliyi TK-nın sədri tərəfindən müəyyən edilir.

12.2. İclaslar açıq şəkildə keçirilir və iclasa sədrlik sədr və ya onu əvəz edən şəxs tərəfindən həyata keçirilir. İclasa rəhbərlik edən şəxsin vəzifəsi, hər bir iştirakçının öz fikrini bildirmək hüququnu təmin etməkdən ibarətdir.

12.3. İclasın keçirilməsi üçün lazım olan iştirakçı sayı (yetərsay) 2/3 nisbətində olmalıdır.

12.4.  TK-nın iclasının başlanmasına ən azı 14 gün qalmış TK-nın  katibliyi iclasın keçirilmə tarixi və yeri barədə üzvlərə məlumat verir və iclasın gündəliyini, həmçinin iclasda baxılacaq sənədlərin layihələrini üzvlərə göndərir və ya TK-nın  internet səhifəsində yerləşdirir.

12.5.  TK-nın  qərarları iclasda səsvermə yolu ilə qəbul olunur.

12.6.  Əsaslandırılmış hallarda hər hansı məsələ ilə bağlı qərar şifahi səsvermə (həmçinin elektron səsvermə) yolu ilə də qəbul oluna bilər, lakin TK-nın  bir üzvü həmin məsələnin iclasda baxılmasını təklif edərsə, Katiblik bu məsələni növbəti iclasın gündəliyinə daxil etməlidir.

12.7. İclasda iştirak üçün TK-nın  üzvü öz səlahiyyətli nümayəndəsini göndərir və ya nümayəndə heyətini formalaşdırmaqla onun səsvermə hüququna malik olan rəhbərini təyin edir.

12.8. TK-nın  hər bir üzvü iştirak edən nümayəndə heyətlərinin sayından asılı olmayaraq yalnız bir səs hüququna malikdir.

12.9. İclas zamanı protokol tərtib olunur. Protokolda iclasın keçirilmə tarixi və yeri, iştirak edən üzvlər və təmsil olunan təşkilatlar; iclasın gündəliyi, səsverməyə çıxarılmış məsələlər və səsvermənin yekunları, qəbul olunmuş qərarlar qeyd olunur. İclasın protokolu iclası aparan şəxs tərəfindən və iclasın katibi tərəfindən imzalanır.

12.10. Standartların, qaydalar toplularının, texniki reqlamentlərin və standartlaşdırma üzrə digər sənədlərin layihələrinin ekspertizasının nəticələri TK-nın  iclaslarında müzakirə olunur. Ekspertizanın nəticələrindən asılı olaraq TK   aşağıdakılar barədə əsaslandırılmış təklif  hazırlayır:

  • Standartlaşdırma üzrə normativ sənədlərin təsdiq və ya rədd edilməsi;
  • qəbul edilmiş texniki reqlamentlərin tələblərinə könüllü riayət olunması məqsədilə standartların qeydiyyata alınmasının mümkünlüyü.

12.11. Standartlaşdırma üzrə normativ sənədlərin layihəsi üzrə qərar TK-nın  iştirakçı tərkibinin 50%-dən çoxu leyinə səs verdikdə qəbul edilmiş hesab olunur.

12.12. Standartlaşdırma üzrə normativ sənədlərin layihəsi ilə bağlı fikir ayrılıqları olduqda, iclasın katibi tərəfindən razılaşdırma cədvəli tərtib olunur və TK-nın  iclasının bütün iştirakçıları tərəfindən imzalanır.

12.13. TK-nın  heyətində dəyişikliklər edilməsi məsələsindən başqa, digər məsələlər üzrə qərar iclasda iştirak edən TK  üzvlərinin səs çoxluğu ilə qəbul olunur.

12.14. Qərarların qəbulu prosedurundan əvvəl TK-nın  katibliyi iclas iştirakçılarına qərarın yazılı layihəsini göndərir.

12.15. TK-nın  üzvü olmayan təşkilatlar iclasların gündəliyinə daxil edilmiş bütün məsələlərin müzakirəsində iştirak edə bilər, lakin qərarların qəbulu zamanı səsvermədə iştirak edə bilməzlər.

12.16. İclasda iştirak heç bir təşkilatdan üzvlük haqqı tələb etmir.

12.17. TK-nın  iclasının protokolu katiblik tərəfindən TK-nın  bütün üzvlərinə göndərilir  və  TK-nın  saytında yerləşdirilir.

 

13. TK-nın heyət və strukturunun dəyişdirilməsi qaydası

13.1.  Təşkilatın TK-nın  üzvlüyünə qəbulunun zəruri şərti həmin təşkilatın məhz  bu  sahədə fəaliyyət göstərməsindən ibarətdir.

13.2. TK-ya yeni üzvlərin qəbulu məsələsinə namizəd təşkilatın yazılı müraciətinə əsasən baxılır.  TK üzvlərinin 50 faizi leyihə səsverdikdə təşkilat Tk-ya üzv seçilmiş hesab olunur.

13.3.  TK-da üzvlük aşağıdakı hallarda dayandırılır:

  • Üzv təşkilat öz istəyi ilə TK-nın     tərkibindən çıxdıqda;
  • Üzv təşkilat TK-nın  üzvlüyündən  xaric edildikdə.

13.4. Üzv təşkilat TK-nın  üzvlüyündən könüllü olaraq çıxdıqda, təşkilatın TK-nın  tərkibindən çıxması barədə məlumatı özündə əks etdirən yazılı ərizə TK-nın katibliyi tərəfindən alındıqdan sonra üzvlükdən çıxmış hesab olunur. TK-nın  üzvü aşağıdakı əsaslarla TK-nın  tərkibindən xaric oluna bilər:

  • TK-nın  işində mütəmadi iştirak etmədikdə;
  • TK-nın  iclasında qəbul edilmiş qərarları yerinə yetirmədikdə;
  • Milli standartlaşdırmanın məqsəd və maraqlarına xələl gətirdikdə.

13.5.TK iclasında üzv təşkilatın xaric edilməsinə TK üzvlərinin 50 faizi leyihə səsverdikdə təşkilat Tk-da üzvlüyünü xaric olunmuş sayılır

13.6. TK-nın tərkibi dəyişdikdə, texniki komitənin təşkili zamanı təyin edilmiş TK-ya  üzv təşkilatların pariteti saxlanmalı və maraqların toqquşmasının qarşısı alınmalıdır.

13.7. TK-nın  katibliyi “Texniki komitələr” AİS-nə müvafiq məlumatlar daxil etmək üçün TK-nın  tərkibində baş vermiş dəyişikliklər barədə məlumatı hər il SMPDK-ya təqdim edir.

13.8. TK-nın   strukturunun dəyişdirilməsi barədə qərar SMPDK tərəfindən qəbul olunur.

 

14. TK-nın ləğvi və yenidən təşkili qaydası

TK onun iclasının qərarı və ya SMPDK-nın qərarı ilə  və yaxud qanunvericiliklə nəzərdə tutulmuş digər hallarda ləğv edilə və yenidən təşkil oluna bilər.

 

15. TK-nın fəaliyyətinin maliyyələşdirilməsi

15.1. TK katibliyinin işini aparan təşkilat onun işinin maliyyələşdirilməsinə görə məsuliyyət daşıyır.

15.2 TK-nın fəaliyyətinin maliyyələşdirilməsi məsələləri illik tədbirlər planında göstərilir və bu barədə hər rübün əvvəlində SMPDK-ya məlumat verir.  

 

16 TK-nın hüquqları

16.1 TK qarşısında duran vəzifə və funksiyaları yerinə yetirmək üçün aşağıdakı hüquqlara malikdir:

16.1.1 SMPDK-ya texniki tənzimləmə prosesində işlənib hazırlanmış standartlaşdırma üzrə normativ sənədlərin təkmilləşdirilməsinə dair təkliflər vermək;

16.1.2 Standartlaşdırma və texniki məsələlər üzrə SMPDK-ya müraciət etmək;

16.1.3 Standartlaşdırma üzrə beynəlxalq, regional və dövlətlərarası təşkilatların texniki orqanlarının işində müvafiq qaydada iştirak etmək;

16.1.4 TK tərəfindən aparılan işlərə standartlaşdırma və texniki tənzimləmə subyektlərini, eləcə də ayrı-ayrı mütəxəssisləri cəlb etmək.

16.2 TK-nın üzvü TK-nın aşağıda göstərilən işlərində iştirak etmə hüququna malikdir:

16.2.1  TK-nın iclaslarında iştirak etmək;

16.2.2 TK tərəfindən milli, dövlətlərarası və beynəlxalq standartlaşdırma üzrə aparılan işlərdə iştirak etmək;

16.2.3 TK tərəfindən ekspertizası həyata keçirilən standart layihələrinin baxılması üçün qəbul etmək və onlara rəy vermək;

16.2.4 TK-nın iclaslarında milli, dövlətlərarası və beynəlxalq standart layihələrinin müzakirəsində iştirak etmək və müvafiq qərarların qəbulu prosesində səs vermək;

16.2.5  TK-nın fəaliyyətinin təkmilləşdirilməsinə dair təkliflər vermək;

16.2.6  Katiblikdən informasiya xarakterli materiallar almaq.

16.3   TK-nın qərarından və katibliyin fəaliyyətindən SMPDK-ya apellyasiya şikayəti verilə bilər.

 

 

21.04.2016

...Bakı şəhəri, Nizami rayonu, 8-ci km ərazisində yerləşən bazarda və bazara məxsus ərazidə yerləşən ərzaq mağazasında... 

daha ətraflı
17.09.2015

...Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, A.Mirzəyev küçəsi, ev 60 ünvanında Atılxanov Azər Rəşxan oğluna məxsus...

daha ətraflı
04.09.2015

...Sumqayıt şəhəri, H.Əliyev prospekti 40-cı məhəllədə yerləşən “Pompey” və Nizami Gəncəvi küçəsində yerləşən...

daha ətraflı

FƏRMAN

06.11.2017

“Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2017-ci il 31 oktyabr tarixli 845-VQD nömrəli Qanununun tətbiqi və “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında”...

daha ətraflı
VİDEO XƏBƏR
23.11.2017
Azərbaycan Akkreditasiya Mərkəzi Avropa Akkreditasiya Təşkilatının assosiativ üzvlüyünə qəbul edilib
QAYNAR XƏTT
TABE QURUMLAR
Copyright © 2010 Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi! Bütün hüquqlar qorunur.
Sayt  Lider veb studiyası  tərəfindən hazırlanmışdır